Hüseynov A.

 

Ermənilərin növbəti oğurluğu

 

Ermənilər tərəfindən Azərbaycan müəlliflərinin əsərlərinin, folklor nümunələrinin və bunların əsasında yaranmış yeni əsərlərin (topluların, aranjemanların, popurilərin və s.) ermənilər tərəfindən oğurlanaraq, erməni nümunələri kimi təqdim edilməsi halları hələ də davam edir. Artıq iş o yerə çatmışdır ki, ermənilər dünya şöhrətli Azərbaycan bəstəkarlarının əsərlərini digər ölkələrdə də özlərinki kimi qələmə verməkdən çəkinmirlər. Təəssüflər olsun ki, digər ölkələrin kütləvi informasiya vasitələri, yayım təşkilatları və naşirləri də ermənilərin bu cür qeyri-qanuni əməllərinə dəstək verirlər.

12 sentyabr 2007-ci ildə Rusiya Federasiyasının ORT kanalında nümayiş etdirilən "Buz dövrü" verilişində məşhur Azərbaycan bəstəkarı, xalq artisti Tofiq Quliyevin "Sənə də qalmaz" adlı mahnısı erməni xalq musiqisi kimi təqdim edilmişdir. Belə ki, tanınmış estrada, şou biznes və mədəniyyət nümayəndələrinin qatıldığı həmin verilişdə İsrail idmançısı Sergey Saxnovski və "Fabrika" rus musiqi qrupunun üzvü Saşa Savelyeva cütlüyü erməni xalq musiqisi kimi təqdim edilən "Sənə də qalmaz" mahnısının musiqisinin müşayiəti ilə çıxış etmişlər.

Halbuki "Sənə də qalmaz" mahnısının musiqisi məşhur Azərbaycan bəstəkarı Tofiq Quliyevin, sözlərinin müəllifi isə Azərbaycanın xalq şairi Rəsul Rzadır. Mahnı keçən əsrin 50-ci illərinin əvvəlində yaranmış və 1955-ci ildə "Bakı" studiyasında istehsal edilmiş populyar, Azərbaycan kinosu "Bəxtiyar" filmində (filmin rejissoru Lətif Səfərov, operatoru Arif Nərimanbəyovdur) dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun ifasında səslənmişdir. Rus dilində "Lyubimaya pesnya" adlanan filmin videoyazısı, fonoqram nüsxəsi və neqativi hal-hazırda Moskvada Rusiyanın Dövlət Film Fondunda saxlanılır. Azərbaycan Dövlət Film Fondunda isə bu filmin saxlanma kodunun nömrəsi 53S-16-dır.

Müəllif T.Quliyev həmin mahnını 19 noyabr 1963-cü ildə Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Müəllif Hüquqları Agentliyi) qeydiyyatdan keçirilmişdir. Azərbaycan müğənnisi Rəşid Behbudovun ifasında bu mahnı dəfələrlə dünyanın bir çox ölkələrində, o cümlədən Ermənistanın Rusiyanın səhnələrində səslənmişdir. Müəllif Huquqları Agentliyi Azərbaycan bəstəkarı Tofiq Quliyevin pozulmuş müəllif hüquqlarının bərpası üçün hökumətlərarası orqan olan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına Rusiyanın ORT kanalına müraciət edəcəkdir.

 

İki sahil.- 2007.- 20 sentyabr.- S. 5.