Məhərrəmova T.

 

Şəxsiyyət kamilliyinin zirvəsi

 

Əsərləri dünyanı dolaşan Üzeyir Hacıbəyov bu yüksəkliyi istedadı,

qayğıkeşliyi, səmimiyyəti və kişilik qüruru ilə fəth etmişdi

 

Şamil Əzizbəyov küçəsi - 67. Azərbaycan xalqının görkəmli şəxsiyyətlərindən biri - Üzeyir Hacıbəyovun ev muzeyi bu ünvanda yerləşir. Dahi bəstəkar Bakının bu köhnə, dar küçələri ilə düz 27 il addımlayıb. Yaradıcılığının ən qaynar illərini bu divarlar arasında keçirib. Süfrəsi həmişə açıq olan bu evin qonaq-qarası heç vaxt əskik olmayıb. Qiymətli xatirələrin hopduğu bu daş divarlar kim bilir nə qədər maraqlı söhbətlərin şahididir. Dahi bəstəkarın dünyaca məşhur əsərləri küncdə sakit-sakit duran royalın şirmayı dillərindən ilk dəfə bu evin divarları arasında səslənib. Hazırda muzeyə çevrilən otaqları gəzdikcə göz bəbəyi kimi qorunan eksponatlar hər kəsə ötən illərin əziz xatirələrindən söhbət açır. Bu dilsiz şahidlər bəstəkarın ömür və sənət yolu barədə təsəvvürlərə xeyli işıq salır, onun haqqında bildiklərimizi dərinləşdirir, eləcə də bizə bu günə qədər bilmədiyimiz həqiqətlərdən söhbət açır.

Bəstəkarın Şuşada yaşadığı evin kiçik maketi. Bu, adi ev deyil: Üzeyir bəy bir insan, bir bəstəkar kimi bu kiçicik evdən başlayır.

 

12 yaşlı bəstəkar

 

Üzeyir bəy Ağcabədidə doğulsa da, uşaqlığı Azərbaycanın söz və musiqi beşiyi olan Şuşada keçib. Tanrı bu yurdu öz lütfündən yaratmış, təbiətin bütün gözəlliklərini bu torpağa bəxş etmişdi. Hər daşı, hər çiçəyi nəğmə oxuyan, özü başdan-başa musiqi olan Şuşa balaca Üzeyirə də musiqinin dilini öyrətmişdi.

Dahi bəstəkar çox-çox sonralar uşaqlıq illərini xatırlayıb yazırdı: "Mən ilk musiqi təhsilimi uşaqlıq zamanı Şuşada, ən yaxşı xanəndə və sazəndələrdən almışam. O vaxt mən "Muğam" və "Təsnif" oxuyardım. Səsim xanəndələrin xoşuna gələrdi. Onlar məni oxudar və öyrədərdilər..."

1897-ci il. Şuşalılar Xandəmirov teatrının qarşısına toplaşıblar. Burada Ə.Haqverdiyevin hazırladığı "Məcnun Leylinin qəbri önündə" səhnəciyi göstərilir. Uşaqlar tamaşa yerinin qarşısını səhərdən kəsdirib. Balaca Üzeyir bəy də ordadır. Bu axşam xor dəstəsində o da oxuyacaq. Budur, divanə Məcnun - Cabbar Qaryağdıoğlu Füzulidən oxuyur. Şuşalılar hələ indiyədək bu cür yana-yana oxuyan səs eşitməmişdi. 12 yaşlı Üzeyir bəyin balaca ürəyində o axşam bir istək cücərir: tamaşa ona o qədər təsir edir ki, "Bakıya gedib operaya bənzər bir şey yazmaq" qərarına gəlir. Üzeyirin körpəcə ürəyində "Leyli və Məcnun" operasını yazmaq istəyi belə yaranır. Bir il sonra isə onun məzəli el nağıllarından ibarət "Kitabi məzhəkə" adlı kitabı çıxır.

Zaman ötür, bu balaca uşaq böyüyərək eşitdiyi səsləri musiqinin diliylə bütün dünyaya yayır, tarixə sübut edir ki, Azərbaycan musiqisinin, milli mədəniyyətimizin yüksəlişi üçün heç kəs onun qədər cəfakeşlik etməyib.


Bir parça çörək istəyi

 

Üzeyir bəy Şuşada rus-tatar məktəbini bitirəndən sonra müəllimlər seminariyasına daxil olmaq üçün Qori şəhərinə yollanır. Seminariyada oxuyan tələbələr ümumi təhsillə yanaşı musiqi ilə də tanış olurdular. Üzeyir bəy burada bir sıra alətlərdə çalmağı öyrənir, eyni zamanda, mahnılarını və rəqslərini nota yazmağa imkan tapır. Musiqi Qori seminariyasının tədris proqrpmına daxil edilmiş fənlərdən biri olsa da, bu təməl elə etibarlı idi ki, ona söykənən Üzeyir bəy Şərqin ilk operasını yaradır. Həmin operanın ilk tamaşasının yükünü, məsuliyyətini daşıyanların, premyeranı uğurla yola verənlərin neçəsi o məşhur seminariyanın qaranquşları sayılan "qoriçi"lər idi. XX əsrin böyük tələblərinə cavab verməli olacaq bu ziyalılar özlərini zamanın sınaqlarına hazırlayırdılar. Qori seminariyası onlara aydın zəka, zəngin dünyagörüşü, xalq üçün gərək olduğunu bilmək duyğusu, yüksəliş yolunda çalışmaq istəyi vermişdi.

Üzeyir bəy bu məşhur seminariyada gələcəyin böyük bəstəkarı Müslüm Maqomayevlə birgə oxuyurdu. Burda onların dostluğunun təməli qoyuldu. Eyni gündə, eyni ildə doğulmaları, hətta sonradan qoşa bacıya evlənmələri və şəxsi həyatlarındakı digər hadisələrin bir-biri ilə qəribə şəkildə bənzərliyi bəlkə də həyatın təsadüfləri idi. Onlar böyük məqsədləri, işıqlı amalları yerinə yetirmək yolunda çiyin-çiyinə vermişdilər. Hər ikisi musiqiyə qızğın həvəs göstərsə də, incəsənətlə ciddi məşğul olmaq niyyətində deyildilər. Həyat onları daha çox dolanışıq imkanları - bir parça çörək haqqında düşünməyə vadar edirdi.

Üzeyir bəy seminariyanı bitirəndən sonra ucqar rayonlarda müəllim işləməyə başlayır. Coşqun seminariya həyatından sonra ucqar kəndin donuq həyatı onu sıxır. Çox keçmədən Üzeyir bəy Bakıya üz tutur. O, bir sıra mətbuat orqanları ilə əlaqə saxlayır, o cümlədən "Kaspi" qəzetində yazılar çap etdirir.

Ancaq hansı işlə məşğul olursa-olsun, uşaqlıqdan qəlbinə hakim kəsilən arzu - opera yaratmaq istəyi ona rahatlıq vermir. Mükəmməl musiqi təhsili görməyən 22 yaşlı Üzeyir bəyin yazdığı "Leyli və Məcnun" operası ilk dəfə 1908-ci il yanvarın 25-də (bəzi mənbələrdə bu, 12 yanvar kimi göstərilir) tamaşaya qoyulur. Bu operanın müvəffəqiyyəti yeganə Azərbaycan bəstəkarı olan Üzeyir bəyin yaradıcılıq yolunu müəyyən edir, ona istiqamət verir. Dörd il ərzində bəstəkarın 7 yeni əsəri tamaşaya qoyulur. Şərqin ilk operası - "Leyli və Məcnun" operası isə Üzeyir bəyə dünya şöhrəti qazandırır. Bütün dünyanı dolaşan bu əsər bir əsrə yaxındır ki, Azərbaycan səhnəsindən düşmür.

Üzeyir bəy daim oxumaq, dünya musiqi mədəniyyətinə daxil olan istedad sahibi kimi yetişmək istəyirdi. Moskvaya oxumağa getdikdən sonra dostları, qohumları, hətta dövrünün bütün qabaqcıl ziyalıları ona maddi kömək göstərirdilər. C.Qaryağdıoğlu 1912-ci ildə Varşavadan qayıdarkən, o zaman Moskvada təhsil alan Üzeyir bəyin şərəfinə bir neçə konsert vermiş və yığılan vəsaiti gənc bəstəkarın təhsilinə, eləcə də ehtiyaclarına sərf edilməsinə yönəltmişdi. Bununla belə Üzeyir bəy maddi vəziyyətinin ağırlığı ucbatından Moskvada çox qala bilməyərək, Bakıya qayıdır. Maddi vəziyyəti bir qədər düzələndən sonra Leninqrada gedir və burada yazdığı məşhur "Arşın mal alan" musiqili komediyası ona dünya şöhrəti qazandırır. Əsər tezliklə bir sıra dillərə tərcümə edilərək Bakı teatr səhnələrində bir il ərzində 150 dəfədən çox oynanır.

1938-ci il. Moskvada Azərbaycan incəsənəti dekadası keçirilir. Üzeyir bəyin illərlə çalışıb, min-bir zəhmət və yuxusuz gecələr hesabına yazdığı "Koroğlu" operası Kremlin möhtəşəm salonunda böyük hadisəyə çevrilir. Stalin və onun silahdaşları Azərbaycan incəsənət işçilərini Kremldə qəbul edir. Stalin Üzeyir bəyə operanı çox bəyəndiyini söyləyir. Hətta o, operanı tam mənası ilə, ayrı-ayrı pərdələrinə görə təhlil edir, nöqsanlardan da yan keçmir. Voroşilov isə "Koroğlu" kimi daha iki opera yazmağı tövsiyə edərkən Stalin Üzeyir bəyə: "Siz iki deyil, 4 belə opera yazmalısınız" - deyə bildirir. Dahi bəstkar "Koroğlu" operasına görə, SSRİ xalq artisti adına, SSRİ Dövlət mükafatına layiq görülür, müxtəlif orden və medallarla təltif olunur. Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilən bəstəkar Konservatoriya təsis ediləndən sonra bu musiqi ocağının ilk rektoru vəzifəsini icra etməyə başlayır.

 

Tələbələrin mənəvi atası

 

Üzeyir bəy nə qədər böyük vəzifələr daşıyıcısı olsa, başı işlərinə nə qədər qarışsa da, tələbələrinə olan diqqət və qayğısını bir an belə əskiltmir. Tələbələri onu mənəvi ataları hesab edirdilər. Çünki Üzeyir bəy onlara müəllim yox, həqiqi ata idi. Bu böyük qəlbli insan hamının ehtiyacını gözündən duyar və heç birindən köməyini əsirgəməzdi. Tələbələri ondan təkcə xalq musiqisinin paklığını mənimsəmirdilər, həmçinin həyat, təmizlik dərsi öyrənirdilər.

Xalq artisti Şəfiqə Axundova "Üzeyir bəy olmasaydı, mən də olmazdım. Bu, mənim yaradıcılıq epiqrafımdır" deyir:

- Üzeyir müəllimin konservatoriyada açdığı hazırlıq kursunda dahi bəstəkarın sinfində kompozisiyanı və Azərbaycan xalq musiqisinin əsaslarını öyrənirdim.

...Müharibə illəri idi. Bir gün dərsdə müəllimim rəngimi solğun görüb soruşdu: "Bəlkə acsan?". "Yox" - deyə utanıb üzümü o yana çevirdim. O, özü üçün gətirdiyi yağ-çörəyi çıxarıb mənə verdi və üstəlik, çay da gətizdirdi.

Müharibə illərində Üzeyir müəllim öz qonorarından mənimlə Ağabacı Rzayevaya maddi yardım göstərirdi. Biz uzun illər Üzeyir müəllimin sayəsində yaxşı təqaüdlə təmin olunmuşduq.

Yadımdadır, 1944-cü ildə Zaqafqaziya musiqi ongünlüyünə getməli idik. Bizim geyimimiz müəllimimizi düşündürürdü. Bir gün Ağabacı ilə mən onun kabinetinə getdik. Əynimizi görən kimi o, göstəriş verdi ki, bizi palto ilə təmin etsinlər. Bundan əlavə kostyum tikilmək üçün də atelyeyə göstəriş verildi və hətta tapşırıldı ki, o kostyumun fasonunu Şövkət Məmmədova seçsin. Elə də oldu.

Üzeyir müəllim yaddaşımda mehriban, səmimi, qayğıkeş və böyük ürəkli bir insan kimi qalıb.

"Hər dəfə keçdiyim sənət yolu haqda fikirləşəndə istər-istəməz dahi bəstəkarımız Üzeyir bəy yada düşür" - deyə Xalq artisti Əminə Dilbazi xatırlayır:

- 1935-də Filarmoniyada yeni yaradılan rəqs ansamblına üzv yazıldım. Uzun ayrılıqdan sonra tale məni böyük bəstəkarla yenidən görüşdürdü. O illərdə Üzeyir Hacıbəyov "Kolxoz çölləri" adlı yeni mahnı bəstələmişdi. Bu melodiya ürəyimə elə yatmışdı ki, onun musiqisi əsasında rəqs düzəltmək qərarına gəldim və məşqə başladıq. Kimsə bu xəbəri Üzeyir Hacıbəyova çatdırmışdı. Sən demə, o, filarmoniyada məşq etdiyimiz zaman bizdən xəbərsiz gəlib salonda oturubmuş. "Kolxoz çölləri"nin oynaq melodiyaları altında səhnəyə yenicə çıxmışdım ki, birdən gözüm lap arxa cərgədə oturmuş bəstəkara sataşdı. Əvvəlcə özümü itirdim, sonra isə həyəcanım əriyib yox oldu. Məşqdən sonra Hacıbəyov məni yanına çağırtdırdı. Düzü, cəsarət edib ona yaxınlaşa bilmirdim. Bunu görən bəstəkar özü mənə yaxınlaşdı, diqqətlə üzümə baxandan sonra dedi:

- Balaca qız (boyum balaca olduğuna görə o, həmin vaxtdan məni belə çağırırdı), bəs sən konservatoriyada oxumurdun? Birdən-birə hara getdin? - Sonra nə isə fikirləşib, - amma zərəri yoxdur. Səni orda itirdiksə, burda tapdıq. Balaca olmağına baxmayaraq, çox qoçaq qızsan. Sənin məharətini elə indicə gördüm.

Üzeyir Hacıbəyov bildirdi ki, rəqsin quruluşu çox xoşuna gəlib. Sonralar bəstəkar bu rəqsi tez-tez konsert proqramlarına salardı.

Onun dilinə "yox" kəlməsi gəlməzdi. Bir işin düşdü, o dəqiqə köməklik göstərərdi.

1945-ci ildə "Arşın mal alan" musiqili komediyası ekranlaşdırılırdı. Üzeyir Hacıbəyov məni filmdəki rəqslərə quruluş verməyə dəvət etdi. Mən bu böyük etimadı və məsuliyyəti dərindən dərk edirdim. Ona görə də bütün qüvvə və bacarığımı bu işə yönəltdim. Nəticədə isə bəstəkarın etimadını doğrulda bildim.

Sonralar "Leyli və Məcnun" operasında, "O olmasın bu olsun" və "Arşın mal alan" (ikinci çəkiliş) operettalarındakı rəqslərin quruluşu da mənə tapşırıldı.

Üzeyir Hacıbəyovun musiqisi və şəxsiyyəti mənim qəlbimdə ayrıca yer tutub. Hər dəfə onun ecazkar musiqisini dinlədikcə sanki yenidən gəncləşirəm, Üzeyirli günlər üçün qəribsəyirəm.

 

Kaspi.-2007.-18 sentyabr.-S.16.