Məhərrəmova T.

 

Mən həmişə özümü tələbə adlandırıram

 

Elşən Mansurov, Əməkdar artist: "Yaxşı musiqini dinləmək də, ifa eləmək də xoşdur"

 

Prezidentin sərəncamı ilə fəxri adlar alan sənətçilərin siyahısında tanınmış kamança ifaçısı Elşən Mansurov və tarzən Malik Mansurovun da adları var. Əməkdar artist fəxri adına layiq görülən bu qardaşlar təltifi hazırkı yaradıcılıqlarında ən böyük yenilik adlandırırlar. Elşən Mansurov qəzetimizə müsahibəsində bu fərəhini paylaşdı:

 

- Fəxri ada layiq görülməyim demək olar ki, yaradıcılığımda ən sevincli hadisələrdən biridir. Hətta bugünkü fəaliyyətimdə ən böyük yenilikdir deyə bilərəm. Yaradıcı adamın işinə, sənətinə qiymət veriləndə o da işləməyə ruhlanır, sənət axtarışlarını davam etdirir.

- Geniş dinləyici auditoriyasına yol tapmaq sizin üçün çətinmi olub?

- Demək olar ki, uşaqlıqdan səhnədə böyümüşəm. Ansambllarda, orkestrlərdə çalmışam, xanəndələrimizi müşayiət eləmişəm. 1981-ci ildə ilk dəfə Rumıniyada oldum. 1987-ci ildə Alim Qasımovla tanış olub yaradıcılıq əlaqələrinə başladıq. Qardaşım Malik, mən və Alim Qasımovdan ibarət üçlüklə xeyli fəaliyyət göstərmişik. Düz 10 il Alim Qasımovla çalışmışam. Azərbaycanda və xarici ölkələrdə onunla böyük səhnələrdə çıxış etmişəm. İndi də başqa gənc xanəndələrlə xarici ölkələrə səfərlərim olur.

- Necə deyərsiniz, Maliklə sizin ifaçılığınızda hansı oxşarlıq var?

- Həyatda qardaşlığımızdan daha çox bizim çalğılarımız qardaşdır. Adi qardaşlığa çox müdaxilə ola bilər, ancaq çalğıların doğmalığına heç bir mühit təsir edə bilməz. Ola bilər ki, bundan sonra 20 il də bir yerdə çalmayaq. Ancaq 21-ci ilin birinci günü oturaq və yenə də qardaş çalğımızı çalaq. Biz uşaqlıqdan bir yerdə çalmışıq. Çalğımız adi qardaşlıqdan daha doğmalaşıb.

- Elə ifaçılar və xanəndələr var ki, onlar ali təhsil almasalar belə, musiqi aləmində öz sözlərini deyiblər. Siz isə peşəkar musiqi təhsili almısınız. Musiqinin nəzəriyyəsi sizə nə verib?

- Xalq musiqisi şifahi olaraq inkişaf edir. Onun nəzəri tərəfləri bizə çox şey verib. O vaxt Bəhram Mansurovun muğamla bağlı televiziya çıxışlarından, məktəblilərlə görüşlərindən şifahi olaraq çox şey öyrənmişik. Konservatoriyada elmi tərəfini də mümkün olan dərəcədə öyrənməyə çalışmışıq. Öyrənən adam həmişə öyrənməyə bir üsul tapır. Əsrin əvvəllərindən bu yana götürsək, o barədə musiqiçilərimizin nəzəri səviyyəsindən çox da razı deyiləm. Xaricə ayağımız açılandan, dünya və Şərq ölkələrinin musiqiləri ilə maraqlanandan sonra gördüm ki, bizdə muğamın nəzəri tərəfi az araşdırılb. Məsələn, İran, türk musiqisi haqqında çox böyük kitablar görmüşəm. O ölkələrin musiqisi haqqında araşdırmalar daha köklü aparılıb. Bu, Azərbaycan musiqisində çox-çox azdır. Üzeyir bəyin 25 ilə yazdığı "Muğamın əsasları", daha sonra Ramiz Zöhrabovun, Rafiq İmraninin kitabları çıxıb. Ancaq müqayisədə bunlar azdır. Azərbaycan xalq musiqisinin araşdırmalara çox ehtiyacı var. Suallar cavablardan qat-qat çoxdur.

- Bəs kamança ilə bağlı hansı araşdırmalar var? Siz hansı metodikaya istinad edib tələbələrə dərs keçirsiniz?

- Siz adamın yaralı yerinə toxunursunuz. Bizdə musiqi alətlərində ifaçılıq sahəsində çox böyük sənətkarlarımız var. Onlar da lazımi səviyyədə öyrənilmir. Kamança üçün hansı əsərlərin yazıldığını barmaqla saymaq olar. Kamança sahəsində Ramiz Mirişli və Mkrtçyanın 61-ci ildə birgə hazırladıqları, bir də Hafiz Kərimovun o vaxt tarla kamança üçün köçürdüyü melodik etüdlərdən başqa heç bir mənbə yoxdu. Bəstəkarlar da bu sahədə çox zəif fəaliyyət göstərir. Bütün dünya bəstəkarları skripka üçün əsərlər yazır. Skripkanın imkanları da genişdir, ancaq kamança heç bir musiqi alətindən geri qalan deyil. Bizim öz bəstəkarlarımız da fortepiano və skripka üçün yazırlar. Hansı ki, bəlkə ona heç ehtiyac da yoxdur. Bu gün o irsi davam etdirmək lazımdır. Görkəmli bəstəkar Hacı Xanməmmədovun "Kamança və simfonik orkestr üçün konsert"indən sonra elə bir əsər yazılmayıb. Sonra Zakir müəllim də kamança üçün konsert yazıb. Bir alət olaraq kamança və onu ifa edənlər hardasa bəstəkarlarımızdan inciyir.

- Kamançanın tardan qədim alət olması fikri nə qədər həqiqətdir?

- Uşaq yaşlarımda bir rus müəllifinin kitabında oxumuşam ki, kamançanın tarixi VII əsrə aidir. Daha doğrusu, o, skripka haqqında məlumat verir və yazır ki, skripkanın atası kamançadır. Kamançanın kökləri çox qədimlərə gedir. Ancaq ən qədim alətlər nəfəs alətləri hesab edilir. Külək əsir, qamış səs edir və ondan musiqi aləti yaranır. Nəfəslə içi boş olan çubuğun təmasından musiqi aləti yaranıb. Kamança çox böyük inkişaf yolu keçib. Əvvəlcə iki, üç, dörd simli olub. Abdulla müəllim ona 5-ci sim də əlavə edib. Hamısı gözəldir. Ancaq heç vəchlə kamançanın ümumi quruluşuna xələl gəlməsinə razı ola bilmərəm. Xalq alətinin gözəlliyi bəlkə də onun primitivliyindədir. Onun üstündə aparılan rekonstruksiyalar elə olmalıdır ki, alətin xarici görünüşünə xələl gəlməsin.

- Müəllim kimi auditoriyada da dərs demisiniz. Auditoriya ilə səhnənin fərqi nədir?

- Bir-birinə əks olan şeylərdir. Pedaqoyi fəaliyyət hardasa yaxşıdır. Ancaq ifaçılıqda bir az problemlər yaradır. Pedaqoyi fəaliyyət zamanı mütəmadi olaraq tələbəyə təhkim olunursan. Bu, artıq məsuliyyətdir. Mən 18 il müəllim işləmişəm. Pedaqoyi iş çox vaxt aparır. Ona görə müəllimlik fəaliyyətimi bir neçə ildir saxlamışam. Səbəblərdən biri də odur ki, pedaqoyi işə itirdiyim vaxtı özüm öyrənirəm. Mən həmişə özümü tələbə adlandırıram. Həm də gördüm ki, uşaqlarda öyrənmək üçün əvvəlki maraq yoxdur. İndi valideynlərdə uşağının musiqi ilə məşğul olmasını istəmək "gedib həyətdə futbol oynamaqdansa, kamançaya getsən yaxşıdır" səviyyəsindədir. Bu münasibətlə tələbə yetişmir.

- Belə münasibətdən necə aydınlaşdırırsınız: uşaqlarda istedad tükənib, yoxsa həvəs?

- İstedad da, həvəs də heç vaxt tükənməyəcək. Musiqidə enişlər-yoxuşlar olur. 10-15 il bundan qabaq tar, muğam musiqisinə həvəs azalmışdı. Böyük sənətkarlarımız olub və həmişə də olacaq. Mən müşahidə elədim ki, Alim Qasımovun sənətə gəlişi ilə xalq musiqimizdə böyük bir dirçəliş baş verdi. Sənətin enişi-yoxuşu həmişə şəxsiyyətlərlə əlaqəli olur. Əlbəttə, ifaçı yüksək səviyyəli olanda onun dinləyici aduitoriyası da çoxalır. Hərdən deyirlər ki, muğam ölür. Muğam heç zaman ölən deyil. Ola bilsin ki, muğamın dinləyicisi az olsun. Bu da təbii bir şeydir. Muğam o qədər sadə bir musiqi deyil ki, hamı oturub ona qulaq assın. Onu kamil adamlar sevir. Bu, xalqla bağlı sənət olduğu üçün xalqın içində yaşayır. Muğam, xalq musiqisi həmişə yaşacaq, sadəcə, eniş-yoxuşları olacaq. Burda ifaçıların üzərinə düşən məsuliyyət musiqini necə ifa etmələrindən asılıdır.

- Həvəsin bir qədər azalmasına rəğmən, necə deyərsiniz, musiqimiz eniş dövrünümü yaşayır?

- Mən elə deməzdim. Son vaxtlar belə bir tendensiya hiss eləmişəm: hər şeyin "birdəfəlik" istifadəsi var. Musiqinin də o növləri var. Musiqinin ara musiqisi deyilən və çox böyük publika toplayan bir növü var. O musiqilər çox yaşamır. Ona qulaq asanlar hara gedirsə, 50-60-cı illərin musiqisinə qayıdırlar. Vaxtilə ekrana buraxılmayan musiqilər bu gün böyük konsert salonlarına ayaq açır. Camaat da onu dinləməyə gəlir. Onların publikası çoxdur. Qəribə bir təzad alınır: əgər bu, yaxşı deyilsə, onun publikası niyə çoxdur? Bir iş də var ki, yaxşı musiqinin elə az publikası olmalıdır. Çünki cəmiyyətin düşünən tərəfi o musiqiyə qulaq asır. Muğamı dinləyəndə gərək işini kənara qoyub onun gözəlliklərinə varasan, ahənginə qulaq asasan. Pop musiqisi, klassik Avropa musiqisi səslənəndə isə sən öz işini görürsən, o da orda çalır. Nə qədər kamil insanlar var, xalq musiqiləri yaşayacaq. Ola bilər, hansısa məqamda onun dinləyicisi az olacaq və ya hardasa reanimasiya vəziyyətinə düşəcək, ancaq ölməyəcək. Yəqin Allahın bunun üstündə əli var.

- Sizinçün kimin qarşısında - dilimizi bilməyən, ancaq musiqimizin sehrinə düşən xarici tamaşaçılar, yoxsa əlindəki iş-gücünü atıb muğama qulaq asan öz dinləyicilərimiz qarşısında çıxış etmək xoşdur?

- Gözəl sual olsa da, cavab vermək çətindir. Belə deyərdim, dilimizi bilməyən başqa din və tərbiyə sahiblərinin musiqiyə qulaq asmaları çox təəccüblüdür. Ondan da təəccüblü bir şey var ki, öz dilimizdən, dinimizdən olan vətəndaşlarımız ona qulaq asmır. Bu, daha dəhşətlidir. İndi muğam konsertləri çox azdır. Çünki bu konsertlərin publika problemi var. Hansısa bir salonu doldurub 2-3 dəfə muğam konserti vermək olar. Bir vətəndaşlıq borcu kimi biz onu edirik. Ancaq nə vaxta qədər bu səviyyədə qalacaq? Nəhayət, o vaxt gəlib ki, biz gərək sənətimizlə pul da qazanaq. Qabaqlar pul qazanmağın yeganə yolu toyxanalar idi. O vaxt toyların hərəsi bir konsert idi. Orda publika toplanırdı və pul da qazanılırdı. İndi o şeylər yoxdur.

- Sizin üçün musiqini dinləmək, yoxsa ifa etmək xoşdur?

- İfa edəndə özüm də dinləyirəm. Yaxşı musiqini dinləmək də, ifa eləmək də xoşdur. Hərdən camaata paxıllığım tutur ki, onlar salonda oturub gözəl musiqiyə qulaq asırlar. Bizim fərqli cəhətimiz odur ki, hər musiqiyə qulaq asa bilmirik. Kiminsə zövq aldığı musiqidən biz zövq ala bilmirik.

 

Kaspi.-2007.-19 sentyabr.-S.16.