Sevinc
Səmərqənd –
“Şərq təranələri”
1997-ci ildən
keçirilən bu musiqi festivalı artıq 6-cı
dəfədir ki, Özbəkistanın paytaxtında baş
tutur. Hər il keçirilən festivalda böyük uğur
qazanan Azərbaycan musiqiçiləri bu il də iştirak
etmək üçün dəvət almışdılar. Xatırladaq
ki, birinci festivalda Azərbaycandan (xanəndə Simarə
İmanova) Qran-priyə layiq görülmüşdü. Alim
Qasımov festivalın birinci, Zabit Nəbizadə isə ikinci
mükafatı ilə Vətənə dönmüşdülər.
Beşinci festivalın iştirakçısı
əməkdar artist Aygün Bəylər də birinci mükafata layiq
görülmüşdü. Bu ilki festivalda iştirak etmək
üçün Mədəniyyət və Turizm Nazirliyinin
təşəbbüsü ilə məhz gənclər
seçilmişdi. Respublikamızın
nümayəndə heyətinin rəhbəri,
Mədəniyyət və Turizm Nazirliynin
İncəsənət şöbəsinin musiqi sektorunun
müdiri Fərəh Əliyeva Səmərqənd
festivalı haqqındakı təəssüratlarını
bizimlə bölüşdü:
- Gənclərimizin
beynəlxalq miqyaslı festivallarda iştirakını
təmin etmək, onların bu sahədə
təcrübəsini artırmaq, ümumdünya
tədbirlərinə qoşmaq, geniş təcrübə mübadiləsi
aparmaq üçün bu dəfə qərara alındı
ki, festvala göndəriləcək musiqiçilər
yalnız gənclər olsunlar. Musiqisevərlər onları
artıq yaxşı tanıyırlar, muğam müsabiqəsinin
iştirakçıları - Arzu
Əliyeva və Babək
Niftəliyev. Qeyd edim ki, Arzu Əliyeva, ümumiyyətlə,
festivalın ən gənc ıştirakçısı idi. Müsabiqənin
proqramında Arzu Əliyeva "Şahnaz" təsnifini,
Babək Niftəliyev isə "Simayi-şəms"
müğamını ifa etdilər. Onları əməkdar
artistlər Zamiq Əliyev (tar) və Mirnazim Əsədullayev (kamança)
müşayiət edirdilər. Festival çox
təntənəli şəraitdə keçdi. Həm də
bu festival Səmərqəndin 2750 illik yubileyinin qeyd olunması
ilə eyni vaxta təsadüf edirdi. YUNESKO-nun
təşkilatçılığı ilə dövlət
səviyyəsində təşkil olunmuş tədbirə
50-yə yaxın xarici ölkədən 300 nəfər
iştirakçı dəvət olunmuşdu. YUNESKO-nun
vəzifəli nümayəndələri də Festivalın
işinə qatılmışdılar. Festivalın
təntənəli açılışı
Özbəkistanın prezidenti İslam Kərimov
tərəfindən oldu. Konsertlər Registan tarixi-memarlıq
kompleksinin möhtəşəm açıq meydanında
keçirilirdi. Münsiflər heyətinə
tanınmış ifaçılarla yanaşı, bir sıra
beynəlxalq festivalların direktorları da dəvət
olunmuşdular. Münsiflər heyətinin sədri Pekin Konservatoriyasının
rektoru, professor Tin Teiilin idi. Digər üzvlər
isə İran, Küveyt, İtaliya, Belçika,
Özbəkistan, Böyük Britaniya və
Mərakeşdən dəvət olunmuş
nümayəndələrdən ibarət idi.
Festival
çərçivəsində keçirilən konsertlərdən
əlavə, bütün ölkələrdən gələn
musiqiçilər Səmərqəndin müxtəlif yerlərində
quraşdırılmış açıq səhnələrdə
hər gün konsertlər verirdilər. Axşam saat
7-dən başlayan konsertlər gecə 10-11-ə qədər
davam edirdi. Azərbaycan musiqiçiləri
də Səmərqəndin mərkəzində yerləşən
gözəl Yeşilik parkında quraşdırılmış
səhnədə çıxış etdilər. Onlarla birlikdə Əfqanıstan, Qazaxıstan,
Tükmənistan musiqiçiləri müxtəlif ifalar
edirdilər. Bundan başqa onlar
Səmərqəndin yaxınlığındakı Canbul
rayonunda da rəngarəng konsert proqramı ilə
Azərbaycanı tərənnüm etdilər. Gənc ifaçılarımız YUNESKO-nun
xüsusi mükafatı - "Xalq musiqisinin ən yaxşı
ifasına görə" mükafatı ilə təltif
olundular. Qeyd etmək lazımdır ki,
münsiflər heyətinin üzvləri də bizim
gənclərimizin ifa texnikasını, kamil ifa tərzlərini
xüsusi qeyd etdilər. Onu da qeyd edim ki,
orada Azərbaycan musiqisini çox sevirlər. Bizim ifaçıların
çıxışlarını izləyir, nə vaxt, harda
çıxış edəcəklərini əvvəlcədən
öyrənirdilər! Bu dəfə Qran-pri
Küveyt musiqiçilərinə verildi. Müvafiq
olaraq, I, II, III yerlər Koreya, Keniya, Vyetnam, Ukrayna, Misir
musiqiçiləri arasında bölüşdürüldü.
Baş mükafatları hər dəfə
Azərbaycan və Özbəkistanlılar qazandıqlarına
görə, bu dəfə qərara alındı ki,
mükafatların coğrafiyasını dəyişsinlər.
Və keçən festivallarda qalib olmuş
ölkələrin nümayəndələri artıq
başqa mükafatlarla mükafatlandırıldılar. Qeyd edim ki, konfrans çərçivəsində
dəyirmi masa keçirildi. Konfransı
Özbəkistanın Mədəniyyət və İdman naziri
açdı. Dəyirmi masada fikir
mübadiləsi zamanı təklif olundu ki, festivalda
təkcə Özbəkistandan deyil, başqa
ölkələrdən gəlmiş tanınmış
ifaçıların konsertləri də keçirilsin.
Fərəh xanım xüsusi vurğu ilə qeyd etdi ki,
konsertlərdən sonra da lap səhərə qədər
bütün musiqiçilər açıq havada
yığışıb birlikdə çıxışlar
edirdilər. Bir də görürdün ki, vahid bir ifa, vahid bir
ansambl yarandı.
Mədəniyyət.- 2007.- 7 sentyabr.-
S. 2.