Xəlilzadə F.
Respublikamızın xalq
artisti, tarzən Ramiz Quliyev həm də Bakı Musiqi
Akademiyasının professorudur. Görkəmli
tarzənin tələbələrinin
dairəsi çox genişdir: Amerika, Almaniya, Fransa, Yaponiya, Danimarka, Türkiyə, İran kimi dövlətlərdən
gəlib böyük həvəslə onun sənətini öyrənənlər
getdikcə artmaqdadır.
Milli musiqimizin inkişafında əvəzsiz
xidmətləri olan Ramiz Quliyevin dünyaya səpələnmiş
tələbələri ilə
bərabər, onun öz oğacının başında nurlu bir çırağı var. Bu, hələ
8 yaşında ikən
atasının tarını
sinəsinə sıxaraq
çaldığı muğamı
ilə məşhur tarzəni heyrətə gətirən Əyyub Ramizoğludur. Doğrudur,
Ramiz müəllimin bütün ailə üzvləri tarda çalmağı gözəl
bilirlər. Amma Əyyubun barmaqları tarın simlərinə toxunanda bir özgə
aləm yaranır.
Hələ Bülbül
adına orta ixtisas musiqi məktəbində oxuduğu
illərdə onun tarının səsi möhtəşəm konsert
salonlarında eşidilər,
ətrafına yüzlərlə
pərəstişkar yığışardı.
Əyyub danışır:
"Bilmirəm, anam mənə layla çalıb, ya yox. Xatırlamıram, çünki həmişə
muğam eşitmişəm,
atamın çalğısı
ilə yatıb-durmuşam. Mənim laylam da, ilk
eşitdiyim nəğməm
də, ilk heyrətim də elə tarın xoş avazı olub. Maraqlıdır ki, məni tara
yaxın qoymurdular. Ehtiyatlanırdılar ki, birdən salıb sındıraram. Böyük
qardaşım Emin musiqi məktəbinə -
tara gedirdi. Onlar evdə olmayanda mən tara doyunca
tamaşa edərdim. Əlimə almağa qorxardım. İlk dəfə o möcüzəni sinəmə
sıxanda 8 yaşım
vardı. Nə çalmışam, necə
çalmışam, bilmirəm,
ilk mükafatım atamın məni qucaqlayıb bağrına
basması oldu. Əlbəttə, məni
tara çəkən,
ona bağlayan atamın sənətinə
olan marağımdır".
Uşaq ikən Əyyub Ramizoğlunun tarda məharətli ifası ümummilli liderimiz Heydər Əliyevin diqqətini çəkmişdir. Ulu öndər dəfələrlə
müşahidə etmişdi
ki, böyük konsert salonlarında əzəmətli orkestrlərin
iştirakı ilə
ata-bala birlikdə ifa etdikləri simfoniyaları ürəklə,
canyanğısı ilə,
xüsusi məharətlə
dinləyicilərə çatdırırlar.
O da diqqəti çəkmişdi ki, Əyyub Ramizoğlunun tarın simləri ilə çox qəribə ünsiyyəti,
dostluğu var. Tar sanki Əyyubun sinəsində yeni bir ömrünü başlayırdı. Bəlkə
də elə bu qabiliyyətinə görə ümummilli liderin sərəncamı ilə yaradılmış
"Qızıl kitab"a adı düşənlərdən
biri Əyyub Ramizoğlu oldu. 14 yaşında ikən Prezident təqaüdünə
layiq görülən
gənc tarzən Musiqi Akademiyasının dirijorluq
fakültəsinə daxil
oldu. Özü bu barədə belə söyləyir:
"Tar mənim həyatım, sinəmdə
döyünən ürəyimdir.
Sənətim isə dirijorluqdur. Ona görə də mən bu yolu
seçdim". Hazırda Sankt-Peterburq
Dövlət Konservatoriyasının
aspiranturasında oxuyan
Əyyub Ramizoğlunu
nəinki Azərbaycanda,
hətta Rusiyada, Polşada, Türkiyədə,
Belarusda və başqa ölkələrdə
istedadlı, qeyri-adi məharətə malik dirijor kimi tanıyır
və rəğbət
göstərirlər.
Bu sahədə də Əyyub Ramizoğlunun bir sıra uğurları var. İlk ən
böyük müvəffəqiyyəti
2006-cı ildə Polşanın Belostok şəhərində keçirilən
Litoslavski adına Dirijorların IV Beynəlxalq
müsabiqəsində qazandığı
uğur olub. Bu müsabiqəyə 150 ölkənin nümayəndəsi
qatılmışdı. Azərbaycanı
ancaq Əyyub Ramizoğlu təmsil edirmiş. Üç mərhələdən ibarət
olan müsabiqədə
birinci yeri Əyyub Ramizoğlu tutub. Həmin müsabiqənin şərtinə görə,
qalib üç il ərzində Avropa ölkələrinin,
eləcə də Polşanın Dövlət
Opera Teatrının səhnəsində çıxış
etmək hüququna malikdir. 2007-ci ilin yanvar ayında Əyyub Ramizoğlu Polşanın böyük
konsert salonunda Belarus Dövlət Xor Kapellasına dirijorluq etmişdir. Proqrama Azərbaycan musiqisi də daxil edilmişdir.
İlk dəfə idi ki, Q.Qarayevin
"Leyli və Məcnun" simfonik poeması Polşa musiqiçiləri tərəfindən
ifa olunurdu. Əyyub Ramizoğlunun böyük ustalıqla dirijorluq etdiyi bu konsert tamaşaçılar
tərəfindən dərin
maraqla qarşılanmışdır.
Bununla da Polşanın konsert salonlarında Azərbaycan musiqisi -
Ü.Hacıbəyovun, Q.Qarayevin,
F.Əmirovun əsərləri
müntəzəm səslənməyə
başladı. Təbii
ki, bu proqramların
təşkil olunmasında
Əyyub Ramizoğlunun
xidməti var. 2007-ci ilin mayında Dövlət Müstəqilliyi
Günümüzlə
əlaqədar Belarusun
Minsk şəhərində
Azərbaycan səfirliyinin
təşkilatçılığı ilə Belarus Dövlət Simfonik Orkestrinin "Simfonik gecə" adlı mərasimi təşkil edilmişdi. Müstəqilliyimizin
şərəfinə hazırlanmış
tədbirdə konsertin
solisti tarzən Ramiz Quliyev, dirijoru Əyyub Ramizoğlu olmuşdur.
Nəhayət, Əyyub
Ramizoğlu ilk dəfə olaraq operaya da dirijorluq
etdi. Bu maraqlı və
şərəfli tarix
25 may 2007-ci ildə Sankt-Peterburq şəhərində
yazıldı. Motsartın
"Fiqaronun toyu" operasına dirijorluq edən Əyyub Ramizoğlu öz sələflərinin yolunu
ləyaqətlə davam
etdirərək həm
də özünəməxsus
dirijorluq istedadına malik olduğunu təsdiqlədi. Sankt-Peterburqda
çıxan qəzetlər
gənc azərbaycanlı
dirijorun ustalığından
bəhs edən yazılar dərc etdilər.
Əyyubun arzuları böyükdür. Doğrudur,
onu dünyanın ən möhtəşəm
opera və balet teatrları öz səhnələrində
görmək istəyirlər.
Hətta bir neçə ölkədən
dəvət də alıb. Amma Əyyub Ramizoğlunun ən böyük arzusu təhsilini bitirdikdən sonra doğma Azərbaycana qayıtmaqdır. Gənc dirijor belə deyir: "Kiçik yaşlarımda atama bənzəmək istəyirdim.
Bu səbəbdən də tar döyünən ürəyimə çevrildi.
İndi isə unudulmaz Niyazinin yolunu davam etdirmək,
onun kimi sevilmək, yaradıcılıq
uğurlarına nail olmaq istəyirəm".
İnanırıq ki,
Niyazi sənətinin davamçısı olmaq arzusu ilə yaşayan və bu yolda böyük
uğurlar qazanan Əyyub Ramizoğluna vaxt gələcək böyük
məhəbbət və
ehtiramla "maestro"
deyəcəyik. Bizdə
bu inamı yaradan gənc dirijorun möhtəşəm
konsert salonlarında qazandığı uğurlar,
aldığı beynəlxalq
mükafatlardır.
Azərbaycan.-2007.- 13 sentyabr.-S.6.