Nizamiqızı H.
Zəngin ənənələr
rejissoru
“Gələcək
üçün, xalqın, millətin yaddaşı
üçün, özümüzü dərk etmək
üçün!” mütəfəkkirlərdən birinin
dediyi bu fikri böyük mənada həyat amalına
çevirən hər kəs xoşbəxtdir. Fəaliyyət
sahəsindən, gördüyü işin ölçü
və əhəmiyyətindən, bu işdən hasil
edəcəyi nəticədən asılı olmayaraq, bu
müqəddəs amal uğrunda yaşayıb-yaradanlar
gözəl sözlərə layiqdir.
Qəhrəmanımız Qurbanəli Mürsəlov da məhz
bu düşüncəylə yaşayanlardandır. Dediyimiz
böyük amallar, sənət və mənəviyyat
uğrunda əzmlə çalışan, ömrünün
ən gözəl illərini məbəd hesab etdiyi teatra, onun
inkişafına həsr edən rejissor Azərbaycanda Xalq
teatrının inkişafında və yaşamasında
əlindən gələni etmişdir.
Sənətin vurğunu
olan Qurbanəli müəllim həm teatrın fəhləsi,
həm də rejissoru olmaqla, bu sevgisini hər kəsə
isbatlaya bilmişdir.
Ömrünün 70-ci
ilini yaşayan Qurbanəli Mürsəlov qanrılıb
geriyə -keçdiyi illərə nəzər saldıqda
etdiklərindən məmnun olur. Ən azından Opera və
Balet Teatrında səhnə fəhləsi kimi əmək
fəaliyyətinə başlayıb üç xalq
teatrının yaradıcısı olmasına, bir çox
uğurlu tamaşalara quruluş verməsinə və
yetişdirdiyi tələbələrinə görə.
...1961-ci ildən -
İncəsənət Universitetinə qəbul olduğu
vaxtdan həm də Keşlə Mədəniyyət evində
dram dərnəyinin rəhbəri vəzifəsinə təyin
olunub. Dərnəyə rəhbərlik etdiyi
müddətdə buraya istedadlı gəncləri cəlb
etməklə repertuarı bir sıra yeni və maraqlı
tamaşalarla zənginləşdirmişdir. Dərnək
üzvlərinin iştirakı ilə
səhnələşdirdiyi «Tamahkar» (S.S. Axundov), «Qatır
Məmməd» (Z.Xəlil), «Şərqin qalası» (Q.Musayev),
«İki həyat» (R.İsmayılov) kimi tamaşalar teatr
ictimaiyyətinin diqqətini cəlb etmiş və Mədəniyyət
Nazirliyi Kollegiyasının qərarı ilə dərnəyə
Xalq teatrı adı verilmişdir.
Bundan sonra İncəsənət institutunun tərkibindəki Tədris Teatrında çalışmış və paralel olaraq Badamdar qəsəbə Mədəniyyət evinin nəzdindəki dram dərnəyinə rəhbərlik etmişdir. Burada da bir sıra maraqlı pyesləri səhnələşdirmiş, dərnək bir sıra baxış-müsabiqələrdə nailiyyətlər əldə etmişdi. Uzun illərin əməyi səmərə vermiş və bu kollektiv də Xalq teatrı adına layiq görülmüşdür.
Sonradan H. Z.Tağıyev adına Toxuculuq Kombinatının klubunda fəaliyyətini davam etdirən rejissor burada yaradılmış dram dərnəyinin işini yenidən təşkil etmiş, bir sıra yaddaqalan
tamaşaların hazırlanmasına
nail olmuşdur. Qurbanəli müəllimin rejissorluğu
ilə səhnələşdirilən
«Ər və arvad» (Ü.Hacıbəyov),
«Fərhad və Şirin», «Xanlar» (S.Vurğun), «Beş manatlıq gəlin» (S.Rüstəmov) və s. kimi bir
sıra maraqlı tamaşalar kollektivə uğur qazandırmış
və 1977-ci ildə bu sənət ocağına da Xalq teatrı
adı verilmişdir.
Beləcə, illər
ötdükcə - rəhbərlik etdiyi dərnəklərin
və əldə olunan uğurların say-sanbalını
artırmış, dəfələrlə qızıl medal
və fəxri fərmanlarla təltif edilmişdir.
Ömrünü özfəaliyyət işinə həsr
edən Qurbanəli Mürsəlov 1980-ci ildən bu
günə kimi Mədəniyyət üzrə Elmi-Metodiki
Mərkəzdə rejissor kimi fəaliyyətini davam etdirir.
Qocaman
mədəniyyət işçisi bu sahədəki
üzunmüddətli və səmərəli fəaliyyətinin
nəticəsiz qalmamasından, Azərbaycan
səhnəsinə gətirdiyi yetirmələrindən
fərəhlə danışır..
Xalq teatrının
peşəkar teatra, böyük səhnəyə yolun
uğurlu başlancığı olduğunu deyərək,
zəngin ənənələri olan milli teatrımızın
inkişafında danılmaz rolu olan xalq teatrlarının daim
diqqətdə saxlanılmasının zəruri olduğunu
bildirir. Hazırda insanlar arasında «xalq teatrı» anlayışının
az qala unudulması təhlükəsindən ağrı
ilə söz açan rejissor bunun səbəblərini də
sadaladı. Yeniyetmə və gənclərin
özfəaliyyət dərnəklərinə cəlb
olunmasındakı durğunluğu ilk olaraq cəlbetmə
mexanizminin zəifliyi ilə izah edən Qurbanəli
müəllim bu tip dərnəklərə maraq
göstərən hər bir gəncin istedadının, potensial
imkanlarının üzə çıxarılmasına
xüsusi diqqət ayrılmasının vacib olduğunu
dilə gətirdi.
Bu gün ümumilikdə
nəinki xalq teatrlarına, həmçinin professional
sənətə, peşəkar teatra marağın
azalmasını şou-biznes uydurmaları və
telekanalların mənəviyyata zərbə vuran
proqramları ilə əlaqələndirərək, bu
marağın bərpasının böyük vaxt
aparacağını dedi. O, hazırda geniş müzakirə
obyektinə çevrilən tamaşaçı probleminin
yaranmasında, insanların teatrdan uzaqlaşmasında məhz
teatrları günahlandırdı. Bu işdə
birmənalı olaraq rejissorları
təqsirləndirərək, başlıca səbəb kimi,
dövlət teatrlarının repertuar zəifliyini
göstərdi. Fikrini son vaxtlar baxdığı bir sıra
tamaşaların zəifliyi ilə əsaslandıraraq,
müasir tamaşaçıya zamanla səsləşən,
onların mənəvi-psixoloji tələbini
ödəyəcək əsərlərin gərək
olduğunu bildirdi.
Əminliklə «Bu
gün teatra maraq yoxdur!» fikrini dönə-dönə
vurğulamasına baxmayaraq, arabir tamaşaçının
maddi sıxıntılardan dolayı teatrdan
uzaqlaşdığını da etiraf etdi.
Azərbaycan mədəniyyəti, milli teatrı tarixində zəngin ənənələrə malik xalq teatrlarının bu gün də fəaliyyət göstərdiyini və məhz bu dərnəklərin böyük səhnəyə yolun uğurlu başlanğıcı olduğunu dedi. «Teatrımızın gələcəyi və inkişafı üçün istedadlı gənclərə böyük ehtiyacımız var. Bu yolun başlanğıcı isə, təbii ki, xalq teatrıdır. Məhz bu dərnəklərə gələn istedadlı gənclərin istedad və bacarığını nəzərə alaraqdan yönləndirməklə nəticə hasil edə bilərik. Bütün bunların fonunda dövlət teatrlarında çalışan rejissorlardan aktyorlaradək hər kəs xalq teatrının yaşamasına çalışmalıdır. Amma təəssüflə deməliyəm ki, bu gün biz bunun tam əksini görürük».
Vaxtilə İsmayıl Dağıstanlı, Məlik Dadaşov, İsmayıl Osmanlı, Məmmədkamal Kazımov kimi sənətkarların dərnəklərinə tez-tez gəldiyini, tamaşaların hazırlanmasında onlara məsləhətlər verdiklərini xatırlayan Qurbanəli müəllim indi əksər sənət adamlarının xalq teatrlarını unutduğundan gileyləndi. «Adlarını çəkmək istəmədiyim bir neçə tanınmış aktyorumuzu dəfələrlə dərnəyimizə dəvət etsəm də, onlar müxtəlif bəhanələrlə bundan imtina ediblər. Bu gün teatr səhnəmizdə öz imzasını qoymuş o sənətkarların hər sözünün, hərəkətinin dərnək üzvləri, gələcəyin aktyoru ola biləcək gənclər üçün nə dərəcədə əhəmiyyətli olduğunu unudurlar».
Bütün giley-güzar və çətinliklərə baxmayaraq,
söhbətini nikbin notlarla yekunlaşdıran Qurbanəli müəllim hazırda rəhbərlik etdiyi dərnəkdəki gənclərə böyük
ümid bəslədiyini
və onların gələcək Äzərbaycan
teatrı üçün
yetişməsində əlindən
gələni edəcəyini
bildirdi. «Dərnəkdəki
20 gəncdən heç
olmazsa 5-nin professional səhnəyə gəlməsi
mənim üçün
böyük xoşbəxtlik
olardı» deyən rejissoru həm yubileyi, həm də bu əzmindən
dolayı təbrik edir, yazımızın əvvəlində qeyd etdiyimiz o böyük
amallar, vətənin,
millətin gələcəyinə,
inkişafına yönələn
fəaliyyətində tükənməz
enerji arzulayırıq.
Mədəniyyət.- 2007.- 14 sentyabr.- S. 4.