İbrahimova S.

 

Azərbaycanlı tamaşaçım hələ də məni unutmayıb

 

Nəsibə Abdullayeva yaxın aylarda Bakıda konsert verməyi düşünür

 

"Bakıya sonuncu səfərim 95-ci ildə olub. 12 ildə çox şeyin dəyişdiyinin şahidi oldum. Bakı gözəlləşib, müasirləşib. Bir az əvvəl Heydər Əliyevin məzarını ziyarət etdim, daha sonra Şəhidlər Xiyabanında olmuşam. Şəhərlə tanış olmuşam. Şəhərin mərkəzi sayılan "Torqovı"nı gəzdim". Bu sözləri Özbəkistanın Xalq artisti Nəsibə Abdullayeva deyib. Şəhər gəzintisindən sonra suallarımızı cavablandıran sənətçi Muğam Teatrında olduğunu milli musiqilərimizi dinlədiyini söylədi. Paytaxta həyat yoldaşı Əkbərlə gəldiyini söyləyən müğənni onun da əslən azərbaycanlı olduğunu uzun zaman Daşkənddə yaşadığını qeyd etdi. Sənətçi xanım səfərinin məqsədinin köhnə dostlarla son ifa etdiyi "Səndən nigaranam" mahnısının müəllifləri ilə görüşündən ibarət olduğunu söylədi.

Xatırladaq ki, sözügedən mahnının efir versiyası telekanallarda yayımlanır. Klipdən söz salan Nəsibə Abdullayeva dedi ki, çəkilişlərdən sonra iki qəhrəman arasında yaranan isti münasibətlər onların çox güman ki, evlənəcəyindən xəbər verir. Repertuarından Azərbaycan mahnılarının əksik olmadığını deyən müğənni evində böyük arxiv yaratdığını ora klassik musiqilərlə yanaşı, muğamlarımızı daxil etdiyini söylədi.

Söhbəti zamanı Mahnı Teatrının fəaliyyəti ilə maraqlanan Özbəkistanın Xalq artisti Rəşid Behbudovun ona yaradıcılıq təklifini xatırlatdı: "Məni orada çalışmağa dəvət etmişdi. O vaxt teatrın adı bir çox ölkələrdə məşhur idi. Amma Özbəkistandakı yaradıcılıq işlərim buna mane oldu".

Köhnə Respublika sarayında verdiyi konsertlərdən danışan müğənni anşlaqı xatırlayaraq bunları söylədi: "80-ci illər işıqlı xatirələrlə yadımda qalıb. Sarayda 15 solo konsertim keçirilmişdi. Hamısında da insan izdihamı yaşanmışdı. Tezliklə 16 17-ci konsertlərimi keçirmək təklif olundu. Xəbər gəldi ki, kassada bilet qurtarıb tamaşaçıların axını kəsilmir. Böyük həvəslə oxuyurdum. 12 illik fasilədən sonra gördüm ki, azərbaycanlı tamaşaçım hələ məni unutmayıb. Küçədə keçərkən insanlar mənim kim olduğumu bilirdi. Muğam Teatrında eşitdiyim milli musiqilər isə məni o illərə qaytardı. Yaxın aylarda yenidən bura gəlib, konsert vermək istəyirəm".

Qeyd edək ki, Nəsibə Abdullayeva sabah Özbəkistana yola düşəcək. Buna qədər isə onun bir neçə telekanalda çıxışı nəzərdə tutulub.

 

Kaspi.-2007.- 19 sentyabr.-S.17.