Məhərrəmova T.

 

Peşəkar musiqimizin sabahına bəslənən ümid

 

Azər Rzayev: "Bizə çox hörmət edirlər, amma sözümüzə fikir vermirlər"

 

Azərbaycanda ilk Uşaq Simfonik Orkestri 10 il bundan əvvəl yaradılıb. Orkestrin bədii rəhbəri və diriyoru Xalq artisti, Bəstəkarların Beynəlxalq Müsabiqəsinin laureatı, Musiqi Akademiyasının professoru Azər Rzayev sonradan bir neçə belə orkestrin yarandığını bildirir. Hələ məktəbli ömrünü yaşayan bu uşaqların professional ifaçılığa gedən yolunun başlanğıcındakı fəaliyyətləri ilə maraqlanıb bugünkü musiqi meydanında baş verənləri saf-çürük edəndə, peşəkar musiqimizin sabahının etibarlı əllərdə olduğuna inanmaya bilmirsən.

Azər Rzayev Azərbaycanda ilk Uşaq Simfonik Orkestrinin hansı zərurətdən yarandığını belə izah edir:

 

- Uşaq Simfonik Orkestri dünyanın cəmi 3-4 ölkəsində mövcuddur. Azərbaycanda belə bir orkestrin yaradılması əlbəttə, böyük hadisədir. Hələ 1960-cı illərdə ölkəmizdə uşaq orkestri yaratmaq istəsələr də, bu arzunu gerçəkləşdirə bilməmişdilər. Sonradan Bülbül adına musiqi məktəbinin şagirdləri ilə Konservatoriyanın tələbələrindən ibarət simfonik orkestr yaratmaq səyləri də olmuşdu. Ancaq bu arzu da baş tutmamışdı. Bir gün məni Bülbül adına orta ixtisas musiqi məktəbinə dəvət etdilər. Məktəbin direktoru Nigar xanım və müavini Sona xanım uşaq simfonik orkestri yaratmaq istəyində olduqlarını bildirdilər. Mənə orkestri yaratmaq haqqında təklif olunanda xeyli düşündüm. Keçmişi yadıma salıb bilirdim ki, vaxtı ilə adlı-sanlı adamlar bu işin öhdəsindən gələ bilməyiblər. Ona görə də vaxtımın olmadığını söyləyib razılıq vermək istəmədim. Ancaq Bülbül məktəbində dərs aldığım və ilk iş yerim də ora olduğu üçün həmin məktəb mənə çox doğmadır. Ona görə də razılaşmalı oldum. Məktəbdə istedadlı uşaqları bir yerə yığıb məşqlərə başladım. 1997-ci il martın 4-də Konservatoriyanın zalında orkestrin təqdimat mərasimi keçirildi. Artıq 10 ildir ki, həmin orkestrlə işləyirəm. Bundan böyük qürur hissi keçirirəm. Dövlət Simfonik Orkestrində, Kamera Orkestrində Radio və Televiziyanın, eləcə də Opera Teatrının Simfonik Orkestrinə baxanda orada hazırladığım uşaqları görüb sevinirəm. Biz Konservatoriyada təhsil alan vaxtlarda heç bir tələbənin işləməyə ixtiyarı yox idi. Yalnız dərs oxumaq lazım idi. İndi isə yaşamaq çətin olduğundan bütün tələbələr işləyir.

- Təqdimat mərasimində orkestrin ilk çıxışı necə qarşılandı?

- Çox yaxşı. Təqdimat mərasimində iştirak edən qonaqların arasında səfirliklərin nümayəndələri də var idi. Konsert proqramına Azərbaycan bəstəkarları ilə yanaşı, dünya klassiklərinin əsərlərini də daxil etmişdik. İlk konsertimiz çox uğurlu keçdi. Professional musiqiçilər orkestrin ifaçıları barədə ümidverici fikirlər söylədilər. Xarici səfirliklərin nümayəndələri uşaqların ifalarına heyran qaldıqlarını bildirdilər. Gürcüstandan gələn nümayəndə hətta ifaçılardan birinə, 5-ci sinif şagirdi Fərhada xüsusi təqaüd vermək istədiklərini bildirdi. Sonra Amerikada nəşr olunan "Azərinternyus" yurnalının baş redaktoru Betçi xanım orkestrə kömək etmək arzusunda olduğunu söylədi. Amerikalılar dedi ki, bu orkestri dünyanın hər hansı ölkəsinə aparmağa hazırıq. Ancaq uşaqlar kiçik olduqlarına və valideynlərinin razılaşmayacaqlarına görə görə imtina etdim. Onlar bizə 50 min ABŞ dolları miqdarında kömək göstərmək istədiklərini bildirdilər. Dedilər ki, əgər razısınızsa, pulu sizə göndərək. Mən isə: "Yox, siz bizə musiqi alətləri göndərin" - deyə bildirdim. Bizdə skripka, violonçel, nəfəsli alətlər yoxdur. Olanlar da fabrikdə hazırlanmış aşağı səviyyəli alətlərdir. Amerikalılar bizə xeyli musiqi aləti göndərdilər. Hazırda uşaqların çoxu həmin alətlərdə çalır. Bu onlar tərəfindən çox böyük diqqətdir. Bu uşaqlar professional musiqimizin sabahına bəslənən ümiddir.

- Azər müəllim, bu orkestri digər musiqi kollektivlərindən fərqləndirən hansı cəhətlərdir?

- Bu uşaqların hamısı Bülbül adına musiqi məktəbində oxuyur. Təbii ki, hər il kollektivdə müəyyən dəyişikliklər aparılır. Balaca ifaçıların şagirdlik müddətləri ilə bərabər orkestrdəki fəaliyyətləri də bitir. Düzdür, onlar orkestrdən ayrılıb getmək istəmirlər. Mənim özüm üçün də bu uşaqlardan ayrılmaq çətin olur. Amma onlar musiqidən ayrılmırlar. Çoxu da elə Musiqi Akademiyasında təhsilini davam etdirir. Onlar yenə də məşq etməyə mənim yanıma gəlirlər və mən onlarla təmənnasız məşğul oluram. Həmin uşaqların əvəzinə orkestrə yenilərini qəbul etdik. Həmişəki kimi yeni gələn uşaqlarla ibtidaidən başlamalıyıq. Orkestrin hər bir üzvünə xüsusi münasibət, diqqət göstərmək lazımdır. Onu da deyim ki, bu uşaqlarla dərs keçmək o qədər də asan deyil. Mən həftədə iki dəfə bu orkestrlə məşğul oluram. İnanın, bu iki günün çətinliyi Musiqi Akademiyasında bir semestr ərzində keçdiyim dərslərə bərabərdir. Bülbül məktəbi daxilində mənim və uşaqların heç bir problemi yoxdur. Hər bir istəyimiz direktor tərəfindən həll olunur. Bu bizim özümüzü də həvəsləndirir. Ancaq məktəbdən kənarda bu orkestrə görə nə qədər desən düşmən qazanmışam. Mən bu ansamblı özüm üçün yaratmamışam. Yaratmışam ki, bu uşaqlar indidən instituta hazırlaşsınlar, professional musiqimizin sirlərinə bələd olsunlar. Musiqimizin gələcəyi onların bugünkü təhsilindən çox asılıdır. Bu gün Musiqi Akademiyasına daxil olanların çoxu Bülbül adına məktəbin tələbələridir. Bizim orkestr həqiqətən çox böyük məktəbdir.

- Orkestrin yubileyini nə vaxt qeyd edəcəksiniz?

- Gələn ay orkestrin 10 illik yubileyini qeyd etməyi planlaşdırırıq. Yay tətili davam etdiyindən hələlik uşaqlarla görüşə bilmirəm. Ənənəvi olaraq orkestrə yeni uşaqlar cəlb olunacaq. Keçən il orkestrdə 32 uşaq çalışırdı. Məktəbi bitirən uşaqlar orkestrdən ayrılmalıdır. Sanki orkestr hər il yenidən yaranır.

- Siz uşaqları sevərəkdən bu qədər vaxt ayırırsınız. Bəs bu, bəstəkar kimi yaradıcılığınızı məhdudlaşdırmırmı?

- Çox mane olur. Demək olar ki, 2002-ci ildən bəri heç nə yazmıram. Ancaq Meksikada yaşayan skripkaçı Babayevlər ailəsinin ifasını dinlədikdən sonra onlar üçün "3 skripka və simfonik orkestr üçün konsert" yazmışam. Həmin konsert ilk dəfə 70 və 75 illik yubileylərimdə ifa olunub. Hazırda Babayevlər ailəsi Bakıdadır və sentyabrın 28-də Filarmoniyada keçirəcəkləri konsertlərində mənim əsərimi ifa edəcəklər.

- Söhbətin əvvəlində dediniz ki, bu orkestri vaxtilə yaratmaq istəyənlər çətinliklərlə qarşılaşaraq geri çəkiliblər. Yəqin ki, siz özünüz də müəyyən maneələrlə qarşılaşırsınız.

- Əlbəttə, maneələr olur. Bu orkestrə almanlar, türklər, yaponlar qulaq asıblar. Yaponlar orkestrin diskini buraxdırmaq istəyirlər. Öz ölkəmizdə isə orkestrin ifasını yazsalar da, səsləndirmirlər. Ona görə də orkestri heç kəs tanımır. Amerikalılar bizim konsertimizi çəkərək Amerikada, türklər, gürcülər də öz ölkələrində göstəriblər.

- Azər müəllim, yəqin peşəkar musiqiçilər, bəstəkarlar öz aralarında musiqimizin ümumi vəziyyətini təhlil edərkən bu hərc-mərcliyin kökünün haradan qaynaqlandığını da aydınlaşdırmağa çalışırlar.

- Hamısının səbəbi puldur. Mən 33 ilə yaxın televiziya ilə çıxışlar etmişəm. Tamaşaçılara professional musiqimizin sirlərindən danışmışam. Hər çıxışıma verilən pul maaşımdan çox idi. 88-ci ildən sonra "bəylər" hakimiyyətə gəldi və mənim çıxışlarım da yox oldu. Daha məni heç yerə çağırmadılar. Uşaq Simfonik Orkestrinin təqdimatı ərəfəsində televiziya kanallarından birindən mənə zəng vuraraq dəvət etdilər və çıxışım üçün 250 dollar pul istədilər. Bərk əsəbiləşərək dedim ki, mən həm Xalq artisti, həm laureat, həm kafedra müdiri, həm də professoram. Amma aldığım heç 100 dollar pul deyil. O qədər pulu haradan gətirib sizə verə bilərəm? Mən nə alverçiyəm, nə də toya gedən. Dərhal üzr istəyərək bu fikrin mənə aid olmadığını söylədilər və xahiş etdilər ki, onların kanalında çıxış etməyə razılıq verim. Dedim bir şərtlə gələrəm: "Mənə 250 dollar verməlisiniz. Çünki mən sizə lazımam, siz mənə lazım deyilsiniz. Bir daha mənim evimə zəng vurmayın" - deyə dəstəyi asdım.

- Üzeyir bəyin min bir əziyyətlə yaratdığı milli musiqimiz, Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi sənətkarların sizlərə təhvil verdiyi ənənələr çox təəssüf ki, unudulub. Haradasa özünüzü günahkar hesab edirsinizmi ki, siz də bu ənənəni qoruya bilmədiniz?

- Yox, mən özümü günahkar hiss etmirəm. Çünki nə qədər lazımdırsa, mübarizə aparmışam. Amma bizi eşidən kimdir? Klassik sənətə, simfonik musiqiyə diqqət xeyli zəifləyib. Bizə çox hörmət edirlər, amma sözümüzə fikir vermirlər. Birindən soruşun ki, Arif Məlikov nə yazır? Heç kəs bilməyəcək. Çünki yazdıqları heç yerdə səslənmir. Amma soruşun ki, indiki müğənnilər hansı disk üzərində işləyir, dərhal cavab verəcəklər. Kim necə istəyir, elə oxuyur, kim nə istəyir, onu geyinir. İndi hər şey dəyişib.

- Azər müəllim, zamanın nehrəsi çalxalandıqca, həmişə yağı yağ, ayranı ayranlıq olur. Görünür, yaxşıyla pisin ayırd edilməsi üçün zamana ehtiyacımız var.

- Mən optimist adamam. Həmişə fikirləşirəm ki, bu, çox belə davam edə bilməz. Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov, Niyazi kimi sənətkarlar vaxtında tarixə düşüblər. Onların davamçıları olduğumuz üçün biz 5-6 nəfər də tarixə düşəcəyik. Amma bizdən sonra gələnlər tarixə düşəcəklərmi?

 

Kaspi.-2007.-11 sentyabr.-S.16.