Aqilqızı S.
Azərbaycan xalqının fədakarı - Üzeyir
bəy Hacıbəyov
"Hər bir millətin bir gələcəyi
vardır. Bu gələcəyin də yaxşı
və yamanlığı millətin özündədir. Biz
bu... gələcəyimizi əziz tutub da, onun təmini
üçün çalışmalıyıq. Biz elə bir
meydan hazırlamalıyıq ki, evladımız orada kəsbi-qüvvət
etməyə bari bizdən qalmış maniələrə
düçar olmasınlar. Biz elə
bir münbit yer hazırlamalıyıq ki, gələcək
adamlarımızın əmin, arxayın yaşayıb, getdikcə
tərəqqi və təkamülünə böyük bir təkan
olsun. Biz indiyə qədər ömür
sürmüşük, indən sonra da ömür sürməliyik..."
Üzeyir
Hacıbəyov
Üzeyir Hacıbəyov həqiqi mənada
böyük xalq sənətkarı idi. O,
yaxşı bilirdi ki, ziddiyyətlərlə, əzab-əziyyətlərlə,
fikir, məslək və əqidələrin toqquşması,
müxtəlif cərəyanların mübarizəsi ilə
dolu olan dövrünün, onun geridə qalmış, maarif və
mədəniyyətdən uzaq xalqının nicatı
üçün C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev,
M.S.Ordubadi, F.Köçərli. S.S.Axundov kimi o da məsuldur.
Xalqına, vətəninə olan bu məhəbbət
böyük sənətkarı seçməyə doğru
çəkir, onu sürətlə irəli aparır,
cahanşümul işlər görməyə
çağırırdı.
O, XX əsrin əvvəllərindən
başlayaraq elmi, mədəniyyəti, maarifçiliyi
müasir mədəni xalqlarda olan səviyyəyə
qaldırmaq üçün nələr etmədi?! Bu sahədə
onun fəaliyyəti bir qəhrəmanlıq idi. Bu yolda o,
çox şeylərə, çox kəslərə sinə
gərdi, ancaq bir addım da geri çəkilmədi və
öz müqəddəs işini ömrünün sonunadək
davam etdirdi.
***
Üzeyir Hacıbəyov insanın idealları
ilə əxlaqını üzvi vəhdətdə
götürürdü. O, göstərirdi ki, "yalnız
özünü düşünən, hər işdə, hər
başlanğıcda öz mənfəətini güdən
adam yüksək ideallardan uzaq olub, həmişə xalqa zərər
verəcək, daha dərindən
baxıldıqda isə görəcəksən ki, özü
də axırda müflis olub peşmançılıqla
ömrünü başa vuracaq. Biz bu qədər bədbəxtliklərə
bir də ona görə düçar oluruq ki, sadə bir həqiqəti
anlamırıq. Anlamırıq ki, hər bir fərdin rifah və
səadətlə ömür sürüb yaşaması
üzv olduğu camaatın rifah və səadətinə
bağlıdır.
Odur ki, heç vaxt camaatın mənafeyini nəzərə
almayıb, ancaq öz xüsusi mənfəətimizi gözləyirik".
Üzeyir bəy daha sonra yazırdı:
"Biz elə güman edirik ki, birimizin səadət və
nikbinliyi digərimizin zillət və bədbəxtliyindən
asılıdır. Halbuki bizim səadətimiz ilə
yoldaşımızın səadəti arasında
böyük bir irtibat vardır. O irtibat qırıldıqda,
birimizin səadəti baqi qala bilməz".
Üzeyir bəyə xas olan ilk böyük keyfiyyət məslək
idi. O, əqidəni məsləki yalnız
yazıçılar, siyasət adamları, jurnalistlər
üçün deyil, bütün vətəndaşlar
üçün zəruri bir keyfiyyət hesab edirdi. Üzeyir
bəy məsləyi, əqidəni insanın vətəndaşlıq
simasını müəyyən edən bir keyfiyyət kimi
qiymətləndirirdi. Ona görə, insanın hər
xırda, kiçik faydasız etiqadlarını məslək
adlandırmaq olmaz. Məslək hamıya xeyir verən,
inkişaf və tərəqqiyə kömək edən
yüksək və nəcib arzulardır və bu cür məslək
müqəddəsdir.
O, 1909-cu illdə "Tərəqqi" qəzetində "Məslək
nədir?" - deyib soruşur və bu suala belə cavab verir: "Məslək hər kəsin etinad etdiyi bir
yoldur. ümumin xoşbəxtliyini, asayiş və
aramını, rifah halını, tərəqqi və təkamülünü
təqib edən hər bir məslək onun sahibi
üçün müqəddəs ədd
olunmalıdır".
Üzeyir Hacıbəyov o cür xoşbəxt
sənətkarlardan və ictimai xadimlərdəndir ki, zaman
keçdikcə böyüklüyü, fəaliyyətinin
mütərəqqi və humanist mənası daha parlaq şəkildə
gözə dəyməkdədir. Onun zəngin irsi indi də diqqəti
cəlb edir və genişliyi, dərin mənası ilə
bizi heyran edir.
Üzeyir Hacıbəyov
"İrşad", "Tərəqqi", "Həqiqət",
"Yeni iqbal" qəzetlərində dərc olunmuş məqalələrində
təhsilin məzmunundan, təlim və tərbiyə məsələlərindən,
müəllimin əməyindən, dərs demək üsullarından,
valideynlərin vəzifəsindən müəllim kimi söhbət açır, bu yolda olan problemlərin
həlli yollarını göstərir, başa salırdı.
Üzeyir bəy rus dilində təhsil
almışdı, müəllim idi. Lakin öz
ana dilini böyük məhəbbətlə sevirdi, o, rus
dilində təhsil aldıqları üçün azərbaycanca
danışa bilməyən kəslərin ana dilimizə xor
baxışından xoşlanmır, onları tənqid edirdi,
hətta gülürdü də.
Üzeyir Hacıbəyov yazırdı: "Bir
dəfə bizi tutmuşdular ki, gərək ana dilini
yadınızdan bilmərrə çıxarıb, tək bir
urus dili danışasınız. İndi də tutublar ki, gərək
sizin əlifba kitablarınızı dəyişib, əvəzinə
sizin üçün rus hərflərindən cəridə
qayıraq. Hələ bunu da deyək, heç! Qorxuram
ki, sabah gəlib bunu da desinlər ki, gərək badımcan
dolması əvəzinə qırxayaq şorbası içəsiniz!
Onda bilmirəm ki, nə tövr olacaq?!"
***
Üzeyir bəy bir neçə dil bilir, dil
öyrənilməsinin əleyhinə
çıxmırdı. Sadəcə olaraq o, təhsilin milli
məktəblərdə milli dildə aparılmasını
vacib sayırdı və bu sahədə xeyli işlər
görürdü.
Üzeyir bəy çətin, ancaq müqəddəs müəllimlik
sənətini ürəkdən
sevirdi. O, hələ Qori müəllimlər seminariyasında
oxuyanda F.Köçərli "Şərqi-Rus" qəzetində
dərc etdirdiyi bir məqaləsində yazırdı ki,
"...müəllimlər çəkdikləri zəhmət
əvəzinə çox az, hambal muzduna bərabər məvacib
alırlar".
Məqalə qəzetdə çıxan
günlərdə, tələbələrə "Mən gələcəkdə
nə iş görəcəyəm" mövzusunda inşa
yazmaq tapşırılmışdı. Üzeyir Hacıbəyov
həmin inşada müəllim olacağını iftixarla
bildirmiş və yazmışdı: "...məktəblərimiz
üçün ana dilində tədris
olunmaqdan ötrü dərs kitabları tərtib edəcəyəm".
***
Üzeyir Hacıbəyov seminariyaya təkcə
dərs öyrənməyə gəlməmişdi. Onun ürəyi
həm də böyük niyyətlərlə dolu idi. Gənc Üzeyirin böyük arzusu, amalı
xalqına xidmət etmək, xalqın maariflənməsi, mədəni
inkişafı yolunda konkret işlər görməkdi - dərsliklər
yazmaq, lüğətlər tərtib etmək, başqa dillərdən
bədii əsərləri azərbaycan dilinə çevirmək.
Bibiheybətdə Azərbaycan və rus dillərində "Səadət"
məktəbində nəğmə və hesabdan dərs deyəndə
Üzeyir bəy vədinə şərəflə əməl
etdi. Gənc olsa da, müasirləri onu "müqtədir və
qabil" müəllim, pedaqoji işin bilicisi
adlandırırdılar. ü.Hacıbəyov həqiqətən
gözəl müəllim idi. Sözün əsl mənasında
müəllim!..
***
1907-ci ildə
Üzeyir bəyin bir kitabı çapdan çıxdı. Bu
kitab "Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və
əsgəri sözlərin türki-rusi və rusi-türki
lüğəti" idi. Onun redaktoru M.Ə.Rəsulzadə
idi.
1907-ci ildə "İrşad" qəzetinin 25 noyabr 119-cu
sayında Üzeyir Hacıbəyov tərəfindən tərtib
olunmuş lüğətin əhəmiyyəti haqqında bu
sözlər yazılmışdır: "Qəzet
oxucularına! Qəzet oxuyanda rast gəldiyiniz
çətin sözləri bilmək üçün
çarə tapılmışdır. Üzeyir Hacıbəyovun
siyasi, iqtisadi, hüquqi, əsgəri və qeyri sözlərə
dair mətbuatda istifadə olunan siyasi, iqtisadi, hüquqi və əsgəri
sözlərin lüğəti bu yolda sizin köməyinizə
çatar".
Deməli,
bu lüğət o dövrdə qəzetlərdə təsadüf
olunan bəzi sözlərin mənasını bilmək məqsədilə
tərtib olunmuşdur.
Bu lüğət Üzeyir Hacıbəyovun gərgin əməyinin
bəhrəsi hesabına yaranmışdı.
Akademik Heydər Hüseynov "Lüğət"ə
yüksək qiymət verərək onu "mədəniyyətimizin
tarixində irəliyə atılan bir addım"
adlandırmışdır. Müəllifin fikrincə,
"...Üzeyir Hacıbəyov öz lüğətində
bir sıra ictimai-siyasi istilahları izah və şərh edərkən,
zəmanəsinə görə, olduqca doğru və
düzgün cavablar vermişdir".
Lüğətin
nəşr olunmasından 100 il keçsə də, o, bu
gün də Azərbaycanda yaranan ilk lüğət kimi
öz qiymət və əhəmiyyətini itirməmişdir.
Yaradıcılıqda rahatlıq bilməyən,
milli sənətin inkişafı üçün daim yeni
yollar axtaran, öz istedadına həmişə son dərəcə
tələbkar olan Üzeyir Hacıbəyov 1908-ci ilin
axırlarında ibtidai məktəb şagirdləri
üçün "Hesab məsələləri" dərsliyini
də yazıb nəşr
etdirdi.
"Hesab məsələləri" dərsliyi 3 hissədən
(bir rəqəmli ədədlər, yuvarlaq onluqlar, ikirəqəmli
ədədlər) ibarətdir. Hər hissədə dörd
hesab əməlinə aid çoxlu misal vardır. 352 məsələ
kitabın içərisində pedaqoji tələblərə
cavab verən münasib ardıcıllıqla
düzülmüşdür.
Dərsliyin tərtib prinsipləri izah olunan "Müqəddimə"də
müəllif yazmışdır: "Mənim
qəsdim şagirdlərimizi məsələ həllində
müzakirə və mübahisəyə adət etdirməkdir.
çünki çox vaxt müsəlman şagirdləri hesab
məsələlərini "nə üçün" və
"çünki"siz həll edib, dəlil və
sübutlar gətirməyə aciz olurlar". Şagirdlərin
fikri fəallığını inkişaf etdirməyə
xidmət edən bu prinsip ində öz əhəmiyyətini
saxlamaqdadır.
Dərslikdə xalqımızın məişətindən
çoxlu məsələ təqdim edən müəllif tədricən
mürəkkəbləşdirilən bu məsələlərdə,
əsasən, fəhlə, kəndli, əkinçi,
bostançı, cütcü, balıqçı, dərzi,
misgər, hana toxuyanlar və başqa peşə sahiblərinin,
zəhmətkeşlərin, sənətkarların
həyatını əks etdirməyə
çalışmışdır (Kəndli əvvəl 4,
sonra 3 və axırda 2 ağac əkdi. Bunlardan 3-ü
bitmədi. Neçəsi bitdi? - kimi və s.).
Hesab məsələləri dərsliyini o zaman mətbuat
haqlı olaraq tərifləmiş, onu "gözəl
üslub ilə tərtib edilmiş" bir kitab, Azərbaycan məktəbləri
üçün "faydalı və lazımlı"
saymışdı.
***
Üzeyir bəy
xalqının qabaqcıl azadlıq carçısı kimi
meydana çıxır. O, doğma vətənini
və xalqını zamanın ağır və mürəkkəb
tələblərinə cavab verəcək yüksəkliyə
qaldırmağa cəhd edir, xalqın oğul və
qızlarını həyat və mübarizəyə
hazırlayır, məişət və şüurdakı mənfi
cəhətləri atəş altına alır. Elmi, mədəniyyəti,
azadlığı tərənnüm edərək xalqı tərəqqi
yoluna çəkir. Bütün maddi və mənəvi
qüvvələrini birləşdirərək, güclü vətənpərvər
olmağa çağırır.
İllər
keçdikcə xalqımızın böyük bəstəkarı
Üzeyir Hacıbəyovun həyat və yaradıcılıq
yoluna bir daha nəzər salır, onun dediklərini və
yazdıqlarını təkrar-təkrar
xatırlayırıq. Belə ölməz şəxsiyyətlərin
sənət irsinin əsl qiyməti məhz bu gün nə dərəcədə
müasir və gərəkli olmasındadır. Üzeyir irsinə
bu baxımdan qiymət veriləndə böyük sənətkarın
musiqi əsərlərinin, sənət haqqındakı fikirlərinin,
şəxsiyyətinin Azərbaycan mədəniyyətinin
inkişafındakı misilsiz təsiri bütün əzəməti
ilə açıq-aşkar görünür.
Üzeyir bəy
şanlı bir yol keçmişdir. Bu yol vətənini
və xalqını sevən, bütün varlığı ilə
onların tərəqqisinə çalışan, heç
bir çətinlik qarşısında geri çəkilməyən,
sarsılmaz əzm və iradə ilə işə girişən
böyük sənətkarın və ictimai xadimin
keçdiyi şanlı yoldur. Azərbaycan xalqı onunla
haqlı olaraq iftixar edir və əsrlər boyu da fəxr edəcək.
O, tarixdə başımızı ucaldan, bütün
dünya qarşısında üzümüzü ağardan
böyük sənətkar, şanlı vətənpərvərdir.
Təzadlar.-2007.-18-25
sentyabr.-S.12.