Səlimqızı C.
135-ci mövsum
Teatrlar qapılarını
tamaşaçıların üzünə açdı
Yay fəsliylə
əlaqədar pərdələrini salan paytaxt teatrları
yenidən qapılarını tamaşaçıların
üzünə açıb. Bəziləri köhnə,
bəzilərisə yeni tamaşalarla
sənətsevərlərin pişvazına çıxıb.
Akademik Milli Dram Teatrı
2007-2008-ci teatr mövsümünü sentyabrın 14-də
Füzuli meydanında təmtəraqlı bayram festivalıyla
qeyd edib. Ölkənin bütün teatr kollektivlərinin
qatıldığı bayram şənliyi tanınmış
müğənnilərin çıxışları,
eləcə də aktyorların səhnəcikləri ilə
müşayiət olunub.
Teatr 135-ci mövsümünün ilk - «Hökmdar və qızı» tamaşasını elə sentyabrın 15-i axşam saat 19.00-da təqdim edib. Qeyd edək ki, teatr uzun illərdir ki, yeni mövsümdə pərdələrini məhz həmin tamaşa ilə qaldırır. Dramaturq İlyas Əfəndiyevin eyni adlı əsəri əsasında hazırlanan «Hökmdar və qızı» Mərahim Fərzəlibəyovun rejissor yozumunun məhsuludur. Tamaşanın rəssamı İsmayıl Məmmədovdur. Əsas rollarda xalq artistləri Bəsti Cəfərova, Ramiz Məlik, Rafiq Əzimov, əməkdar artistlər Kazım Abdullayev, Sabir Məmmədov iştirak edirlər. Şıxəli Qurbanov adına Musiqili Komediya Teatrı da yeni teatr mövsümünün açılışını sentyabrın 15-də edib və pərdələrini «Qısqanc ürəklər» tamaşasıyla açıb. Yusif Əkbərovun quruluş verdiyi tamaşada əsas rollar xalq artisti Xanım Qafarovaya, Çingiz Əhmədova və başqalarına məxsusdur. Tamaşa ötən mövsümün sonlarında təhvii verilib.
Paytaxt teatrlarından qabağa düşüb ən tez mövsümü açanlardan biri də Dövlət Gənclər Teatrı olub. Belə ki, teatrın yaradıcı kollektivi sentyabrın 15-i tamaşaçılarını başına toplayaraq onlara «Dünyanın axırı» tamaşasını təqdim edib.
«Yuğ» Teatrı da sentyabrın 15-i tamaşaçılarını Kamal Abdullanın «İstintaq» əsəri əsasında hazırlanan eyni adlı tamaşa ilə salamlayıb. Vaqif İbrahimoğlunun quruluş verdiyi «İstintaq»da teatrın aparıcı aktyorları rol alıblar. Qeyd edək ki, «Yuğ» Estoniyanın «Uqala» Teatrı ilə birgə hazırladığı «Kim dedi ki, simurq quşu var imiş» adlı tamaşanın premyerasına da hazırlaşır. Tamaşa sentyabrın 29-u Estoniyada baş tutacaq.
Akademik Opera və Balet Teatrı 99-cu teatr mövsümünün açılışını bu gün - sentyabrın 18-i dahi Üzeyir Hacıbəyovun doğum günündə gerçəkləşdirəcək. Ölməz bəstəkarın xatirəsinə ehtiram əlaməti olaraq teatr mövsümü milli opera sənətimizin ən dəyərli nümunələrindən biri olan «Koroğlu» operasının tamaşası ilə açacaq. Fəaliyyətində hər zaman yeniliklərə can atan Opera Teatrı bu dəfə də mövsümün açılışını əsl bayrama çevirməyə hazırlaşır. Həm də axı 18 sentyabr - Üzeyir Musiqi Gününə təsadüf edir. Tamaşada ilk dəfə olaraq Koroğlu partiyasını teatrın gənc solisti, əməkdar artist Samir Cəfərov ifa edəcək. Digər əsas partiyalardan biri - Nigar rolu isə gənc vokalçı İlahə Əfəndiyevaya həvalə olunub.
Dövlət Pantomim Teatrı pərəstişkarlarını
sentyabrın 22-də sevindirəcək. Həmin
gün saat 19.00-da yaradıcı heyət «Maska» tamaşasını təqdim edəcək. Bəxtiyar Xanızadənin
quruluş verdiyi tamaşada Nargilə Qəribova, Məmmədrza
Pərviz, Elnur İsmayılov çıxış
edəcəklər. Qeyd
edək ki, hazırda keçmiş «Şəfəq» kinoteatrında
məskunlaşan teatr
binanın təmirə
ehtiyacı olduğundan
mövsümün ilk
tamaşasını uşaq
teatrında göstərməli
olacaq.
Mərkəz.- 2007.- 18 sentyabr.- S. 11.