Dövlət Filarmoniyasında Norveç operası solistlərinin qala konserti

 

Sentyabrın 13-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Norveç operası solistlərinin qala konserti olmuşdur.

Konsert Norveç Krallığının Azərbaycandakı səfirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı, Norveçin "Statoil" şirkətinin maliyyə dəstəyi ilə keçirilmişdir.

Konsertin birinci hissəsində Norveç dirijoru Kjell Seimin idarəsi ilə Üzeyir Hacıbəyov adına Dövlət simfonik orkestri, Azərbaycan Dövlət xor kapellası ilə Norveç operasının solistləri - Ragnhild Heiland Sörensen, İtziar Galdos, Martinez Kjell, Magnus Sandve və Haavard Stensvold Norveç xalq musiqisi və Edvard Qriqin bəstələdiyi mahnılardan ibarət proqramla çıxış etmişlər.

Konsertin ikinci hissəsində Motsartın, Vaqnerin, Leonkavallonun, Verdinin, Bizenin, Gerşvinin, Leharın, Dvorjakın operalarından ariyalar, duet, serenada, mahnılar səslənmişdir. Həmin əsərləri Norveç vokalçıları ilə Azərbaycan opera solistləri - Əvəz Abdullayev, Aygün Zeynalova,  Səbinə Əsədova ifa etmişlər.

Axırda Norveç Krallığının Azərbaycandakı səfiri Yon Ramberq tədbirin yüksək səviyyədə təşkili üçün bütün ifaçılara, təşkilatçılara - Mədəniyyət və Turizm Nazirliyinə, "Statoil" şirkətinə təşəkkürünü bildirmişdir.

 

Respublika.- 2007.- 14 sentyabr.- S. 6.