Məhərrəmova
T.
Haqsızlıqlar adamı ruhdan salır
Tofiq Hüseynov, Əməkdar
artist: "Biz sənətdə öz sözümüzü
demişik"
Milli rəqs sənətimizin intibah
dövrünün artıq keçdiyini deyənlər
çoxdur. Həmin nəslin nümayəndələri olan
rəqqaslar rəqs sənətimizi dünyanın hər
yerində tanıdaraq inkişaf etdiriblər. Demək olar ki,
onların hamısı da milli rəqs sənətimizin banisi
Əlibaba Abdullayevin tələbəsi olub, onun əlindən su
içib.
Respublikanın tanınmış
rəqqası, Əməkdar artist Tofiq Hüseynov da
belələrindəndir. O, incəsənət
cəbhəsinin döyüşən əsgəri olub.
Təqaüddə olan rəqqas yenə də
işləmək, çalışmaq həvəsindən
əl çəkməyib.
-
Uşaqlıq dövrüm çox çətin vaxtlara
təsadüf edib. 26-lar adına Pioner sarayına
gedəndə müəllimlər bizə deyirdilər ki,
özünüz üçün tar, pianino alın. Ancaq bu
alətləri almağa uşaqların imkanı
olmadığından çox çətinlik
çəkirdik. Rəqs oynamaq qabiliyyəti elə bil ki,
mənə uşaqlıqda vergi verilmişdi. 6-7 yaşım
olanda böyük qardaşım məni özü ilə
toylara aparırdı. Toyda ifa elədiyim rəqslər
hamının xoşuna gəlirdi. Elə bu həvəslə
də Pionerlər sarayına gəldim. Mən rəqs
sənətimizin banisi Əlibaba Abdullayevin sinfində
məşğul olurdum. Bir müddət sonra onun
tələbəsi Böyükağa Məmmədovun
rəhbərliyi altında məşğul olmağa
başladım. Bizimlə bir qrupda çalışan uşaqların
çoxu nədənsə bu sənətin ardınca
getmədi. Ancaq mən ömrümü bu
sənətə həsr elədim. İncəsənət
Universitetinin mədəni-maarif fakültəsini bitirdikdən
sonra bir sıra klublarda, mədəniyyət evlərində
rəqs müəllimi işlədim. Çoxlu
tələbələr hazırladım. Vaxtilə
müəllimlərimin öyrətdiklərini mən də
həvəslə tələbələrimə
öyrətdim.
-
Sənətə gəldiyiniz ilk vaxtlar Filarmoniyanın
Mahnı və Rəqs Ansamblının çox məşhur
olduğu bir dövrə təsadüf edirdi. Sizi elə bir
məşhur ansambla necə qəbul etdilər?
- Əlibaba
müəllim artıq yetişmiş rəqqaslar olduğumuzu
görüb Filarmoniyanın Mahnı və Rəqs
Ansamblına daxil olmağımız üçün
müraciət elədi. Bizi də ansambla dəvət
etdilər. Həmin ansamblda oynamaq hər bir rəqqasın
arzusu idi. Mən bir neçə il həmin ansamblda
çalışdım. Həmin ansamblla
birlikdə Moskvada keçirilən mədəniyyət və
incəsənət ongünlüklərində, qastrol
səfərlərində çıxış etdim. 1961-ci
ildə Moskvada keçirilən "Azərbaycanın
incəsənət ustaları" adlı konsertdə
böyük uğurla iştirak elədik. Rəşid
Behbudov, Müslüm Maqomayev də bizimlə bir yerdə
çıxış edirdi. Konsert çox gözəl
qarşılandı. Ümumiyyətlə, bəxtim onda
gətirib ki, çox böyük sənətkarlarla
işləmişəm.
- Bəs
niyə iş yerinizi dəyişərək Filarmoniyadan
"Azkonsert"ə keçdiniz?
- Əsaslı
bir səbəb yox idi. O vaxt Filarmoniyadakı bir çox
kollektivləri "Azkonsert"ə birləşdirdilər.
Mən də orada çalışmağa başladım. Bu
kollektivin tərkibində də çox xidmət göstərdik.
Rəqqaslar üçün səhnə limiti 20 il olsa da,
mən üç il artıq çalışdım.
Hazırda təqaüddəyəm.
- Yəqin ki,
səhnədə çalışdığınız
illərlə bağlı maraqlı xatirələriniz,
zəngin təəssüratlarınız var.
-
Təəssüratlarım çox geniş və
zəngindir, danışmaqla qurtaran deyil. Demək olar ki,
Azərbaycanın bütün rayonlarını
qarış-qarış gəzmişəm. Bundan
əlavə, SSRİ-nin bütün respublikalarında qastrol
səfərlərində olmuşam. Uzaq Şərqə
qədər gedib çıxmışıq. 1958-ci ildə
ansamblımız Çinə getdi. Orada necə
səmimiyyətlə qarşılanmağımızı,
eşitdiyimiz alqışları hələ də yaddan
çıxara bilmirəm. Bundan başqa, Tunisdə,
Misirdə, Mərakeşdə və b. ölkələrdəki
çıxışlarımız çox yaddaqalan olub. Hara
gedirdiksə, elə bilirdik ki, doğma
vətənimizdəyik. Bizi hər yerdə çox səmimi
qarşılayırdılar. Musiqimiz, rəqslərimiz
həmin ölkələrdəki bütün
tamaşaçıları heyran edirdi. Biz Vətənimizin
adını ucaltmaqla fəxr edirdik.
-
Keçən il Dövlət Rəqs Ansamblının 30 illik
yubileyi qeyd olundu. Ansamblın üzvləri Əməkdar, Xalq
artisti fəxri adlarına layiq görüldülər. Bəs
Mahnı və Rəqs Ansamblına hansı diqqət
göstərildi?
- Düz
deyirsiniz, onlara qayğı və diqqət göstərildi.
Onların maaşları da beş dəfə
artırıldı. Başqa mənada demək
istəmirəm, onlar da bizim ansambldır. Ancaq Üzeyir
bəyin yadigarı olan Mahnı və Rəqs Ansamblı respublikada
ilk dəfə Əməkdar kollektiv adını alıb. Ancaq
bu ansambla bir qədər laqeyd münasibət
göstərilir. Bu cür ögey-doğmalıq adama pis
təsir edir. Axı Üzeyir bəyin çox böyük
zəhmətlə yaratdığı bu ansambl vaxtilə
Azərbaycanı çox tanıdıb, onun incəsənətinə
yüksək səviyyədə xidmət edib. Belə bir
ansamblı həmişə diqqətdə saxlamaq
lazımdır. Həmçinin ansamblın köhnə üzvlərinə
qayğı əskik olmamalıdır.
-
Səhnədən ayrılandan sonra yaşlı
rəqqasların yaratdığı "Veteran"
ansamblının taleyi necə oldu?
- 1988-ci
ildə yaşlı rəqqaslar Mədəniyyət
Nazirliyinə müraciət edərək "Veteran"
ansamblı yaratmaq istədiklərini bildirdilər. Belə bir
ansambl Gürcüstan, Osetiya və Dağıstanda vardı.
Polad Bülbüloğlu ansamblın yaranmasına kömək
etdi. Bizim üçün rəqs paltarları tikildi, proqram
tərtib olundu. İlk çıxışımız
Heydər Əliyev adına Sarayda oldu. Konsert çox
gözəl keçdi. İnanın ki, hamı biz yaşda
adamların belə cəld, çevik hərəkət
etmələrinə məəttəl qalmışdı.
İnsanlar bizim simamızda rəqs sənətimizin itib-batmayacağına
bir daha inandılar.
Bir il sonra
"Veteran"ları Çexiyada keçirilən festivala
göndərdilər. Daha sonra bir sıra
ölkələrdə keçirilən festivallarda,
konsertlərdə iştirak elədik. Bütün
ölkələrdən qızıl medal, mükafat və
kubokla qayıdırdıq. Çox təəssüf ki,
belə bir ansambl 1995-ci ildən fəaliyyətini
dayandırıb! Səbəbi təkcə
maliyyə çatışmazlığı ilə
bağlı deyil. Maliyyə
çatışmazlığından əlavə, bir sıra
dostlarımız dünyasını dəyişdi. Həm də ansamblın bəzi üzvləri
yaşa dolduqlarından əvvəlki cəld
hərəkətləri yerinə yetirə bilmirdilər.
Ona görə də kollektivi saxlamaq
mümkün olmadı. Ancaq bizdən
sonrakı nəsil də ansamblın fəaliyyətini davam
etdirə bilərdi. Nədənsə
cəhd göstərən tapılmadı.
- Həyat yoldaşınız
Nisə Mustafayeva da vaxtilə tanınmış xanəndə
olub. İncəsənət sahəsində
çalışan adamların ailədə dil tapması
deyəsən, daha asandır?
- Mən Filarmoniyanın
ansamblında çalışanda Nisə xanım da oranın
solisti idi. Bir gün bizi Azərbaycan rayonlarına qastrol
səfərinə göndərdilər. Yolboyu
maşında söhbət edə-edə bir-birimizi daha
yaxından tanıdıq. Qayıdandan sonra
evdə fikrimi bildirdim. Dedim ki, ürəyimə
yatır, onunla evlənəcəyəm... Beləcə,
taleyimiz birləşdi. Ailədə də
asanlıqla dil tapdıq. Sənət
aləmində bir yerdə çalışan ər-arvadlar
çox olub. Ümumiyyətlə,
incəsənət aləmində ərlə arvadın bir
yerdə işləməsi çox yaxşıdır. Məsələn, səfərlərə
gedəndə həyat yoldaşın gözünün
qarşısında olur. Artıq
söz-söhbətə də yer qalmır.
Nisə
xanım vaxtilə çox tanınmış xanəndə
olub. Səhnədə Şövkət
Ələkbərova, Tükəzban İsmayılova, Sara
Qədimova, Xan Şuşinski, Əbülfət Əliyev kimi
sənətkarlarla bir vaxtda çalışırdı. O
zaman bu sənətkarların hamısı fəxri ad aldı,
Nisə xanım isə yada düşmədi. İndi də
elə adamlara prezident mükafatları verirlər ki,
heç layiq deyil. Amma Nisə xanım sənətdə can
qoyub, sağlamlığını itirib. O, üç
dəfə ağır əməliyyat keçirib. Onun
prezident təqaüdünə daha çox ehtiyacı var.
Dərmanlarının pulunu çatdırmaq olmur.
Aldığı təqaüd heç dərmanına
çatmır. Yaxşı ki, mən işləyirəm.
İşləməsəm, ailəmiz çox ağır
vəziyyətdə yaşayar. İndi layiq oldu-olmadı cavan
müğənnilərə mükafat verilir.
Başqalarına paxıllıq eləmirəm, sadəcə,
öz haqqımızı istəyirəm. Ona da heç olmasa
təqaüd verməli idilər ki, bu yaşında və
xəstə vaxtında qiymətləndirildiyini görsün,
ürəyi sevinsin. 35 il səhnədə can qoyub,
zəhmət çəkən adama qarşı bu, çox
haqsızlıqdır. Bilirsinizmi, haqsızlıq çoxdur.
Nisə xanım Mədəniyyət və Turizm Nazirliyinə
müraciət etdi. Lent yazılarını,
sənədlərini qəbul etdilər. Ancaq hələ
də heç bir soraq yoxdur. Bu cür haqsızlıqlar
adamı ruhdan salır. İnsanların əməyinə
vaxtında və layiqincə qiymət verilməlidir.
Yaradıcı adama bundan artıq heç nə lazım deyil.
Biz bütün ömrümüzü səhnəyə
həsr edir, incəsənətimizə, xalqımıza
xidmət edirik. Səhnədə də qocalırıq.
Ömrümüzü səhnəyə həsr etdiyimizdən
demək olar ki, öz həyatımızı istədiyimiz
kimi yaşamağa vaxtımız olmur. Gözümüzü
açanda isə qocaldığımızı
görürük.
-
Səhnədən ayrı düşmüsünüz,
özünüz də təqaüddəsiniz. Ancaq
sənətinə ürəkdən bağlı olan adamın
öz peşəsindən kənar durmasına inanmaq
çətindir.
- Düz
deyirsiniz, işsiz qala bilmərəm. Hazırda Qaradağ
rayonunun Sahil qəsəbəsində yerləşən 5
saylı incəsənət məktəbində dərs
verirəm. Tələbələrim çoxdur. Sevinirəm ki,
istedadlı davamçılarımız yetişir. Onlar
bizdən sonra sənətimizi yaşadacaqlar. Biz isə
sənətdə öz sözümüzü demişik.
Zarafat deyil, ömrümün 50 ilini sənətə həsr
etmişəm. Sənət dostlarımın çoxu dünyasını
dəyişib, sıralarımız get-gedə azalır.
Sağ qalanlar isə kiminin dünyasını
dəyişməsini, kiminin fəxri ad, kiminin təqaüd
almasını gözləyə-gözləyə
yaşayır. Vaxtaşırı bir-birimizlə əlaqə
saxlayıb bu xəbərləri öyrənirik. Bizim tariximiz
budur... Hər halda fəxr olunmalı tarixdir.
Səhnəyə vida desək də, özümüzü
xatirələrlə ovundursaq da, əməyimizə
görə layiqincə qiymətləndirilməsək də,
hər halda fəxr olunmalı tariximiz var.
Kaspi.-2007.-14 sentyabr.-S.16.