Qocayeva A.
"Qısqanc ürəklər"
Bu tamaşa ilə Musiqili Komediya Teatrı 98-ci mövsümünü açdı
Sentyabrın 15-də
Azərbaycan Dövlət Musiqili Komediya Teatrının 98-ci
mövsümünün təntənəli
açılış mərasimi oldu.
Mərasim teatrın
geniş və yaraşıqlı foyesində düzənlənmişdi.
Teatrın binasına daxil olan qonaqlar ilk növbədə foye
boyu təşkil olunmuş, bu teatrın 98 illik səhnə
həyatının ayrı-ayrı fraqmentlərini əks
etdirən fotosərgi və teatr kollektivi üzvlərinin
nəfis şəkildə əl işlərindən ibarət
yaradıcılıq sərgisi ilə üzləşdilər.
Fotosərgidə teatrın inkişaf tarixində böyük xidmətləri
olan aktyor və rejissorların oynadıqları, quruluş
verdikləri tamaşalardan səhnələr öz əksini
tapmışdı. Mərasim dahi Üzeyir bəyin
əzəmətli musiqisi sədaları altında
başladı. Tamaşaçılar foyenin ayrı-ayrı hissələrində
teatrın xor kapellasının ifasında tamaşalardan musiqi
parçalarını dinlədilər, aktyorların
ifalarında tamaşalardan parçalara baxdılar,
skripkaçıİarın ifalarında musiqilər
dinlədilər.
Mərasimin ən
maraqlı görüntülərindən biri əvvəldən
axıracan aktyorların yaratdıqları personajların
paltarlarında tamaşaçılara qarışaraq onlarla
səmimi salamlaşıb görüşmələri,
sənət haqqında diskusiyalar aparmaları və onlarla
şəkillər çəkdirmələri oldu.
Mövsümün
açılışında Mədəniyyət və Turizm nazirinin
müavini Ədalət Vəliyev, teatrın direktoru Elxan Orucov,
bəstəkar Ramiz Mirişli və digər tanınmış
qonaqlar iştirak edirdilər.
Teatr öz
mövsümünü Ramiz Mirişli və Marat Haqverdiyevin
"Qısqanc ürəklər" tamaşasının
nümayişi ilə açdı. Tamaşanın
quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu
dirijoru Nazim Hacıəlibəyov, quruluşçu baletmeysterləri
əməkdar rəssam Zakir Ağayev və Yelena Ağayeva,
dirijoru Ziya Bağırov, xormeysteri əməkdar artist Vaqif
Məstanov, rejissor asissenti Rəfiqə Bağırovadır. Tamaşanın
baş dirijoru Nazim Hacıəlibəyovdur. Uğurla
nümayiş olunan tamaşa alqışlarla
qarşılandı. Tamaşa zalının dolu olması bir
daha onu göstərdi ki, tamaşaçılar Musiqili Komediya
Teatrının tamaşaları üçün
darıxıblar və bu teatr onların ən çox sevdikləri
bir məbəd olaraq qalır. Biz də teatrın direktoru Elxan
Ocaqov başda olmaqla bütün kollektivi 98-ci
mövsümün açılışı
münasibətilə təbrik edir, onlara bu sənətdə
daha böyük yaradıcılıq uğurları
diləyirik.
İki sahil.- 2007.- 18 sentyabr.- S. 6.