Mehdixanli
T.
Şərqin böyük,
bənzərsiz xanəndəsi
Azərbaycan Respublikası Prezidenti
cənab İlham Əliyev milli vokal sənətinin banisi, 16
yaşından ömrünün sonuna kimi musiqimizi yaxın-uzaq
ellərdə tanıtdıran şair, bəstəkar,
xanəndə Cabbar Qaryağdıoğlunun xatirəsinin
əbədiləşdirilməsi haqqında sərəncam
imzalayıb. Tarixi sənəddə qeyd olunur ki, Bakı
Şəhər İcra Hakimiyyəti Cabbar
Qaryağdıoğlunun qəbirüstü abidəsinin
ucaldılmasını, həmin ərazidə abadlıq
işlərinin görülməsini və Bakı
şəhərinin küçələrindən birinə
onun adının verilməsini təmin etsin.
Mədəniyyət və Turizm Nazirliyi Cabbar
Qaryağdıoğlunun həyat və
yaradıcılığı haqqında sənədli filmin
çəkilməsini təmin etsin. Azərbaycan MEA Cabbar
Qaryağdıoğlunun həyat və
yaradıcılığından bəhs edən kitabın
hazırlanması və nəşr edilməsi
üçün müvafiq tədbirlər görsün.
Əlamətdar hadisə münasibətilə məşhur
ifaçının, adı musiqi tariximizə qızıl
hərflərlə yazılmış Cabbar əminin (hamı
ona belə müraciət edərmiş) qızı
Şəhla xanım Qaryağdı - Kürçaylı (O,
unudulmaz şair Əliağa Kürçaylının
həyat yoldaşıdır) ilə görüşüb
söhbətləşdik. Ondan eşitdiyimiz
minnətdarlığı, illər boyu
müraciətlərinin nəhayət, müsbət həllini
tapmasından sevinməsini, bir də acılı-şirinli
xatirələrini oxucuların diqqətinə
çatdırırıq:
- Aqillər deyib: "Haqq nazilər, amma
üzülməz". Sənət, sənətkar qədri
bilən ulu öndər Heydər Əliyevin ideyalarını,
arzularını, amallarını şərəflə,
layiqincə yaşadan, davam etdirən, istər
ölkəmizdə, istərsə də dünyada
böyük nüfuz, hörmət qazanmış cənab
Prezident İlham Əliyevin atamla bağlı verdiyi
sərəncamdan xəbər tutanda uşaq kimi
kövrəldim. Şükür etdim, qürur hissi duydum ki,
illərlə çəkdiyim həsrətə son qoyuldu.
Çox sağ olun, möhtərəm Prezident!
Yaxşılıq heç vaxt yaddan çıxmır.
Yamanlıq isə üz qaraldırE Atamın 1924-cü
ildə şəhərin "Qırx piləkən"
adı ilə tanınan yerdə tikdirdiyi 20 otaqlı, üçmərtəbəli
evi 1986-1987-ci illərdə Bakı şəhərinin sabiq
meri Rəfael Allahverdiyevin və sabiq baş memarı Elbəy
Quliyevin qərarı ilə "şəhərin
görkəminə xələl gətirən köhnə
bina" bəhanəsilə sökülmüş, xatirə
lövhəsi ayaqlar altına atılmışdı. Həmin
binada ədib, "Molla Nəsrəddin"çi Əli
Nəzmi və qəzəlxan Əliağa Vahid də
yaşamışdı. 1992-ci ildə Bakı şəhər
İH qərara almışdı ki, vaxtilə atamın
yaşadığı küçəyə (köhnə
Bunyadski) onun adı verilsin. Ancaq Şeyx Şamilin adı
verildi. Yadımdadır, hələ atamın
sağlığında bu küçəyə "Cabbar
əmi küçəsi" deyərdilər.
Bu sözlər atamın dilinin əzbəriydi:
"Məndən ötrü heç kəsdən xahiş
etməyin, heç kəsə minnətçi
düşməyin. Əgər mən doğma millətim
üçün xeyirxah iş görmüşəmsə,
özləri axtarıb tapacaq, qiymətimi verəcəklər".
Budur, qədirbilən insanlar, şəxsən
dövlətimizin başçısı cənab İlham
Əliyev atamın müqəddəs ruhunu şad, onun
həyat və yaradıcılığını bilənlərə
isə sevinc bəxş etdi.
Tarixi mənbədən: Cabbar Qaryağdıoğlu 1861-ci ilin
bahar çağında Şuşada dünyaya göz
açmışdı. Uşaqlıq illəri
boyaqçı, halal əməyi ilə ruzi qazanan atası
İsmayılın yanında keçmişdi.
Cınqırını belə çıxartmayıb,
atası onu hara buyurubsa, tərəddüdsüz gedib, nə
tapşırıbsa, yerinə yetirib. Çünki
İsmayıl kişi həddən artıq zəhmli, qaraqabaq
adam imiş. Elə bu cəhətlərinə görə ona
el arasında "Qaryağdı" da deyərlərmiş.
Sonralar o, bu deyimi atasının zülmündən -
boyaqçı olmaq istəyindən can qurtaranda - 16
yaşında məlahətli səsilə, bənzərsiz ifa
qabiliyyəti ilə sayılıb-seçiləndə
özünə təxəllüs
götürmüşdü. Harada, hansı
məclislərdə olardısa,
"Qaryağdıoğlu" deyimini eşidəndə ayaq
üstə durarmış, ehtiram əlaməti olaraq baş
əyərmiş. Onun xatirələrində oxuyuruq: "Atama
soyuq münasibətinə, ətrafındakı insanlara
qaynayıb-qarışmadığına görə
Qar-yağdı deyərdilər. Mən isə isti, səmimi münasibətimlə
qarı əritdim. Ancaq o adı daşımaqdan, yaşatmaqdan
qürur hissi duyuram".
Şəhla xanımın dediklərindən: - Babamın
beş oğlu olub. Cabbar, Məhərrəm (məşhur
heykəltəraş Cəlal Qaryağdı onun oğludur),
Məhəmməd, Bilal, Qafar atalarına ehtiramlı olub,
xatirəsini yaşayanda da, dünyasını
dəyişəndən sonra da əziz tutublar. Rəhmətlik
dindar olduğundan züriyyətlərini də bu yolu
getməyə vadar etmişdi. Onlar isə başqa-başqa
peşə seçmişlər.
İlk dəfə Məcnun rolunu atam Şuşada, "Bazar
başı" meydanında açıq havada oynayıb.
İlk sənədli filmimiz "Neft və milyonlar
səltənəti"ndə atam çəkilib. Dahi
Üzeyir bəy yazıb: "Leyli və Məcnun" səhnəciyini
13 yaşımda - 1897-ci ildə Əbdürrəhim bəy
Haqverdiyevin quruluşunda "Bazar başı" deyilən
yerdə, Məcnunun - Cabbarın Leylinin məzarı üstündə
fəryadını, axıtdığı göz
yaşlarını görəndə özümü saxlaya
bilmədim, mən də ağladım. Nəhayət, 1907-ci
ildə operanı tamamladım".
Tarixi mənbədən: Cabbar 10 yaşında
məktəbə gedir. Müəllimi - "Saqərə"
təxəllüsü ilə tanınan, olduqca yüksək
səviyyəli ziyalı Mirzəli Zeynalabadoğlu olmuşdur.
Ondan ana dili ilə yanaşı, ərəbcə, farsca
öyrənmiş, musiqiyə meyli daha da artmışdı.
O, şagirdlik dövründə kövrək, həzin
şeirlər də yazmışdı. Bir gün on altı
yaşlı Cabbarı müəllimi özüylə el şənliyinə
aparır. Orada Hacı Hüsü, Məşədi İsa,
Sadıqcan, Cavabdəy Əlibəyoğlu
çalıb-oxuyurdular. Mirzəli müəllim xahiş edir
ki, icazə versinlər Cabbar da bir ağız oxusun. Gənc
ifaçının şirin, məlahətli səsi
dinləyənləri ovsunlayır. Handan-hana məşhur
ifaçı Hacı Hüsü deyir: "Gələcəkdə
bizim yerimizi bu cavan xanəndə tutacaqdır". Həmin
xoşbəxt hadisədən sonra Cabbarın adı hər
yerdə, hər zaman hörmətlə çəkilir. Ancaq
atası ondan küsür. Çünki boyaqçı yox,
xanəndə olur. Azərbaycanın əksər
bölgələrində, İranda, Orta Asiya respublikalarında
keçirilən el şənliklərinə, toylara
dəvət alır. O, harada oxuyubsa, yalnız səsinə
güvənib, azərbaycanlı olmağı ilə fəxr
edib. Yazdığı şeirlər, bəstələdiyi
mahnılar zövq oxşayıb, könül açıb.
Onun yüzdən artıq bəstələdiyi mahnılar
təəssüf ki, obyektiv, subyektiv səbəbdən bu
gün xalq mahnıları adı altında
səsləndirilir. O, xatirələrində
danışarmış: "Tar sənətinin
qüdrətli ifaçısı Qurban Pirimovla toy
məclisinə getmişdim. Bəy qızını -
gəlini tərifləmək vaxtı yetişəndə, onun
boy-buxunun, yar-yaraşığın görmək istədim
ki, sözlərim elə-belə yox, inandırıcı olsun.
Lakin qızın atası razılıq vermədi. Onun
İrəvandan olduğunu, bir də üzündə xal
olmasını dedi. Qurbana işarə etdim ki, mən getdim,
sən də ardımca gəl:
İrəvanda xal qalmadı,
O xal nə xaldır,
Qoşa düzdürmüsən?..
Görkəmli tarzən Qurban Pirimov ifa başa çatandan
sonra deyib: "Cabbar, ananın südü, udduğun
Şuşanın havası sənə halal olsun. Səni
xanəndə kimi tanıyırdım, heç demə sən
həm də bəstəkarmışsan". Məhz onun
sayəsində, ifasında səslənən xeyli mahnılar "itbata"
düşsə də, bir çoxları hələ də
"Qızıl fond"da saxlanılır.
Şəhla xanımın dediklərindən: - Atam
ömür-gününü sənətə həsr
etmişdi. Bu səbəbdən ailə qurmağa
tələsməmişdi. Axır ki, 51 yaşında ailə
qurub. Anam Xızıdan, sənətkar ailəsindən idi.
Atama ərə gələndə 15 yaşı olub.
Ömürlərinin axırına kimi bir-birlərinə can
deyib, can eşitdilər. Atam həddən artıq evcanlı,
ailə qayğısı çəkən insan idi.
Bazarlığı özü edərdi.
Dəfələrlə görmüşəm ki, Mir
Cəfər Bağırov yol keçəndə
maşını saxlatdırar, "Necəsən, Cabbar
əmi, kefin-əhvalın necədir?" soruşardı.
1938-ci ildə Moskvada keçirilən incəsənt
günlərində Azərbaycan nümayəndələri də
iştirak edirdi. Nədənsə mahir ifaçı orada
olmur. Gözlənilmədən Stalin soruşur: "Hanı
Qafqazın qoca Cabbarı?" Bəhanə uydururlar:
"Xəstədir, gələ bilmədi" - deyirlər.
Stalin İttifaqın o dövrdəki
"Şöhrət" ordenini atama göndərir.
Millətindən asılı olmayaraq atamın çox dostu
vardı. Dahi şairimiz Səməd Vurğun bizə
gələndə həmişə onun dəfindən,
yanağından öpüb şirin ləhcə ilə
deyərdi: "Dağların döşündə durur
Qarabağ, xəyalı gəzdirən hər qaya, hər
dağE" Bizim Mikayıl Müşfiq kimi bəxtsiz, talesiz
Sergey Yesenin atamın Varşavada yazdırdığı
valın üstünə "Cabbar Şərq musiqisinin
peyğəmbəridir" yazıb. Atam xanəndələrin
oxuduqları mahnıların çoxunun mətnini yenidən
işləmişdi. Bu günümüzə gəlib
çatmış "Rast", "Segah"
təsniflərinin müəllifidir. "Qalada yatmış
idim", "Üç gündən bir, beş
gündən bir", "Qalalıyam, qalalı", "Sona
xanım", "Qarabağda bir dənəsən",
"Gəlin gedək Daşaltına gəzməyə"
mahnı və təsniflər onun adı,
yaradıcılığı ilə bağlıdır.
Dünya şöhrətli sənətkar Bülbül
yazıb: "İlk dəfə əyalətlərdə
konsertlər, soydaşlarımıza ləzzət verən
ifaçımız Cabbar olub". Atam Füzulinin, Vaqifin,
Şirvaninin, Zakirin şeir və qəzəllərini
oxuyarmış. M.S.Ordubadi, M.Ə.Sabir, Ə.Haqverdiyev,
C.Cabbarlı ilə möhkəm dostluq edərmiş. Anam
Səlimə xanım ondan 36 yaş kiçik idi. Bu
yaşıma çatmışam hələ onların
arasındakı qarşılıqlı sevginin,
məhəbbətin bənzərini görməmişəm.
Tanrıya güvənənlər, doğrudan da,
xoşbəxt, bəxtəvər olurlar. Onların
bir-birinə qarşılıqlı məhəbbətləri
əqidələrində, düşüncələrində,
ürəklərində idi. Atam ailə qurandan sonra daha ləzzətlə,
həvəslə oxumuşdu. Çünki anam elə
tanışlıqlarının ilk günündən ona
mənəvi dəstək olmuşdu.
Şəhla xanım bir müddət susur. Yaşarmış
gözlərini silir. Başını qaldırıb divardan
asılmış ata-anasının birgə foto-portretinə
baxır. Handan-hana qırıq-qırıq danışır:
- Atam dünyasını dəyişəndə mənim 14
yaşım vardı. Xüsusi tapşırıq
vermişdilər ki, onun cənazəsi filarmoniyadan
götürülsün, birinci Fəxri xiyabanda dəfn olunsun.
Dövlət səviyyəsində keçirilən
mərasimin sədri, yazıçı Mirzə İbrahimov
idi. Lakin hansı qüvvənin təsirindənsə
əksinə alındı. Onu Yasamal
qəbiristanlığında dəfn ediblər. O zamanlar
qadınlara icazə vermirdilər qəbiristanlığa
getsinlər. İllərlə atamın məzarını
axtardım. Görənlərdən, bilənlərdən
soruşdum. Axır ki, tapdım. Kimsəsiz, unudulmuş
qəbir necə olardı? Batmışdı, elə bil orada
70 il səsiylə, şeirləri, qəzəlləri,
ifaları ilə doğma xalqına xidmət edən
sənət korifeyi dəfn edilməmişdi. Hara, kimə
müraciət etdim, əhəmiyyəti olmadı.
İllər ötüb keçdi. Xalqımız
müstəqillik qazandı. Ulu öndər Heydər Əliyevin
yenidən hakimiyyətə qayıdışı
müqəddəs bildiyimiz insanların ruhlarını da
şad etdi.
2005-ci il noyabrın 24-də Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevaya məktub ünvanladım. Çox sağ olsun,
qısa müddətdə ondan cavab aldım.
Fürsətdən istifadə edib deyirəm: Mehriban xanım,
mərhəmətinizə, diqqətinizə görə ömrüm
boyu Sizə minnətdar olacağam!
ECənab Prezidentin sərəncamından sonra Şərq
dünyasının bənzərsiz xanəndəsi Cabbar Qaryağdıoğlunun
məzarını ziyarət etməyə getmişdik. Orada
"Adsız məzar" adlı sənədli filmin
çəkilişi aparılırdı. Rejissor - operator, həm
də ssenari müəllifi Kəmalə Musazadə dedi:
"İki ildir könüllü olaraq bu işlə
məşğulam. Dövlətimizin başçısına
minnətdaram ki, unudulmaz ifaçının həyat və
yaradıcılığından bəhs edən sənədli
filmin hazırlanması barədə tapşırıq verib.
Zəhmətim hədər getmədi". İnanırıq
ki, sərəncamdan irəli gələn başqa
tədbirlər də tezliklə həyata
keçiriləcəkdir.
Azərbaycan.-2007.- 2 sentyabr.-S.5.