Namazov İ.

 

Ölkəmizdə Üzeyir Hacıbəyov musiqisi günü qeyd edilir

 

Torpağı işğal edilmiş xalqın “Koroğlu” uvertürasına,
vətənpərvərlik ruhunda olan mahnılara böyük ehtiyacı var
İyirminci əsrdə ikinci dəfə əldə etdiyimiz dövlət müstəqilliyi xalqımızın beynəlxalq aləmdə daha dərindən tanınmasına, elm-incəsənət xadimlərimizin daha geniş şəkildə təbliğ edilməsinə, onların dünya mədəniyyəti xəzinəsinə verdiyi töhfələrin bütövlükdə bəşəriyyətin sərvətinə çevrilməsinə zəmin yaratdı. Ulu öndərimiz Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1969–82-ci illərdə də xalqımızın böyük oğullarının yaradıcılığı dünya miqyasında əhatəli şəkildə təbliğ edilirdi.
Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Süleyman Rüstəm, Mirzə İbrahimov, Rəsul Rza, Rəşid Behbudov, Zeynəb Xanlarova və digər görkəmli sənət adamlarımız bütün dünyada tanınsa da, onların hamısının ümumi bir adı var idi – sovet sənətkarları. Ancaq dövlət müstəqilliyi əldə etməyimizdən, xüsusən ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsindən sonra Azərbaycan mədəniyyətinin üzərinə növbəti dəfə günəş doğdu. Heydər Əliyev təkcə Azərbaycan mədəniyyətini və incəsənətini düşdüyü bəlalar girdabından xilas etmədi, həm də görkəmli sənət adamlarımızın yaradıcılığının bütün dünyada geniş təbliğ olunmasına zəmin yaratdı.
Qısa müddət ərzində “Kitabi-Dədə Qorqud” dastanının 1300, Məhəmməd Füzulinin 500, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun 110 illik yubileylərinin keçirilməsinə nail olan Heydər Əliyev həmin yubiley tədbirlərinin hər birinə dünyanın 50-dən çox ölkəsindən rəsmi nümayəndə heyətinin, məşhur sənətkarların və çoxsaylı jurnalistlərin gəlməsini təşkil etmişdi. Bu mötəbər tədbirlərin çox böyük məqsədləri var idi: Azərbaycan mədəniyyətini və ədəbiyyatını dünya miqyasında təbliğ etmək, Ermənistanın işğalçı siyasəti ilə üz-üzə qalmış Azərbaycanın haqq işini dünya ictimaiyyətinə çatdırmaq və ən başlıcası, müstəqil Azərbaycan dövlətinin mövcudluğunu sübuta yetirmək.
Maraqlıdır ki, həmin yubiley tədbirlərinin hər birindən sonra müasir mədəniyyətimizin həyatında özünəməxsus ənənə formalaşmışdır. Məsələn, son 10 ildə hər il Azərbaycanda qorqudşünasların simpoziumu keçirilir. 1997-ci ildən bəri dövri olaraq tez-tez qonşu ölkələrin füzulişünas alimləri və qəzəlxanları Bakıda toplaşırlar. Amma bilavasitə ümummilli liderimizin sərəncamı ilə ənənəyə çevrilən tədbir Üzeyir Hacıbəyovla bağlıdır. Ulu öndərimizin 1995-ci ildə, dahi bəstəkarın 110 illiyi ərəfəsində imzaladığı sərəncamla hər il sentyabrın 18-də – böyük sənətkarın doğum günü Azərbaycanın hər yerində “Üzeyir Hacıbəyov musiqisi günü” keçirilir.
Hörmətli nazirimiz, Azərbaycan mədəniyyətinin bütün sahələrində tərəqqiyə çalışan, mənəvi abidələrimizin qorunmasına böyük səy göstərən Əbülfəs Qarayevin şəxsi nəzarətində olan bu ənənə Bakı şəhərində daha yaddaqalan tədbirlərlə reallaşdırılır. Biz – mədəniyyət işçiləri dövlətin və nazirliyimizin qarşıya qoyduğu bütün vəzifələr kimi Üzeyir Hacıbəyov gününün uğurla keçirilməsinə də səylə çalışır, hər il daha orijinal bir tədbir düşünüb ərsəyə gətiririk. Çünki dahi bəstəkarımız Üzeyir Hacıbəyov bu ehtirama həqiqətən layiqdir. O, Azərbaycan tarixindəki ən görkəmli simalardan biridir.
Nizami Gəncəvi ədəbiyyatda, Əcəmi Naxçıvani memarlıqda, Bəhruz Kəngərli rəngkarlıqda nə iş görmüşdüsə, Üzeyir Hacıbəyov da musiqimizdə həmin işləri gördü, məktəb yaratdı. Nizamidən sonra Füzuli, Əcəmidən sonra Mikayıl Hüseynov, Bəhruz Kəngərlidən sonra Səttar Bəhlulzadə, Üzeyir bəydən sonra Qara Qarayev kimi dünya mədəniyyəti tarixinə düşən sənətkarlar yetişdi.Dünya bəstəkarları arasında özünəməxsus yer tutan Üzeyir bəyin yaradıcılığı 7-dən 77-dək bütün soydaşlarımızın dilində əzbərdir.
Bu qısa yazıda Üzeyir Hacıbəyov yaradıcılığının müxtəlif sahələrinə diqqət yetirmək istəyirik. Birinci qeyd edilməli məqam ondan ibarətdir ki, Üzeyir Hacıbəyov böyük müəllim idi. Bəzən bu ifadə işlədiləndə dahi sənətkarın musiqidə, jurnalistikada və digər sahələrdə çoxlu yetirmələri olduğunu nəzərə alaraq ustadın rəmzi mənada müəllimliyi yada düşür. Biz isə onun, sözün həqiqi mənasında, müəllimliyindən söz açırıq. Belə ki, Ağcabədidə dünyaya gəlmiş körpə Üzeyir Şuşada ilk uşaqlıq illərini yaşadı, böyük maarifçi Haşım bəy Vəzirovun ibtidai məktəbində oxudu, Qori Müəllimlər Seminariyasını bitirdi, Qarabağda müəllim işlədi və nəhayət, Bakıya – gündən-günə böyüyən, elm, incəsənət, mədəniyyət həyatı qaynayan bir şəhərə üz tutdu.
1905-ci ilin oktyabrında Bakının Bibi-Heybət ərazisində müəllim vəzifəsinə təyin olunan Üzeyir bəy Azərbaycan maarifinə özünəməxsus töhfələr verdi. Sonralar “Səadət” məktəbində dərs deyən Üzeyir Hacıbəyov “Hesab məsələləri” və “Rus-türk və türk-rus lüğəti” adlı kitablarını nəşr etdirdi. Diqqət yetirin, iyirminci əsrin əvvəllərində – Azərbaycan məktəbinin və maarifinin kitablara, dərsliyə misilsiz bir ehtiyacı olduğu illərdə Üzeyir bəy öz vəsaiti hesabına yeni dərsliklər yazıb nəşr etdirdi və yenicə təşəkkül tapan milli məktəblərimizə ərməğan etdi.
Böyük yazıçımız, Üzeyir Hacıbəyov yaradıcılığına dərindən bələd olan Mirzə İbrahimov yazırdı ki, Üzeyir bəyin həmin iki kitabı milli maarifimizin formalaşmasında çox müstəsna bir rol oynamışdı: “Ona görə də Üzeyir bəy adi bir müəllim yox, xalqımızın böyük müəllimi idi”.
Üzeyir Hacıbəyovun musiqi yaradıcılığı barədə söz açarkən də Azərbaycan mədəniyyətinin kamil bilicisi və misilsiz təəssübkeşi olan ulu öndər Heydər Əliyevin ifadələrini yada salmaq istəyirik. Heydər Əliyev deyirdi ki, Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir kimi Üzeyir Hacıbəyov da tarixin üzərinə böyük missiya qoyduğu şəxsiyyətlərdən biri idi. O, bütün Şərqdə ilk dəfə opera yazan bəstəkar idi. Dahi bəstəkarımız 1907-ci ildə qələmə aldığı “Leyli və Məcnun” operasını bilavasitə muğam üstündə quraraq birdən-birə iki yenilik etmişdi: ilk Azərbaycan operası və muğam üstündə yazılan ilk opera. Üstəlik, Üzeyir Hacıbəyov Şərqin dahi əruz ustalarından olan Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərinə istinad etməklə, Füzuli yaradıcılığını növbəti dəfə göylərə qaldırmışdı. Onun opera və operetta yaradıcılığının zirvəsində isə 1937-ci ildə yazılmış, bəstəkara dünya şöhrəti qazandırmış “Koroğlu” operası dayanır.
Müharibə şəraitində yaşayan Azərbaycanda Üzeyir Hacıbəyovun “Koroğlu” uvertürasına ehtiyac nə qədər böyükdürsə, onun qəhrəmanlıq və vətənpərvərlik hissləriylə yazılmış “Döyüşən mahnılar” salnaməsinin tez-tez gündəmə gətirilməsi, səsləndirilməsi bir o qədər vacibdir. Bu gün – bədxah qonşularımız Azərbaycan xalq musiqisinin incilərini erməni musiqisi adıyla oğurlayanda biz dünya ictimaiyyətinə Üzeyir Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları” adlı monumental əsərini təqdim etməliyik. Bu gün beynəlxalq aləmdə gah qərəzli şəkildə, gah da məlumatsızlıqdan Azərbaycanın görkəmli sənətkarları erməni kimi təqdim ediləndə biz xalqımızın böyük övladlarının yaradıcılığını yetərincə təbliğ etməliyik.
Yeri gəlmişkən biz, Bakının Binəqədi rayonundakı Ramiz Aboyev adına mədəniyyət və istirahət parkının kollektivi belə bir təkliflə çıxış edirik: hər il fevral ayının 2-də (dahi bəstəkarın doğum günü) Azərbaycanın hər yerində Qara Qarayev günü qeyd edilsin. Fikrimizcə, ölkəmizdə dünyanın az qala bütün dövlətlərini təmsil edən diplomatların, şirkət işçilərinin, beynəlxalq təşkilat nümayəndələrinin və çoxsaylı KİV təmsilçilərinin fəaliyyət göstərməsindən bəhrələnərək hər il Qara Qarayev gününü qeyd etmək çox yerinə düşərdi. Azərbaycan xalqının dahi oğlu bu ehtirama layiqdir.
Hələlik isə biz ulu öndərimizin tövsiyə və sərəncamı əsasında dahi bəstəkarımızın doğum günü ərəfəsində “Üzeyir Hacıbəyov musiqisi günü”nü qeyd etdik. Ölkənin hər yerində təşkil edilən bu tədbirə ən əvvəl bizim başlamağımız da təsadüfi deyildi. Çünki bizim parkımız böyük bəstəkarın doğulub böyüdüyü və canı, qanı qədər sevdiyi Qarabağ uğrunda şəhid olmuş soydaşımızın adını daşıyır. Elə tədbirdə də Üzeyir bəyin ölməz uvertürasının, “Sənsiz” və “Sevgili canan” romansının yaratdığı ab-havanı “Qarabağ” şikəstəsi daha da möhtəşəm etdi. Dahi bəstəkarın nəslindən olan istedadlı müğənni, Dövlət Teleradio Verilişləri Şirkəti Qapalı Səhmdar Cəmiyyətinin solisti Mehman Hacıbəyov, həmin şirkətin solisti Mailə Səda, müğənnilərdən Müslüm Qaraxanlı, Vəfa Allahverdiyeva, aktyor Təvəkkül Əhmədov və digər sənət adamları dahi bəstəkarın əsərlərini böyük ustalıqla ifa edərək çoxsaylı tamaşaçıların böyük marağına səbəb oldular.
Biz gələcəkdə Üzeyir Hacıbəyov və Qara Qarayev günlərini, eləcə də digər bayramları daha rahat, daha əhatəli şəkildə qeyd edə biləcəyik. Çünki dövlət başçımız İlham Əliyevin paytaxtın bütün mədəniyyət müəssisələrinin təmir və bərpa edilməsi barədə tövsiyə və tapşırıqlar verməsindən sonra Binəqədi Rayon İcra Hakimiyyəti bizim parkın da əsaslı təmir edilməsinə başlamışdır. Bu isə fəaliyyətimizə yeni imkanlar yaradacaqdır.
Sonda öz təklifimizi bir daha yada salmaq istəyirəm. Biz iyirminci əsrdə bəşər mədəniyyətinə misilsiz töhfələr vermiş Qara Qarayevə ümumxalq ehtiramının rəmzi olaraq hər il fevralın 2-də respublikamızın hər yerində Qara Qarayev gününü qeyd edək. Əminəm ki, bütün həmkarlarım məni dəstəkləyəcəklər .,

Xalq qəzeti.-2007.-18 sentyabr.-S.4.