Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Borçalı bölgəsinin ucqar kəndinə xalçatoxuyan dəzgahlar hədiyyə edilmişdir

 

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Kvemo-Kartli-Borçalı bölgəsinin Dmanisi rayonunun Ermənistanla sərhəddə yerləşən ən ucqar dağ kəndi Yırğançaya 10 ədəd xalçatoxuyan dəzgah hədiyyə edilmişdi. Dəzgahların azərbaycanlılar yaşayan bu kəndə hədiyyə olunması mərasimində çıxış edən Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva bildirmişdir ki, bu nəcib aksiyadan məqsəd kənddə işsizlik probleminin həllinə yardım etməkdir. Əslində, bu kiçik müəssisədir. Burada xeyli adam özünə tapacaqdır.
Yerli əhalinin nümayəndələri qiymətli hədiyyəyə görə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Milli Məclisin deputatı Qənirə Paşayeva Yırğançay kəndində yaşayan Abdullayevlər ailəsində üç əkiz uşağın dünyaya gəlməsi münasibətilə valideynləri təbrik etmiş, Heydər Əliyev Fondunun yardımını onlara çatdırmışdır.

 

Azərbaycan.-2007.-18 sentyabr.-S.2.