Qayanı dünya tanıyırdı

 

Ötən əsrin altmışıncı illərində A.Zeynallı adına Musiqi Məktəbində təhsil alan Teymur Mirzəyev, Arif Hacıyev, Rauf Babayev, Lev Yelisovetski şirin səsləri, xoş avazları, orijinal ifaları ilə eşidənləri, görənləri, xüsusən, müəllimlərini valeh edərdilər. Sonralar tale elə gətirdi ki, onlar Konservatoriyada da birgə oxudular. Rauf simfonik orkestrdə zərb alətlərinin ifaçısı, Arif Teymur xor dirijoru, Lev isə nəzəriyyəçi ixtisası üzrə təhsil alırdılar. Görkəmli bəstəkarlar Qara Qarayevdən, Rauf Hacıyevdən, Cahangir Cahangirovdan, maestro Niyazidən daim qayğı görər, bilmədiklərini ustad sənətkarlardan öyrənərdilər.
Unudulmaz bəstəkar Rauf Hacıyev lirik, kövrək mahnılar, sanballı sənət nümunələri yaratmaqla yanaşı, həm alicənab, yetirmələrinin hər birinin qədrini bilən, gələcəyini düşünən insan idi. O, həmin gənclərlə görüşüb, onların Azərbaycan Dövlət Estrada Orkestrində çalışmalarına qayğı göstərmişdi. Sonralar onun diqqətini, hörmətini ehtiramla xatırlayan Teymur Mirzəyev müsahibələrinin birində demişdir: "Üzeyir bəyin ənənəsinə sadiqliyi Rauf müəllimdə gördük. Köməyi, təşəbbüsü ilə qatıldığımız orkestrlə birgə dünyanın yarıdan çox ölkələrində qastrol səfərlərində olduq. Sənətin məsuliyyətini, incəliklərini öyrəndik, səhnələrdə alqışlarla qarşılandıqca qürur hissi keçirdik. Ürəyimizdə isə Rauf müəllimə minnətdarlıq duyğuları oyanardı. O, gələcək taleyimizi düşünər, var gücü ilə bizi xoşbəxt sabahlara həvəsləndirərdi".
Keçmiş günlərin xoş xatirələrini yad etmək müsbət emosiya yaradır. Qarşılarına çıxan maneələrə baxmayaraq populyar olan gənclərin təşəbbüsü ilə "Qaya" yarandı. Kollektiv qısa müddətdə məşhurlaşdı. Moskvada, Leninqradda, Fransanın ayrı-ayrı şəhərlərində istedadlı vokolistlərin konsertlərinə çoxlu tamaşaçı gələrdi. O illərdə qazandıqları şöhrət barədə "dördlüyün" üzvlərindən biri Rauf Babayev həvəslə danışdı:
- Xeyli vaxt idi ki, birgə çalışır, rəngarəng proqramlarla çıxışlar edirdik. 1962-ci ildən "Qaya" adı ilə tanındıq. Bu qənaətə ona görə gəldik ki, külək dəniz sahilindəki qayalara çırpınanda elə əks-səda verir, sanki həzin, kövrək, bəzən zəhmli musiqi səslənir. Aylarla məşqlər etdik. Görkəmli sənət xadimlərimizlə yanaşı, həm xarici ölkə mütəxəssislərindən məsləhətlər alar, qayğı görərdik. Alla Puqaçovanın, İosif Kobzonun, Mark Razovskinin, Yuli Qusmanın "Qaya"ya yardımçı olmaları tarixə yazılıb. Fəaliyyətə başladığımız ilk ildə dünyanın 40-dan çox ölkəsində olduq. Dilindən, dinindən asılı olmayaraq tamaşaçılar bizi səmimi, doğmaları kimi qarşılayar, hörmətlə yola salardılar. 1988-ci ildə respublikamızda yaranan qeyri-sabitlik "Qaya"dan da təsirsiz ötüşmədi. İllərlə can qoyub, min bir əziyyətə qatlaşıb kollektiv yaratmışdıq, şöhrət qazanmışdıq, heyif, dağıldı. Ariflə mən Bakıda qaldıq, Lev Amerikaya, Teymur isə İsrailə getdi. Son aqibətlərindən xəbər tuta bilmirəmE
19 ildir ki, "Qaya" Estrada Simfonik Dövlət Ansanblının adı var, özü yoxdur.
Kollektivdən xoş xatirələr, bir zövq oxşayan, könülaçan lent yadigarları qalıb. Onlar Dövlət Film Fondunda, Azərbaycan televiziyasının filmotekasında qiymətli sərvət kimi qorunub, mühafizə edilir. Kollektivin yaranmasının 45 illik yubileyi ərəfəsində "Qaya"sevərlər təskinlik tapırlar ki, müxtəlif vaxtlarda lentə alınmış həmin təsvirləri televiziya ekranlarında görə bilirlər.

 

Azərbaycan.-2007.- 25 sentyabr.-S.8.