Üzeyir Hacıbəyovun
ev-muzeyinin yeni korpusunun açılışı
olmuşdur
Sentyabrın 18-də görkəmli
Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəyovun
ev-muzeyinin yeni korpusunun açılışı
olmuşdur.
Açılış mərasimində çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev demişdir ki, dahi bəstəkarın ev-muzeyi vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
açılmışdı. Bu gün isə
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına müvafiq
olaraq muzeyin yeni korpusu açılır. Nazir yeni korpusun tikintisini
Üzeyir Hacıbəyovun
ad gününə qədər başa çatdırmaq üçün
səylə çalışdıqlarına
görə "Altıncı
mərtəbə" şirkətinin
inşaatçılarına təşəkkürünü bildirmişdir.
Ə. Qarayev demişdir:
Bu gün Azərbaycan mədəniyyətini
Üzeyir Hacıbəyovsuz
təsəvvür etmək
çətindir. Biz hər gün onun musiqisi ilə
yaşayırıq. Lakin
onun sənətini xaricdə də təbliğ etmək zəruridir. Bu işlə alimlər, tədqiqatçılar, musiqiçilər
məşğul olmalıdır.
Bu dahi bəstəkarın
bütün dünyada
daha yaxşı tanınması üçün
lazım olan hər şeyi etməliyik.
Gələn il sanballı elmi-tədqiqat konfransının
keçirilməsi planlaşdırıldığını
deyən Ə.Qarayev əmin olduğunu bildirmişdir ki, muzeyin yeni
korpusunun açılması,
burada elmi-tədqiqat mərkəzinin
yerləşməsi həmin
foruma daha yaxşı hazırlaşmağa
imkan verəcəkdir.
Nazir mərasimin bütün iştirakçılarını
Milli Musiqi Günü və muzeyin yeni korpusunun
açılışı münasibətilə təbrik
etmişdir.
Respublika Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı
Anar çıxışında
demişdir ki, Üzeyir Hacıbəyov öz yaradıcılığında
Azərbaycan xalqına
xas olan bütün keyfiyyətləri
əks etdirmişdir. Belə ki, "Leyli və Məcnun"
operası bu xalqın sevgi iztirablarını, "Koroğlu"
qəhrəmanlığını, "Arşın mal alan" hazırcavablığını
və həyatsevərliyini
tərənnüm edir.
Buna görə də Azərbaycan xalqı yaşadıqca Üzeyir Hacıbəyovun
musiqisi də yaşayacaqdır.
Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə, ev-muzeyin direktoru Sərdar Fərəcov Üzeyir Hacıbəyovun yaradıcılığının
öyrənilməsi üçün
müvafiq şərait
yaradılmasına kömək
edənlərin hamısına
təşəkkürlərini bildirmiş, mərasim iştirakçılarını Milli Musiqi Günü münasibətilə
təbrik etmişlər.
Sonra qırmızı
lent kəsilmiş və mərasim iştirakçıları dahi
Üzeyir Hacıbəyovun
musiqisinin sədaları
altında yeni korpusa tamaşa etmişlər.
Azərbaycan.-2007.-19
sentyabr.-S.6.