Qocayeva A.

 

Daim axtarışda olan aktyor

 

Müsahibimiz Bakı Bələdiyyə Teatrının (BBT) aktyoru, Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist Azad Şükürovdur.
A. Şükürov 1951-ci ildə Ağdam rayonunun Muğanlı kəndində müəllim ailəsində anadan olub. 1976-cı ildə orta məktəbi bitirərək Bakıya gəlib. Bir il Məmmədkamal Kazımovun rəhbərlik etdiyi Xalq Teatrında fəaliyyət göstərib. 1977-ci ildə İncəsənət İnstitutunun (indiki Mədəniyyət və İncəsənət Universitetinin) aktyorluq fakultəsinə, professor Rza Təhmasibin sinfinə qəbul edilib. 1981-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən A. Şükürovun təyinatı N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına verilir. 1984-cü ildə İncəsnət İnstitutuna qayıdaraq Tədris Teatrında aktyor kimi işə qəbul edilib. 1990-cı ildə səhnə danışığı kafedrasında müəllim kimi fəaliyyətə başlayan A. Şükürov sonradan beş il kafedra müdiri vəzifəsində çalışıb. Hazırda həmin kafedranın dosentidir. 1992-ci ildə Şuşa Teatrında işləyib. Xalq artisti, professor Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrı yaranandan bir il sonra, 1993-cü ildə A. Şükürov həmin teatra aktyor kimi işə qəbul edilib və taleyini həmişəlik bu teatrla bağlayaraq unudulmaz obrazlar qalereyası yaradıb.
- Azad müəllim, bugünkü səviyyəyə necə yüksəlmisiniz?
- Çox çətin, dolanbac, zəhmətlə dolu, lakin fəxarətli bir sənət yolu keçmişəm. Mənim aktyor kimi yetişməyimdə təbii ki, ilk növbədə müəllimlərimin, Lənkəran Teatrında işlədiyim yaradıcı, ədəbi mühitin, həmin bölgənin folklorunun, eyni zamanda mənə rol tapşıran rejissorların böyük təsiri olub. Bütün bunların fövqündə isə çəkdiyim zəhmət, zəhmət, yenə də zəhmət durur.
- Aktyorluq sənətində qazandığınız uğurlara görə özünüzün istedınıza, sizə bu sənətin sirlərini öyrədən müəllimlərinizə, yoxsa, sizə rol tapşıran rejissorlara minnətdarsınız?
-Əslində hər üçünə. Çünki, bunlar bir-biri ilə vəhdət təşkil edir, biri digərini tamamlayır
. Bütün sahələrdə olduğu kimi, aktyorluq sənətində də uğur qazanmaq, tamaşaçıların qəlbinə yol tapmaq üçün aktyordan böyük zəhmət və istedad tələb olunur. Tapşırılan obrazı sadəcə olaraq oynamaq yox, onu özününküləşdirib, obrazın daxili aləmi ilə yaşayıb, onu tam mənasında yaradandan sonra tamaşaçıya çatdırmaq gərəkdir. Təvazökarlıqdan uzaq olsa da, mənim belə bir formulam var; pyes müəllifin, tamaşa rejissorun, tamaşaçı isə aktyorundur. Bunu əsas götürərək tamaşaçını həmişə razı salmağa çalışmışam. Bu baxımdan tamaşaçılar qarşısında üzüm ağdır.
- Bir sənətkar kimi tamaşaçılara demək istədiyinizi indiyə kimi çatdıra bilmisiniz?
- Yox. Hələ demək istədiyim fikirlər çoxdur. Bəlkə də indiyə qədər çatdıra bilsəydim, elə həmin gün teatrdan gedərdim. Görünür, yaradıcı insanların, o cümlədən aktyorların hamısının sənət taleyi belədir. Ömürlərinin axırınadək nəyisə çatdırmaq, daim axtarışda olmaq üçün yaşayırlar. Sənətdə zirvə olmadığından bu yolun yolçusu ömrü boyu sonsuzluğa doğru zəhmətlə dolu, lakin şərəfli bir yol gedərək pillə-pillə qalxır və adı xalqımızın tarixinə düşərək əbədiləşir. Əslində, elə həyat budur.
-Səhnədə, ekranda və filmlərdə yaratdığınız obrazlar barədə söz açmağınızı istərdik. İlk rolun sevincini nə vaxt və hansı obrazla yaşamısınız?
-Orta məktəbdə oxuyarkən Ağdam Müəllimlər evində Eyvaz Əliyevin rəhbərlik etdiyi dram dərnəyində kiçik rollar oynayırdım. Bakıya gələndən sonra Xalq Teatrında S. S. Axundovun “Laçın yuvası”, S. M. Qənizadənin “Dursunəli ballı badı” əsərlərində rollar aldım. İlk böyük rolum isə II kursda oxuyarkən Ədalət Ziyadxanovun hazırladığı IV kursun diplom tamaşası olan Anarın “Adamın adamı”nda tərs Tahir obrazı oldu. Sonra Evripitin “İfigeniya Avlitdə” əsərində Axilles, Lənkəran Dövlət Dram Teatrında C. Məmmədquluzadənin “Ölülər”ində Mirzə Hüseyn, N. Gəncəvinin “Fərhad və Şirin”ində Fərhad, S. Rəhmanın “Xoşbəxtlər”ində Sadıq, Tədris Teatrında M. F. Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah” əsərində Məstəli şah, Lermontovun “İki qardaş”ında Aleksandr, Şukşinin “Diribaş adamlar”ında adi adam kimi obrazlar yaratmaq mənə nəsib oldu.
Nəhayət, mənim normal aktyorluq fəaliyyətim 1993-cü ildə Bakı Bələdiyyə Teatrı ilə başladı. Bu teatrın səhnəsində yapatdığım O.Altunbayın “Tomris”ində Ərdan, R. İçərişəhərlinin “Vətənə igidlər gərəkdir”ində mayor Cavanşir, A. Məmmədovun “Dəli Domrul”unda Dəli Domrul, N.Nərimanovun “Nadir şah”ında Nadir şah, C. Cabbarlının “Dönüş”ündə Arif Hikmət, C. Məmmədquluzadənin “Ölülər”ində Şeyx Nəsrullah, A. Babayevin “Oğul”unda Əjdər Xanbabayev, Ə. Qurbaninin “Türk sancağı”nda Mirzə Nəsrullah kimi obrazlarla sözümü tamaşaçılara çatdırmağa çalışmışam.
Keçən il R. Həsənoğlunun çəkdiyi “Hüseyn Cavid” filmində o vaxt Azərbaycanda çağırılan 1-ci Türkoloji qurultayın sədri rolunu oynamışam. Sonra R. Əzizbəylinin çəkdiyi “Yalan” filmində arabaçı Əliş rolu mənə həvalə olundu.
Televiziyada A.Zamanlının C. Məmmədquluzadənin “Kişmiş oyunu” əsərinin motivləri əsasında çəkdiyi qısametrajlı “Oyun” filmində baş rolda çəkilmişəm. Rejissor Ə. Kazımoviski ilə sıx yaradıcılıq əlaqələrim olub və onun çəkdiyi bir sıra filmlərdə yaddaqalan obrazlar qalereyası yaratmışam.
- Görünür, qastrol səfərləriniz də BBT ilə bağlıdır.
- Təbii. Repertuarımızda olan bir sıra gözəl tamaşalarla Türkiyənin böyük şəhərlərində dəfələrlə qastrol səfərlərində olaraq teatr mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirmiş, çoxlu ödüllərə layiq görülmüşük. İranda keçirilən iki beynəlxalq festivalda uğurla iştirak etmişəm. 2002-ci ildə Tehranda keçirilən Birinci Beynəlxalq Komediya festivalında qızıl medala layiq görülmüşəm. EKOL Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin İranda keçirilən Teatr festivalının iştirakçısı olmuşam.
Bu ilin may ayında 30 illik fasilədən sonra Tbilisiyə yaddaqalan qastrol səfərimiz oldu. Ən yaxşı Marzanaşvili adına Teatrda tamaşalarımızı anşlaqla nümayiş etdirdik. Bu yaxınlarda 3 tamaşa ilə respublikamızın Cənub bölgəsində, axırıncı qastrol səfərimiz isə iyul ayında iki tamaşa ilə Qazax və Tovuz rayonlarına oldu. Hər yerdə hərarətlə qarşılanıb yola salınmışıq. Yeni mövsümə sentyabrın 5-də başlayacağıq. Səhnə, yeni rollar və tamaşaçılar bizi gözləyir.
- Bu günlərdə Gəncə çəkilişlərindən qayıtmısınız. Hansı film üzərində işləyirsiniz?
-Vasif Əliyevin ssenarisi əsasında rejissor Məmmədhüseyn Mehdizadə Qarabağın tarixi və taleyi haqqında 45 dəqiqəlik bədii sənədli film çəkir.O filmdə hadisələri mən danışıram. Film ölkəmizə gələn qonaqlar, xarici vətəndaşlar, eyni zamanda xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporalarına göndərilmək üçün nəzərdə tutulmuşdur. Bu filmlə hər kəsə bildirmək istəyirik ki, Qarabağ tarixən Azərbaycanın olub və onun ayrılmaz hissəsidir.
- Yaratmaq istədiyiniz obrazlar varmı?
Qazandığım uğurların fövqündə zəhmət, zəhmət, yenə də zəhmət durur

- Çox, lap çoxdur. Böyük məmnuniyyətlə Lenini, bəzilərinə qəribə görünsə də dahi şəxsiyyət Heydər Əliyevin obrazını yaratmaq istəyirəm. Nə vaxtsa, Otello rolu üzərində işləmək istəyirəm. Arzular çoxdur...
- Yaratdığınız hansı obrazı özünüzün şah rolunuz hesab edirsiniz?

- Hər birinin üzərində böyük əziyyətlər çəkdiyim üçün mənə əzizdir. Lakin 3 rolum var ki, onlarla fəxr edirəm. Bunlar N. Nərimanovun “Nadir Şah”ında Nadir şah, A. Məmmədovun “Dəli Domrul”unda Dəli Domrul və C. Məmmədquluzadənin “Ölülər”ində Şeyx Nəsrullah obrazlarıdır.
Mən klassiklərimiz M. F. Axundovun, Ə. B. Haqverdiyevin, S. S. Axundovun, N. B. Vəzirovun, H. Cavidin, C. Məmədquluzadənin və digərlərinin əsərlərini mütaliə edərkən onlarda çox qəribə kodların olduğunu qətiləşdirmişəm. O kodların tapılıb üzə çıxarılması səhnəmizə böyük uğurlar gətirər. Məsələn, adətən pyesdə baş qəhrəmanın adı birinci, sonra isə onun ətrafında olan digər obrazların adları yazılar. C.Məmmədquluzadənin “Ölülər”ində Şeyx Nəsrullahın adının birinci yazılması onu göstərir ki, bu obraz müəllif üçün böyük önəm daşımışdır. Obraz üzərində məşq edərkən qəti qənaətə gəldim ki, müəllif üçün Şeyx Nəsrullah daha maraqlı obrazdır, nəinki İsgəndər. Elə bu nöqteyi-nəzərdən bu əsərdəki kodlardan biri “çalış, qələbə çal” prinsipidir. “Qələbə çalanda hər bir yol məqbuldur.” Yəni gələcəkdə Azərbaycanda belə olacaq. Artıq bu gün həmin zamandır, kim hansı yoldan istəyirsə istifadə edir, təki qələbə çalsın. Bizə həmişə təbliğ ediblər ki, qələbə namusla, düz yolla əldə edilməlidir. C. Məmmədquluzadə isə bu əsərdə bizə çox incə bir kod verib ki, bəzən qələbə bu yolla əldə olunmur.
Digər tərəfdən bu klassikləri mütaliə edərkən belə qənaətə gəlmişəm ki, onların heç biri İslam dini əleyhinə bircə əsər belə yazmayıblar. Onlar mövhumatı, avamçılığı, din pərdəsi altında fırıldaqla məşğul olanları ifşa ediblər. Təəssüflər olsun ki, Azərbaycan ədəbiyyatında uzun illər “Ölülər”i İslam dininin əleyhinə yazılmış bir əsər kimi göstəriblər. Lakin, bəlkə də, İslam dinini ən güclü müdafiə edən əsər məhz “Ölülər”dir.
“Ölülər”də bir sıra ümumbəşəri problemlər qarşıya qoyulub. Rejissor Oruc Qurbanov tamaşanı hazırlayarkən belə problemlərin daha qabarıq şəkildə göstərilməsinə nail olmuşdur.
Ümumiyyətlə, teatrımızda tamaşalar hazırlanarkən ümumbəşəri problemlərin qabardılmasına və onların həlli yollarının araşdırılmasına xüsusi diqqət yetirilir. Bu baxımdan tamaşalarımız təbii və güclü alınır.
- Yeni mövsümdə hansı rollar üzərində məşq edəcəksiniz?
- H. Cavidin “İblis” əsəri üzərində işləyəcəm. Bu rolu Amaliya Pənahova, aktrisa Hüsniyyə Mürvətova və mən məşq edəcəyik.
- Azad müəllim, rolu məşq edərkən müəllif fikrinin daha qabarıq çatdırılması məqsədilə ona əlavə və dəyişikliklər etdiyiniz vaxtlar olubmu?
- Bu həmişə labüddür. Əsəri zamanla səsləşdirmək vacibdir. Rol hazırlanarkən elə məqamlar ortalığa çıxır ki, aktyor onları açmalı və tamaşaçıların verə biləcəyi suallara konkret cavablar tapmalıdır. Bir sözlə, biz aktyorlar rola yaradıcı yanaşaraq onu müasir tamaşaçının tələbləri səviyyəsində təqdim etməyə çalışırıq.
- Siz Mədəniyyət və İncəsənət Universitetinin dosentisiniz. Tələbələrinizə ilk növbədə nələri aşılayırsınız?
- Zövqlü olmağı, yaxşını pisdən ayırmağı bacarmağı, savadlı və səmimi olmağı tövsiyə edirəm. Səmimiyyət aktyor ilə tamaşaçı arasındakı bütün sədləri dağıdır və tamaşaçı səmimi aktyoru daha tez qəbul edir.
- Gələcək planlarınız barədə danışardınız.
- Mənim 2009-cu ildə 50 yaşım tamam olacaq. Yəni bu, yaradıcılığımın ən məhsuldar və yaradacağım obrazlara daha kamil yanaşma dövrümdür. Bu nöqteyi-nəzərdən “Hacı Kərimin Aya səyahəti”ndə Hacı Kərim obrazını oynamaq istəyirəm. Çünki, bu gün əksər hallarda milli-mənəvi dəyərlərimiz kölgədə qalır. Bu dəyərləri tez-tez yada salmaq, onları yaşatmaq və gələcək nəsillərə ötürmək gərəkdir.
Dərs dediyim səhnə danışığı fənni ilə bağlı çap olunmuş bir sıra proqramlarımı və metodik göstərişlərimi toplayıb təkmilləşdirərək dərslik formasında çap etdirməyi planlaşdırmışam.
Teatrda, televiziya və filmlərdə mənə yeni rollar tapşırılacağını gözləyirəm.
- Sizə bu çətin, məsuliyyətli, lakin şərəfli sənət yollarında daha böyük uğurlar diləyirik.
- Çox sağ olun!

 

İki sahil.-2007.-8 sentyabr.-S.6.