Muğam
cazı kölgədə qoydu
Sentyabrın 27-də
Yaşıl Teatr Konsert Kompleksində dünya
şöhrətli xanəndə Alim Qasımovla istedadlı
gənc cazmen Şahin Növrəslinin "50/30" adlı
konsert verdi. Muğamla cazın sintezi üzərində qurulan
və anşlaqla keçən bu konserti izləyənlər
hər iki sənətçinin Şərqlə Qərb
musiqisini necə incə harmonik improvizələrlə sintez
etmələrinin şahidi oldular.
Onu da qeyd edək ki,
sözügedən konsert hər iki sənətçinin yubileylərinə
həsr olunur. Bu il Alim Qasımovun 50, Şahinin isə 30
yaşı tamam oldu.
Səhnəyə
ansamblı və qızı Fərqanə ilə
çıxan ustad xanəndə "Bayatı-Şiraz"
dəstgahı üstündə kompozisiya ilə
tədbirə bir istilik gətirdi. Ata ilə qızın
fantastik ifasını, musiqiçilərin
möhtəşəm müşayiətini
tamaşaçılar sürəkli alqışlarla
izləyirdilər. Zəngulələrdən
süzülən hərarət izləyiciləri
yünglilləşdirir, bu dünyanın dərd-sərindən
bir anlıq da olsa, Alimin dünyasına çəkirdi. Bunun
acısını isə çəkən Şahin oldu.
Ustaddan sonra səhnəyə çıxan Şahinin qardaşları
Arslan və Nurlan Növrəslilərin müşayiəti
ilə muğamlar üstündə caz gəzişmələrilə
izləyiciləri sanki "Alimin dünyasında saxlamaq"
istəməsi alınmadı... Tamaşaçılar konsert
salonunu tərk etməyə başladılar. Bəlkə
də Alim Qasımovun ifasına yüklənən dinləyicilər
cazı həzm etməyə çətinlik
çəkdilər... Lakin gedən tamaşaçılar
bilmirdilər ki, konsertin kulminasiyası -Alimlə Şahinin
birgə çıxışı var. Sözün
düzü, bu sintez məhz konsert zamanı ortalığa
çıxan ekskluziv ifa təsiri bağışlasa da,
möhtəşəm alındı, xanəndənin muğam
improvizələrini Şahinin lirik caz interpretasiyaları
ilə izləməsi, Natiqin nağarada bu dueti tamamlaması
uğurlu bir çıxış idi.
Konsertin təşkilatçısı
"Buta" Mədəniyyət Mərkəzinin konsert öncəsi
vəd etdiyi "sürpriz"in isə
tamaşaçılar deyil, KİV nümayəndələri
üçün hazırlandığı məlum oldu.
KİV nümayəndələrini konsert başlayandan bir az
keçənə qədər gözlədən
"Buta"nın əməkdaşları sonradan
telekanalların və bəzi qəzetlərin
əməkdaşlarını içəri buraxsalar da,
əksər jurnalistlər konserti izləyə
bilmədilər. Yeri gəlmişkən, bu hal artıq bir
neçə dəfədir ki, təkrarlanır. Yaşıl
Teatrda indiyədək keçirilən tədbirlərin
hamısında KlV nümayəndələri problemlə
qarşılaşıb.
Yaşıl Teatr
Bakı Konsert Kompleksinin direktoru Eldar Xəlilov isə APA-ya
açıqlamasında media nümayəndələri ilə
problemlərinin olmadığını bildirib: "Bu
məsələnin Yaşıl Teatra heç bir aidiyyəti
yoxdur. KİV nümayəndələrinin konsertə
buraxılmaması təşkilatçıların istəyi
ilə olub. Mən heç vaxt deməmişəm ki,
jurnalistləri içəri buraxmayın".
Konsertin təşkilatçısı
olan "Buta" İncəsənət Mərkəzindən
isə deyiblər ki, KİV təmsilçilərinin qapı
arxasında qalmasına səbəb jurnalistlərin
təşkilatçılara hörmətsizlik etməsi olub.
Onların dediyinə
görə, iki qəzet əməkdaşı
təşkilatçıları təhqir edib: "Bizim
mərkəzin jurnalistlərə çox böyük
hörməti var. Ancaq jurnalistlərin təhqiramiz
sözlər işlətməsi bizə pis təsir etdi və
onları konsertə buraxmadıq".
Qeyd edək ki, bu
hadisə jurnalistlərin qapı arxasında qalmasından sonra
baş verib.
Xalq artisti Alim Qasımov
da bu vəziyyətdən narazılığını
bildirib: "Mən hər zaman mətbuat
nümayəndələrinə hörmətlə
yanaşmışam. Çünki bizlərin işini xalqa
çatdıran vasitəçi sizlərsiniz. Əgər
mən bu halın şahidi olsaydım, qapının
ağzına gəlib bütün jurnalistləri
içəri buraxardım".
Sonda Eldar Xəlilovun
nəzərinə bir məqamı çatdırmaq
istərdik ki, ümumiyyətlə, bütün
konsertlərdə Yaşıl Teatrın xanım
adminstratorları jurnalistlərlə çox aqressiv rəftar
edirlər. Onlardan birinin
dediyi kimi, "jurnalistlər çöldə qalanda, onlara
ləzzət edir..."
Ekspress.- 2007.- 29 sentyabr.- S. 20.