Qaliboğlu E.

 

Əsl sənət öz tamaşaçısını həmişə tapır

 

Əli Əmirli: "Sənətinin müqabilində maddi tələbatını ödəməyi bacarmayan insanlar çətin ki, böyük sənət yarada bilsinlər"

Son illər Azərbaycan teatrlarında əsərləri daha çox səhnələşdirilən dramaturqlardan biri də Əli Əmirlidir. Onunla Azərbaycan teatrının gerçək tələbləri, ədəbiyyatın bu yöndə vəzifələri barədə söhbətləşdik.

- Azərbaycan teatr mühiti ilə sıx yaradıcılıq əlaqələriniz var. Şəxsən Azərbaycan teatrının bugünkü inkişaf səviyyəsini necə dəyərləndirirsiniz?

- Demək olar, uzun müddətdir dramatik teatrların əksəriyyəti ilə yaradıcılıq əlaqələrim mövcuddur. Akademik Milli Dram Teatrı, Musiqili Komediya Teatrı, Dövlət Gənclər Teatrı, İrəvan Teatrı, Gənc Tamaşaçılar Teatrı və başqalarıyla ardıcıl yaradıcı əməkdaşlıq var. Bunların əksəriyyətində vəziyyətin necə olduğu mənə məlumdur. 90-cı illərlə müqayisədə bu gün teatrlarımızda xeyli irəliləyiş görürəm. Bu irəliləyiş ilk nöbədə tamaşaçıların ümumən teatra marağının yenidən oyanması ilə xarakterizə oluna bilər.

Tamaşa o zaman alınır ki, tamaşaçı var. Teatrın sirri-sehri də bundadır: xüsusən premyera vaxtı dramaturq, rejissor, həmçinin aktyor heyəti tamaşaçının nəfəsini hiss edir. O zaman tamaşanın uğurlu, ya uğursuz alınmasını bilmək olur.

Azərbaycan teatrına yenidən tamaşaçının üz tutması haradasa teatrın canlanması və yeni keyfiyyət qazanmasına kömək edir.

Əlbəttə, bu gün Azərbaycan teatrının müəyyən maddi, texniki problemərri var. Amma bu problemlər ilk növbədə insan faktoruna bağlıdır. Yəni yaradıcılıq yanğısı olan insanların teatrda üstünlük təşkil etdiyi vaxtda həqiqi teatr yaranır. Bu baxımdan yanaşanda hesab etmək olar ki, hazırda Azərbaycan teatrı keçid mərhələsindədir. Prezident fərmanı ilə əksər teatrlar əsaslı təmirə dayanıb. Əsaslı təmir yalnız daş-divarın rənglənməsi, təzə görünməsi demək deyil. Burada ilk növbədə texniki bazanın yenilənməsi nəzərdə tutulur. İnanıram ki, bu mərhədən sonra rejissorların, teartr kollektivlərinin daha maraqlı tamaşa yaratmaq imkanları olacaq, tetr işçilərinin əmək haqları kəskin artırılacaq. Sənətinin müqabilində maddi tələbatını ödəməyi bacarmayan insanlar çətin ki, böyük sənət yarada bilsinlər. İlk növbədə sənətkara maddi müstəqillik lazımdır. Bütün bunlar kompleks şəkildə həllini tapanda teatrda yeni bir keyfiyyət dəyişikliyi olacaq.

"İnsanın mənəvi problemləri həmişə var"

- Qarşıda teatrlarımızı istər-istəməz bu və ya digər səviyyədə dünya teatrları ilə ciddi mənəvi yarışlar gözləyir. Azərbaycan teatrlarının bu yarışa hazır olması gərəkdir. İdiyə kimi teatr öz missiyasının öhdəsindən bu və ya digər səviyyədə gəlməyə çalışıb. Amma yenə də teatr sənətindən umulan çox şeylər var.

- Mən şəxsən ideya məsələsini xüsusi qabartmazdım. Çünki mənim üçün teatr sənətdir. Vacib deyil ki, bu sənət hansısa bir ideyaya xidmət etsin. Ümumiyyətlə, hər bir əsər yazılanda məsələ konkretləşdirilir, dramatik situasiya tapılır. Situasiyanın, hadisələrin özündən ideya da doğulur.

- Mən burada ideya məsələsindən danışanda ilk növbədə insan amilini, sənətin insan dərdini nə dərəcədə yaşamasını, ifadə etməsini nəzərdə tuturam.

- Şübhəsiz ki, insanın mənəvi problemləri həmişə var. İnsanın mənəviyyatını müxtəlif yönlərdən açmaq, ya da onda yeni keyfiyyətlər aşkarlamaq; bütün bunlar hamısı təbii ki, bütövlükdə ədəbiyyatın və onun bir qolu olan dramaturgiyanın vəzifəsidir. Qaldı ki, dünya teatrları ilə yeni səviyyədə yaradıcılıq əlaqələri, inteqrasiya məsələsi; mənə elə gəlir ki, bütün bunlar indiki səviyyədə hardasa Azərbaycan teatrı üçün əlçatmaz bir şeydir. Dünya teatrlarına inteqrasiya məsələsində haradasa təşəbbüslər var. Ayrı-ayrı istedadlı kollektivlərimiz qastrol səfərlərində olur, müəyyən festivallarda iştirak edirlər. Bəzən tamaşalarımız xarici ölkələrdə bəyənilir, amma bütün bunlar inteqrasiyanın baş verməsinin göstəricisi deyil. Bunlar işartılardır, kövrək addımlardır. Hesab edirəm k, bunun üçün müəyyən zaman lazımdır. Azərbaycan teatrını mütləq Avropa teatrlarına bənzətməyə ehtiyac da yoxdur. Azərbaycan tamaşaçısı öz teatrına alışıb. 135 yaşlı teatrın artıq özünün müəyyən ənənələri yaranıb, bu ənənələri qorumaq, inkişaf etdirmək, hardasa ona keyfiyyətlər, çalarlar gətirmək vacib məsələlərdəndir.

"Yeni əsərim tamaşaya qoyulacaq"

- Şəxsən sizin üçün əsər necə yaranır?

- Burada maraqlı məqamlar var. Hər bir əsərin özünün yaranma yolu, keyfiyyəti var. Elə əsər var, görürsən, illərlə yaradıcının içində yetişir, bu mövzunun üstündə neçəsini yazırsan. Çox ciddi yanaşdığım əsərlərdən biri "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhmməd şah Qacar"dır.

Bu əsər Akademik Milli Dram Teatrında tamaşaya qoyulacaq. Artıq bu əsəri "Azərbaycan" jurnalında, həmçinin "15 pyes" kitabımda çap etdirmişəm. İlk dəfədir ki, oynanmamış əsəri çap etdirmişəm. Bu əsər mənim üçün çox əhəmiyyətlidir. Əsərin yaranması üçün çox vaxt lazım gəldi. 2005-ci ilin yayında əsəri ay yarıma yazdım. Mədəniyyət turizm nazirinin müavini Ədalət Vəliyev "Mesenat" əsərinin ideyasını verdi. O pyesi ay yarıma yazdım, bəyənilddi. Əsər tamaşaçıların marağına səbəb oldu. Göründüyü kimi hər bir əsərin yaranma prosesi var. Bu sirləri dərs dediyim Mədəniyyət İncəsənət Universitetinin tələbələrinə yeri gəldikcə öyrədirəm.

- Yeri gəlmişkən, Azərbaycan ədəbiyyatında Qacar mövzusuna az müraciət olunmayıb. Qacara münasibət bu əsərin köməyilə formalaşa biləcəkmi?

- Azərbaycan ədəbiyyatında Qacar kimi böyük şəxsə yanaşma məni o qədər qane etmirdi. Qacar birmənalı olaraq qaniçən, qəddar, heç bir insani keyfiyyətə malik olmayan şəxs kimi göstərilib. Bu, sovet ideologiyasının basqılarından yaranmışdı. Təsadüfi deyil ki, əsərin adını "Bütün deyilənlərə rəğmən" qoymuşam. Mən Qacarı olduğu kimi, tarixi məxəzlərə söykənərək bütün mənfiliklərilə yanaşı dövrünün oxumuş, imanlı bir hökmdarı kimi təsvir etmişəm. Görünməmiş bir hadisədir ki, xacə olan bir şəxs Şərqdə

hakimiyyətə gələ bilsin. Bu, Şərq adət-ənələrinə zidd olan bir şey idi. Deməli, Qacar o qədər yüksək bacarıqlı bir şəxs olub ki, özünün fiziki naqisliyinə baxmayaraq 17 il şahlıq etməyi bacarıb.

"Ciddi mövzulu əsərlərə ehtiyacı böyükdür"

- Freyd deyir ki, insanda ən güclü duyğu libidodur. Amma insanda ən güclü duyğu ağalıqdır. Bu gün ədəbiyyatımızda insan dərdinin ifadə edilməsinin yeni çalarları tapılmalıdır: görəsən bu gün insan insanın niyə bu qədər qanını içir?

- Əslində bu, xeyirlə şərin mübarizəsidir. Mənim aləmimdə bütün bunlar həyatın özü deməkdir. Bu olmasa, həyatın mənası da olmazdı. İnanıram ki, əksər hallarda xeyir, həqiqət qalib gəlir. Çünki qələbə haqqın mahiyyətindədir. Ədəbiyyat min illərdir ki, insan həqiqət problemi ilə bağlı döyüşür. İnsan təbiti etibarilə daha çox həqiqətə can atır. İnsanın mənəviyyat uğrunda mübarizəsi hesab edirəm ki, daim davam edəcək. İnsan mübarizəsinin ən gərəkli formalarından biri ədəbiyyatdır. Əslində dünyada bu ya digər dərəcədə haqq uğrunda savaş həmişə var. Çox zaman insan öz mövcud durumundan, həyatından çıxış edərək deyir ki, dünyada haqq-ədalət yoxdur, amma dünyanı ümumilikdə götürmək lazımdır.

- Ədəbiyyatın müəyyən hallarda kütlənin səviyyəsinə uyğunlaşması heç zaman bu yaradıcı sahənin boyunu ucaltmır. Di gəl ki, oxucunun, tamaşaçının təbiətən əyləncəyə meyli var. Sizcə, bugünkü Azərbaycan tamaşaçısına, oxucusuna əslində necə əsər lazımdır?

- Praktikamdan çıxış edib deyə bilərəm ki, Azərbaycan tamaşaçısı bu gün olduqca düşündürücü əsərlərə gərək duyur. Bunu tamaşaçıların halından aydınca görmək olur. Televiziyada göstərilən şou proqramlar, aşağı səviyyəli verilişlər təbii şeylərdir. Rusiya telekanallarının ən baxımlı saatlarında da əyləncəli verilişlər nümayiş etdirilir. Bütün bunlar dünya televiziyasının getdiyi yoldur. Amma həm insanların ciddi mövzulu əsərlərə ehtiyacı böyükdür. Adətən gənclik dövrünün sonuna yaxın insanların həyata münasibəti ciddiləşir. Hesab edirəm ki, əsl ciddi sənət öz tamaşaçısını həmişə tapır. Həmişə gələcəyə ciddi əsərlər qalır. Mənim tamaşaçıları əyləndirən komediyalarım da, həmçinin ciddi əsərlərim var ki, onlar insanları düşündürür.

"Ədəbiyyatda mütləq rənagarənglik olmalıdır"

- Bu gün Azərbaycan teatrlarında müxtəlif sənət cərəyanlarını özündə yaşadan əsərlər səhnələşdirilir. Hər halda yaradıcılığın çoxçeşidliyi yaxşı cəhətdir. Amma əsas odur ki, yazıçı insan dərdi ilə yaşamağı bacarsın.

- Hər hansı bir mövzuya yanaşmaq yazıçının hüququdur. Ümumən ədəbiyyatda, teatr həyatında mütləq rənagarənglik olmalıdır. Kimsə həyat hadisələrinə tam realist, hansısa yazıçı isə tam sürrialist, hətta birisi tam sosialist mövqeyindən yanaşa bilər. Bütün bunların hamısına olduqca sakit yanaşıram: əgər bunlar sözün əsl mənasında keyfiyyətli əsərdirsə, həmçinin oxucunu özünə cəlb edə bilirsə... Elə əsərlər var ki, onun oxucusu az olur, amma onların da yaşamaq hüququ var. Belə əsərlər ədəbiyyata yeni bir forma, məzmun gətirir. Elə yazıçılar var ki, mövcud ənənələrdən kənara çıxmaq istəyirlər, çıxırlar da. Belə yazıçıların əsərlərini daha çox oxumaq istəyirəm. O keyfiyyətlər ki, məndə yoxdur, başqalarında var, buna təbii sayğı ilə baxıram. Formadan asılı olmayaraq əsas məzmundur.

- Mədəniyyət İncəsənət Universitetində dərs deyirsiniz, tələbələrinizin yaradıcılıq səviyyəsindən razısınızmı?

- Bu universitetdə mən gələcək dramaturqlara, ssenaristlərə dərs deyirəm. Kifayət qədər tələbələrimiz var. Bakı Slavyan Universitetində yaradıcılıq fakultəsində dərs demək üçün dəvət etdilər, amma orada dramaturgiyanı seçən bir tələbə olduğuna görə alınmadı. Dramaturgiya elə bir yaradıcılıq sahəsidir ki, adətən bura müəyyən yaradıcılıq təcrübəsindən, yaşdan sonra gəlirlər. Çox nadir hadisələr olur ki, kimsə anadangəlmə dramaturq kimi doğulur. Məsələn, Cəfər Cabbarlı belələrindəndir. O, gəncliyindən birbaşa dramaturgiya ilə məşğul olmuşdu. Mən dramaturgiyaya 40 yaşımda gəlmişəm. Tələbələrimin içrisində istedadlıları var...

 

Xalq cəbhəsi.-2007.- 12 sentyabr.-S.14.