Cəvahir
«Arşınmalçı»nın Gülçöhrəsi
bəyənildi
Tamasacılar arasında
əcnəbilər coxluq təşkil edirdi
Sentyabrın 26-da Akademik
Opera və Balet Teatrı sənətsevərlərə
Üzeyir Hacıbəyovun «Arşın mal alan» operettasını
təqdim etdi. Tamaşada tanınmış sənətkarlar Azər
Zeynalov (Əsgər), Şahlar Quliyev (Süleyman), Yaşar Nuri
(Soltan bəy), Gülyaz Məmmədova (Telli), Fidan Hacıyeva
(Asiya) çıxış etdilər. Gənc vokalçı
Aygün Zeynallı isə əsas partiya olan
«Gülçöhrə» obrazı ilə səhnəyə
çıxaraq debüt etdi.
Qeyd edək ki, Aygün
Zeynallı Bakı Musiqi Akademiyasının məzunudur. Gənc
vokalçı indiyədək filarmoniyada, «Üns»
Yaradıcılıq Səhnəsində keçirilən
konsertlərdə iştirak edib. Tamaşa ilə bağlı
təəssüratlarımızı paylaşmazdan
öncə qeyd edim ki, opera teatrının salonu
ağzınacan dolu idi. Həmsöhbət olduğumuz tamaşaçılar
buna səbəb kimi operettada tanınmış gülüş
ustası Yaşar Nurinin çıxışını və
ümumiyyətlə, zaman-zaman sevilən «Arşın mal alan»
operettasına olan sonsuz marağı önə
çəkdilər. Yeri gəlmişkən, onu da deyim ki,
tamaşaçılar arasında əcnəbilər,
xüsusilə, çoxluq təşkil edirdi. Teatrın
mətbuat xidmətinin rəhbəri Şükufə
Ağamirzəyeva bildirdi ki, əcnəbi tamaşaçılar
opera səhnəsində göstərilən tamaşaların
əksəriyyətinə tamaşa edirlər.
Tamaşaya
gəlincə, Hafiz Quliyevin quruluşunda ərsəyə
gələn «Arşın mal alan» tamaşaçılar
tərəfindən yüksək səviyyədə
qarşılandı. Bunu onların sürəkli
alqışlarından duyduq.
Hər zaman olduğu
kimi, Yaşar Nuri bu dəfə də publikanı elə ilk
səhnədəcə ələ aldı. İfası daha çox bəyənilən
iştirakçılardan biri
də Fidan Hacıyeva idi. Asiya rolunu özünəməxsus
şirinliklə canlandıran
Fidan demək olar ki, səhnədə
hər görüntüsü
ilə alqışlandı.
Solistin «Süleymani» rəqsinə isə bütün salon qoşulmuşdu. Gülçöhrə
partiyasına gəlincə,
səhnədə debütünü
edən Aygün azacıq həyəcanlansa
da, çətin və məsuliyyətli işin öhdəsindən gələ
bildi. Səhnə arxasında təəssüratlarını
paylaşarkən də
həyəcanlı olduğunu
gizlətmədi. O, Zemfira İsmayılova, Gülnaz İsmayılova və Natəvan İsmayılovadan sonra belə aparıcı partiyanı ona həvalə etdiyinə görə teatrın rəhbəri Akif Məlikova minnətdarlıq
etdi: «Şəxsən
mənim üçün
Gülçöhrə partiyasını
oynamaq böyük etimaddır. Çalışacağam
etimadı doğruldum.
Hər halda, son sözü tamaşaçı deyəcək».
Mərkəz.- 2007.- 28 sentyabr.- S. 11.