Salmanov R.


Musiqi məktəbinin açılışı əsl bayrama çevrildi

 

Bakının Xətai rayonunda xalq artisti, dahi Üzeyir bəyin şagirdi və davamçısı, görkəmli bəstəkar Səid Rüstəmovun adını daşıyan 13 nömrəli Uşaq Musiqi Məktəbinin yeni binasının açılış mərasimi keçirildi. Respublika Mədəniyyət və Turizm Nazirliyinin bilavasitə dəstəyi və sifarişi ilə üçmərtəbəli yaşayış binasının alt mərtəbəsi əsaslı təmir olunmuş, yeni avadanlıqlarla təchiz olunaraq 14 sinif otağı, 40 yerlik akt zalı və kitabxana uşaqların ixtiyarına verilmişdir. 300-dək gənc musiqiçiyə 60 nəfərdən ibarət yüksək ixtisaslı müəllim kollektivi dərs deyəcək.
Məktəbin açılışında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Bakı Şəhər Mədəniyyət İdarəsinin rəisi Həsənağa Qurbanov, eləcə də respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mübariz Quliyev əsası 1935-ci ildə qoyulmuş sənət ocağının 70 illik tarixə malik olduğunu və bu illər ərzində onlarla layiqli musiqiçi yetişdirildiyini xüsusi qeyd etdi. Respublikanın bir çox tanınmış sənət adamlarının vaxtilə bu məktəbdə dərs dediyini və həmin ənənənin bu gün də uğurla davam etdirildiyini söylədi. Daha sonra Mübariz Quliyev bu gözəl binanın əsaslı təmirinə və gənc istedadların ərsəyə gəlməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya, eləcə də Mədəniyyət və Turizm Nazirliyi və Xətai Rayon İcra Hakimiyyəti rəhbərliyinə bütün kollektiv adından dərin təşəkkürünü bildirdi.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov da öz çıxışında rayonda geniş vüsət almış abadlıq və quruculuq işlərindən danışdı, rayonda fəaliyyət göstərən tədris, mədəniyyət və incəsənət müəssisələrinə bundan sonra da diqqət və qayğı ilə yanaşılacağını qeyd etdi.
Milli musiqimizi yad təsirlərdən qorumaq və gələcək nəsillərə çatdırmaq məhz gənc nəsil musiqiçilərin üzərinə düşür. Bu sənətin təmizlik, saflıq, vətənə, milli musiqimizə sevgi, qurub-yaratmaq eşqi tələb etdiyini deyən Razim Məmmədov çıxışının sonunda bütün kollektivi yeni korpusun açılışı münasibətilə ürəkdən təbrik etdi.
– Mən istərdim ki, musiqi məktəblərimiz və digər mədəniyyət müəssisələri təkcə təhsil ocağı kimi deyil, həm də yerləşdiyi ərazinin sevilən mədəniyyət mərkəzi kimi formalaşsın. Valideynlərin asudə vaxtları burada təşkil olunsun. Uşaqlarımız Azərbaycan mədəniyyətinə və incəsənətinə tam yiyələnsinlər – deyə öz çıxışına başlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkə iqtisadiyyatının hər sahəsində olduğu kimi, mədəniyyət və incəsənətimizdə də daim inkişaf olduğunu dedi. Azərbaycan bəstəkarlıq məktəbinin ən parlaq nümayəndəsi, xalq artisti Səid Rüstəmovun adını daşıyan bu məktəb uzun illər fəaliyyət göstərmiş və əsaslı təmir olunmadığından, tam yararsız hala düşmüşdü. Bu səbəbdən də nazirlik onun yeni binaya köçməsini məqsədəuyğun saymışdır. Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya incəsənətimizə, milli musiqimizə, ulu muğam sənətinə və gənc nəslə göstərilən diqqət və qayğıya görə dərin təşəkkürümü bildirirəm. Çıxışının sonunda məktəbə göstərdiyi köməyə görə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova, eləcə də məktəbin təmirində yaxından iştirak edən tikinti təşkilatlarına dərin təşəkkürünü bildirən nazir dedi: Biz istərdik ki, gənc nəsil Azərbaycan mədəniyyətinə, incəsənətinə tam yiyələnsin. Bunun üçün hər cür imkan və şəraitimiz var. Və bu yönümdə bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik.
Məktəbin açılışını bildirən rəmzi lent kəsildikdən sonra qonaqlar foyedə ulu öndər Heydər Əliyevin və Səid Rüstəmovun həyat və yaradıcılığını əks etdirən xüsusi guşələrlə tanış oldular. Tədbirin sonunda qonaqlar musiqi məktəbi şagirdlərinin ifasında Səid Rüstəmovun əsərlərindən ibarət böyük konsert proqramına baxdılar.


Xalq qəzeti,.-2007.-22 sentyabr.-S.6.