Mükərrəmoğlu M.

 

Üzeyir Musiqi Günü böyük təntənə ilə qevd edildi

 

Dünən ölkəmizin hər yerində Üzeyir Musiqi Günü bayram edildi. Bakıda isə bu bayram daha təntənəli keçirildi. Respublikamızın tanınmış mədəniyyət xadimləri ulu öndərimiz Heydər Əliyevin məzarını ziyarət etdilər. Sonra Üzeyir Hacıbəyovun ev-muzeyinin açılış mərasimi oldu. Açılış mərasimində çıxış edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev demişdir ki, dahi bəstəkarın ev-muzeyi vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə açılmışdı. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına müvafiq olaraq muzeyin yeni korpusu açılır. Gələn il sanballı elmi-tədqiqat konfransının keçirilməsi planlaşdırıldığını deyən Ə.Qarayev əmin olduğunu bildirmişdir ki, muzeyin yeni korpusunun açılması, burada elmi tədqiqat mərkəzinin yerləşməsi həmin foruma daha yaxşı hazırlaşmağa imkan verəcəkdir.

Respublika Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar çıxışında demişdir ki, Üzeyir Hacıbəyov öz yaradıcılığında Azərbaycan xalqına xas olan bütün keyfiyyətləri əks etdirmişdir. Belə ki, "Leyli və Məcnun" operası bu xalqın sevgi iztirablarının, "Koroğlu" qəhrəmanlığını, "Arşın mal alan" hazırcavablığını və həyatsevərliyini tərənnüm edir. Buna görə Azərbaycan xalqı yaşadıqca, Üzeyir Hacıbəyovun musiqisi yaşayacaqdır.

Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, ev-muzeyin direktoru Sərdar Fərəcov Üzeyir Hacıbəyovun yaradıcılığının öyrənilməsi üçün müvafıq şərait yaradılmasına kömək edənlərin hamısına təşəkkürlərini bildirmiş, mərasim iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik etmişlər.

Sonra qırmızı lent kəsilmiş mərasim iştirakçıları dahi Üzeyir Hacıbəyovun musiqisinin sədaları altında yeni korpusa tamaşa etmişlər. Bakıdakı Fəvvarələr meydanda Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Musiqi Gününün təntənəli açılış mərasimi keçirilmişdir.Mədəniyyət Turizm naziri Əbülfəs Qarayev tədbirin iştirakçıları musiqi bayramı münasibətilə təbrik etdi. Üzeyir bəyin Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərini xatırladan nazir bildirdi ki, bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim olan Uzeyir Hacıbəyov peşəkar musiqi sənətimizin və milli operamızın banisidir. Onun musiqisi ölkəmizin hüdudlarını aşaraq bütün dünyada sevilir və maraqla dinlənilir. Təsadüfi deyildir ki, Avropanın musiqi beşiyi sayılan Vyanada Üzeyir Hacıbəyovun əsəri tamaşaya qoyulmuş, orada dahi bəstəkarın abidəsi ucaldılmışdır.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, Milli Konservatoriyanın rektoru, xalq artisti Səyavuş Kərimi mərasimdə çıxış edərək Üzeyir Hacıbəyovun çoxşaxəli yaradıcılığından ətraflı danışmışlar.

Mərasimdə Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrinin, Dövlət Xor Kapellasının Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin ifasında dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilmişdir.

 

Xalq qəzeti.- 2007.- 19 sentyabr.- S. 5.