Peşəkar
musiqimizin sabahına bəslənən ümid
Azərbaycanda ilk Uşaq Simfonik Orkestri 10 il
bundan əvvəl yaradılıb. Orkestrin bədii
rəhbəri və dirijoru Xalq artisti, Bəstəkarların
Beynəlxalq Müsabiqəsinin laureatı, Musiqi
Akademiyasının professoru Azər Rzayev sonradan bir
neçə belə orkestrin yarandığını bildirir. Hələ məktəbli ömrünü
yaşayan bu uşaqların professional
ifaçılığa gedən yolunun
başlanğıcındakı fəaliyyətləri ilə
maraqlanıb bugünkü musiqi meydanında baş
verənləri saf-çürük edəndə,
peşəkar musiqimizin sabahının etibarlı
əllərdə olduğuna inanmaya bilmirsən.
Azər Rzayev Azərbaycanda ilk Uşaq Simfonik
Orkestrinin hansı zərurətdən
yarandığını belə izah edir:
- Uşaq Simfonik Orkestri dünyanın cəmi
3-4 ölkəsində mövcuddur. Azərbaycanda belə bir
orkestrin yaradılması, əlbəttə, böyük
hadisədir. Hələ 1960-cı illərdə
ölkəmizdə uşaq orkestri yaratmaq istəsələr
də, bu arzunu gerçəkləşdirə
bilməmişdilər. Sonradan Bülbül adına musiqi
məktəbinin şagirdləri ilə Konservatoriyanın
tələbələrindən ibarət simfonik orkestr yaratmaq
səyləri də olmuşdu. Ancaq bu arzu da baş
tutmamışdı. Bir gün məni Bülbül adına
orta ixtisas musiqi məktəbinə dəvət etdilər.
Məktəbin direktoru Nigar xanım və müavini Sona
xanım uşaq simfonik orkestri yaratmaq istəyində
olduqlarını bildirdilər. Mənə orkestri yaratmaq
haqqında təklif olunanda xeyli düşündüm.
Keçmişi yadıma salıb bilirdim ki, vaxtilə
adlı-sanlı adamlar bu işin öhdəsindən
gələ bilməyiblər. Ona görə də
vaxtımın olmadığını söyləyib
razılıq vermək istəmədim. Ancaq Bülbül
məktəbində dərs aldığım və ilk iş
yerim də ora olduğu üçün həmin məktəb
mənə çox doğmadır. Ona görə də
razılaşmalı oldum. Məktəbdə istedadlı
uşaqları bir yerə yığıb
məşqlərə başladım. 1997-ci il martın
4-də Konservatoriyanın zalında orkestrin təqdimat mərasimi
keçirildi. Artıq 10 ildir ki, həmin orkestrlə
işləyirəm. Bundan böyük qürur hissi
keçirirəm. Dövlət Simfonik Orkestrində, Kamera
Orkestrində Radio və Televiziyanın, eləcə də
Opera Teatrının Simfonik Orkestrinə baxanda orada
hazırladığım uşaqları görüb
sevinirəm. Biz Konservatoriyada təhsil alan vaxtlarda heç bir
tələbənin işləməyə ixtiyarı yox idi.
Yalnız dərs oxumaq lazım idi. İndi isə yaşamaq
çətin olduğundan bütün tələbələr
işləyir.
- Təqdimat mərasimində orkestrin ilk
çıxışı necə qarşılandı?
- Çox yaxşı. Təqdimat
mərasimində iştirak edən qonaqların arasında
səfirliklərin nümayəndələri də var idi.
Konsert proqramına Azərbaycan bəstəkarları ilə
yanaşı, dünya klassiklərinin əsərlərini
də daxil etmişdik. İlk konsertimiz çox uğurlu
keçdi. Professional musiqiçilər orkestrin
ifaçıları barədə ümidverici fikirlər
söylədilər. Xarici səfirliklərin
nümayəndələri uşaqların ifalarına heyran
qaldıqlarını bildirdilər. Gürcüstandan
gələn nümayəndə hətta ifaçılardan
birinə - 5-ci sinif şagirdi Fərhada xüsusi təqaüd
vermək istədiklərini bildirdi. Sonra Amerikada nəşr
olunan "Azərinternyus" jurnalının baş redaktoru
Betçi xanım orkestrə kömək etmək arzusunda olduğunu
söylədi. Amerikalılar dedi ki, bu orkestri dünyanın
hər hansı ölkəsinə aparmağa hazırıq.
Ancaq uşaqlar kiçik olduqlarına və valideynlərinin
razılaşmayacaqlarına görə imtina etdim. Onlar
bizə 50 min ABŞ dolları miqdarında kömək
göstərmək istədiklərini bildirdilər. Dedilər
ki, əgər razısınızsa, pulu sizə
göndərək. Mən isə: "Yox, siz bizə musiqi
alətləri göndərin" - deyə bildirdim. Bizdə
skripka, violonçel, nəfəsli alətlər yoxdur. Olanlar
da fabrikdə hazırlanmış aşağı
səviyyəli alətlərdir. Amerikalılar bizə xeyli
musiqi aləti göndərdilər. Hazırda uşaqların
çoxu həmin alətlərdə çalır. Bu onlar
tərəfindən çox böyük diqqətdir. Bu
uşaqlar professional musiqimizin sabahına bəslənən
ümiddir.
- Azər müəllim, bu orkestri digər musiqi
kollektivlərindən fərqləndirən hansı
cəhətlərdir?
- Bu uşaqların hamısı Bülbül
adına musiqi məktəbində oxuyur. Təbii ki, hər il
kollektivdə müəyyən dəyişikliklər
aparılır. Balaca ifaçıların şagirdlik
müddətləri ilə bərabər orkestrdəki
fəaliyyətləri də bitir. Düzdür, onlar
orkestrdən ayrılıb getmək istəmirlər. Mənim
özüm üçün də bu uşaqlardan ayrılmaq
çətin olur. Amma onlar musiqidən ayrılmırlar.
Çoxu da elə Musiqi Akademiyasında təhsilini davam
etdirir. Onlar yenə də məşq etməyə mənim
yanıma gəlirlər və mən onlarla təmənnasız
məşğul oluram. Həmin uşaqların
əvəzinə orkestrə yenilərini qəbul edirik.
Həmişəki kimi yeni gələn uşaqlarla
ibtidaidən başlamalıyıq. Orkestrin hər bir
üzvünə xüsusi münasibət, diqqət
göstərmək lazımdır. Onu da deyim ki, bu uşaqlarla
dərs keçmək o qədər də asan deyil. Mən
həftədə iki dəfə bu orkestrlə məşğul
oluram. İnanın, bu iki günün çətinliyi Musiqi
Akademiyasında bir semestr ərzində keçdiyim
dərslərə bərabərdir. Bülbül
məktəbi daxilində mənim və uşaqların
heç bir problemi yoxdur. Hər bir istəyimiz direktor
tərəfindən həll olunur. Bu bizim
özümüzü də həvəsləndirir. Ancaq
məktəbdən kənarda bu orkestrə görə nə
qədər desən düşmən qazanmışam. Mən
bu ansamblı özüm üçün yaratmamışam.
Yaratmışam ki, bu uşaqlar indidən instituta
hazırlaşsınlar, professional musiqimizin sirlərinə
bələd olsunlar. Musiqimizin gələcəyi onların
bugünkü təhsilindən çox asılıdır. Bu
gün Musiqi Akademiyasına daxil olanların çoxu
Bülbül adına məktəbin tələbələridir.
Bizim orkestr həqiqətən çox böyük
məktəbdir.
- Orkestrin yubileyini nə vaxt qeyd
edəcəksiniz?
- Gələn ay orkestrin 10 illik yubileyini qeyd
etməyi planlaşdırırıq. Yay tətili davam
etdiyindən hələlik uşaqlarla görüşə
bilmirəm. Ənənəvi olaraq orkestrə yeni uşaqlar cəlb
olunacaq. Keçən il orkestrdə 32 uşaq
çalışırdı. Məktəbi bitirən
uşaqlar orkestrdən ayrılmalıdır. Sanki orkestr
hər il yenidən yaranır.
- Siz uşaqları sevərəkdən bu
qədər vaxt ayırırsınız. Bəs bu,
bəstəkar kimi yaradıcılığınızı
məhdudlaşdırmırmı?
- Çox mane olur. Demək olar ki, 2002-ci
ildən bəri heç nə yazmıram. Ancaq Meksikada
yaşayan skripkaçı Babayevlər ailəsinin
ifasını dinlədikdən sonra onlar üçün
"3 skripka və simfonik orkestr üçün konsert"
yazmışam. Həmin konsert ilk dəfə 70 və 75 illik
yubileylərimdə ifa olunub. Hazırda Babayevlər ailəsi
Bakıdadır və sentyabrın 28-də Filarmoniyada
keçirəcəkləri konsertlərində mənim
əsərimi ifa edəcəklər.
- Söhbətin əvvəlində dediniz ki, bu
orkestri vaxtilə yaratmaq istəyənlər
çətinliklərlə qarşılaşaraq geri
çəkiliblər. Yəqin ki, siz özünüz də
müəyyən maneələrlə
qarşılaşırsınız.
- Əlbəttə, maneələr olur. Bu
orkestrə almanlar, türklər, yaponlar qulaq asıblar.
Yaponlar orkestrin diskini buraxdırmaq istəyirlər. Öz
ölkəmizdə isə orkestrin ifasını yazsalar da,
səsləndirmirlər. Ona görə də orkestri heç
kəs tanımır. Amerikalılar bizim konsertimizi
çəkərək Amerikada, türklər,
gürcülər də öz ölkələrində
göstəriblər.
- Azər müəllim, yəqin peşəkar
musiqiçilər, bəstəkarlar öz aralarında
musiqimizin ümumi vəziyyətini təhlil edərkən bu
hərc-mərcliyin kökünün haradan
qaynaqlandığını da aydınlaşdırmağa
çalışırlar.
- Hamısının səbəbi puldur. Mən
33 ilə yaxın televiziya ilə çıxışlar
etmişəm. Tamaşaçılara professional musiqimizin
sirlərindən danışmışam. Hər
çıxışıma verilən pul maaşımdan
çox idi. 88-ci ildən sonra "bəylər"
hakimiyyətə gəldi və mənim çıxışlarım
da yox oldu. Daha məni heç yerə
çağırmadılar. Uşaq Simfonik Orkestrinin
təqdimatı ərəfəsində televiziya
kanallarından birindən mənə zəng vuraraq dəvət
etdilər və çıxışım üçün
250 dollar pul istədilər. Bərk
əsəbiləşərək dedim ki, mən həm Xalq
artisti, həm laureat, həm kafedra müdiri, həm də
professoram. Amma aldığım heç 100 dollar pul deyil. O
qədər pulu haradan gətirib sizə verə
bilərəm? Mən nə alverçiyəm, nə də
toya gedən. Dərhal üzr istəyərək bu fikrin
mənə aid olmadığını söylədilər
və xahiş etdilər ki, onların kanalında
çıxış etməyə razılıq verim. Dedim bir
şərtlə gələrəm: "Mənə 250 dollar
verməlisiniz. Çünki mən sizə lazımam, siz
mənə lazım deyilsiniz. Bir daha mənim
evimə zəng vurmayın" - deyə dəstəyi
asdım.
- Üzeyir bəyin min bir əziyyətlə
yaratdığı milli musiqimiz Qara Qarayev, Fikrət Əmirov,
Niyazi kimi sənətkarların sizlərə təhvil verdiyi
ənənələr, çox təəssüf ki, unudulub.
Haradasa özünüzü günahkar hesab edirsinizmi ki, siz
də bu ənənəni qoruya bilmədiniz?
- Yox, mən özümü günahkar hiss
etmirəm. Çünki nə qədər lazımdırsa,
mübarizə aparmışam. Amma bizi eşidən kimdir?
Klassik sənətə, simfonik musiqiyə diqqət xeyli
zəifləyib. Bizə çox hörmət edirlər, amma
sözümüzə fikir vermirlər. Birindən soruşun
ki, Arif Məlikov nə yazır? Heç kəs
bilməyəcək. Çünki yazdıqları heç
yerdə səslənmir. Amma soruşun ki, indiki
müğənnilər hansı disk üzərində
işləyir, dərhal cavab verəcəklər. Kim necə
istəyir, elə oxuyur, kim nə istəyir, onu geyinir. İndi
hər şey dəyişib.
- Azər müəllim, zamanın nehrəsi
çalxalandıqca, həmişə yağı yağ,
ayranı ayranlıq olur. Görünür, yaxşıyla
pisin ayırd edilməsi üçün zamana
ehtiyacımız var.
- Mən optimist adamam. Həmişə
fikirləşirəm ki, bu, çox belə davam edə
bilməz. Üzeyir bəy, Qara Qarayev, Fikrət Əmirov,
Niyazi kimi sənətkarlar vaxtında tarixə
düşüblər. Onların davamçıları
olduğumuz üçün biz 5-6 nəfər də
tarixə düşəcəyik. Amma bizdən sonra
gələnlər tarixə düşəcəklərmi?
Mövqe.-2007.-15-17
sentyabr.-S.13.