İbrahimova S.

 

Tofiq Quliyevin mahnısını erməni balaban ifaçısı özününküləşdirib

 

Səyavuş Kərimi bu qənaətdədir

 

Ötən həftənin şənbə günü Rusiyanın ORT telekanalında məşhur "Buz dövrü" ("Lednikovıy period") layihəsinin növbəti buraxılışı efirə çıxıb. Rusiyanın tanınmış estrada ulduzları şou-biznes nümayəndələri cütlük şəklində buz üzərində "öz məharətlərini" göstəriblər. İsrailli Sergey Saxnovski (fiqurlu konkisürən) "Fabrika" qrupunun üzvü Saşa Savelyeva (aktrisa) "Erməni toy rəqsi" nömrəsini təqdim ediblər. Özü bu nömrə tanınmış Azərbaycan bəstəkarı Tofiq Quliyevin "Sənə qalmaz" bəstəsinin müşayiəti ilə təqdim olunub. Diqqətimizi çəkən vacib məqam bu olub ki, Rəşid Behbudovun ifasında səsləndirilən məşhur mahnı "erməni xalq musiqisi" kimi təqdim edilib.

 

Ermənilərin daha bir plagiatlığını üzə çıxaran bu fakt ictimaiyyət arasında səs-küyə səbəb olsa da, aidiyyəti qurumlar hələ ki, susmaqda davam edir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimlə söhbətimizdə o, nazirliyin araşdırma aparacağını məsələ ilə bağlı etirazını bildirəcəyini dedi.

Tofiq Quliyevin oğlu, kinoreyissor Eldar Quliyev ona bu haqda informasiyanın daxil olduğunu, amma kadrları izləyə bilmədiyini söylədi: "Çox təəssüf ki, dostlarım həmin süyeti izləyəndən sonra mənə xəbər ediblər. Onu izləmək üçün verilişin ya təkrarını gözləməliyəm, ya da harada yerləşdirildiyini axtarmalıyam. Bundan sonra konkret fikir söyləmə bilərəm".

Eldar müəllim eyni zamanda bildirdi ki, əgər fakt özünü doğrultsa, o, Müəllif Hüquqları Agentliyinə müraciət edəcək. O, məsələnin hüquqi şəkildə həlli üçün bütün gücünü səfərbər edəcəyini vurğuladı. Kinoreyissor ermənilərlə məhkəmə yolu ilə mübarizə aparacağını da istisna etmədi.

Müəllif Hüquqları Agentliyinin əsərlərin qeydiyyatı hüquq şöbəsinin müdiri Xudayat Həsənli məsələ ilə maraqlandıqdan sonra qəzetimizə belə bir açıqlama verdi: "İnternetdə müəyyən axtarışlar aparmışıq. Həmin kadrlar bütöv şəkildə yerləşdirilmədiyi üçün məsələ bir az qaranlıq qalır. Növbəti günlərdə həmin süyeti bütövlükdə əldə etməyə çalışacağıq. Onu da diqqətinizə çatdırım ki, axtarış zamanı biz həmin layihənin təqdimatı zamanı digər mahnılarımızın da erməniləşdirilərək səsləndirildiyini üzə çıxarmışıq. Bu faktları dolğunlaşdırmaq lazımdır. Lazımi materialları əldə etdikdən sonra hansı addımlar atacağımız barədə mətbuata açıqlama veriləcək".

Məsələyə mövqeyini bildirən Xalq artisti, bəstəkar Səyavuş Kərimi həmin verilişi izlədiyini söylədi: "Həmin görüntülər məni çox kədərləndirib. Axı ruslar bizim musiqilərimiz barədə məlumatlıdırlar. Onlar bilə-bilə buna göz yumurlar. Məndə olan məlumata görə, həmin musiqini erməni balaban ifaçısı özününküləşdirib. Düşünürəm ki, məsələ onların Azərbaycandan üzr istəməsi səviyyəsində həll olunmamalıdır. Çünki səhəri gün həmin ifaçılar başqa ölkədə çıxış etməklə musiqimizi yenidən yadlaşdıracaqlar. Məsələ orada fəaliyyət göstərən səfirlik səviyyəsində həll olunmalıdır".

Mədəniyyət Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşına günorta saatlarında açdığımız telefon zəngində o, bu barədə məlumatsız olduğunu bildirdi onunla bir saat ərzində yenidən əlaqə yaratmağımızı söylədi. Amma gün ərzində mətbuat əlaqələndiricisi , mobil telefonuna cavab vermədi

 

Kaspi.-2007.- 18 sentyabr.-S.15.