Məhərrəmova T.

 

Mən xalq üçün oxumuşam

 

Sabir Novruzov, xanəndə: "Bu səs mənim deyil, xalqındır"

 

Xalqın yaddaşı onun musiqisində qorunur. Hər mahnı bir insan qəlbinin tərcümanı olsa da, hər ifaçının səsi, nəfəsi ilə təzələnir, Allahın bəxş etdiyi ilahi bir avazla yenidən doğulur bu nəğmələr. Açılması mümkün olmayan sirdi bu. Xalqın adına yazılan bu nəğmələrdə hər kəs öz könül çırpıntılarını eşidə, öz ruhunu onlara köçürə bilir. Bir xalqın adət-ənənəsini, bütöv bir tarixini yaşadan həmin mahnıların qorunmasında xanəndə Sabir Novruzovun da xidməti çoxdur.

Bu günlərdə Əməkdar artist adına layiq görülən xanəndə bizimlə söhbətinə uşaqlıq illərini xatırlamaqla başladı:

 

- Oxumağa təzə başladığım vaxtlarda görkəmli xanəndələr səsimi eşidib "bu uşağın gələcəyi var" - deyə başıma sığal çəkirdilər. Tale elə gətirdi ki, onlar bu inamlarında yanılmadılar. Səsimlə uşaqlıqdan aləmə səs salmışdım. Çay kənarında, meşə qırağında oxumağımı kəndin o biri başında da eşidirdilər. 12 yaşım olanda uzaq kənd cığırları məni böyük səhnəyə gətirdi. Yadımdadır ki, o vaxtlar heç bir evdə televizor yox idi. Ona görə də Zülfi Adıgözəlovun, Xan əminin, Mütəllim Mütəllimovun, Əbülfət Əliyevin canlı oxumalarından və plastinkalarından öyrənirdim. Yaqub Məmmədov, Mütəllim Mütəllimov anamın qohumu idi. Birinci sinifdə oxuyanda məktəbdə səsimin tembrinə görə seçilirdim. Pionerlər evində dərnəyə getməyim də xanəndə kimi yetişməyimdə böyük rol oynadı. Yaxşı müəllimlərim vardı. Xanəndələrdən Yaqub Məmmədov, Rahil Kərimov tez-tez Pionerlər evinə gəlirdi. 1956-cı ildə - 12 yaşım olanda Bakıya pioner festivalına gəldim. O vaxt festivaldakı çıxışım haqqında qəzetlərdə yazıldı. "26-lar bağı"nın yanında yerləşən "Neftçilər" klubunda çoxlu tamaşaçı qarşısında çıxış elədik. Biz Qarabağ zonasını təmsil edirdik. Mən oxuyanda rəhmətlik Ağabala Abdullayevin oğlu Zöhrab Abdullayev səhnəyə çıxıb məni qucaqladı. Dedi ki, bu, gələcəkdə yaxşı xanəndə olacaq, gözəl səsi var. Mənə bir az həvəs gəldi. Festivalda mənə üstünlük verdilər.

Sonrakı illərdə bir neçə dövlət əhəmiyyətli tədbirlərdə iştirak elədik. 1957-ci ildə Bəstəkarlar İttifaqının klubunda çıxış edəndə Tofiq Quliyev, Süleyman Ələsgərov və digər görkəmli bəstəkarlar xalq və bəstəkar mahnılarını necə oxumağımıza qulaq asdılar.

- Eşitdiyimə görə, görkəmli tarzən Qurban Pirimovla da tanışlığınız olub.

- 1957-ci ildə Qurban əmi ilə Şuşa istirahət evində konsert vermişəm. Yayda Şuşada ailəvi dincəlirdik. Bir dəfə orada olarkən istirahət evinin müdiri məni kluba apardı. O vaxtlar həmişə radioda Qurban əminin adını eşidərdim. Qurban əmi məndən "nə oxuyursan?" - deyə soruşanda, Qulu Əsgərovun dəbdə olan "Bəyənmir məni" mahnısının adını çəkdim. Dedi ki, o mahnını yox, "Qarabağ şikəstəsi", "Heyratı", "Arazbarı" muğamlarını, "Bəh-bəh", "Gül açdı" kimi xalq mahnılarını oxu. Mən də bu mahnıları plastinkalardan öyrənmişdim. Onun dediyi mahnıları oxudum və konsertdən sonra Qurban əmiyə yaxınlaşdım. Dedi ki, çox gözəl oxudun, mənə Cabbarı xatırlatdın. 13 yaşımın olduğunu bilincə: "Bu gündən oxuma, səsin korlana bilər" - deyə məsləhət gördü. Qurban əminin sözü həmişəlik qulağımda qaldı. O məni axşamüstü saat 6-da Xan qızı bulağının yanına dəvət edib dedi ki, gələrsən, səni bir adamla tanış edəcəm. Mən də o vaxtlar Seyid Şuşinskini Şuşada görürdüm. Onun "Orta mahur", "Çahargah", "Mahur-Hindi"sinə qulaq asıb öyrənirdim. İlk dəfə Seyid Şuşinskinin "Çahargah"ı bərdaşt etməyini onda eşitdim və xoşuma gəldi. Beynimdə qaldı ki, belə oxumaq lazımdır. Qurban əmi məni Seyidlə tanış elədi. Seyid oxumağıma qulaq asandan sonra Qurban əmi: "Ağa, necədir, bunun gələcəyi haqqında nə deyə bilərsən?" - deyə soruşdu. Seyid Şuşinski: "Çox yaxşı səsi var, diksiyası da yaxşıdır" - deyə cavab verdi.

Uzun müddət Ağcabədinin "Rast" ansamblında iştirak elədim. Bu məşhur ansamblda yaxşı oxuyanlar, tarzənlər, qarmonçalanlar çox idi. Bu ansamblın xanəndə kimi təkmilləşməyimdə böyük rolu oldu.

- Bəs musiqi təhsilinizi harda davam etdirdiniz?

- Orta məktəbi bitirəndən sonra Politexnik İnstitutuna daxil oldum. Çünki mühəndis olmaq çoxdankı arzum idi. Həm də tay-tuşlarım Politexnik İnstitutunda oxuduğundan mən də həvəsə düşdüm. Ancaq gərək İncəsənət İnstitutuna daxil olaydım! Bu istək həmişəlik ürəyimdə qaldı. O vaxt bizim rayonda Məmməd Əsgərov adlı birinci katib vardı. Onun oxumağımda, instituta daxil olmağımda böyük köməyi oldu.

- Bəs Filarmoniyanın səhnəsinə necə çıxdınız?

- Qarmonçalan Məmmədağa Ağayev məni yaxşı tanıyırdı. Ramiz Zöhrabov da o vaxt Filarmoniyada şöbə müdiri işləyirdi. Məmmədağa müəllim dedi ki, "Ramiz, bu, yaxşı oxuyandır, Filarmoniyada konsertini təşkil elə". Mən ilk dəfə Filarmoniyanın səhnəsində "Təranə" ansamblı ilə çıxış elədim. Bu konsert instituta sənədlərimi verən vaxt təşkil olundu. Sonra İlhamə xanımla yay teatrında bir yerdə konsert verdik. Konsertimiz çox bəyənildi. Az sonra Yaşıl Teatrda solo konsertimi təşkil etdilər. İnstitutda oxuyarkən bir neçə belə konsertdə iştirak elədim.

70-ci ildə məni Filarmoniyaya qəbul etdilər. Xan əmi, Seyid Şuşinski, Sürayyə Qacar, Hacı Məmmədov, Şövkət Ələkbərova və başqa görkəmli sənətkarlardan ibarət yoxlama üzvləri səsimə qulaq asdılar. Onların imtahanından yaxşı çıxdım və Filarmoniyada çalışmağa başladım. O vaxt "Təşviqat qatarı"nın tərkibində rayonlara gedir, pambıq sahələrində, tarlalarda canlı konsertlər verirdik.

- Bəs mühəndis ixtisasınız heç vaxt gərəyiniz olmadı?

- Politexnik İnstitutunu bitirdim. Elə o vaxtdan Memarlıq və İnşaat Universitetində işləyirəm. Filarmoniyada işləməyim haqqında Mədəniyyət Nazirliyində "stavkam" var. Çoxlu fəxri fərmanlara layiq görülmüşəm. 1971-ci ildə Daşkənddə "Komsomolun 50 illiyi" münasibətilə keçirilən Ümumittifaq Festivalının laureatı olmuşam. Bu günlərdə isə Əməkdar artist adına layiq görülmüşəm.

- Cavanlıq illərinizin lent yazıları varmı? Həmin lent yazılarına qulaq asanda hansı hissləri keçirirsiniz?

- Çoxlu lent yazılarım var. Adil Bağırovun, Ağasəlim Abdullayevin ansamblları ilə çoxlu mahnı yazdırmışam. Hacı Məmmədov və Elman Bədəlovun müşayiəti ilə oxuduğum "Çahargah", "Zabul" muğamları radio və televiziyanın arxivində saxlanılır. Televiziyada, radioda bizi unudulmağa qoymurlar. Mən xalq üçün oxumuşam. Sağ olsun ki, xalq da məni unutmur. Hər dəfə köhnə mahnılarıma qulaq asanda öz-özümə deyirəm ki, görəsən, bunları mən oxumuşam? Allah-təalanın verdiyi səsə bax! İndi də həyəcanlanıram. Allah insana bu səsi verir ki, onu xalqa çatdırsın. Mən də xalqın bir nümayəndəsiyəm. Sonra o səsi özüm dinləməyə, zövq almağa başlayıram. Onda özümə qulaq asıram. Bundan gözəl nə ola bilər? Muğamlarımızın hamısını sevirəm. Əgər bir insanın yeddi övladı varsa, bu uşaqları bir-birindən ayırmaq mümkünsüzdür. Amma onların hər birinin başına cürbəcür sığal çəkmək olar. Muğam da belədir. Hər muğamı oxuma qaydası var. Elə muğam var həyəcanla, elə muğam var mülayim, eləsi də var zil səslə oxuyursan. Elə muğam var adamı qəmə, fikrə gətirir. Ona görə muğamlarımızın hamısını oxumağı xoşlayıram.

- El şənliklərinə dəvət alırsınızmı?

- Qabaqlar çox gedirdim. İndi isə o qədər dəvət etmirlər. Toy auditoriyadır. Orda əyləşən adamların hərəsinin bir zövqü var. Onların zövqlərini təmin eləmək lazımdır. Bir dəfə Xan əmi dedi ki, "Sabir, bala, sənlə işim var, aşağıda məni gözlə". Dedim ki, yəqin məni toya aparacaq. Aşağıda bağın içində gözlədim. Birdən gördüm ki, əlində qəlyan gəlir. Dedi, "ə, bura bax, nə boyun var, nə buxunun, nə də gözəlliyin. Allah-təala bu səsi xalqa verib. Xalqın səsinə niyə xəyanət edirsən? O səs sənin deyil, xalqındır". Bu, çox böyük sözdür. Ona görə də həmişə həmin səslə oxuyuram. Çünki bu səs mənim deyil, xalqındır. Mən nəyə görə tanınıram? Əgər xalq məni tanımasa, heç küçədə salam da verməz. Artıq 60-ı haqlasam da, yenə həmin səsin sahibiyəm.

- Vaxtilə Filarmoniyanın səhnəsində oxumusunuz. Artıq köhnə sənətçilər yenidən Filarmoniyanın səhnəsində konsertlər verirlər. Siz də bunu arzulayırsınız?

- Niyə arzulamıram? Mən yenə böyük sənətkarları özümə müəllim hesab edirəm. Yenə də onların getdiyi cığırla gedirəm. Tələt Qasımov, Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Alim Qasımov, Canəli Əkbərov və b. sənətkarlar konsertdə iştirak etsinlər, mən də nə kömək lazımdırsa, gedib orda iştirak edərəm.

 

Kaspi.- 2007.- 28 sentyabr.-S.16.