Məhərrəmova T.
İnsanlara
əsl sənət göstərmək lazımdır
Vəfa Rzayeva, aktrisa: "Lap gözəl
səsim də olsa, mahnı oxumaram"
Əksər sənət adamları
- xüsusən müğənnilər, aktyor və aktrisalar
çox vaxt müsahibələrində daha çox
olub-keçənlərdən danışmağı sevir, gələcək
planlarını sirr saxlamağa çalışırlar.
Səbəbini isə gözə gəlməkdən daha
çox, kiminsə tərəfindən yaranacaq
maneələrlə izah edirlər. Akademik Milli Dram Teatrın
aktrisası Vəfa Rzayeva (Zeynalova) da adətən
dəvət aldığı təklifləri reallaşana
qədər sirr saxladığını deyir. Səbəbinin
isə çox sadə izahı var: "Məndə elə
xüsusiyyət var ki, qabaqcadan heç nə
danışmıram, deyəndə alınmaya bilər".
Ona görə də aktrisa
bizimlə söhbətinə artıq
gerçəkləşməkdə olan planlarından
başladı:
- ANS
televiziyasının "Bakı" studiyası
tərəfindən çəkilən "Qızlar"
filmində baş rolda - Yazıçı-yurnalist rolunda
oynayıram. Film yaxınlarda başa çatacaq. Vaxtilə Az.TV-də
yayımlanan "Səhər görüşləri"
verilişi də yenidən bərpa olunub. Mənimlə Ramiz
Əzizbəyli həmin verilişin aparıcısı olacaq.
Məhərrəm Bədirzadənin quruluşçu reyissoru
olduğu bu verilişin hər ayın 23-də ekrana
çıxması planlaşdırılır. Eyni zamanda,
Məhərrəm Bədirzadənin "Qu rəqsi"
telefilmində çəkilmişəm. Bu film də ayın
axırında ekranlara çıxacaq.
- İki il
bundan qabaq Türkiyədə teleseriala çəkilirdiniz. Bir
ara işlərinizin çoxluğundan Bakıya
qayıtdığınızı, filmi yarıda qoyduğunuzu
deyirdiniz. Nəticəsi necə oldu?
-
Türkiyədə "Ağa qızı" adlı
teleserialda çəkilmişəm. Həmin film 13 seriyadan
ibarət idi. İşlərimin çoxluğundan və
ailəm üçün darıxdığımdan filmin
tamamlanmasını gözləmədən Bakıya
qayıtmalı oldum. Artıq həmin film
"Kanal D" vasitəsilə göstərilib. İndi
isə Türkiyədə çəkiləcək iki
seriyalı və şərti adı "Trio" olan yeni
filmə dəvət almışam. Çəkilişlər
avqust ayına planlaşdırılmışdı. Ancaq
mənimlə tərəf-müqabil olacaq Hollivud aktyoru Mark
Bakassinin işlərinin çoxluğundan film
yubanır. Çəkilişlər başlayanda onlar məni
dəvət edəcəklər.
- Bəs bu
dəfə teatrdakı işləriniz və ailə
qayğılarınız çəkilişlərə mane
olmayacaqmı?
- Filmi
çəkəcək "Çətin reklam"
şirkəti ilə razılığa əsasən, ancaq
öz bölümlərimdə çəkilməyə
gedəcəyəm. Seriala başqa ölkələrdən
də aktyorlar dəvət alıb. Artıq şirkət
görüntülərin təqdimatını keçirib.
Teatrda işlərim çox olduğu üçün
təqdimatda iştirak edə bilmədim.
Çəkilişlərə isə təbii ki,
gedəcəyəm. Bu, işin çoxluğuna baxmır.
- Sizi həm
İrəvan Teatrının, həm də
"Azdrama"nın səhnəsində görmək olur.
Gerçəkdə hansı teatrın
aktrisasısınız?
- Elə
əvvəldən Akademik Milli Dram Teatrının aktrisası
olmuşam. İrəvan Teatrına isə məni İftixar
Piriyev Hidayət Orucovun əsəri əsasında
hazırlanan tamaşanı oynamağa dəvət etmişdi.
Mən də gedib oynadım. Tamaşa bir neçə
dəfə göstərildi. Çox yaxşı da
qarşılandı. Onu da deyim ki, bu tamaşaya
məşqlərin başa çatmasına 10 gün
qalmış gəlmişəm. Artıq həmin rola dublyor
tapıldığı üçün daha mən o teatra
getmirəm, obrazı da başqası oynayır.
- İlk
dəfə səhnəsinə
çıxdığınız Pantomim Teatrına
dəvət alırsınızmı?
-
Əvvəllər bir az Pantomim Teatrında
çalışmışam. İlk rolum "Leyli və
Məcnun" pantomim baletində Leyli obrazı olub. Bu
tamaşa "Bayatı-Şiraz" üstündə qurulub.
Hər dəfə "Bayatı-Şiraz" eşidilən
kimi həmin obraz gözlərimin qarşısına gəlir.
Üstündən 12 il keçir. Daha həmin rolu
oynamıram. Amma o obrazı unuda bilmirəm. Pantomim Teatrı
mənimçün ilk məktəb olub. Həmin
məktəbə çox borcluyam. Ümumiyyətlə,
hər bir aktrisa üçün ilk dəfə
çıxdığı səhnə həmişə
doğma olur. Ancaq mən artıq "Azdrama"nın
aktrisasıyam.
- Pantomim
Teatrından söz düşmüşkən, necə
bilirsiniz, səhnədə hərəkətlə söz demək
asandır, yoxsa fikirlərini yalnız sözlə ifadə
eləmək?
- Pantomim
Teatrında işləmək çox çətindir.
Hansısa ifadəni, məsələn, "get"
sözünü deyib, üzünü
çevirirsənsə, pantomimdə bu sözü
hərəkətlə ifadə etmək üçün
bütün sifət cizgilərin işləyir. Pantomim Teatrının
adi səhnədən yerlə göy qədər fərqi var.
Mənə elə gəlir ki, əvvəlkinə
nisbətən pantomimə daha çox maraq oyanıb. Belə
deyək, əvvəl qəbul edən az idi. Get-gedə bu
çoxalır, o teatrın inkişafı da yüksəlir.
- Sizi
səhnədən fərqli olaraq, həyatda sifət cizgilərinizlə
başa düşən adamlar çoxdurmu?
-
Mənimçün bu suala cavab vermək çox
çətindir. Bilirsinizmi, məni başa
düşənlər müəyyən qədər var.
Mənə elə gəlir ki, bütün insanlarda bu
tarazlıq pozulub. Heç kəs bir-birini tam mənada başa
düşmür, hardasa anlaşılmazlıq olur.
- Bu gün
sizə həvalə edilən obrazlardan
razısınızmı? Çox aktrisalar narazılıq
edərək daha ağır "yük" qaldırmağa
layiq olduqlarını bildirirlər.
- Rollarımdan
narazı deyiləm. Ümumiyyətlə, rolun böyük
və ya kiçik olmasının mənimçün
fərqi yoxdur. Həmişə öz rolumun
öhtəsindən gəlirəm. Əsas odur ki, rol
ürəyincə olsun. "Hələ sevirəm
deməmişlər" tamaşasında xırda bir rolu - Erməni
qızını oynayıram. Ancaq həmin rol ürəyimcədir.
Rol kiçik də, böyük də olsa, sözünü
deməyi bacarmalısan. Ona görə də heç vaxt
şikayətlənmirəm.
- Bu
səhnəyə gəlişiniz Musiqili Komediya Teatrında
oynamaq arzunuzu tamamilə məhv elədimi?
Ümumiyyətlə, həmin səhnənin aktrisası olmaq
üçün lazım olan keyfiyyətlər sizdə
vardırmı?
-
"Muskomediya"da səsləri olanlar oxumalıdır.
Həmin fakültədə rəfiqəm Sevda
Ələkbərzadə oxuduğu üçün ondan
ayrılmayım deyə, o fakültəyə getmişdim.
Bəlkə də "Muskomediya"ya getmək mənim
tərəfimdən ağılsızlıq idi. Musiqini
çox sevirəm, amma elə bir səviyyədə səsim
yoxdur ki, "Muskomediya" aktyoru olum. Dram-kinoda
işləmək o deyil ki, sırf dramla məşğul
olacaqsan. "Muskomediya"da işləmək
üçünsə ilk növbədə səs
olmalıdır ki, hansısa lazım olan tamaşada
səsindən istədiyin kimi istifadə edəsən. Mən
Həsən Turabovun təklifindən sonra yerimi
dəyişdim. "Azdrama"nın səhnəsinə o
qədər öyrəşmişəm ki, oranı doğma
evim bilirəm. Ümumiyyətlə, iş yeri insanın ikinci
evidir. Ailədə olduğu kimi orada da səmimiyyət
olmalıdır. Evdən işə gedəndə ürək
dolusu sevinclə getdiyin kimi, işdən evə də elə
qayıtmalısan.
- İndiki zamanda alababat
səsi olan da, olmayan da oxuyur. Siz azca da olsa
səsiniz ola-ola niyə yararlanmırsınız?
- Mən elə şeylərə pis
baxıram. Səsi olmayan oxuyanda, klip
çəkdirəndə, bir tamaşaçı kimi
kanalı dəyişirəm. Müəyyən
qədər hirslənirəm də. Hərdən
məndən soruşurlar ki, bəs sən niyə mahnı
oxumursan? Deyirəm ki, lap gözəl
səsim də olsa, mahnı oxumaram. Çünki
indi mahnı oxumağa "tələbat" yaman
çoxalıb. Hamı mahnı oxumağa
qaçır. Mən bunu sənət saymıram. Oxumaq
səsi olanlar üçün gözəl sənətdir.
Hər yerindən duranın oxumağını isə pis
qarşılayıram. İnsanlara əsl sənət
göstərmək lazımdır. Tamaşaçını
aldatmaq olmaz. Hansı sahədə çalışırsansa,
ora ilk növbədə sənət kimi yanaşmalısan,
sonra qazanc mənbəyi kimi.
- Bir
dəfə Cülyettanı oynamaq istədiyinizi demişdiniz.
Sizi bu obraza yaxınlaşdıran nədir?
- Bilmirəm...
Təkcə onu bilirəm ki, bu rolu çox sevirəm. Bu rolda
elə nüanslar var ki, sözünü deyə
bilərsən. Amma 2 il keçəndən sonra bu rolu mənə
versələr, oynamaram. 40 yaşında 18 yaşlı
Cülyetta olmaq istəmərəm. Həmişə buna pis
baxmışam.
- Bir
müsahibənizdə də ifritə rolları oynamaq
istədiyinizi demişdiniz. Bu arzunuza
çatdınızmı?
-
Düzdür, belə bir söz demişəm.
"Hələ sevirəm deməmişlər" tamaşasında
Erməni qızı obrazı bu rola yaxındır. Bu qız
kəndli qızı idi, ancaq sonradan dəyişir. Həyat
yoldaşının ata-anasını saymamağa
başlayır, bir növ ifritələşir. İnstitutda
oxuyanda da kurs tamaşasında həyasız, ifritə
gəlin rolunu oynayırdım. O gəlin qayınanası,
baldızları ilə yola getmir, aləmi bir-birinə
qatırdı. Həmin roldan çox xoşum gəlirdi.
- Adətən
sizinlə görüşüb müsahibə
götürmək istəyəndə sorağınızı
daha çox çalışdığınız
gözəllik salonundan almaq mümkündür. Hansı
işinizi daha önəmli sayırsınız?
- Hər ikisi
önəmlidir. İnsanın daxili isə daha öndədir.
Gözəllik salonunda ancaq qadınlarla məşğul
oluruq. Onları zahirən gözəlləşdirməyə çalışırıq.
Teatr salonunda isə qocası da, cavanı da, kişisi də,
qadını da var. Burada hərə bir şey görür
və özünü düzgünlüyə qaytarırsa,
bundan gözəl nə ola bilər? Mənə elə
gəlir ki, daxili gözəlliklə zahiri gözəllik
bir-birini tamamlayanda daha yaxşı olur. İnsanın daxili
ziyası zahirini də işıqlandırır.
Həmişə demişəm: bu sənəti də
sevirəm, o sənəti də. Hələ instituta qəbul
olmamışdan orada çalışıram. O sənəti
ata bilmirəm. Demirəm ki, vaxtımı sırf ona sərf
edirəm. Yox, vaxtım olanda məşğul oluram. Mən bu
sənətdən zövq alıram. Həmişə
demişəm ki, 1-ci sənətim aktrisalıqdır və o,
gözəllik salonunda işləməyimə mane ola bilməz.
Aktrisalığı o sənətimə qurban vermərəm,
ondan isə lazım gəlsə əl çəkə
bilərəm. Hələlik isə gözəllik ustası
işləməyim səhnədəki işimə mane olmur.
- Bu gün yeni
teatr mövsümü açılır. Yəqin ki, yeni rollar
ümidindəsiniz?
- Akademik Milli Dram Teatrı builki
mövsümü də ənənəvi olaraq İlyas
Əfəndiyevin "Hökmdar və qızı"
tamaşası ilə açır. Həmin
tamaşada mən hökmdarın kiçik qızını
oynayıram. Bundan əlavə, bir sıra
tamaşalarda yeni rollara dəvət almışam. Hələlik onlardan söhbət açmaq
istəmirəm.
- Başınız həmişə
işlə qarışıq olur. Dalbadal reklam, film
çəkilişləri, teatrdakı rollarınız...
Bəs özünüzü nə vaxt rahat hiss edirsiniz?
- Ancaq premyeradan sonra. Həmin
gün elə bil aylarla yığılan yorğunluğun,
əziyyətin çıxır. Salonda
alqışları eşidəndə, sənə
gül-çiçəklər bağışlananda,
dərindən nəfəs alırsan. Sanki
sənə bir anlığa sevinc göz yaşları
gəlir. Onda zəhmətinin,
əziyyətinin bəhrəsini hiss edirsən. Bundan
gözəl hansı rahatlıq ola bilər?
Kaspi.-2007.-15-17 sentyabr.-S.23.