Azərbaycan – Şərqin ilk opera məkanı

 

Bakıda Üzeyir Hacıbəyovun şərəfinə keçirilən musiqi günləri 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə dovlət statusu aldı. O gündən bəri hər il sentyabrın 18-i Üzeyir Musiqi günli kimi qeyd olunmağa başladı. Bu nəcib qərar hər kəsin, xüsusilə də musiqisevərlərin ürəyincə oldu. Bu il əvvəlkilərdən fərqli olaraq, Üzeyir Musiqi günü daha möhtəşəm şəkildə qeyd olunacaq. Sentyabrın 14-dən başlayaraq 18 dək davam edəcək tədbirlər Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi sənətkarın xatirəsinə ehtiram əlaməti olaraq, milli opera sənətimizin ən dəyərli nümunəsi - "Koroğlu" operasının tamaşaya qoyulması ilə daha da rəngarəng olacaq.

XX əsr Azərbaycan musiqisinin inkişafında misilsiz xidmətləri olan dahi Üzeyir Hacıbəyov bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, həm də Şərqdə ilk operanın banisi kimi məşhurlaşdı. Böyük bəstəkarın fədakar əməyi sayəsində 1908-ci il Milli opera sənətimizin tarixinə qızıl hərflərlə yazıldı. Həmin ildə "Leyli Məcnun" operası tamaşaya qoyuldu. Beləliklə Azərbaycan Şərqin ilk opera məkanı oldu. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olmuş, Məcnun rolunda Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış etmişlər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi teatr binasında olmuşdur. Opera dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyni adlı poeması əsasında yaradılmışdır. Ötən 99 il ərzində "Leyli Məcnun" repertuardan düşməmiş, həmişə maraqla tamaşa edilmişdir. Bu gün qoca Şərqin opera tarixinin məhz Azərbaycandan start götürdüyünü qürur hissi ilə xatırlayırıq. Sevinirik ki, bu şərəfli salnamədə öz adını pozulmaz hərflərlə nəqş etdirən dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun o vaxt 22 yaşı var idi.

Üzeyir Hacıbəyovun ikinci operası "Şeyx Sənan"dır. Xalq dastanlarının motivləri əsasında hazırlanmış bu operanın dirijoru bəstəkarın özü olmuşdur, Üçüncü operası "Rüstəm Söhrab" isə Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında hazırlanmışdır. Üzeyir Hacıbəyovun operaları sırasında dördüncü yerdə düran "Şah Abbas Xurşudbanu" 1912-ci ildə yazılıb, 30-cu ilin əvvəllərində tamaşaya qoyulub. Dahi bəstəkarın uzun maraqlı səhnə ömrü olan əsərləri sırasına daxil edilmiş "Əsli Kərəm" operasının ilk tamaşası 1918-ci ilin martında olmuşdur. Bu tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru isə Üzeyir bəyin özü idi. Bu tamaşada da qadın rollarını kişilər yaradırdılar.

Bəstəkarın muğam operaları sırasında sonuncu əsəri "Harun Leyli" olmuşdur. Lakin nəyə görəsə bu opera tamaşaya qoyulmamış məhv edilmişdir. Dahi Üzeyir Hacıbəyovun yaradıcılığının kuliminasiya mərhələsi "Koroğlu" operası oldu. "Koroğlu" təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında dayanan parlaq nümunələrdən birinə çevrildi. Həqiqətən "Koroğlu"nun taleyi çox uğurlu olmuşdur.

Üzeyir Hacıbəyovun sonuncu operası "Firuzə"dir. Xalq rəvayətləri əsasında operanın librettosunu bəstəkar özü yazmışdır.

Üzeyir Hacıbəyov Azərbaycan musiqisinə bir sıra maraqlı operettalar da bəxş etmişdir. Onun "Ər arvad" (1910), "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) operettaları tamaşaya qoyulduğu gündən sevilmiş, bu gün maraqla izlənilir. Hətta bu operettaların ikisi ekranlaşdırılmışdır. Azərbaycan musiqisinin inkişafında bənzərsiz yer tutan Üzeyir Hacıbəyov instrumental müşahidəli xor, orkestr, kamera əsərləri, xoreoqrafik miniatürlər, romanslar, mahnılarla yanaşı, müxtəlif tədqiqatların, araşdırmaların, ay-ayrı məqalə, çıxış, hekayə felyetonlan müəllifi olub.

 

Mədəniyyət.- 2007.- 14 sentyabr.- S. 2.