Turanə
Xadimənin
maaşı orkestr üzvünün əməkhaqqından
çoxdur
Həsənağa
Abasquliyev: Amerikadan ustad dərsləri verməyə
gələnlər deyirdilər belə gözəl orkestr
ola-ola bizi bura niyə çağırmısınız?
Ölkə
başçısının Musiqi Günü ilə
bağlı fəxri ad verdiyi sənətkarlardan biri
redaksiyamızın qonağıdır.
Əməkdar
artist, bəstəkar və dirijor Həsənağa Abasquliyev
1938-ci ildə Bakıda anadan olub. 1945-ci ildə
ata-anasını itirib. Valideyin himayəsindən məhrum olan
müsahibim uşaq evində böyüyüb. Deyir ki,
musiqiyə olan həvəsi elə orada yaranıb. Uşaq
evinin 7-ci sinfini bitirəndən sonra Asəf Zeynallı
adına musiqi məktəbinə daxil olub. Daha sonra Milli
Konservatoriyaya qəbul olub.
- 15
yaşından orkestrdə çalışıram. Paralel
olaraq həm təhsil alırdım, həm də
işləyirdim. O vaxt Bakıda çoxlu orkestrlər
fəaliyyət göstərirdi. Demək olar ki, bütün
parklarda rəqs orkestrləri olurdu, camaat gəlib orada rəqs
edir, şənlənirdi. Bu da indiki diskotekaların daha sivil
forması idi. 1963-cü ildə Konservatoriyanı bitirdikdən
sonra təyinatımı Rauf Hacıyevin idarə etdiyi
Dövlət Estrada Orkestrinə verdilər. Orada solist kimi
çalışdım, amma çox işləmədim.
Həmin orkesr tez-tez qastrollara gedirdi, mən də ailə
vəziyyəti ilə bağlı çox səfərdə
olmaq istəmirdim. Ona görə də işdən
çıxdım. “Azərbaycan”, “Vətən”
kinoteatrında işləməyə başladım. Həm
də özfəaliyyət dərnəklərində dərs
deyirdim. Daha sonra məni Dövlət Filarmoniyasına dəvət
etdilər. Orada “Biz Bakıdanıq” kollektivində
çalışdım, daha sonra Tomsk Filarmoniyasına getdim.
Ümumiyyətlə, nədənsə cavan vaxtı Tiflis,
Alma Ata, Moskvadan daha çox dəvətlər alırdım.
Dövlət Filarmoniyasında da çox qərar tuta
bilmədim, gəldim Sirkə. Uşaqlar
böyüyürdü, onlara daha çox vaxt ayırmalı
idim. Oğlan uşaqları idi, onları nəzarətsiz
qoyub, qastrollara tez-tez getmək istəmirdim, həm də
mənsiz həyat yoldaşımın uşaqlarla bağlı
çətinlik çəkməyini istəmirdim. Ona
görə də üz tutdum Sumqayıt Musiqi Məktəbinə
20 ilə yaxın dərs dedim. Sonra yenidən Bakı
Dövlət Sirkinə gəldim. Məni ora bəstəkar
Həsən Rzayev dəvət etdi. Onunla çoxlu
yaradıcılıq işlərimiz olub. Onun
əsərlərini nəfəsli alətlər, caz
orkestrləri üçün yazıb hazırlayırdım.
Elə indiyə kimi də Bakı Dövlət Sirkində
çalışıram. 2000-ci ildə orada Caz Orkestri
yaratdım. Orkestr sırf caz musiqisi ifa edir. Mən özüm
nəhəng orkestrlərdə böyümüşəm.
Balaca ansambllarda da ifa etmişəm. Ölkəmiz
üçün belə orkestrin vacib olduğunu bilib
yaratdım. Çox yüksək qiymət aldı, yaxşı
qarşılandı. O vaxtkı Mədəniyyət Nazirliyi
böyük bir komissiya yaratdı və orkestri
dinləməyə göndərdi. Orkestrin rəyçiləri
arasında Xalq artisti Xəyyam Mirzəzadə, Tofiq
Bakıxanov, Bəstəkarlar İttifaqının inkinci katibi
Ramiz Zöhrabov, Moskvada yaşayan caz-pianoçu Vaqif
Sadıqov, bəstəkar Sərvər Fərəcov,
bəstəkar Əziz Əzizli, Mobil Babayev, Rauf Babayev var idi.
Dövlət Mahnı Teatrında orkestrin konserti oldu.
Tədbirdə görkəmli pianoçular, bəstəkarlar
iştirak edirdi. Amma nədənsə orkestr
sonradan bir qədər kölgədə qaldı. Rəy
də yazıldı, bütün bəstəkarlar qol da
çəkdilər, amma niyə biganə yanaşıldı
bilmirəm, bu günə kimi məsələ hələ
də mənə qaranlıq qalıb.
- Bəs indi
vəziyyət necədir?
-
Əbülfəs Qarayev Mədəniyyət və Turizm
Nazirliyinə gələndən sonra bu incəsənət
işçilərinə daha çox diqqət ayrılır.
Şəxsən öz adımdan deyə bilərəm.
Bizləri konsertlərə dəvət edirlər. Mənə
əməkdar artist fəxri adı verildi.
İncəsənət adamına ən böyük qiymət
onun sənətinin, əməyinin
dəyərləndirilməsidir.
- Sizi bəstəkar kimi
də tanıyırlar.
-
Mən bəstəkarlığı bitirməmişəm,
amma mahnılar yazıb onları oranjeman edirəm. Dirijorluq
sənəti elədir ki, istədin-istəmədin bununla
məşğul olmağa məcbursan. Çünki
artistlər gəlir, bəzilərinin nömrəsi,
səhnəciyi üçün musiqisi olmur, xahiş edirlər
və sən də nəsə yazmağa məcbur olursan.
Mən Sumqayıtda nəfəsli alətlər sinfinə
dərs deyirdim. Orada olanda gördüm ki, bu sahədə
Azərbaycan bəstəkarlarının əsərləri
nəfəs alətləri orkestri üçün çox az
yazılıb. Və başladım özüm yazmağa. Bir
çox bəstəkarlarımızın əsərlərini
nəfəsli alətlər orkestri üçün yenidən
işlədim. 1993-cü ildə “Qarşılama
marşı”nı yazdım. O zaman ulu öndərimiz
Heydər Əliyev respublikaya gələn bütün
yüksək səviyyəli qonaqları bu marşın
sədaları ilə qarşılayırdı. İndi də
bugünkü dövlət başçımız fəxri
qonaqlarını bu marş ilə qəbul edir. Sonra ordu
üçün bir neçə marş yazdım. “Dünya
azərbaycanlılarının həmrəylik himni”ni
bəstələdim, bunu isə Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevaya həsr
eləmişəm. Bu mahnını yazmaqda məqsədim
Azərbaycan xalqını həmrəy görmək arzumdan
doğdu. Xalqımı birgə görmək istəyirəm.
Nə qədər həmrəy olsaq, bir o qədər əzilmərik.
Öz adımdan deyə bilərəm ki, işimlə
heç nə güdmürəm. Nə ad, nə pul. Heç
yazdıqlarıma görə bir qəpik də olsa pul
almamışam.
- Mütəmadi iş yeri
seçimində Dövlət Sirkinə üstünlük
verməyinizə nə səbəb oldu?
- Məni ora bağlayan
orkestri idi. Oranjeman üçün orkestr
lazımdır. Elə bəstəkarlar var
ki, 12 sinfoniya yazıb, onlardan cəmi üçü
səsləndirilib. Yazdığın
əsərlər ifa olunmursa, onda yazmağa dəyməz.
Sovetlər dövründə Musiqi Fondu var idi,
onlar əsərləri alırdı. İndi
heç o da yoxdur. Çünki bunun
üçün pul lazımdır. Elementar
olaraq, adicə bir səhifəlik notu köçürmək
üçün o vaxt 50 qəpik alırdılarsa, indi bu
rəqəmin 5-10 misli qədər artıb.
- Gənc bəstəkarlara münasibətiniz?
- Bu gün notdan
xəbəri olmayanlar, əgər bir az
istedad varsa kompyuterin köməyi ilə mahnı yazır. Bizim dahi bəstəkarlarımız olub. Gün gələcək peşəkarlıq,
bacarıq axtaracağıq. Pisi odur ki,
peşəkarlıq itir.
Musiqi
tariximizə nəzər salanda, ermənilərin bizim musiqinin
sədaları altında böyüdüyünün
şahidi oluruq. Əvvəl azərbaycanlılar musiqiyə
çox az fikir verirdilər. Əsas oxuyanlar saz ilə
aşıqlar və muğam ifaçıları idi. Müsəlmanlar
klarnetdə ifa etməyə birtəhər baxırdılar.
Ermənilərdən çoxlu kamança, tar çalanlar
var idi. Onlar bir ömür boyu bizim musiqiləri
çalıb-oxudular. O qədər qanlarına işləyib
ki, hələ də elə bilirlər özlərinindir.
Özlərini aldadırlar. Yazıq uşaqları da gözlərini
açanda bizim laylaları eşitdiklərindən
böyüyəndə bizim musiqiləri özlərinin bilir.
O vaxt onlar balabanın 3 min illiyini keçirdilər. Bu,
mənə ilk öncə bir vətəndaş kimi çox
pis təsir elədi. Niyə axı bunu biz etmədik. Bunu o
vaxt Qara Qarayevin tələbəsi olan keçmiş nazirimiz,
Bəstəkarlar İttifaqı, aidiyyatlı qurumlar etməli
idi. Harada oxuduğum dəqiq yadımda deyil, amma o vaxt
böyük bəstəkar, dirijorumuz Niyazi
dəfələrlə A.Xaçaturyana deyib ki, “Qaya”
baletində Azərbaycan musiqisindən istifadə etdiyini etiraf
etsin. Biz özümüz addım atmalıyıq,
özümüzün olana sahib çıxmalıyıq.
Onlar bizim musiqilərdən istifadə etməklə dünya
xalqlarının musiqi aləminə inteqrasiya etmək
istəyirlər. Özümüzdə də çox
təqsir var. Axı erməninin nə həddi var ki, Qara
Qarayev ya bir başqasının əsərini öz
adlarına çıxara. Onlar nə ixtiyarla deyə
bilərlər ki, Qara Qarayev Azərbaycan bəstəkarı
deyil. Bunu üçün dahi
bəstəkarlarımızın əsərlərini
əcnəbilərə daha çox təbliğ etməliyik.
Bu da bu günün mənəm-mənəm deyən
bəstəkarlarının, dirijorlarının işidir.
Elə məsələlər var ki, onu adi adam edə
bilməz, o iş dövlət səviyyəsində
görülməlidir. Xarici ölkələrdə
müxtəlif dillərdə, ən azından ingilis
dilində qəzetlərimiz çıxsın, bu yönlə
də təbliğat aparmaq nəticəli olar. Diasporlarımız
indikindən də çox işləməlidirlər.
- Bizlərdə belə
bir fikir formalaşıb ki, sirk yalnız uşaqlar
üçündür.
-
Sözünüzdə həqiqət var. Amma sirk heç
də sırf balaca uşaqlar üçün deyil. Bu,
yəqin bizlərin psixikası ilə bağlıdır,
mentalitetimizdən yaranan məsələlərdən biridir.
Bir meymun çıxacaq ortaya başlayacaq ora- bura
tullanmağa.. Biz Türkiyədə və digər
ölkələrdə olanda orada böyüklərin
əlindən tərpənmək olmur. Sirkə axın olur,
bəzən heç bilet də tapmaq olmur. Şəhərin
meri, nazirlər belə sirkə baxmağa gəlir. Bizdə
də deyirlər ki, əşi bir-iki bilet var, ay
Məsməxanım, uşaqları apar sirkə. Hava
gimnastları, kəndirbazlar elə hərəkətlər
edirlər ki, nəinki uşağın, böyüklərin
də ağzı açıq qalır. Cəsarət
tələb edən sənətdir. Bu sənəti seyr etməkdən
zövq almağı bacarmaq lazımdır. Sirkdə musiqinin
də öz yeri var, həm də xüsusi yeri var. MDB
məkanında bizdə olduğu qədər böyük
orkestr yoxdur. Bizdən başqa orkestri olan bir Soçi Sirkidir.
Ermənistan Sirkində 5 nəfər, Gürcüstanda isə
bir nəfər sirk ustalarını müşayiət edir.
Dövlət Sirkinə Amerikalı caz ifaçıları
gəlmişdi, ustad dərsləri vermək üçün.
Onlar bizim orkestrin ifasına heyran qalmışdılar.
Deyirdilər belə gözəl orkestr ola-ola bizi bura niyə
çağırmısınız?.
- Payız
mövsümü həm də musiqi dövrüdür.
Bütün teatrlar qapılarını tamaşaçılar
üçün açır
-
Oktyabr ayında yenidən “Qızıl Payız” festivalı
start alacaq. Biz də ayın 4-də Dövlət Filarmoniyasının
səhnəsində çıxış edəcəyik.
Orkestrimiz “Bəri bax” qrupu ilə tədbirin
açılışını edəcək. Tədbirdə
iştirak etmək mənim orkestrim üçün
böyük şərəfdir. Belə orkestr bu gün
Azərbaycanda, demək olar ki, yoxdur. Ə.Qarayev söz verib
ki, bizim caz orkestrinə kömək olacaq. Artıq Nazirlik
bizə lazım olan zərb alətlərini
bağışlayıb. İndi də maaşların
aqibətinin necə olacağını gözləyirik.
Çünki sirkin xadiməsinin maaşı, orkestr
üzvlərinin əməkhaqqından çoxdur. Bizim
maaşımız çox azdır. O vaxt Sirk Azərbaycana
daxil deyildi, sovetlər birliyinin göstərişi ilə
fəaliyyət göstərirdi. Burada heç sirkə fikir
verən yox idi. Sirkin fəaliyyətinin mahiyyətini
bilənlər də az idi. Son yeddi ildə Sirk elə bil
dirçəlib. Repertuarına çoxlu maraqlı proqramlar
salınıb.
- Gənclərə
xüsusi dərslər keçməyə vaxtınız olur?
-
Məni Vaqif Mustafazadə adına musiqi məktəbinə
dəvət ediblər. Orada dərs deyirəm.
İki-üç şagirdim var. Orkestrimdə
işləyənlər mənim Sumqayıtda dərs dediyim
köhnə tələbələrimdir. Onlarla
çalışmağa daha çox vaxt ayırıram.
Tələbələr deyəndə ki, indi çoxunun
yaşı 50-dən artıqdır. Bu yaşda dərs
demək çox çətindir. Caz elə janrdır ki,
özü-özlüyündə yenilik istəyən
qəlizliyi var. Ələlxüsus da böyük orkestr
üçün yazılırsa daha məsuliyyətli iş
olur. Bu gün saysız sənətçi var ki,
özlərini tərifləyirlər, amma bircə dəfə
də olsa böyük orkestr ilə oxumayıblar. Nə
Aygün Kazımova, nə Zülfiyyə, nə də Faiqin
bir dəfə də olsa orkestrlə oxumağını
görməmişəm. Orkestrin canlı səsinin
ləzzətini bilmirlər. İfaçılarımız
süniliyə öyrəşiblər. Bu gün varam, sabah
yox, bu orkestri özüm üçün yaratmamışam
ki, Azərbaycan xalqına aiddir. Orkestrdə Cavan Zeynallı,
Natavan Cəbizadə, Dinara Əliyeva, Qasım Xəlilov kimi
ifaçılar oxuyub. Onlar yüksək səviyyəli
vokalistlərdir, caz oxuyanlardır. Orkestrin
peşəkar instrumental solistləri var - saksafonda Rafiq
Əhmədov, Azad Quliyev, qarmonçalan Konseyev, trubaçalan
Oqtay, Rüstəm, Gündüz Mirzəyev, saksafonda Həmdi
Yusifzadə. Həmdinin 82 yaşı var və o, hələ
də peşəkarcasına, üstəlik də birinci
partiyanı saksafonda çox gözəl ifa edir. Musiqi
tarixində hələ nəfəsli alətdə bu yaşda
belə yaxşı ifa edən adam tanımıram.
Yeni Azərbaycan.-2007.- 27 sentyabr.- S.8.