Leysan özləmi
Mövsümün
bir az qəribə vaxtıdı, nə yay kimi yaydı, nə
də payız kimi payız. Çoxdandı bu tozlu
şəhərdə nə sonbahar, nə ilkbahar olur. Hər
şey qəfildən, birdən başlayır. Tədrici
keçidlər olmadan. Gəl tab gətir. Yəqin bir gecə
istidən qovrula-qovrula yatıb səhər
üşüyə-üşüyə ayılacağıq.
Deyəsən, ünyanı idarə eləyənlər iqlimin
yönətiminə də əl qoyublar. İndi onsuz da
heç nə elə belədən, təsadüfdən olmur
qənaətindəyəm. Eer kürəsini saran
quraqlıqdan sonra hər yerdə gur yağışlar
yağdı. Bunun da elmi izahı var. Çox isti olanda
çox da buxarlanma olur. Və təbiətdə hər
şey dövr elədiyindən buxar suya dönür, geri
qayıdır. Bəs biz insanlar necə -
buxarlanıb hara gedirik və hansı görkəmdə
dönürük? Ətrafa boylanıb bir şüurlu
sifət görməyəndə, bir həmsöhbət
tapmayanda fikirləşirəm ki, yaman quraqlıqdı. Zaman
elə yandırır ki, ya hardasa gizlənib fürsət
gözləməlisən, ya da kökün
kəsiləcək. Bir leysan göndər, Allahım!
Üstümüzə çökmüş kiri, pası,
nifrəti yuyub aparsın. Sərməst olmuşuq,
üzümüzə su dəysin, ayılaq. Sonra da
fikirləşirəm ki, nə qədər göndərsin?!
XX əsrin başlanğıcından
işini-gücünü atıb elə bizimlə
məşğuldur. Bu üstümüzə yağan nur damcılarından işıq ala bilmədiksə, O
neyləsin? .... 14 sentyabr Təbriz üsyanının qan
içində boğulduğu, Şeyx Məhəmməd
Xiyabaninin öldürüldüyü gündür.
Öldürülüb, meyiti günlərlə
şəhərin küçələrində qalıb.
Qorxudan kimsə yaxınlaşa bilməyib... .... 15 sentyabr
Türk İslam Ordusunun Bakıya daxil olduğu gündür.
"Nazlı Bakı, o neft qoxan gül"... .... Bir də 18
sentyabr var axı... 18 sentyabr... lll Mən yalançı,
hay-küylü vətənpərvərlik
anlayışlarından çox uzaq bir insanam. Mən bu
böyük dünyada, bu böyük insan mədəniyyəti
tarixində bizim balaca məmləkətin yerini də
şişirtməsiz-filan anlayıram. Mən anlayıram ki, XX
əsrin başlanğıcından ta bu günə
qədər bəşəriyyətin böyük
sıçrayışlarına getdiyi yolu biz
addım-addım, sürünə-sürünə
getmişik. Başqa millətlər göyə raketlər
uçururkən biz hələ motor istehsal etmək durumunda
deyilik. Başqa millətlərin 400 il əvvəl
keçirdiyi intibah dövrünü biz XX əsrin
başlanğıcında keçmişik. Amma gec də olsa,
bu boşluğu doldurmaq üçün bir
kəhkəşan dolu parlaq insanlar gəldi. İndi biz onlara
klassiklərimiz deyirik, amma düşünürəm ki, onlar
bu anlayışdan daha yüksəkdə dururdular. Onlar
bizə işıq, nur, düşünmək qabiliyyəti,
söz eşitmək qabiliyyəti gətirdilər. Dedim ki, XX
əsr bizim intibah əsri idi. Mürgülü,
yuxulu milləti silkələyib oyatmaq və bu milləti
realist ədəbiyyat, teatr, opera, balet, kino yaratmağa
məcbur eləmək bir neçə sayılı
şəxsin boynuna düşürdü. Zülmətin
içində parlayıb dövranı
işıqlandıranlardan biri də o idi. O elə bir
şəxs idi ki, hər kəs muzdur olmağı ilə
fəxr elədiyi vaxtda ona bəy deyirdilər - Üzeyir
bəy. O elə bir mürəkkəb və təzadlı
dövrdə yaşamışdı ki, bu dövrün
dəyirmanından təmiz vicdanla və sağ-salamat
çıxmaq çox çətin idi. O, elə bir
mühitdə yetişib formalaşmışdı ki,
cəhalət və nadanlıq, kütləvi korluq bu
mühitin dəyişməz atributları idi. Bu,
zaman, məkan və şəxsiyyət rakursundan baxanda onun
böyüklüyünü bütün incəliklə
anlamaq olardı. Şərqdə ilk operanın
müəllifi, professional musiqimizin banisi, felyetonları ilə
dövrünün naqisliklərini qamçılayan jurnalist,
neçə-neçə musiqiçi nəslini
yetişdirmiş görkəmli pedaqoq. Bu sözlər
dəfələrlə deyilmiş məlum
həqiqətlərdi. Dəfələrlə
deyilmiş, bildiyimiz həqiqətlərlə yanaşı
daha artıq bilmədiklərimiz də var. İçində
aşıb-daşan, kükrəyən istedadını
boğub gizlətməyə məcbur olduğu dövrlər
haqqında. Şərqdə ilk cümhuriyyətin himnini
yazmış bir şəxsin sonra işğal olunmuş
yalançı bir dövlətə himn yazmağa
məcbur olması nə deməkdir, anlaya bilərikmi? Uzun
illərin susqunluğundan sonra 37-ci ilin sinfi mübarizə
qırğınına opera hədiyyə etmək nə
deməkdir, anlaya bilərikmi? Mövcud olan qaragüruhla
mübarizədə əvvəllər cavab verə bildiyi,
sonralar isə susmağa məcbur olduğu dövrlərdə
ürəyində nə ağrılar, nə incikliklər
olduğunu anlaya bilərikmi? Bu günlər onun həyatı
və yaradıcılığı ilə bağlı
yazılanları yenidən vərəqləmək istədim.
Qulam Məmmədlinin 84-cü ildə çap olunmuş
salnaməsinə baxdım. Bununla qeyd etməyi özüm borc
bilirəm ki, Qulam Məmmədli bizim
mədəniyyətimizə fədakarcasına xidmət
etmiş zəhmətkeş bir insan idi. Müxtəlif
respublikaların arxivlərindən min bir əziyyətlə
topladığı materiallar bu gün də xalqımıza
xidmət edir və düşünürəm ki, bu
kitabları latın qrafikası ilə çap eləməyin
vaxtı çoxdan çatıb. Həmin salnamədə
1885-ci ildən 1948-ci ilə qədər Üzeyir bəyin
həyatına dərin bir nəzər salınıb. Həmin
kitaba istinadən bəzi xatırlatmalar eləmək
istəyirəm. Burda onun bəy nəslini təsdiq edən
sənədlərdən tutmuş, Qori seminariyasında
təhsil illəri haqqında xoş və nalayiq
məqalələr, xatirələr, özünün
məqalələrindən çıxartmalar var. Diqqətimi
cəlb eləyən bəzi məqamları sizə də
çatdırmaq istəyirəm. 1909-cu il,
"Tərəqqi" qəzeti, Üzeyir bəyin
məqaləsindən: "Mən seminariyanın 2-ci
klasında idim ki, il yarımdan sonra müəllim olacaqdım,
yazı imtahanı üzrə - "Mən
gələcəkdə nə iş
görəcəyəm" sərlövhəsi altında bir
məqalə yazmağı bizə əmr etdilər. Mən
yazdım ki, məktəblərimiz üçün ana
dilində tədris olmaqdan ötəri dərs kitabları
tərtib edəcəyəm. Mənim bu fikrim direktorun
xoşuna gəlməmişdi. Məni çağırıb
dedi: "Müəllimlər sənin yazdığına 3
nömrəsi qoyublar. Amma mən 2 yarım qoyuram.
Çünki qanmıram ki, sən nə deyirsən".
İkmali-təhsildən sonra yoldaşlarımızdan, əzz
cümlə məndən soruşdular ki, nərədə
müəllimlik etmək istəyirsən? Dedim - Bakıda.
Və o qədər safdil idim ki, direktorumuzun bu barədə
təvəssütünü rica etdim. Bir azdan sonra məni bir
erməni kəndinə müəllim təyin etdilər".
Qeyd edim ki, həmin erməni kəndi Hadrut rayonunda idi. Və
artıq oralarda erməni-müsəlman davası alovlanmaqda
idi. Təbii ki, ana dilində kitab nəşr elmək
fikrində olan bir gənci ruslar azərbaycanlıların
oxuduğu məktəbə müəllim
göndərməzdilər. Bu da imperiya siyasətinin tərkib
hissələrindən biri idi. Onlar öz
düşüncələrindən, öz prizmalarından
baxanda haqlı idilər. İndi oxuyacağım isə bizim
həqiqətlərimizdir. 1909-cu ildə "Zənbur"
jurnalında Üzeyir bəyin əleyhinə silsilə
yazılar dərc olunur - yazıların məğzi bundan
ibarətdir ki, bakılılar dura-dura qarabağlı
gəlmə opera yazır. Karikaturasını
çəkirlər - ayağında çarıq,
əynində cırıq arxalıq, əlində
smıçok və sol tərəfində bir nəfər
zurna tutub çalır. Bu zurnanın içindən isə
notlar çıxır. Karikatura demək istəyirdi ki,
kənddən gəlmiş birisi zurnadan not yaratmaq istəyir.
Üzeyir bəy zənburçulara cavab verir: "Millət
balalarının təlim və tərbiyəsinə cəhd
edib də valideyn tərəfindən
təşəkkürlər almaq, qəzetlərdə yazmaqla
əhaliyə xidmət etmək və yaddan
çıxmış, ləhvü-ləəb aləti
olmuş musiqimizi diriltmək və hər kəsin
rəğbətinə məzhər etməyə
çalışmaq və bunların əvəzində deyil,
ev tikdirmək, bankalarda pul saxlamaq, bəlkə öz
ailəsini belə bəsləyəcək qədərində
də pulu olmayan bir mükafata razı olmaq
zənburçuların nəzərincə pis şeydirsə,
qoy mən pis olum! Madam ki, mən qara qəlbli, kəsif
ürəkli zənburçuların xoşuna gəlmirəm,
qoy gəlməyim! Qoy onlar bacarsınlar da min dəfə
çalışsınlar. Lakin əhalini hələ
dolayıb da aralığa bakılı-qarabağlı
fitnəsi salmasınlar. Hər nə deyəcəkləri var,
mənə desinlər. Bu bir ciddi təklifdir". Bu
söhbətlər elə bir vaxtda gedirdi ki, Bakıda hər
şey erməni, rus və digər millətlərin
əlində cəmləşmişdi. Belə olan halda
bəzilərini opera yazanın Azərbaycanın hansı
bölgəsindən gəldiyi qıcıqlandırırsa, bu
da bizim həqiqətlərimizdir. O dövrün
mətbuatında buna bənzər yazılar çoxdur.
Belə sərsəmləmələr sonralar sovet
dönəmlərində də onu müşayiət edirdi.
1924-cü il "Kommunist" qəzeti: "Üzeyir
Azərbaycan opera və operettalarının yaxşı
olmasından bəhs edir. Bu məncə, artıq bir işdir.
Üzeyir Hacıbəylinin öz əsərlərini sevdiyini
hamı bilir. Daha Gürcüstan, Ermənistanda
yüzlərcə dəfə oynanıldıqdan sonra
Rusiyanı, Türkiyəni, İranı, Fransanı,
Amerikanı, İspaniya, İtaliya və Misiri
müvəffəqiyyətlə dolanıb gəzən
"Arşın mal alan" ilə xalqı qorxutmağa
nə hacət? Ancaq burada yavaşca Üzeyirin
qulağına bunu pıçıldamaq istəyirəm ki, o
yerlərdə "Arşın mal alan"ın
oynanmağına səbəb onun yüksək musiqiyə
və dərin mənaya malik olması deyil,
qeyri-millətlərin Türk aləmi ilə və
ələlxüsus Şərq musiqisiylə
maraqlanmasıdır. Qərbdə bizim
mədəniyyətimizlə və
ədəbiyyatımızla bizdən artıq
maraqlanırlar". Bunlar da 24-cü ildə yazılanlar. Ancaq
o zamanlar Hacıbəyov artıq bunlara cavab verə bilmirdi.
Çünki bəy idi. Çünki müsavatçı
idi. Çünki qardaşı Fransada mühacirətdə
idi. Çünki, çünki, çünki... Amma bir fakt
da var. Bu fikirləri yazanı 37-ci ildə bolşeviklər
güllələdilər. Hər şeyə rəğmən
O, birinciydi. Birinci olmağın
ağırlığı, məsuliyyəti ilə
Şərqdə ilk demokratik respublikanın himninin
müəllifi oldu. Şərqdə ilk Konservatoriyanın
qurucusu oldu. Şərqdə ilk qadın müğənnini
səhnəyə çıxartdı. Bu çirkab
axıntısının içində, bu vurhavurda kiminsə
yadına düşürsə ki, sentyabr ayında Üzeyir
bəyin ad günüdür, buna da çox
şükür! Hər birimizin içindən keçən
bir yol var - Vətən yolu. Biz bu yolu birincilərin
açdığı cığırla gedirik. Eolumuzu azanda,
yolumuzdan çıxanda, dönüb arxaya baxsaq, bizə yol
açan birinciləri görürük. Dövrana
işıq salan İnsanları... lll Susuzluqdan dilimiz,
dodağımız çatladı. Eandıq,
pörşələndik. Bir leysan yağdır, Allahım! Nuh
tufanından betər olsun!
525-ci qəzet.-2007.- 15 sentyabr.- S.13.