Kəbutər

Milli teatrımızın 135-ci baharı

Əliqismət Lalayev: Göstəricilərimiz uğurlarımızdan xəbər verir

Gələn il 135-ci ildönümü qeyd ediləcək milli teatrımızın yeni mövsümünün açılış mərasimini sentyabrın 14-də bayram şənliyinə çevirmək qərara alınıb. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Bakıda yubiley mövsümünün açılış mərasimi Akademik Milli Dram Teatrının qarşısında keçiriləcək, paytaxtda fəaliyyət göstərən 11 teatrın kollektivi bu möhtəşəm teatr karnavalına toplaşacaq. Şəhər sakinləri və teatrsevərlər isə bilavasitə bayram iştirakçılarına çevriləcəklər. Teatr bayramı ərəfəsində Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq namizədi Əliqismət Lalayevin fikirlərini oxucularımıza çatdırırıq.

- Respublika Prezidentinin “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncamından sonra nə kimi işlər görülüb?

- Mədəniyyətimizin inkişafında xüsusi xidmətləri olan, incəsənətimizi ölkə daxilində və xaricdə ləyaqətlə təmsil edən yaradıcı işçilərə, o cümlədən, teatr sahəsində çalışanlara dövlət tərəfindən hər zaman xüsusi qayğı göstərilir. Öz yaradıcılığı ilə diqqəti cəlb edən sənət ustalarına Azərbaycan Respublikasının fəxri adları, bir illik Prezident mükafatları və ömürlük Prezident təqaüdləri verilir, onların əməyi ölkənin ən yüksək mükafatlarına - ordenlərə layiq görülür.

Bu qayğının daha böyük təzahürü odur ki, Respublika Prezidenti bu ilin fevralında “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalamışdır. Sərəncamda xalqımızın ictimai-siyasi həyatında, mədəniyyətimizin inkişafında böyük rol oynayan və dolğun fəaliyyəti ilə milli sərvətə çevrilən Azərbaycan teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq potensialının inkişaf etdirilməsi, teatr sahəsində çalışan istedadlı gənc nəslin xarici ölkələrdə təhsilinin yaxşılaşdırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsi, habelə “Azərbaycan teatrı 2008-2018-ci illərdə” Dövlət Proqramının hazırlanması qərara alınıb.

Həmin Sərəncama uyğun olaraq Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Kukla Teatrı və Dövlət Rus Dram Teatrı əsaslı təmirə dayandırılmışdır. Başqa şəhər teatrlarında, bölgələrdə yerləşən teatrlarda da təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

Gələcək 10 il üçün inkişaf perspektivlərini müəyyənləşdirən “Azərbaycan teatrı 2008-2018-ci illərdə” Dövlət Proqramı milli teatrın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standarlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və günün tələblərinə uyğun repertuarın formalaşması məqsədlərinə xidmət edəcək. Teatrlarımızın yeniliyə doğru dəyişməsi istiqamətində geniş perspektivlər olacaq. Onu da deyim ki, milli mədəniyyətimizin inkişafında, insanlarda vətənpərvərlik duyğularının, yüksək əxlaqi keyfiyyətlərin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan teatrı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə böyük töhfələr bəxş edib.

- Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən teatrların vəziyyəti sizi qane edirmi?

- Bu sistemdə 28 dövlət teatrı fəaliyyət göstərir. Janrlar üzrə respublikada 1 Opera və Balet, 1 Musiqili Komediya, 15 Dram, 3 Musiqili Dram, 1 Gənc Tamaşaçılar, 5 Kukla, 1 Poeziya və 1 Pantomim teatrı var.

Ümumi teatr prosesini sabitləşdirmək, şəbəkənin müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi hazırkı dövrdə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından hərtərəfli istifadə etməyə səy göstərir. Təkcə son 6 ayın yekunları teatrlarımızın nə qədər səmərəli fəaliyyət göstərdiyindən xəbər verir.

Teatr sənətinin müxtəlif janrları üzrə yüksək bədii dəyərli tamaşaların hazırlanması, habelə istedadlı gənclərin üzə çıxarılması, onların bədii yaradıcılıq axtarışlarının dəstəklənməsi, yaradıcı potensialın aşkarlanması məqsədilə nazirlik hələ ötən ildən yeni layihəyə başlayıb. Bu layihəyə əsasən gənc rejissorlara Bakıda və bölgə teatrlarında tamaşaların hazırlanması həvalə edilib. Estoniyanın Vilyandi şəhərinin “Uqala” Teatrında Kamal Abdullanın “Kim dedi ki, Simurq quşu var imiş?” əsərinin tamaşasının hazırlanması üçün “Yuğ” Dövlət Teatrının rejissoru Gümrah Ömərov Estoniyaya ezam edilib.

Elə həmin layihənin məntiqli davamı kimi bu ilin martında Azərbaycan Teatr Xadimləri İttifaqı ilə birgə gənc rejissorların “Yeni Teatr” Respublika Festivalı təşkil edilib. 15 gənc rejissorun qatıldığı sənət sınağı və yaradıcılıq imtahanı olan bu festival müasir teatr sənətinin real mənzərəsini yaradıb. “Yeni Teatr” Festivalı rejissorluq sənəti ilə məşğul olan istedadlı gənclərin üzə çıxarılması yolunda mühüm hadisəyə çevrilib.

Son illər yaradıcı gənclərin xaricdə təhsil almaq və stajkeçmə imkanları yaranıb və Mədəniyyət və Turizm Nazirliyində ilk dəfə olaraq bu iş uğurla tətbiq olunub. İstedadlı gənclər yaradıcılığını dəstəkləmək, ifaçılıq sahəsində qabaqcıl ölkələrin təcrübəsindən istifadə etmək və gənc kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə opera səhnəsində ümidverən gənclər Moskvaya dünya şöhrətli Qalina Vişnevskayanın Opera İfaçılıq Mərkəzində təcrübə keçməyə göndərilib. Bakı Musiqi Akademiyasının magistri Regina Rüstəmovanın Sankt-Peterburqun Mariin Teatrının Gənc Solistlər Akademiyasında təcrübə keçməsi üçün Nazirlik tərəfindən müvafiq şərait yaradılıb. Bu günlərdə gənc teatr rəssamı Umay Həsənova Almaniyanın Düsseldorf şəhərinə təcrübə keçməyə göndəriləcək.

- Ötən illər ərzində Azərbaycan teatrı beynəlxalq aləmdə də özünü tanıtmağa çalışıb.

- Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Türkiyənin Trabzon şəhərində keçirilmiş Qaradəniz Dövlətlərinin VIII Beynəlxalq Teatr Festivalında iştirak edib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Riqoletto” operasının hazırlanması, habelə yeni quruluşlar barədə danışıqların aparılması ilə əlaqədar Ukraynanın Əməkdar İncəsənət Xadimi, görkəmli rejissor Valentina Reka Bakıya dəvət olunub. Tamaşaya Almaniyanın tanınmış sənətçisi Korneliya fon Kerssenbrok dirijorluq edib.

Dövlət Gənc Tamaşaçılar Teatrı Türkiyədə Beynəlxalq Cocuq Bayramına qatılıb.

Rusiya Federasiyası Prezidentinin himayədarlığı, habelə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin, Rusiya Teatr Xadimləri İttifaqının və Moskva Vilayəti Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılmış “Xarici ölkələrdə fəaliyyət göstərən rus teatrlarına kömək” Mərkəzinin təşəbbüsü ilə bu il iyunun 1-dən 24-dək Serpuxov şəhərində yay teatr məktəbi keçirilib. Ölkəmizdə 2007-ci ilin “Gənclər İli” elan edildiyini nəzərə alaraq, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları bu layihədə iştirak etmək üçün göndərilib.

Pakistanda keçirilən IV Beynəlxalq Mustik Sufi Musiqi Festivalında “Yuğ” Dövlət Teatrının nəzdindəki “Savalan” qrupu Azərbaycanı uğurla təmsil edib.

Azərbaycan Respublikası ilə Gürcüstan arasında mədəni əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə Xalq Artisti, Prezident təqaüdçüsü, professor Amaliya Pənahovanın rəhbərliyi ilə Bakı Bələdiyyə Teatrı Gürcüstana qastrol səfərində olmuş və K.Marcanişvili adına Gürcüstan Dövlət Dram Teatrında, habelə azərbaycanlılar yaşayan bölgələrdə çıxış edib.

Xalq Artisti, Prezident təqaüdçüsü, professor Cənnət Səlimovanın rəhbərlik etdiyi Kamera Teatrı Moskva, Staraya Russa şəhərlərində, İranda keçirilən müxtəlif beynəlxalq festivallara qatılıb.

Azərbaycan Dövlət Pantomima Teatrı Finlandiyanın İmatra şəhərinin “Black and White” Kukla Teatrı tərəfindən təşkil edilən Beynəlxalq Festivalda, Moskvada Azərbaycan Mədəniyyət Günləri çərçivəsində “Luna” Moskva Dövlət Teatrının səhnəsində çıxış edib.

Bakıdan kənarda fəaliyyət göstərən teatrların paytaxta qastrolları da artıq ənənə şəklini alıb. Rusiyada fəaliyyət göstərən yeganə Azərbaycan teatrı olan Dərbənd Dövlət Dram Teatrının bu il Bakıya qastrol səfəri təşkil edilib.

H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı iyun ayında Akademik Milli Dram Teatrının səhnəsində C.Qolsuorsinin “Birincilər və sonuncular” və Ə.Əmirlinin “Varlı qadın” tamaşalarını göstərib.

Teatrlarımızda hər il Dövlət sifarişi yolu ilə 50-dən çox yeni tamaşa hazırlanır.

Ötən 6 ay ərzində respublikanın teatr müəssisələrində tamaşaya qoyulan yeni əsərlər öz rəngarəngliyi ilə daha çox diqqəti cəlb edir.

- Uğurlardan nə qədər danışsaq da, problemlər də var.

- Təbii. Tamaşaların keyfiyyəti bəzi hallarda bizi qane etmir. Teatr aləmində hadisə ola biləcək tamaşalar arzusundayıq. Sənət adamlarının sosial problemləri müəyyən çətinliklər yaradır.

Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində hazırda 4 Dövlət teatrı öz işini məcburi köçkünlük şəraitində davam etdirir. Bunlar dünyada analoqu olmayan qaçqın teatrlardır. Mədəni dəyərlərimiz arasında tarixi nöqteyi-nəzərdən müstəsna yeri ilə fərqlənən, Qərbi Azərbaycan torpaqlarının yadigarı olan və Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 125 illik yubiley təntənələrinə hazırlaşan İrəvan Azərbaycan Teatrı və Qarabağın füsunkarlığını öz adında yaşadan Şuşa teatrı Bakıda, Füzuli teatrı Horadizdə, Ağdam teatrı isə Quzanlıda fəaliyyət göstərir. Yaxşı məlumdur ki, qaçqın teatrlara ciddi maddi ziyan dəyib, onların əmlakı, səhnə dekorasiyaları, rekviziti döyüş bölgələrində qalıb, binaları talan edilərək dağıdılıb. Burada çalışanlar demək olar ki, hər bir şeylərini itiriblər. Lakin bu teatrların əməkdaşları yenə də əzmkarlıqla çalışır, cəbhə bölgələrində əsgərlər arasında olur, tamaşalar göstərir, daimi iş yerlərinə dönəcəkləri günü ümidlə və səbirsizliklə gözləyirlər.

Naxçıvan Muxtar Respublikasında uzunmüddətli blokada və Qazax rayonunda döyüş bölgəsi şəraitində fəaliyyətini davam etdirən teatr müəssisələrimiz də ciddi çətinliklərə məruz qalıb. Ümumiyyətlə, hərbi durumun teatr işinin inkişafına vurduğu zərbə incəsənətin digər sahələrində olduğundan daha çoxdur. Lakin bütün bunlara baxmayaraq, Mədəniyyət və Turizm Nazirliyi hazırkı mürəkkəb şəraitdə dövlət teatrları üçün sabit iş rejimini təmin etmək, onların repertuarını günümüzlə səsləşən, professional səviyyəli əsərlərlə zənginləşdirmək məqsədi ilə ciddi repertuar tərtibinə köməyini əsirgəmir. Bu teatrların təqdimatı və təklifi ilə hər il yeni müəlliflərin əsərləri alınır, xarici dramaturqların pyesləri teatrların sifarişi ilə Azərbaycan dilinə tərcümə olunur, məqsədli Dövlət sifarişi ilə tamaşalar hazırlanır.

- Teatr işçiləri qastrolların qıtlığından şikayətlənirlər.

- Ölkə teatrlarının qastrol səfərləri əsasən respublika daxilində formalaşır. Lakin mədəni əməkdaşlıq haqqında dövlətlərarası sazişlərə uyğun olaraq teatrlarımız Türkiyədə, Rusiyada, İranda, Gürcüstanda, Estoniyada, Bolqarıstanda, Pakistanda, Misirdə, Hollandiyada, Fransada, Avstriyada, Finlandiyada, Ukraynada, Qırğızıstanda, Başqırdıstanda keçirilən müxtəlif festivallarda uğurla iştirak edirlər. O şikayətlər dövrü də artıq bitib.

Sonda onu deyim ki, yaş çox, təcrübə böyükdür. Biz isə bu yaşlı və təcrübəli sənət məbədlərimizin böyük uğurlarının irəlidə olduğuna möhkəm inanırıq.

Yeni  Azərbaycan.-2007.-11 sentyabr.-S.8.