Məhərrəmova
T.
Hər
şeyə yeni baxışla yanaşmaq istədik
Elxan Ocaqov, Əməkdar
incəsənət xadimi:
"Dövlət teatrları
özlərini maliyyələşdirə bilməz"
Həftə sonu - sentyabrın
15-də teatrlar yeni mövsümü açıq elan
edəcəklər. Bununla bağlı kollektivlərdə
qızğın hazırlıq gedir. Binaları təmirdə
olanlar yeni primyeralar və ən əsası, oynamaq
üçün səhnə haqqında fikirləşir,
təmirə ehtiyacı olmayan teatrlar isə yeni-yeni
layihələr qurur və həyata keçirməyə yollar
axtarırlar.
Musiqili Komediya Teatrının builki
fəaliyyəti isə deyəsən, nəinki ötən
mövsümdən, hətta keçən
illərdəkindən fərqli, yəni yeniliklərlə bol
olacaq. Teatrın direktoru Elxan Ocaqovla müsahibəmizdə
hər şeydən xəbərdar olacaqsınız:
- Ötən
teatr mövsümünü uğurlu hesab edirsiniz?
-
Keçən ilki teatr mövsümü çox
əlamətdar oldu. Doğrudur, mövsümün
əvvəlində teatr böyük itki verdi: teatrın
direktoru Hacıbaba Bağırov dünyasını dəyişdi.
Bu itkidən həm teatrda, həm də
repertuarda bir sarsıntı dövrü yaşandı. Teatr
özünü yalnız yanvardan sonra doğrultmağa başladı.
Bütün bu çətinliklərə baxmayaraq,
keçən ilki mövsüm teatrın ən uğurlu
mövsümlərindən oldu. Ramiz Mirişli və
Marat Haqverdiyevin "Qısqanc ürəklər" kimi
çox uğurlu bir tamaşasını təhvil verdik. Daha
sonra Şıxəli Qurbanov və Süleyman Ələsgərovun
"Milyonçunun dilənçi oğlu" əsərini
hazırladıq. Bu tamaşanın ən böyük uğuru
ondan ibarət idi ki, əsas iştirakçılar
gənclər idi. Əsər gözlədiyimizdən də
yaxşı nəticə verdi. Tamaşa tamamilə
ənənəvi xarakterdən kənar idi. Klassik
ənənələr saxlanmaqla tamaşaya müasir
baxış, bir çoxlarının qəbul edə
biləcəyindən kənar yeniliklər var idi. Biz əsas
mahiyyəti əsərin məzmununa yönəltməyə
çalışdıq və buna nail olduq. Doğrudur, bir
çoxları əsəri bu şəkildə qəbul
etmək istəmirdi. Teatrşünasların təhlili və
özümüzün görmək istədiyimiz yeniliklər
baxımından tamaşa bizi qane elədi. Daha sonra isə
İsi Məlikzadə və Süleyman Ələsgərovun
"Kələkbazlar" əsərini tamaşaya qoyduq. Bu
əsər vaxtilə "Subaylarınızdan
görəsiniz" adı ilə tamaşaya qoyulmuşdu.
Ancaq əsərə baxış keçirib gördük ki,
bu ad əsərin məzmunu ilə uyğun gəlmir. Ona
görə də əsərin adını
dəyişərək məzmununa uyğun yeni formada
işlədik. Nəhayət, Xalq artisti Afaq
Bəşirqızının iştirakı ilə "Yeddi
məhbusə" tamaşasını təhvil verdik. Bir
mövsümdə bu qədər tamaşanın
ərsəyə gəlməsi teatr tarixində rekord
göstəricidir. Bilirsiniz ki, Musiqili Komediya Teatrı
Şərqdə yeganə operetta teatrıdır. Onun çox
spesifik xüsusiyyətləri var. Bu, çox çətin
yanrdır - həm vokal imkanları, həm böyük aktyor
oyunu, simfonik orkestrlə canlı ifa, 25 nəfərlik xor
və baletin iştirakçı ilə sintez formada tamaşa
hazırlanır. Ona görə də bir mövsümdə
dörd tamaşanın təhvil verilməsi böyük
göstərici idi.
Lakin
fəaliyyətimizi yalnız bu istiqamətdə qurmaq çox
az idi. Ona görə də hər şeyə yeni
baxışla yanaşmaq istədik. Bu mövsüm
üçün bir neçə layihə hazırladıq.
Bəziləri elə fikirləşir ki, "Muskomediya"ya
gedəndə ancaq yumor, gülüş üçün
gedirlər. Bəziləri də fikirləşir ki, yalnız
yüksək vokal imkanlarını eşitmək
üçün gedir. Bəziləri yaxşı musiqiyə
qulaq asmağa, bəziləri gülməyə,
digərləri məzmunlu komediya görməyə gəlir.
Bəzən melodrama ilə, lirik notlarla, xarakterik mahnılarla
qarşılaşanda bəzi tamaşaçıların
zövqləri haçalanır. Tamaşaçıların
zövqü, istəyi müxtəlifdir. Bizim repertuarda hər
sahəyə aid yanr var. Gələcək planlarımızda
bir xətti əsas götürməyə
çalışırıq ki, qəbul edəcəyimiz
bütün əsərlərdə yaxşı amillərin
hamısı özünü göstərsin. Bu baxımdan
"Qısqanc ürəklər" tamaşası
ümidlərimizi doğrultdu. Ramiz Mirişlinin
yüksək səviyyədə yazdığı musiqi,
gözəl aktyor oyunu və reyissor işi, mükəmməl
dekorasiya, rəssam işi və yaxşı komediya - bu
tamaşa doğrudan da çox uğur qazandı.
Gələcəkdə də bu ənənəni yaşatmaq
istəyirik. Bu baxımdan yeni repertuar planı
hazırlayanda nəzərə aldıq ki, öz klassik
əsərlərimizə rəğbət göstərən
və dünya klassikasını istəyən
tamaşaçıların da zövqünü
nəzərə almalıyıq. Belə ki, rus
bölməsində Kalmanın "Bayadera", Azərbaycan
bölməsində "İdeal qaraçı"
əsərini repertuara daxil etdik. Bundan əlavə,
tanınmış bəstəkar Faiq Sücəddinovu teatra
cəlb elədik. O, Tamara Vəliyevanın "Mən
dəyərəm min cavana" əsərini yazdı.
Artıq tamaşa üzərində məşqlər gedir
və ilin sonunacan təhvil verməyi planlaşdırırıq.
Bundan
əlavə, Əziz Nesinin "Öldür məni,
əzizim!", Marat Haqverdiyevin bizim sifarişlə
yazdığı "Kürəkən" və Molyerin
"Meşşanın zadəganlığı"
əsərlərini repertuara daxil etmişik. Bu
baxımından demək olar ki, repertuar sahəsində
böyük irəliləyiş var.
- Deyə
bilərsinizmi, keçən mövsümdə sizi qane
etməyənlər nə idi?
- İlk
növbədə tamaşaçılara servis xidməti
göstərə bilməməyimiz... Yəni teatrda xidmət
yüksək səviyyədə deyildi.
Tamaşaçıların zalda
yerləşdirilməsindən, fasilə zamanı bufet
xidmətindən tutmuş və s. xidmətlərə
qədər mənim üçün teatrın ən
yaralı yerlərindən biri idi. Bu gün
tamaşaçının zövqü və tələbi çox
yüksəkdir. Tamaşaçı böyük komfort,
xidmət və istirahətinin təmin olunmasını
istəyir. Biz tamaşaçıya ən yüksək
səviyyədə xidmət göstərmək
üçün proqram hazırladıq. Həmçinin
teatrımızın tarixini və bu gününü, korifey
və indiki sənətkarların həyat və yaradıcılığını,
eləcə də repertuarını əks etdirən internet
saytı hazırlamışıq. Saytın təqdimatı
mövsümün açılışı günü
tamaşadan qabaq foyedə keçiriləcək. Bu,
teatrımızın və sənət adamlarımızın
yaradıcılıq fəaliyyəti üçün
dünyanın hər yerində geniş imkanlar yaradacaq.
Məni qane
etməyən digər məsələlərdən biri də
teatrın repertuarının, oynanılan tamaşanın
təbliğ olunmamasıdır. Görürsünüz ki,
ucuz səviyyəli bir mahnı və ya klip yüksək
səviyyədə təbliğ olunur. Ancaq
mənəviyyatımıza xidmət edən və
mədəniyyətimiz üçün çox mühüm
olan tamaşalar isə qətiyyən təbliğ olunmur.
Özünüz bilirsiniz ki, bu gün təkcə
küçəyə afişa yapışdırmaq
təbliğat deyil və bu yolla tamaşaçı
yığmaq olmaz. Bununla bağlı da
mükəmməl bir layihə işlədik. Bu layihənin
geniş planda həyata keçirilməsi böyük
vəsaitlərlə bağlıdır. Amma dar mənada
reallaşması istiqamətində böyük işlər
görməyə başlamışıq. Bu, ilk
növbədə sponsor yardımı ilə tamaşaların
çap məhsullarının, geyimlərin və s.-in reallaşmasıdır.
Biz bu işləri teatrın vəsaiti hesabına çox az
sayda edirik və onun geniş kütlələrə
yayılması mümkün olmur. Sponsor hesabına isə
bunun geniş şəkildə həyata keçirilməsi
mümkündür. Eyni zamanda, tamaşaların
anonslarının mütəmadi olaraq televiziya və
şəhərdəki reklam monitorlarında
yayımlanmasına çalışırıq.
Həmçinin
açılış günü bütün
dövrlərdə davam edəcək təklif qutusu
hazırlamışıq. Bu təklif qutusu vasitəsilə
tamaşadan əvvəl, sonra və fasilələrdə
foyedə ayrı-ayrı aktyorların oyunu, rəssam işi, musiqi
tərtibatı, reyissor işi və s. haqqında
tamaşaçıların fikrini bilmək bizim
üçün çox önəmlidir. Sorğu zamanı
ağlımıza gəlməyən bir təklif ortaya
çıxa bilər. Çünki
tamaşaçılarımız cəmiyyətin bütün
təbəqələrini əhatə edən insanlardan
ibarətdir. O insanların hər birinin özlərinə
məxsus düşüncələri, ideyaları var.
Bütün dünya praktikasında həyata keçirilən
marketinq sorğusu kimi bu sorğunu ortaya qoyuruq. Bəzən
ayrı-ayrı telekanallar küçədə adamların
teatra münasibəti haqqında soruşurlar. Əslində,
onlar təsadüfi, demək olar ki, teatrdan xəbəri olmayan
adamlardır. Bəlkə də böyük
əksəriyyəti ömrü boyu teatrın
qapısını açmayıb. Onların dedikləri
bəlkə də teatr və mədəniyyət haqqında
əks təbliğatdır. Ancaq biz bu sorğunu ona
görə hazırlamışıq ki, sırf teatrla bağlı
adamlar öz fikirlərini desinlər. Bundan əlavə, SMS
sorğularına da müraciət edəcəyik. Bununla
bağlı "Azərcell"lə danışıqlar
aparılıb. Mənə elə gəlir ki, bu da teatrın
gələcək inkişafında müəyyən rol
oynayacaq. Bir sözlə, açılışda və
bütün mövsüm ərzində çox yenilik olacaq.
Sadalamadığım bəzi şeyləri isə
tamaşaçılar üçün sürpriz
saxlayıram.
- Bizdə
çox vaxt sponsorların ciddi sənətə pul
yatırmamalarından şikayətlənirlər. Siz necə,
sponsorlarla asan dil tapırsınız?
- Dünya
praktikasında marketinq sorğusu və firmaları
mövcuddur. Qəbul olunan "Teatr haqqında" qanunda
prodüser fəaliyyətinə geniş yer verilib. Mənim
fikrimcə, hər bir teatr rəhbəri eyni zamanda prodüser
işini mükəmməl bilən, dünya prodüser
fəaliyyətinin müxtəlif çalarları ilə
tanış olan adam olmalıdır. Prodüser
fəaliyyətini bilmək üçün marketinq
fəaliyyətinə bələd olmalısan. Yəni
özünə cəlb edəcəyin və təklif
edəcəyin tərəflərin maraq və
tələblərini öyrənmədən müraciət
edərsənsə, təbii ki, "yox" cavabı alacaqsan.
Çünki qarşı tərəf ilk növbədə
öz maraqlarını güdür. Öz maraqları
çərçivəsində onu qane edəcək
təklif gələndə məmnuniyyətlə
razılaşır. Hətta təklif paketini verəndən
sonra bəzən özləri səni axtarıb tapırlar.
Bizim təklif paketləri bir neçə firmalara
göndərilib və qısa müddətdə çoxlu
müsbət cavablar almışıq.
- Dövlət
teatrlarının özlərini dolandırması haqqında
bir ara Rusiyada səslənən analoyi fikirlər bizdə
də səsləndi. Sizcə teatrlar özlərini
dolandıra bilərmi?
-
Dünyanın heç bir yerində dövlət teatrları
özlərini maliyyələşdirə bilməz. Kommersiya
və bələdiyyə teatrları özünü
maliyyələşdirə bilər. Çünki onlar az sayda
kollektivlə çevik, aktual formalardan istifadə edirlər. Lakin hər hansı tarixi olan dövlət teatrı
öz ənənələrindən çıxıb
kommersiya üsulu ilə teatrı yaşatmaq cəhdinə
qatılarsa, teatrın bütün ənənələri,
xalqın milli dəyərləri itər və
nəticədə biznesə xidmət edən bir sahəyə
çevrilər. Ona görə də dövlət
teatrları öz spesifikasını dəyişmədən
dövlətin himayəsində fəaliyyət
göstərirlər.
-
Tamaşaçılara yüksək servis xidməti
göstərmək üçün layihələr
hazırlamağınız çox məqbuldur. Ancaq bilmək
maraqlı olardı: bu xidmətlərin biletlərin
qiymətinə təsiri olmayacaq ki?
-
Hələlik heç bir təsiri olmayacaq.
Layihələrimizin tərkib hissələrindən biri
məhz teatrın kommersiya tərəfidir. Lakin bu, geniş
tamaşaçı kütləsinə aid deyil. Çünki
teatr xalqa məxsusdur və onun bütün
təbəqələrinin sosial və maddi durumuna uyğun
gəlməlidir. Demək olar ki, hələlik uzun
müddət bu forma saxlanılacaq. Lakin ayrı-ayrı
vaxtlarda kommersiya tamaşaları da hazırlamağı
nəzərdə tutmuşuq. Xüsusi kontingent, imkanlı
təbəqələr üçün bir neçə
uğurlu premyeranın anonsunu təşkil edərək baha
qiymətə bilet satmağı fikirləşirik. Bundan əlavə, əcnəbi
tamaşaçılar üçün xüsusi tamaşalar
hazırlamağı planlaşdırırıq. İnternet
vasitəsi ilə həmin kollektivlərə, firmalara və
səfirliklərə müraciətlər
hazırlamışıq. Əvvəlcə tamaşanın
gününü müəyyən edərək onlarla marketinq
sorğusu keçirəcəyik. Bir neçə
tamaşanın mətnlərini ingilis dilinə
tərcümə etmişik. Tamaşa zamanı diktor
tərcüməsi ilə tamaşaçılara tam
məlumat veriləcək. Bunlar tam kommersiya tamaşaları
olacaq.
Kaspi.-2007.-13 sentyabr.-S.16.