Məhərrəmova T.
Qayıdarıq,
niyə də yox
Onları
skripkaçılar ailəsi kimi tanıyırlar.
Hal-hazırda Meksikada yaşayan bu ailənin üzvləri: ata
- Spartak Babayev və qız - Nanə Babayeva Mexiko
ştatının simfonik orkestrində
çalışırlar. Bakıya hər
gəlişlərində təkcə köhnə
xatirələrin izinə düşmürlər,
özləri ilə yeni xatirələr də aparırlar.
28 sentyabrda Babayevlər
ailəsinin Filarmoniyada keçiriləcək konserti isə
klassik musiqi həvəskarlarına əsl töhfə olacaq.
- Bakıdakı işinizdən ayrılıb
niyə Meksikaya getdiniz?
S.B. - 1970-ci ildə Üzeyir Hacıbəyov
adına Musiqi Akademiyasında tanınmış
skripkaçı, Xalq artisti Sərvər Qəniyevin sinfini
bitirmişəm. Sərvər müəllim hal-hazırda
Türkiyədə çalışır. 1967-ci ildən
Dövlət Simfonik Orkestrində
çalışmışam. Maestro Niyazi məni bu
orkestrə işə götürdü. Onda 19 yaşım
vardı. Dalbadal 10 il orkestrdə işlədim. Sonra isə
Musiqi Akademiyasında, Bülbül adına Musiqi
Məktəbində pedaqoq kimi çalışdım.
1993-cü ilə qədər Asəf Zeynallı adına Musiqi
Məktəbində çalışırdım. Eyni zamanda,
Simfonik Orkestrdə konsertmeyster vəzifəsində
işləyirdim. Bildiyiniz kimi, konsertmeyster orkestrdə
vəzifəsinə görə birinci yer tutur. Bu, çox
məsuliyyətli işdir.
1993-cü ildə ölkədə
vəziyyət bir qədər çətin idi.
Musiqiçilərin dolanışığı xeyli
ağır idi. Keçmiş Sovet İttifaqının bir
çox musiqiçiləri xarici ölkələrə üz
tutdular. Ümumiyyətlə, hər hansı bir keçid
dövrü, inqilab, imperiya dəyişikliyi və s. baş
verəndə mədəniyyəti unudurlar. Onda
mədəniyyət və incəsənət
adamlarının mühacirəti başlayır.
Mən ondan qabaq - 1975-ci ildə Suriyada
ərəb filarmoniyasında üç il müəllim
işləmişəm. Moskvada keçirilən SSRİ
Mədəniyyət Günlərində iştirak edərkən
Meksikada işləməyə dəvət aldım. O zaman
Meksikadan gələn diriyorun dəvəti ilə biz Meksikaya
getməli olduq. Əvvəlcə dedilər ki,
müsabiqədə iştirak etməlisiniz. Biz də
iştirak etdik. Müsabiqədən keçdiyimiz
üçün 1993-cü ildə Meksikaya getdik. Dörd il
başqa ştatda işlədikdən sonra 1997-ci ildən
Mexiko Simfonik Orkestrində çalışıram.
Qızım Nanə həmin orkestrdə konsertmeysterin
köməkçisi, mən isə üçüncü
konsertmeyster işləyirəm. Hal-hazırda məni
Meksikanın Milli Konservatoriyasına dərs deməyə
dəvət ediblər. Çalışdığımız
orkestr dövlətin dotasiyası və sponsorların
köməyi ilə fəaliyyət göstərir. Mexiko
ştatının simfonik orkestri nəinki Meksikanın,
hətta Latın Amerikası ölkələrinin ən
yaxşı orkestri sayılır. Ümumiyyətlə,
Meksikanın 32 ştatının hər birinin öz orkestri fəaliyyət
göstərir. Biz bütün ştatlara və Latın
Amerikası və Avropa ölkələrinə qastrol edirik. 2
dəfə Çində olmuşuq. Hazırda Amerikaya qastrol
səfərinə hazırlaşırıq. Orkestrdə
birinci konsertmeyster amerikalı skripkaçıdır. Diriyor
həmişə Nanəyə "sən həmişə
hazır qal, birdən nəsə baş versə, sən
çalacaqsan" deyir. Müqavilə belədir.
- Bakıya tez-tez gəlirsiniz?
S.B. - Vaxtilə gedən
musiqiçilərdən bəlkə də heç kəs
bizim qədər tez-tez gəlmir. Qazandığımız
pulları yollara xərclədiyimizdən orada
özümüzə ev ala bilməmişik. Amma adamlar var ki,
10 il ərzində yalnız bir dəfə gəlir. Bizi
isə vətən çəkir. Ona görə də
bacardığımız qədər tez-tez gəlirik.
Çünki Vətən üçün
darıxırıq. Böyük qızım və
üç nəvəm ailəsi ilə burada yaşayır.
Qohumlarımı, qızımı, doğma Bakını
görmək üçün tez-tez gəlirik. Bakıya
hər gəlişimiz bizim üçün bayramdır. Burada
bizə heç nə yad deyil. Hər gəlişimizdə
həmçinin buranın musiqi həyatı ilə
yaxından tanış olur,
qaynayıb-qarışırıq. Çox
təəssüflənirəm ki, dostlarımızdan
çoxu həyatdan köçüb. Hər dəfə
də gələndə kiminsə həyatdan getdiyini eşidib
kədərlənirik. Ancaq nə etmək olar... Bu,
həyatdır. Bu yaxınlarda isə tanınmış
pianoçu Rafiq Quliyevin həyatdan
köçdüyünü eşitdim...
Bakıya hər gəlişimdə
həmçinin pedaqoqlarımla görüşürəm.
Müəllimim, görkəmli bəstəkar Azər Rzayev bir
pedaqoq kimi bizə çox şey öyrədib. Biz ona
borcluyuq.
- Necə oldu ki, Azər Rzayev sizin ailəyə
əsər həsr elədi?
S.B. - Biz
"İlham" orkestri ilə Almaniyada qastrolda olduq. Azər
Rzayev də bizimlə idi. Bu sponsor orkestrinin bədii
rəhbəri Azər Rzayev idi. Orkestrin baş
diriyoru İsmayıl Hacıyev idi. Nanə
isə həmin orkestrin solisti vəzifəsində çalışırdı.
Azər Rzayev orada Nanənin ifasını
eşitmiş və xoşuna gəlmişdi. Ona görə də bizim ailə üçün
"Üç skripka və simfonik orkestr üçün
konsert" adlı əsər yazdı. Bu
konsert Bakıda ifa olunub, ancaq indi Filarmoniyada verəcəyimiz
konsertin proqramına həmin əsəri də daxil
etmişik. Həmin əsəri
məşq etdik və Azər müəllim razı qaldı.
Biz əsəri ilk dəfə ifa
edəcəyik. İnanıram ki, konsert
çox gözəl keçəcək. Belə
bir bəstəkarın haqqımızda əsər yazması
bizi çox sevindirir. Düzdür, bu
dəfə Bakıya üçlükdə gələ
bilmədik.
Ailəmizin
üçlükdə gəlməyi çox
çətindir. Çünki biz çox
uzaqda yaşayırıq. Bu dəfə
də bəzi səbəblər üzündən
yoldaşım gələ bilmədi, Nanə ilə mən
gəldim.
- Gərək ki, Nanə
xanım keçən il də Bakıda
konsert proqramı ilə çıxış etmişdi.
S.B. - Keçən
ilin yanvarında Nanənin "Kapellhaus"da "Skripka
musiqisi axşamı"ndan ibarət konserti keçirildi. Konsert
tanınmış skripkaçı Şamil
Hüseynzadəyə həsr olunmuşdu. Çoxlu
qar yağmasına baxmayaraq, demək olar ki, bütün
dostlarımız konsertdə iştirak edirdi. Konsert çox gözəl keçdi.
Ümumiyyətlə,
Nanənin konsertlərində mənim bütün
köhnə dostlarım iştirak edir. Onu
da deyim ki, Nanə hər yerdə konsert proqramı ilə
çıxış edəndə azərbaycanlı
skripkaçı kimi təqdim olunur. İnternetdən
Bakıda çıxan qəzetləri izləyir,
mədəni həyatımızdan baş verən
yeniliklərdən mütəmadi xəbər tuturuq.
- Əgər sizi
yenidən Bakıdakı orkestrdə işləməyə
dəvət etsələr, qayıdarsınız?
S.B. - Qayıdarıq,
niyə də yox? Ancaq mən bu barədə
heç vaxt danışmamışam. Ancaq
görünür, indi danışmaq lazımdır. Çox arzulayıram ki, bizim orkestrin
üzvlərinin əmək haqqı beynəlxalq
səviyyəyə qalxsın. Bu,
mütləq olmalıdır. Meksikada
ən çox diqqəti pedaqoqlara, artistlərə və
musiqiçilərə yönəldiblər. Bu, ümumiyyətlə, bütün dünyada
belədir.
-
Yaşadığınız ştatda Azərbaycan haqqında
hər hansı təsəvvür varmı?
S.B. -
Yaşadığımız şəhər nağıllar
qədər gözəldir. Hətta
ayrı-ayrı yerləri Azərbaycana oxşayır -
dənizi, təbiəti. Meksika
əsasən okean və dağlar qoynunda yerləşir. Biz isə dəniz səviyyəsindən 2800 metr
hündürlükdə yerləşən şəhərdə
yaşayırıq. Ora çox soyuqdur.
Bakıya gəlib isti havaları
görüncə, çox sevindik. Demək
olar ki, sümüklərimiz qızdı. Meksikada
digər musiqiçi azərbaycanlılar da yaşayır.
Alt çalan Çingiz Məmmədov mənim
yaxın dostumdur. O, hal-hazırda orkestrdə
mənimlə bir yerdə çalışır. Tanınmış alim Natiq Atakişiyev başqa
ştatda yaşayır. Ümumiyyətlə,
orada azərbaycanlılar çox azdır.
- Azərbaycan
bəstəkarlarının əsərlərini necə, ifa
edə bilirsinizmi?
S.B. - Biz orada
boş oturmamışıq. Bacardığımız
qədər musiqimizi tanıdır, Azərbaycan
bəstəkarlarının əsərlərini ifa edirik.
Bizim musiqimizi reklam etdirmək lazımdır ki,
tanısınlar. Biz öz musiqimiz,
mədəniyyətimiz haqqında onlara məlumat veririk.
Evimizdə Azərbaycan
bəstəkarlarının əsərləri var. Bizə
qonaq gələndə bu əsərləri eşidir və
maraqlanırlar. Biz öz
əsərlərimizi yalnız solo konsertlərdə ifa
edə bilirik. Orkestrlə ifa etmək
mümkün deyil. Çünki onların
öz proqramı var. Orada orkestr repertuar proqramını bir
illiyə müəyyənləşdirir. Nanə
ilk dəfə - 1994-cü ildə orada çıxış edəndə
konsert proqramına Asəf Zeynallı və Cahangir Cahangirovun
əsərlərini daxil etmişdi. Bizim
əsərlərimizi onların orkestrləri ilə ifa etdirib
onlara çaldırmaq lazımdır. Bu,
çox çətin işdir. Hər
orkestr buna getmir. Yeni əsəri hər adam
qəbul eləmir. Vaxtilə Fikrət
Əmirovun "Azərbaycan" kapriçiosunu Nyu-York orkestri
65-ci ildə ifa edib. Bu gün də
çalışmaq lazımdır ki,
- Mexikonun Simfonik
Orkestri ilə vaxtilə
çalışdığınız və bugünkü aqibətindən
daim xəbər tutmaq istədiyiniz orkestr arasında hansı
fərqlər var?
S.B. - Bizim orkestr
də çox yaxşı, peşəkar orkestrdir. Mən
Niyazinin orkestrə rəhbərlik elədiyi vaxtları
çox yaxşı xatırlayıram. Orkestr
bütün klassiklərin əsərlərini ifa
eləməyə çalışır. Ancaq
hamısını ifa etməyib. Elə
bəstəkarlar var ki, onların əsərləri
ümumiyyətlə, çalınmayıb. Məsələn, Bramsın dörd simfoniyasından
yalnız birini çalmışıq. Rixard
Ştrausun dörd simfoniyasından yalnız birini ifa
etmişik. Amma oradakı orkestrdə biz
bütün əsərləri çalırıq. Orada həftədə bir dəfə konsertimiz
keçirilir. Bu, musiqiçilər
üçün çox çətindir. Üç
dəfə məşq etmək və növbəti
dəfə yeni konsert proqramı ilə çıxış
etmək gərgin iş reyimidir. Ancaq
dünyanın ən məşhur orkestrləri belə bir
proqramla işləyir. Məsələn,
Nyu-York,
- Nanə xanım, siz skripka
ilə öz təşəbbüsünüzlə
məşğul olmağa başlamısınız, yoxsa
valideynlərinizin təkidi ilə?
N.B. - Skripkaya
məhəbbətim təsadüfi deyil. Skripkaçılar
ailəsində doğulub böyümüşəm. Atam Spartak Babayev və anam Liliya Perşina da
skripkaçıdır. O, Bülbül adına
Musiqi Məktəbində çalışırdı. Anam musiqiçilərin Zaqafqaziya müsabiqəsinin
laureatıdır. Belə bir ailədə
böyüdüyüm üçün mən də
skripkanı əlimə çox erkən
götürmüşəm. 6
yaşımda skripka çalmağa başlamışam və
ilk müəllimin anam olub. Sonra
təhsilimi atamla davam etdirməyə başladım. 7
yaşımdan başlayaraq Asəf Zeynallı adına
Musiqi Məktəbinin keçirdiyi konsertlərdə hər il
iştirak edirdim. Yadımdadır, konsert
qabağı atam musiqiçi dostlarını mənim ifama
qulaq asmaq üçün dəvət edirdi. Onların məsləhətləri,
yönəltmələri mənim üçün çox
qiymətli idi.
10 yaşım
olanda ilk dəfə Filarmoniyanın səhnəsinə
çıxaraq Mendelson-Bartodinin skripka və orkestr
üçün konsertini ifa etmişəm. Həmçinin
Bakıda keçirilən skripkaçıların respublika
müsabiqəsinin "Qran-pri" mükafatına,
Özbəkistanda keçirilən beynəlxalq
müsabiqənin birinci mükafatına, Henrik Şerinq adına Meksikada keçirilən skripkaçıların
beynəlxalq müsabiqəsinin dördüncü
mükafatına layiq görülmüşəm.
- Valideynlərindən
başqa müəllimlərin kim olub?
N.B. - Özümü
Sərvər Qəniyev, Şamil Hüseynzadə, Zaxar Bron
(Rusiya, Almaniya), Vadim Brotskiy (Ukrayna, İtaliya), Ruciero
Riççi (ABŞ), Sevcio Şvarts (ABŞ) kimi dünyaca
məşhur musiqiçilərdən ustad dərsləri
aldığıma görə xoşbəxt sayıram. Hal-hazırda Mexiko ştatının Simfonik
Orkestrində konsertmeysterin assisenti vəzifəsində
çalışıram.
- Bəs necə oldu ki,
Meksikaya getdiniz?
N.B. - 1993-cü
ildə meksikalı bir diriyor Moskvaya gələrək simfonik
orkestr üçün musiqiçilər seçməyə
başladı. Valideynlərim də müsabiqədə
iştirak edirdi. Onlara Meksikada simfonik
orkestrdə işləməyi təklif etdilər. Atam o qədər də getmək istəmirdi. Axı o, həmin dövrdə ölkəmizdəki
simfonik orkestrin konsertmeysteri işləyirdi. Ancaq o zaman musiqiçilərin vəziyyəti
çox ağır idi. Ən yaxşı
skripkaçılar və violençalanlar ölkəni
tərk edib getmişdilər. Beləcə,
biz də Meksikaya getdik.
- Təhsilinizi
Meksikada davam etdirə bildinizmi?
N.B. - Meksikada
təhsil sistemi bizimkindən kəskin surətdə
fərqlənir. Əgər burda
əvvəlcə Konservatoriyaya daxil olmaq
istəyirsənsə, bunun üçün mütləq
musiqi məktəbini bitirməlisən. Ancaq
Meksikada təhsilindən asılı olmayaraq istənilən
adamı Konservatoriyaya qəbul edirlər. 3 il başlanğıc, 3 il orta, 3 il isə
yuxarı sinfi qurtarmalı, daha sonra institutda 5 il ali təhsil
almalısan. Mən Meksikaya öz musiqi məktəbimizin
zəngin biliyi ilə gələndə yalnız ekstern
imtahanlar verməli oldum və ali təhsil
almağa başladım. Hal-hazırda Konservatoriyanı
bitirmişəm və Çaykovski adına
Moskva Konservatoriyasının aspiraturasına daxil olmağa
çalışıram. Məni artıq
Konservatoriyanın dekanı dinləyib və professor Sergey
Kravçenkodan müsbət cavab almışam. Yeganə çətinlik ondadır ki, xarici
vətəndaşlar üçün təhsil pulludur - 8 min
dollar ödəməlisən. Hal-hazırda mən sponsor
axtarıram.
- Meksikada oxuyub
çalışmaq üçün sizdə dil baryeri
olmadı ki?
N.B. - Mənim
üçün o qədər də çətin olmadı. Düz
bir ay vaxtımı müəllimin köməyi ilə
qrammatikanı öyrənməyə sərf elədim, sonra
isə sərbəst məşğul oldum. İki ildən sonra artıq ispan dilində
sərbəst danışırdım.
- Meksikadakı musiqi
fəaliyyətinizdən razısınızmı?
N.B. - Mən
solo-konsertlər verirəm və simfonik orkestrlə
Meksikanın paytaxtında və onun 32 ştatında
çıxış edirəm. Skripkaçıların
Henrik Şerinq adına beynəlxalq
müsabiqəsində iştirak etmişəm. Bu
müsabiqə üç ildən bir orkestrin diriyoru Enrik
Batisin təşəbbüsü ilə keçirilir. Henrik Şerinq XX əsrin görkəmli
skripkaçısıdır. O, Böyük Vətən
müharibəsi vaxtı Varşavadan Meksikaya mühacirət
edib. Bundan əlavə, mən Mexiko
ştatının Simfonik Orkestrinin ikinci konsertmeysteriyəm.
Bu, təkcə Meksikanın yox, bütün
Latın Amerikasının ən yaxşı kollektividir.
Bizim kollektiv 2002-ci ildə Lyübek şəhərində
hər il keçirilən
"Şlyaziqholşteyn" festivalında iştirak edir. Həmçinin simfonik orkestrlərin İspaniyada
keçirilən festivalında da iştirak etmişik. İşimiz çox gərgindir. Hətta Bakıya gələndə də yeni
proqramın notlarını özümüzlə
götürmüşük ki, orkestrin məşqindən geri
qalmayaq.
- Orkestrdə konsertmeyster
olmaq çoxmu çətindir?
N.B. - Çox
məsuliyyətlidir. Mən öz işimi
çox sevirəm. Orkestrdə
işləmək məni tamamilə qane edir. Solist kimi də işimdən razıyam. İnsan öz işini sevəndə
işləmək o qədər də çətin olmur.
- Meksikanın musiqi
həyatı bizimkindən çoxmu fərqlidir?
N.B. - Musiqi Meksika
xalqının həyatında mühüm yer tutur. Orada
klassik musiqini çox sevirlər və konsertlər
təsəvvür edilməyəcək dərəcədə
anşlaqla keçir. Ona görə də
bütün valideynlər öz uşaqlarına musiqi
təhsili vermək istəyirlər. Düzdür,
Simfonik Orkestrdə işləmək üçün
musiqiçilərin professional səviyyəsi
həmişə layiqli olmur. Bu, təhsil
sisteminin o qədər də mükəmməl olmaması
ilə bağlıdır. Ona görə
də Simfonik Orkestrə başqa ölkələrdən musiqiçilər
dəvət etməyə məcbur olurlar.
- Musiqidən kənar
həyatınızda - boş vaxtlarınızda nə ilə
məşğul olursunuz?
N.B. - Çox
təəssüf ki, mənim boş vaxtım yoxdur. Daima
solo fəaliyyətim, orkestrdəki işim və şəxsi
həyatım arasında harmoniya yaratmağa
çalışıram və buna nail oluram. Axı mənim evdə Fatimə adlı qızım
da böyüyür. İşdə
olduğum üçün onun tərbiyəsi ilə ispan
dayəsi məşğul olur. Həyatımda
ən böyük marağım qızımdır.
Ümumiyyətlə,
Meksikada yaşamaq, çalışmaq çox
gözəldir.
Bu, dənizin,
meşənin və dağların əhatəsində olan
gözəl bir ölkədir. Yaşadığımız
Toluko şəhəri Meksikanın kurort şəhəri,
Mexiko ştatının inzibati mərkəzidir. Bu illər ərzində biz bu ölkəyə, onun
həyat eşqi ilə dolu olan insanlarına çox
alışmışıq. Burda yaşamaq və
işləmək üçün hər şey var. Bununla
bərabər, bizi Bakıya olan sevgimiz bir an
belə tərk eləmir. Meksikada çoxlu
rusdilli mühacirlər yaşayır. Keçən
əsrin 90-cı illərində Sovet İttifaqının
bütün respublikalarından çoxlu musiqiçilər
Meksikada daimi yaşayış alıb. Biz
ən çox dövlət kvartetinin
iştirakçısı, Əməkdar artist Çingiz
Məmmədovun ailəsi ilə yaxınlıq edirik və
həmçinin orkestrdə birlikdə işləyirik.
- Bakıya yalnız konsert
vermək üçün gəlirsiniz?
N.B. - Yalnız konsert
üçün yox... Bura bizim
vətənimizdir. Təəssüf ki,
tez-tez gəlmək mümkün olmur. Meksika
burdan çox uzaqlarda yerləşir. Gedişimizdən
sonra ilk dəfə olaraq Bakıya 1996-cı ildə gəldik.
Onda mən Konservatoriyada konsertlə
çıxış elədim. Atamın məktəb
yoldaşı Fərhad Bədəlbəyli bizim
təşəbbüsümüzə səs verərək
Musiqi Akademiyasının zalını ixtiyarımıza verdi. Konsertimiz çox
gözəl keçdi. Artıq 10 ildən
çoxdur ki, vətəndən uzaqdayıq. Buna baxmayaraq, internet vasitəsi ilə mətbuatdan
respublikanın musiqi həyatını öyrənirik. Son illər mədəniyyətə, xüsusən
də Simfonik Orkestrə münasibətin yaxşı
mənada çox dəyişdiyini görmək sevindirici
haldır. İnanırıq ki, bundan sonra
daha da yaxşı olacaq.
- Filarmoniyadakı konsertiniz
qabağı hansı hissləri keçirirsiniz?
N.B. - Çox
xoş hisslər keçirirəm. Çoxdandır
ki, Filarmoniyada konsert verməyi arzulayırdım. Axı mən öz simfonik orkestrimizlə
işləməmişəm. İndi isə
özümü çox xoşbəxt hiss edirəm. İlk dəfə orkestrimizlə Azər Rzayevin bizim
ailə üçün yazdığı "3 skrpika və
simfonik orkestr üçün konsert"ini də ifa
edəcəyəm. İnanıram ki,
konsert çox gözəl keçəcək. Yenə də ən xoş təəssüratlarla
qayıdacağıq.
Kaspi.-2007.-22-24 sentyabr.- S.22.-23.