Azərbaycan Prezidenti İlham
Əliyev konsertdə olmuşdur
Sentyabrın
23-də Bakıda Tofiq Bəhramov adına stadionda Heydər
Əliyev Fondunun təşkilatçılığı
ilə dünyaşöhrətli britaniyalı musiqiçi,
ser Elton Conun ölkəmizdə ilk dəfə konserti
olmuşdur.
Konserti 32 min nəfər
tamaşaçı izləmişdir.
Stadiona toplaşan tamaşaçılar Prezident
İlham Əliyevi və xanımı Mehriban Əliyevanı alqışlarla qarşıladılar.
Müğənni və bəstəkar,
dünyanın ən güclü pianoçularından
biri, rok və pop əfsanəsi,
ən məşhur estrada ulduzlarından biri, sənət adamları arasında nadir titul daşıyıcısı
- Böyük Britaniya
Krallığında Ser
adına layiq görülmüş insan
- bunlar hamısı vaxtilə iştirakçısı olduğu qrupun
üzvlərinin adlarından
özünə təxəllüs
götürmüş Elton
Cona aiddir. Əsl adı Recinald Kennet Duayt olan müğənninin
hər çıxışı,
əslində, adi anlayışda konsert deyil, gözəl musiqi və bənzərsiz işıq
effektlərindən ibarət
fantastik şoudur.
Azərbaycan tamaşaçısına
da bu cür
musiqi bayramı bəxş edən ser Elton Conun
mahnılarının əksəriyyəti
royalda həzin melodiya ilə başlayaraq, musiqili enerji partlayışına
çevrilirdi. Müxtəlif
janrları əhatə
edən, adi pop musiqidən roka və hətta
hadroka keçən repertuar nümunələrində
əsl caz improvizasiyaları da vardır. Eyni zamanda, lirikasını itirməyən mahnılarının
çoxu artıq ölməz şlyagerə
çevrilibdir.
Yaradıcılığını yaxşı tanıyan Azərbaycan tamaşaçıları
da britaniyalı qonağa dəstəyini əsirgəmədilər. Populyar hitlərin
ilk notlarından alqış sədaları
bürüyən stadionun
tribunaları hərdən
sayrışan ulduzlarla
dolu səmanı xatırladırdı. Yeni
mahnılarla yanaşı,
artıq müğənninin
vizit kartına çevrilən məşhur
"Rocket Man",
"Daniel", həddindən
artıq populyar "Sacrifice", eləcə də lirik "Sorry Seems To
Be The Hardest Word",
çoxlarının ürəyində
həmişəlik yer
tapan "Candle İn TheWind" sürəkli alqışlarla
qarşılandı.
İki saat ərzində canlı olaraq 20 mahnı ifa edən və
dayanmadan royalda peşəkar pianoçu texnikasını nümayiş
etdirən 60 yaşlı
Elton Con konsertdə son mahnısı olan "Your song" əsərini Azərbaycan
tamaşaçısına ithaf etdi.
Konsertdən sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Elton Conla görüşdülər.
Müğənni Azərbaycana
gəlməsindən və
dövlətimizin başçısı
ilə görüşməsindən
məmnun olduğunu bildirdi. Konsertin keçirilməsi üçün
yaradılan şəraitə
görə minnətdarlıq
etdi.
Azərbaycan.-2007.-25 sentyabr.-S.2.