Ələkbərova N.
Sənətin məcnunluq zirvəsi
Musiqi
yüksək estetik zövq formalaşdıran, insan ruhunu
pərvazlandıran, gərginlik və yorğunluqdan qurtaran
möcüzəli bir aləmdir. Musiqinin rəngarəng
janrları olduğu kimi, insanların zövqü də
müxtəlifdir. Bu dərin dəryadan hər bir kəs
öz sevib-seçdiyi incini əldə etməyə
çalışır. Lakin hər sahədə olduğu
kimi, musiqidə də kəmiyyət və keyfiyyət balansı
qorunmalıdır. Bu yük isə zamanın boynuna
düşür - zaman hər şeyi öz
ələyindən keçirərək yerinə qoyur.
Həqiqətən dəyərli, xalqın ruhunu
özündə yaşadan musiqi isə xalqın daxili
ehtiyacı olduğundan zamanın sınağından da
üzüağ çıxır. Dərin fəlsəfə
və mənanı özündə yaşadan
muğamlarımız tarixən olduğu kimi, bu gün də
musiqi mədəniyyətimizin tacı olmaqla, insanları
ruhən təmizlənməyə, saflaşmağa
səsləyir. Muğamlarımızdan danışdıqda,
şairin də çox gözəl qeyd etdiyi kimi,
“Mənə çox mətləbi ahəstəcə
qandırdı muğam” - deyə bilirik...
Azərbaycanın musiqi mədəniyyətinə
əvəzsiz töhfələr bəxş etmiş dahi
bəstəkar Ü.Hacıbəyovun anadan olduğu tarixlə
bağlı olaraq Məcnun obrazının mahir
ifaçısı, respublikanın xalq artisti Mənsum
İbrahimovla görüşdük.
Mənsum İbrahimov Ağdam rayonunda anadan olub. 1982-1987-ci
illərdə Asəf Zeynallı adına Bakı Musiqi
Texnikumunun muğam şöbəsində, 1988-1993-cü
illərdə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət universitetinin “Mədəni Maarif”
fakültəsində təhsil almışdır. 1985-ci
ildə Ü.Hacıbəyovun anadan olmasının 100
illiyinə həsr olunmuş müsabiqədə I
dərəcəli diploma layiq görülən M.İbrahimov
mərhum sənətkarımız
Ş.Ələkbərovanın məsləhəti ilə
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına
dəvət olunub. 1993-cü ildən “Leyli və Məcnun”
operasında Məcnun rolunu ifa edir. On dörd ildən
artıqdır ki, Mənsum İbrahimov səhnədə
özünəməxsus və mahir tərzdə
yaratdığı Məcnun rolu ilə
tamaşaçıların ruhunu oxşayaraq, qəlblərini
fəth edə bilmişdir.
- Dərin bir ümman olan muğam, musiqi fəlsəfəsini
insanlara aşılayırsınız. Sizcə, bu
fəlsəfəyə bələd olmaq adi həyatı
yaşamaqda insana kömək edir, ya mane olur?
- Bəlkə də ikisi də var. Lakin geniş prizmadan baxsaq,
təbii ki, hər zaman kömək edir. Mən Məcnun rolunu
ifa etdikdən, sənəti duyduqdan sonra həyata
baxışım dəyişib. Çünki burada
fəlsəfə - həyatın fəlsəfəsi var.
Əslində bu eşq, bu məhəbbət insanın
kamilliyinə xidmət edir. Bu, ali eşqdir, adi yaşanan
eşq deyil. İnsanın Allaha doğru getməsinə, Allaha
yaxınlaşmasına kömək edir. İnsan sanki
yerdən üzülür və bir addım Allaha doğru
irəliləyir. Bu da insanın bütün həyata
baxışını dəyişir. İnsanlara kamil
varlıq kimi baxırsan - mənəvi tərəflər
ön plana çıxır.
- Deyirlər, dərdi olmayan yaradıcı ola, ruhən
təmizlənib müəyyən səviyyəyə
çata bilməz. Bəs dərdi olmayan muğamı dərk
edə bilərmi?
- Mən hesab etmirəm ki, həyatda dərdsiz adam var.
İnsanın istəyi, arzusu olur. Bu arzusu həyata
keçmədikdə bunu özünə dərd edir.
Təbii ki, dərdin də böyüyü, kiçiyi var -
şəxsi problemdən tutmuş millətin dərdinə
qədər. Bu baxımdan Məcnun obrazında mənim
xarakterimə uyğun cəhətlər var. Mən digər
milli operalarda da rollar ifa edirəm. Lakin Məcnun mənim
idealımdır. Mən Məcnun obrazını
səhnədə 97 dəfə yaratmışam. Hər
dəfə tamaşadan əvvəl eyni həyəcanı
yaşayıram. Bu bəzi insanlara qəribə
görünə bilər, lakin bu, sənətin
həyəcanıdır. Elə bilirəm ki, hər
dəfə imtahan verirəm. Çünki
tamaşaçının qarşısına laqeyd
çıxsan, o tamaşa alınmayacaq. Leyli və Məcnun
fəlsəfi-psixoloji bir tamaşadır. Bu, Füzuli ilə
Üzeyir bəyin yaradıcılıq məhsuludur.
Məcnunun paltarını geyib obrazın sözlərini
əzbərləyərək çıxıb oxumaq
hələ Məcnunu tamaşaçıya lazımi
qədər çatdırmaq demək deyil. Hər bir
tamaşaçının qəlbində bir Məcnun
obrazı var. Bu obraz hər bir azərbaycanlıya çox
tanışdır və tamaşaçı da səndə
məhz qəlbindəki obrazı görmək istəyir.
Belə olmasa, o tamaşadan razı qalmayacaq. İlk
növbədə, burada təbiilik olmalıdır, nə
isə göstərməyə çalışmaq yox, onu
yaşamaq lazımdır. Belə olduqda, əsl sənət
meydana gəlir. Təbii ki, yaxşı nəticənin
alınması üçün sənətkarın daxili
aləmi ilə obrazda uyğunluq olmalıdır.
- Müəllimlik “dəyərləndirilməyən
peşədir” - deyirlər. Necə
düşünürsünüz, bəlkə sizi
zirvələrə götürən pillələrin
sütunu çoxsaylı şagirdlərinizin duasıdır?
- Ümumiyyətlə, ifaçılıq və
müəllimlik tamam başqa sahələrdir.
Müəllimlik peşəsinə məhəbbətin,
həvəsin olmasa, bu sahədə uğur əldə edə
bilməzsən. Mən insanları xüsusilə də,
uşaqları çox sevirəm. Öyrətməyə
həvəsim isə gənclik çağlarımdan,
tələbəlik vaxtımdan olub. Müəllimliyə
başladığım ilk illərdə çoxları
mənə məsləhət görürdü ki,
müəllimliklə müəyyən qədər vaxt
keçdikdən sonra məşğul olarsan. Lakin zaman
mənim qərarımın doğruluğunu sübut etdi.
Artıq doqquz ildir ki, müəllim kimi fəaliyyət
göstərirəm. İşimin nəticəsi göz
önündədir. Muğam şifahi sənətdir.
Ağızdan-ağıza, ustaddan şagirdə
öyrədilir. Mən kiçik və orta yaşlılara
muğam sənətinin sirlərini öyrədirəm,
perspektivli olanları gördükdə tədbirlərə,
konsertlərə aparır, efirə çıxarıram,
müsabiqələrə hazırlayıram. Tələbə
müəllim üçün övlad kimidir. Bağban bir
ağacı bəsləyir, barını gördükdə
sevinir. Mən tələbələrimin uğuruna onlardan daha
çox sevinirəm. Ötən il muğam müsabiqəsində
iştirak edən iyirmi ifaçıdan səkkizi mənim
tələbəm idi. Birinci yerin qalibi də mənim
tələbəm-Təyyar Bayramov oldu. Bu gün artıq
Təyyar tanınmış xanəndə, opera
teatrının solistidir. O, Şah İsmayıl
obrazını yaradır, mənimlə
çiyin-çiyinə çalışır.
Sənəti, həyatı sevən adam üçün,
sənətkar üçün bundan böyük
hədiyyə ola bilməz. Mən
tələbələrimə təmənnasız olaraq
kömək etdikdə onların qarşısında belə
bir şərt qoyuram ki, onlar da özlərindən sonra bir
neçə tələbə yetişdirsinlər. Bu,
nümunə olmalı, ənənəyə
çevrilməlidir. 1985-ci ildə Üzeyir Hacıbəyovun
anadan olmasının 100 illiyi ilə bağlı
müsabiqədə birinci yerin qalibi mən oldum və Şövkət
xanım məni operaya gətirdi. İyirmi ildən sonra,
2005-ci ildə Üzeyir Hacıbəyovun anadan olmasının
120 illiyində muğam müsabiqəsi keçirildi,
Təyyar Bayramov birinci yeri tutdu və onu operaya mən
gətirdim. Bu, bəlkə də təsadüf deyil, bir
qanunauyğunluqdur. Yaxşı ifaçılarımız
çoxdur, təəssüf ki, hamısı
təcrübəsini öyrətmir.
- İnsanların mənən saflaşmasında
muğamın rolunu necə dəyərləndirirsiniz?
- Muğam dinləyən insan mənən təmizlənir,
paklaşır. Muğamı sevən insan ciddi insan olur.
Mənim çox sevdiyim bir ifadə var: “Muğamı yetkin
beyin qəbul edir”. İnsan var ki, yetmiş yaşı var,
lakin kamilləşməyib. İnsan da var ki, on beş
yaşında dünyanı dərk edir. İnsanın
inkişafı, aldığı tərbiyə və digər
amillər buna təsirini göstərir. Təbii ki, insanda
anadangəlmə xasiyyət də mövcuddur. Bu,
dəyişilməsə də, formalaşma, inkişaf
danılmazdır. İnsan ciddiləşdikcə, ciddi
musiqilərə qulaq asır. Muğamı sevən insanlar
mənən daha zəngindir. Muğam Azərbaycanın gen
yaddaşıdır, tarixidir. Mərhum Xudu Məmmədovun bir
kəlamı vardı: “Azərbaycanı uşaqlara
sevdirmək yox, tanıtmaq lazımdır”. Bunu muğama da aid
etmək olar. Muğamı təbliğ etmək, tanıtmaq
lazımdır. Muğamın fəlsəfi mənasını
başa düşdükdə insan onu istər-istəməz
sevəcək.
- Məcnun obrazını belə gözəl
yaratmağınız, yəqin ki, Füzuli
dühasının yaratdığı Məcnunun daxili
aləmini, duyğularını anladığınızdan, bu
fəlsəfəni dolğun şəkildə
mənimsəmənizdən irəli gəlir. Sizcə, öz
xəyalınızda canlandırdığınız
Məcnunu tam olaraq tamaşaçıya çatdıra
bilirsinizmi?
- Bütünlükdə çatdırıram - deməyə
bir az çətinlik çəkirəm. Bunu
tamaşaçılar deyə bilər. Mən
özümdən heç vaxt razı qalmıram. O yerdə
ki, razılıq var, orada sənət qurtarır. Hər
dəfə Məcnun rolunu yaradanda bu obrazda yeni nə isə
kəşf edirəm. Sənəti inkişaf etdirən də
budur. Hər tamaşadan sonra öz səhvlərimi
axtarıram. Hər bir sənətkar kimi mənim də
beynimdə o qədər fikirlər, variantlar olur ki, mən
özümə tamaşaçı kimi yox, kənardan
musiqiçi kimi baxıram. Opera səhnəsində
yaradıcılığa kiçik rolların ifasından
başlamışam. Bunun sonrakı sənət
fəaliyyətim üçün faydası çox olub. Biz
opera səhnəsinə aktyor kimi yox, xanəndə kimi
gəlirik. Aktyorluğu burada öyrənirik. Bu işdə
Hafiz Quliyevin mənə çox köməyi olub. Kiçik
rolları ifa edəndə böyük sənətkarlarla -
Arif Babayev, Canəli Əkbərov, mərhum Baba Mahmudoğlu
ilə tərəf-müqabil olmuşam. Onlardan sənətin
sirlərini mənimsəməklə yanaşı, həm
də səhnədə addımlamağı öyrənmişəm.
Bu sənətkarlarda yaxşı nə varsa
götürməyə çalışmışam. Lakin o
vaxtdan bir məqsədim var idi ki, sənətdə öz
dəsti-xəttim olsun. Mənə elə gəlir ki, buna nail
olmuşam. Bunun üçün illərlə zəhmət
çəkmişəm, lakin bu sənəti çox
sevdiyimdən onun əziyyətləri də mənə
xoşdur.
- Daxili zənginliyinizdə və ruhi
tarazlığınızın qurulmasında Məcnunun nə
dərəcədə rolu olmuşdur?
- Sözün əsl mənasında, bu obrazı tam
şəkildə dərk etdikdən sonra mənim bütün
həyat tərzim dəyişib. Artıq həyatda mən
hər şeyə Məcnunun gözü ilə baxıram.
Bəzən Məcnunluq deyəndə
düşünürlər ki, Məcnun dəlidir. Məcnun
eşqinin dəlisidir. Mən də həmişə
deyirəm ki, mən muğamın məcnunuyam. Bu cür
məhəbbət başqa bir şeydir. Allah onu sevdiyi insanlara
göndərir. Vətəni üçün canından
keçən insanlar da böyük məhəbbəti
qəlbində gəzdirən insanlardır.
Nəticədən asılı olmayaraq, məhəbbəti
yaşaya bilən insan xoşbəxtdir.
- İnsanın həyat təcrübəsi
dünyagörüşü və yaşa dolması ilə
müəyyən dəyərlərə baxışı da
dəyişir. Məcnun obrazını hər dəfə
canlandırdıqda yeni nəsə kəşf edirsinizmi?
- Bəli, bu elə bir obrazdır ki, hər dəfə nə
isə tapılır. Hər bir ifa zamanı elə anlar olur
ki, özünü çəkisizlikdə hiss edirsən, sanki
yerdən üzülür, hara getdiyini, nə etdiyini hiss
etmirsən və o anda sənət yaranır. Bunu isə
diqqətli tamaşaçı dərhal duyur.
- İki dahinin - Füzuli və Ü.Hacıbəyovun
yaradıcılıq məhsulu olan bir əsərin baş
rolunun ifaçısı, onların insanlara çatdırmaq
istədiklərinin vasitəçisi, sanki, bu dahilərin xalqa
göndərilmiş elçisisiniz. Bu xoşbəxtlik
gətirən məsuliyyətlə bağlı Üzeyir
bəyə xəyalən “hesabat” verdiyiniz, onunla fikrən
söhbətləşdiyiniz, ondan xeyir-dua istədiyiniz anlar
olubmu?
- Üzeyir bəy bizim millətimizin mənəvi
atasıdır. Azərbaycanı, millətini dərin
məhəbbətlə sevən övladlarından biri idi.
Onun öz övladı olmayıb. Amma bütün
Azərbaycan övladlarını özününkü bilib.
Üzeyir bəy millətin gələcəyi
üçün çox işlər görüb - opera
teatrı, konservatoriya yaradıb. 1925-ci ildə komissiya yaradaraq
dağınıq halda olan muğamları sistemləşdirib
tədris proqramı hazırlayıb. Üzeyir bəy bu
günə qədər tədrisdə istifadə olunan klassik
Azərbaycan muğam məktəbini yaratmışdır.
Mən özümü onun mənəvi övladı hesab
edirəm. Bu gün həyatda, sənətdə nə
qazanmışamsa, Üzeyir bəyə borcluyam. Nəinki
mən, bu əsərlə neçə-neçə
sənətkarımız tanınıb, sevilib,
şöhrət tapıb. Mən sənətdə ilk
addımlarımı məhz bu ocaqda-opera teatrında
atmışam. Bura mənim üçün məbəddir, müqəddəs
ocaqdır. Burada Üzeyir bəyin, Bülbülün,
Rəşid Behbudovun ruhu var...
İki sahil.- 2007.- 27 sentyabr.- S.
6.