Üzeyir bəy
Hacıbəyli - istedadların böyük
təəssübkeşi
Dahi bəstəkar,
böyük ictimai xadim, yazıçı-publisist və
dramaturq Üzeyir bəy Hacıbəyli ömrü boyu
xalqını təhsilli, savadlı görmək arzusu ilə
yaşayıb və bu müqəddəs işi
şərəflə başa vurub. O,
Azərbaycan qadınının musiqi təhsilinə xüsusi
əhəmiyyət verirdi. Üzeyir bəyin qayğısı
nəticəsində ölkəmizdə Ağabacı Rzayeva,
Hökumə Nəcəfova, Ədilə Hüseynzadə,
Şəfiqə Axundova, Elmira Nəzirova kimi görkəmli
bəstəkarlar yetişib. Azərbaycanın xalq artisti,
professor, ilk peşəkar pianoçumuz Kövkəb xanım
Səfərəlibəyova üçün də Üzeyir
bəyin qayğısı əvəzsiz və unudulmaz olub.
Məlumdur ki, 1936-cı ildə Ü.Hacıbəyli ilk
Azərbaycan xorunu təşkil edib. Kövkəb
xanımın xatirələrindən öyrənirik ki,
Üzeyir bəy o zaman Bakıdakı məktəblərə
gedərək xor ifaçılığının
təşkilinə və təbliğinə
çalışıb. "Günlərin bir günü Üzeyir
bəy sinfə daxil oldu və müşayiətçi kimi
xorun içində iştirak etməyi mənə təklif
etdi. Mən dedim ki, bu işin öhdəsindən gələ
biləcəyimdən ehtiyat edirəm. Lakin o məni
mehribancasına ruhlandıraraq notları təqdim etdi və
ilk tapşırığını verdi". Üzeyir
bəyin qayğısı və onun
tapşırığının
müvəffəqiyyətlə həyata keçirilməsi
sonradan Kövkəb xanımın Üzeyir bəyin
etibarlı silahdaşı, görkəmli musiqiçi kimi
formalaşmasına imkan verib. Bütün
Şərqdə opera yazmış ilk qadın bəstəkar
kimi tanınan Şəfiqə Axundova onu sənətə
gətirən, Asəf Zeynallı adına Musiqi
Məktəbində, Azərbaycan Dövlət
Konservatoriyasında təhsil almasına, nəhayət,
bəstəkar kimi yetişməsinə yaxından
köməklik göstərən Üzeyir bəyin
atalıq qayğısını bir an da unutmur.
Ş.Axundovanın bəstəkar kimi formalaşmasında
Ü.Hacıbəylinin qayğısı danılmazdır.
Daha bir qayğını da xatırlamağı lazım
bilirəm. Şəfiqə xanım xatırlayır ki, 1942-ci
il idi. Bir gün dərsdə Üzeyir bəyə yaxın
oturmuşdum, "Sənsiz" əsərinin notunu ona
gətirdilər. Diqqətlə baxdım, "Nə
gözəl əsərdir" - dedim. Marağım Üzeyir
bəyin diqqətindən yayınmadı. Soruşdu ki,
əsər xoşuna gəlir? "Bəli" cavabını
alanda həmin əsərin üstünə
"İstedadlı tələbəm Şəfiqəyə
Üzeyir bəydən xatirə" yazaraq mənə
bağışladı. Həmin notun əsli böyük
sənətkarın ev-muzeyində, surəti isə
Şəfiqə xanımdadır. Ü.Hacıbəyli
Bakıda olan musiqisevərləri, rəssamları,
tarixçiləri yaxşı tanıyırdı.
İsmayıl Rzayev də belə sənətsevər
insanlardan biri idi. Onun iki istedadlı qızı var idi:
Ağabacı və Ruqiyə. Üzeyir bəy İ.Rzayevə
qızlarını musiqi texnikumuna qoymağı
məsləhət bilir. Üzeyir bəyin məqsədi musiqi
texnikumunda azərbaycanlı qızların sayını
artırmaq, onların musiqi sənətində
kütləviliyini təşkil etmək idi. O zaman
qızlarını incəsənətə
yönəltməyi hər adama təklif etmək
mümkün deyildi. İ.Rzayevi yaxşı
tanıdığına görə Üzeyir bəy ona
müraciət etmişdi. Böyük hörmət sahibi olan
Üzeyir bəyə İ.Rzayev "olmaz" demir,
razılaşır. Beləliklə, tarı sinəsi
üstə gətirən ilk azərbaycanlı qızlardan biri
olur Ağabacı Rzayeva. Moskvada 1938-ci ildə
keçirilən Azərbaycan incəsənəti dekadası
gənc Ağabacının həyatında unudulmaz
hadisəyə çevrilir. Dekada
iştirakçılarını qəbul edən Stalin
Azərbaycan incəsənəti, onun iştirakçıları
haqqında yüksək fikirdə olduğunu söyləyir. Günlər keçdikcə gənc
Ağabacının istedadı pərvazlanır, xalq
çalğı alətləri orkestri üçün
yazdığı "Vətənpərvərlik"
marşını dinləyən Üzeyir bəy ona
Konservatoriyada dərs dediyi bəstəkarlıq sinfində
oxumağı məsləhət bilir. Hacıbəyli
bəstəkarlıq məktəbinin yetirməsi olan
Ağabacı sonralar xatırlayır: "Üzeyir bəy
mənim mənəvi atamdır, o olmasaydı,
bəstəkarlıq fikrinə düşməzdim, mənim
böyük xoşbəxtliyim Üzeyir bəyin sinfində
təhsil almağımdır. O, bizi
Azərbaycan xalqının zəngin musiqisini necə
sevməyi və ondan necə istifadə etməyi
öyrətmişdir". Özünə və
bəstəkarlıq fəaliyyətinə tələbkar olan
Ağabacı yaratdığı hər hansı əsəri
haqqında Üzeyir bəyin rəyini biləndən sonra onu
ifaçılara verirdi. Bir çox
sənət adamları kimi A.Rzayeva da öz ustadının
vəfatından hədsiz dərəcədə
kədərlənib, onun xatirəsini
əbədiləşdirməkdən ötrü "Sənin
xatirən" romansını yazıb. Əsər
dəfələrlə konsertlərdə, radioda ifa olunub.
Azərbaycan musiqi ifaçılığında sehrli səsi
ilə tanınmış müğənnilərdən biri
də Yavər Kələntərli olub. O "Segah",
"Kəsmə şikəstə", "Bayatı
şiraz" muğamlarını özünəməxsus
ustalıqla ifa edib. Yavər xanımın şövqlə
oxuduğu muğam və xalq mahnıları Üzeyir bəyin
diqqətini cəlb edir. Bir çox azərbaycanlı
qızlarına etdiyi köməkliyi Yavər xanımdan da
əsirgəmir, ona Cabbar Qaryağdıoğlu və Seyid
Şuşinskinin dərs dedikləri muğam sinfində
oxumaqda köməklik göstərir. Günlər keçdikcə
ifaçılıq sənətinin özünəməxsus
qanunları ilə pərvazlanan Yavər xanım 1937-ci
ildə Opera və Balet Teatrına dəvət alır. Bu
sənət ocağında ilk dəfə
Ü.Hacıbəylinin "Leyli və Məcnun"
operasında Leyli rolunda çıxış edir. Yavər
xanımın Leylisi özünəməxsusluğu ilə
seçilir. Yavər Kələntərlinin
sevimli ustadı Üzeyir bəy haqqında
xatirələrindən bunu da öyrənirik ki, Üzeyir
bəy Yavər xanımın ifasında "Sarənc"i
dinləməyi xoşlayırmış, xanəndə hər
dəfə "Sarənc"i ifa edərkən Üzeyir
bəyi yadına salarmış. Həqiqət xanım
Rzayevanın da yaradıcılıq taleyində Üzeyir
bəyin qayğıları unudulmazdır. İlk
tanışlıqdan Üzeyir bəy gənc Həqiqətin istedadına,
gələcəkdə onun görkəmli müğənni
olacağına inanır. Musiqiyə həvəs
göstərən istedadlı digər azərbaycanlı
qızlar kimi, gənc Həqiqətin də musiqi təhsili
almasına lazımi köməkliyi göstərir. Həqiqət xanımın xatirələrindən
məlum olur ki, o, Cabbar Qaryağdıoğlu, Seyid
Şuşinskidən muğamat, Üzeyir bəydən isə
solfecio dərsini öyrənir, həm də muğamları
təkrar edirmiş. O həm də teatrın nəzdində
açılan studiyada professor Kolotovadan dərs alırmış.
Həqiqət xanım xatırlayır ki, professorla dərs
keçən günü operada oxumaq mənə
çətin gəlirdi, zəngulə vura bilmirdim. Bunu
Üzeyir bəyə söylədim, o belə dedi: "Mən
səni ağıllı qız bilirdim, səsini niyə dəyişirsən?"
Dedim ki, indi Avropa üslubunda oxumaq dəbdir. Üzeyir bəy
qayıtdı ki, səni xalq bu səslə tanıyır. Muğam səsi həmişə dəbdədir,
sənin səsin yaxşı səsdir, bütün
ömrünə çatar, səsini dəyişmə.
Əlbəttə, o gündən sonra onun məsləhətinə
qulaq asıb, səsimi dəyişmədim və
zəngulələrim qaydasına düşdü. Rəqs ifaçılığında
möcüzələr yaratmış görkəmli
rəqqas, respublikamızın əməkdar artisti Əlibaba
Abdullayevin uğurlar qazanmasında da Üzeyir bəy
qayğısının rolu danılmazdır. Bunu
digər sənətçilər kimi Əlibaba Abdullayev
də minnətdarlıqla etiraf edib. 1938-ci ildə Moskvada
keçirilən Azərbaycan ədəbiyyatı və
incəsənəti ongünlüyündə Dövlət
Mahnı və Rəqs Ansamblının
çıxışları paytaxt
tamaşaçılarını heyran qoyub.
Qəzetlərdə Əlibaba Abdullayevin ifaçılıq
məharəti xüsusi qeyd olunub. Böyük Vətən
müharibəsi illərində Üzeyir Hacıbəyovun
rəhbərliyi altında Azərbaycan mədəniyyəti
xadimləri fədakarlıq nümunəsi
göstəriblər. Bəstələnən mahnılarda,
marşlarda döyüş, qəhrəmanlıq ruhu,
Vətənə istək hissi tərənnüm olunub. Müğənnilər cəbhələrə gedib,
vətənpərvərlik proqramları ilə
çıxışlar edib, döyüşən ordumuza ruh
veriblər. Üzeyir bəy bəstələdiyi
"Vətən və cəbhə" adlı
əsərinin quruluşunu istedadına yaxşı
bələd olduğu Əlibaba Abdullayevə
tapşırıb. Əsərin filarmoniya səhnəsində
tamaşaya qoyulub böyük uğur qazanması Əlibaba
Abdullayevin geniş yaradıcılıq imkanını bir daha
təsdiqləyib. Sonralar o, "Vətən
və cəbhə", "Dədə Qorqud"
kompozisiyaları ilə dəfələrlə
döyüşən ordu qarşısında
çıxış edib. Əlibaba Abdullayevin qızı
Elmira xanımın xatirələrindən məlum olur ki,
Üzeyir bəy onun babası Abdullanın tanışı
olub, tez-tez onun yanına gələr, Abdullanın oxuduğu mərsiyələri, qədim xalq
mahnılarını dəfələrlə
dinləyərmiş. Üzeyir bəy "Leyli və
Məcnun", "Koroğlu" operalarını və bir
sıra başqa əsərlərini yazarkən
babasının oxuduğu mərsiyələrin, qədim xalq
mahnılarının ruhundan istifadə edərmiş.
İstedadlı gənclərə qayğı
göstərmək Üzeyir bəyin fəaliyyətinin ana
xəttini təşkil edib. Görkəmli musiqiçi,
"Dan ulduzu" orkestrinin yaradıcısı, unudulmaz
sənətkarımız Gülarə Əliyevanın
uğurları bəlkə də 10-11 yaşlarında
yaxşı ifasına görə saçlarına Üzeyir
bəyin sığal çəkməsindən
başlayıb. Azərbaycan muğamları, xalq
və bəstəkar mahnılarını çalıb oxuyan
sənət adamları heç vaxt Üzeyir bəyin
nəzarəti və qayğısından kənarda
qalmayıb. Üzeyir bəyin rəhbərliyi ilə o zamanlar
Şərq musiqisinə dair tez-tez keçirilən
müzakirələrdə Cabbar Qaryağdıoğlu,
Məşədi Məmməd, Əhməd Bakıxanov, Qurban
Pirimov və başqa ustad sənətkarlar iştirak
ediblər. Belə müzakirələrin təşkil
edilməsində məqsəd muğamları, xalq
mahnılarını təhrif etməmək, çalanları
və oxuyanları düzgün istiqamətləndirmək idi.
Elmi-praktik konsert xarakterli müzakirələrin
vaxtaşırı keçirilməsi istedadları seçim
etmək, araşdırmaq, mədəniyyətimizin və
incəsənətimizin inkişafı naminə onlardan
istifadə etmək Üzeyir bəyin
təşkilatçılıq işinin nəticəsi kimi
ortaya çıxmışdı. Bu
görüşlərdə Üzeyir bəy Əhməd Bakıxanovun ifasında "Rast",
"Bayatı-Şiraz", "Çahargah",
"Segah" və başqa muğamları
dəfələrlə dinləyib, biliyini, istedadını
təsdiqlədikdən sonra onu konservatoriyanın tar sinfinə
müəllim götürüb. Əhməd Bakıxanovun
Sovet imperiyasının "düşmən"i kimi
qardaşı ilə birgə həbs olunduğunu bildikdə Üzeyir bəy onun işi ilə
maraqlanıb, heç şeydən çəkinmədən
görkəmli tarzənin günahsız olduğunu
Mircəfər Bağırova (1938-ci ildə Moskvada
Azərbaycan ədəbiyyatı və incəsənəti
ongünlüyünə gedən zaman) çatdırıb.
M.Bağırov Üzeyir bəyə: "O, sol əli ilə
çalanı deyirsən?" deyə soruşub.
M.Bağırov Ə.Bakıxanovun işi ilə
maraqlanacağını bildirərək, vədinə
əməl edib. Bu şad xəbəri Üzeyir bəy
Bakıxanovlar ailəsinə çatdırdıqdan az sonra
qardaşlar həbsdən azad olunublar. Görkəmli
dirijor və bəstəkar Səid Rüstəmovun oğlu,
istedadlı musiqiçi Eldar Rüstəmovun söyləyir
ki, atam deyirdi, təsadüfən Üzeyir bəyə rast
gəlməsəydim, Allah bilir, taleyim necə olacaqdı.
S.Rüstəmov xatırlayır:
"Açığını deyim ki, Üzeyir bəylə
bir təsadüfi görüş olmasaydı, bəlkə
də heç vaxt musiqiçi olmazdım. Məni
ömürlük musiqi sənətinə bağlayan və
formalaşdıran Üzeyir bəy olmuşdur". Üzeyir
Hacıbəyli pedaqoji fəaliyyəti, istedadlara
qayğısı, musiqi yaradıcılığı,
vətəndaşlıq mövqeyi, şəxsiyyəti
haqqında müasirləri, zəmanəmizin görkəmli
alimləri, üzeyirsevərlər çox yazıblar
və yazacaqlar. Həmin yazılar və xatirələr
illər keçdikcə Üzeyir bəyi qədirbilən
xalqımıza daha yaxınlaşdırır, sevdirir. Məslək
və əqidə dostu, akademik M.Topçubaşovun dediyi kimi:
"O, xalqımızın tərəqqi səmasında yanan
ulduz idi və eləcə də qalır. Bəzən
Üzeyir bəyə milli operamızın banisi deməklə
kifayətlənirlər. Məhdud qiymətdir. Bəs onun
müəllimliyi... Mən deyərdim: Üzeyir bəy XX
əsr mədəniyyət və incəsənətimizin
hər cəhətdən əzəlidir". Deyirlər,
dahilər yüz ildən bir yetişir. Anadan olmasından
yüz iyirmi iki il keçir, amma hələlik Üzeyir
Hacıbəyli zirvəsinə yüksələn
görünmür. Elə Üzeyir sənətinin və
şəxsiyyətinin böyüklüyü də
bundadır.
525-ci qəzet.- 2007.- 18 sentyabr.- S.7.