Rüstəm Z.

 

Müasir dövrün Vaqif Mustafazadəsi

 

Şahin Növrəsli: "Piano arxasında özümü müqəddəs yerdə hiss edirəm"

 

Müsahibimiz məşhur piano ifaçısıdır. Ötən ay Bakıya Beynəlxalq Caz Festivalının Qran-prisi ilə qayıdan Şahin Növrəsli 29 yaşında adını Azərbaycan cazının tarixinə qızıl hərflərlə yazdırıb. O, bəstələdiyi caz kompozisiyaları, royaldakı ecazkar ifası ilə əcnəbi tamaşaçıları da ovsunlamaqda davam edir.
Xatırladaq ki, Bülbül adına musiqi məktəbinin, Bakı Musiqi Akademiyasının məzunu olan cazmenin ilk uğuru 11 yaşına təsadüf edib. Dövlət Filarmoniyasında Faiq Mustafayevin rəhbərlik etdiyi simfonik orkestrlə Azər Rzayevin konsertini ifa edən azyaşlı ifaçı 1999-cu ildə "Sevda şəlaləsi" kompozisiyası ilə caz dünyasında özünü təsdiqləyə bilib. Onun bir çox xalq mahnılarını caz üslubunda interpretasiyasının da musiqidə xüsusi yeri var:
"Özümü xatırlayandan caza bağlanmışam. Yadımdadır, ilk dəfə cazı 5 yaşında ifa etmişdim. Valideynlərim çox sevinirdilər. Uğurlarımı kiçik barmaqlarımın hərəkətindən səslənən ağ-qara dillərdən görməyə başlayıblar. Onlar bu yolda mənə böyük dəstək olublar. Daha sonra həmin ifa ABŞ, İtaliya, Rusiya, Hollandiya dünyanın bir çox səhnələrindən eşidilməyə başladı. Hər dəfə piano arxasında oturanda özümü müqəddəs yerdə hiss edirəm. Kədərimi , sevincimi onunla bölüşürəm. Musiqiyə bağlanandan bəri sirrimi daha çox qarşımdakı alət bilib. Bəlkə bu, sizə qəribə görünər. Kiməsə sirr verib, kiminsə arxasınca danışmıram. Royal mənim ən yaxın dostumdur. Qardaşlarım da özləri haqqında belə düşünürlər. Ailədə 4 qardaşıq, hərəmiz musiqinin müxtəlif sahələrində çalışır bir-birimizə dəstək oluruq".
Cazmenin məlumatına görə, musiqiyə həvəs onun ulu babası Mirzə Ələsgər Növrəsdən qaynaqlanıb. O, şair olub Xurşudbanu Natəvanın məclislərində şeir söyləyib. Musiqini çox sevər ailə çərçivəsində kiçik konsertlər verərmiş: "Sonra bu həvəs atama keçib. Anam da onu meydanda tək qoymurdu. Gözəl səsi olub. Valideynlərim arzuladıqları sənəti bizdə tapıblar. Məndən balaca qardaşım Tərlan peşəkar musiqiçi olmasa da, arabir oxuyur. Arslan Bakı Musiqi Akademiyasında təhsil alıb, istedadlı tarzəndir. Nurlan da bu il Musiqi Akademiyasının vokal şöbəsini bitirdi. Onu da səhnədən tanıyırsınız".
Cazmenin etirafına görə, neçə illər öncə caz ifaçılarının çalışmağa məkanı olmayıb. Kiçik məkanlarda çıxış edən Şahin Növrəsli sənətin bu növünə marağın əvvəlki illərdə ürəkaçan olmadığını söylədi. Amma Ş.Növrəsli bu maneələrin artıq geridə qaldığını deyir: "Bakı Caz Mərkəzi açılandan sonra imkanlarımız artdı. Bundan başqa, son illər caz festivalları, gənc musiqiçilər üçün müsabiqələr keçirilir. Televiziyada caz konsertlərinə efir vaxtı ayrılır, mətbuat bizi işıqlandırır. Bütün bunlar son illərə təsadüf edir".
"Müasir dövrün Vaqif Mustafazadəsi" adlandırılan Şahin Növrəsli bu adı qazanmaqdan ötrü çox əziyyətlərə qatlaşdığını da etiraf edir.
Ailədə ilk olaraq Musiqi Akademiyasına daxil olan Ş.Növrəsli hələ o illərdən özünü təsdiq etmək üçün gecəli-gündüzlü çalışdığını söyləyir. Həmin illərdə maddi sıxıntılar keçirən cazmenə təkliflər çox olsa da, təşkilatçılar maddi maraq güdürdülər. Onun fikrincə, belə insanların mövcudluğu üzündən çox vaxt pislə yaxşının yeri səhv düşür. O söyləyir ki, o vaxt pul tapıb kompozisiyalar yaza, disk buraxdıra bilsəydi, ifası xaricdə daha da tez eşidilərdi: "Əgər problemlərlə üzləşməsəydim, artıq 19-20 yaşımda musiqimizi xaricdə təmsil edə bilərdim. İlk dəfə İtaliyada konsert verəndə 25 yaşım var idi. Amma ona qədər Azərbaycanda çıxış edə bilmirdim. Daha doğrusu, çıxışım üçün imkan yaradılmırdı. İtaliya konsertindən sonra tilsimlər qırıldı. Bir neçə aydan sonra burada möhtəşəm konsertim keçirildi. Baxmayaraq ki, əvvəlki caz festivallarına dəvət almırdım, bu konsert üzümə bir çox qapıları açdı. Amma ruhdan düşməmişəm, insandakı acizliyi sevmirəm".
Əcnəbi azərbaycanlı tamaşaçı arasında böyük fərq görmədiyini deyən cazmenin fikrincə, sanballı musiqi hər yerdə eyni ahəngdə dinlənilir. O, fərqi yalnız amerikalı dinləyicilərdə gördüyünü deyir. Bu da ondan irəli gəlir ki, Amerika cazın vətənidir. Onları təəccübləndirmək üçün daim axtarışda olduğunu, sintezlər etdiyini bildirən Ş.Növrəsli təəssüflə deyir ki, bəzi təşkilatçılar, yaxud dinləyicilər cazda şou axtarmağa çalışırlar: "Hər cür təkliflər alıram. Amma bunların əksəriyyətini dəyərləndirməməyə çalışıram. Çünki caz sanballı şounun əhatəsində səsləndirilməlidir. Müasir dövrün caz ifaçıları çox həssasdırlar. Biz istəmirik ki, sənətimizə hər hansı formada xələl gətirilsin. Çünki indiki zəmanədə heç nəyə çərçivə yoxdur. İnsanları pul gücünə özünə ram edən şəxslər var. Düşünürlər ki, böyük sənətkarı istədiyi məkanda oxutdurmaq üçün pulu kifayət qədərdir. Dəyərlər getdikcə aşağı düşür. Bunları heç cür qəbul edə bilmirəm".
Şahin Növrəsli "əcnəbiləri yalnız muğamla, bir cazla təəccübləndirmək olar" deyir. O hesab edir ki, dövrün estradası yalnız insanları əyləndirməyə xidmət edir. Belə estrada ilə böyük səhnələri fəth etmək mümkün deyil: "Televizoru açarkən mexaniki olaraq xarici kanalları axtarıram. Yerli kanallara xüsusi proqramlar olanda baxıram. Efirdə daha çox primitiv çıxışlara yer ayrılır. Eyni zamanda seriallar insanın psixologiyasına həddən ziyadə təsir edir. Mən bu qədər serialın nümayişinin əleyhinəyəm. Gənclər yüngül məşğuliyyətdənsə, bir yerə yığışıb ölkəyə xeyir verəcək işlər barədə düşünməlidirlər. Bu, öncə özlərinin xeyrinə olacaq".
Cazmen xatırladır ki, bir müddət əvvəl əcnəbi musiqiçi dostları ilə trio yaratmışdı. Onlarla çıxışı zamanı bir çox musiqiçilərin etirazını eşidirmiş. "Amma musiqiçi dostlarımı seçərkən, onların kimliyi barədə qətiyyən düşünməmişəm. Ya yerli olsun, yaxud da amerikalı. Amerikalı Hatan Pek (bas gitara) Elisson Miller (zərb alətləri) mənim ifamı daha yaxşı hiss etdikləri üçün onlarla işləməyə qərar verdim. Böyük işlər gördük. Bir məsələni qeyd edim ki, Azərbaycanda musiqi aləti ifaçısına hörmət ürəkaçan deyil. Halbuki, onların musiqidə zəhmətləri çox böyükdür. Onlarda olan bilik savadsız, not bilməyən müğənnilərin heç birində yoxdur. Amma nədənsə ictimaiyyət həmin müğənnilər barədə informasiyaya daha çox ehtiyac görür, nəinki peşəkar musiqiçilər barədə. Əvvəllər xaricdə çıxışımı tək-tük hallarda mətbuat işıqlandırırdı. Buna onların özünün marağının yaranmasını istəmişəm. Caz festivallarında həmin marağı mətbuat televiziya nümayəndələrində görə bildim", - deyə cazmen yekunda bildirdi.

 

Ayna.-2007.-1 sentyabr.-S.19.