İbrahimova S.

 

Bizdə yaşlı sənətçilərə ağız büzürlər

 

Özünü dünya ulduzları ilə müqayisə edən Cavan Zeynallı

layiqli yerini almadığından şikayət edir

 

"Srace" telekanalında "Nostalyi" adlı verilişə aparıcılıq edənCavan Zeynallı bu şansı yetərincə qiymətləndirdiyini söylədi. O bildirdi ki, kliplərinin yayımlanmadığı halda tamaşaçıları onu sözügedən kanalda izləyə bilirlər. Kliplərinin nadir hallarda efirdə yayımlandığını deyən cazmen bunun səbəblərindən danışdı: "Mən toy müğənnisi deyiləm ki, kommersiya üsulu ilə kliplərimi efirə verim. Düşünürəm ki, canlı korifeylərimiz olan Flora Kərimova, Natəvan Şeyxova, İlhamə Quliyeva, Nisə Qasımova, Yalçın Rzazadə, Elmira Rəhimova başqa bu kimi sənətçilər kommersiya üsulu ilə efirə klip verməməlidirlər. Onlar artıq illərdir səhnədə külüng döyürlər yaradıcılıqları ilə şöhrət qazanıblar".

Unudulmaqdan qorxmadığını deyən sənətçi özünü dünya musiqilərindən, korifey dünya musiqisindən xəbəri olan, onların repertuarından mahnılar ifa edən peşəkar ifaçı hesab edir: "Yaxşı bilirəm ki, müğənninin səhnə stayı, yaşı qədər çoxdursa, onun fasiləsiz yaradıcılığı varsa, həmişə qonorarı da, hörməti çox olub. O, dövlət tərəfindən qayğı görüb, maddi imkanı da yaxşı olub. Azərbaycanda isə müğənni qədər yaşlıdırsa, stayı qədər çoxdursa, onun qonorarı hamıdan az olur. Bu, absurddur. Amerikanın korifey, nəhəng müğənnisi Frenk Sinatra 80 yaşında səhnəyə çıxanda bütün zal ayağa qalxıb onu alqışlayırdı. Onun yaradıcılığına, sənətinə hörmət itməmişdi. Bizdə isə yaşlı sənətçilər səhnəyə çıxanda bəzən ağız büzürlər. Düşünmürlər ki, həmin o yaşlı sənətçi bütün həyatını sənətə qurban verib. Lakin əvəzində qazanıb? Sahəsi 17 kv.metrdən ibarət bir otaqlı mənzildə yaşayıram. Amma 42 ildir fasiləsiz olaraq səhnədəyəm. Hələ bu günə kimi aidiyyəti olan təşkilatlar maraqlanmayıblar ki, necə yaşayıram. "Qaya" qrupu dağılandan sonra neçə illərdir yazıb-yaradan Cavan Zeynallının evi varmı? Ailəsini necə dolandırır? Atamdan qalan 1 otaqlı evdən başqa heç nəyimyoxdur. Ona görə ki, mən heç vaxt qapı döyməmişəm, heç kimə xahiş edib yalvarmamışam, qürurumu sındırmamışam. Lakin çoxları elə bilir ki, mağazalarım, bağım, villam var. İnanın ki, evimə qonaq dəvət etməyə belə utanıram. O qonaq düşünməyəcəkmi, Cavna Zeynallının hörməti budurmu?". "Həyatda ən təhlükəli insanların laqeydliyidir" deyən cazmen bu cür hallarla az qarşılaşmadığını etiraf edir. Ötən il Əməkdar incəsənət xadimi adı alanda çox sevinsə , göz yaşlarını tuta bilməyib. O düşünür ki, bu ad ona çoxdan verilməli idi: "Təsəvvür edin, 42 il səhnədə can qoyaninsan 61 yaşında Əməkdar incəsənət xadimi adına layiq görüldü".

Amma bu yaşda Cavan Zeynallı özünü gümrah hiss edir. O, vəziyyətinin 80 yaşında da dəyişməyəcəyinə ümidlidir. Deyir ki, içində paxıllıq, kin-küdurət yoxdur. Lakin cazmen bəzən zərərsiz yalanların da olduğunu etiraf etdi. O, bunu məcburiyyət qarşısında qaldığı üçün danışdığını söyləyir. Bir vaxtlar rəqiblərinin onu toy bazarına çıxmasına imkan

vermədiyini söyləyən C.Zeynallıdan indi vəziyyətin necə olduğu ilə maraqlandıq: "O vaxt yaxşı edib bu cür addım atıblar. Toyda oxumaq mənlik deyil. Yalnız dostlarımın, qohumlarımın el şənliyinə gedirəm təmənnasız oxuyuram".

Keçmiş "Qaya" qrupu ilə dostluğunun davam edib-etmədiyi barədə xəbər aldıqda cazmen bunları söylədi: "Çox nadir hallarda məclislərdə görüşürük. Hərə ailəsinə bir qarın çörək pulu qazanmaqla məşğuldur. Eyni ilə mən. Bu günə mənə yaxın olan sirdaşım həyat yoldaşımdır. Onu gec tapmışam mənə həmişə dayaq olur. Ən çətin günlərimi onunla paylaşmışam. Bəlkə onun yerinə başqa insan olsaydı, məni yolun yarısında tək qoyardı. Amma o, bunu etmədi, etməyəcək , mən buna əminəm".

 

Kaspi.- 2007.- 27 sentyabr.- S.17.