Qocayeva A.

 

Rəqs sənətinin korifeyi

 

Bu sənət zəriflik və zəhmət tələb edir

 

Ölkə başçısı İlham Əliyevin 17 oktyabr 2007-ci il tarixli sərəncamı ilə bir sıra mədəniyyət xadimləri müxtəlif fəxri adlara, o cümlədən milli və xarici ölkə rəqslərinin mahir ifaçısı, Prezident təqaüdçüsü Roza Cəlilova “xalq artisti” fəxri adına layiq görülmüşdür. 79 yaşlı rəqqasənin bu adı necə qarşılaması və ümumiyyətlə, sənət haqqında söhbətlərini dinləmək məqsədilə onun qonağı olduq.
R. Cəlilova 1929-cu ildə Quba şəhərində anadan olub. 1934-cü ildə ailəsi ilə birlikdə Bakıya köçüb.1937-ci ildə orta məktəbin I sinfinə, 1938-ci ildə isə Bakı xoreoqrafiya məktəbinə gedib. Atası Rozanı balerina görmək arzusunda imiş. Lakin tale başqa bir qapını məktəbli Rozanın üzünə açıb. 1943-cü ildə Böyük Vətən müharibəsi getməsinə baxmayaraq, respublikada Uşaq və gənclər olimpiadası keçirilib. Bu olimpiadada iştirak etmək üçün uşaqlardan ibarət rəqqasə qızlar lazım idi. Rəqs quruluşçusu Əlibaba müəllim məktəbə gələrək bir neçə qız seçir və bunların arasında balaca Rozanın daha istedadlı olduğunu görür. Doğrudan da, xoreoqrafiya məktəbində oxuması Rozanı hazırlıqlı etmişdi. İlk dəfə olaraq Roza Əlibaba müəllimin quruluş verdyi “Aytəni” rəqsində solonu oynayır. Beləliklə, balerina olmaq arzusunda olan balaca Roza milli rəqslərimizə elə vurulur ki, taleyini həmişəlik onlara bağlamağı qətiləşdirir.
1947-ci ildə xoreoqrafiya məktəbini bitirən Rozanı Opera və Balet Teatrına balerina göndərirlər və o, teatrda iki il fəaliyyət göstərir. 1949-cu ildə gənc rəqqasə Üzeyir bəyin Azərbaycan Dövlət Filarmoniyasında yaratdığı Dövlət Mahnı və Rəqs ansamblına gəlir. Elə o vaxtdan şöhrət çələngi Roza xanımın başından düşmür.
1983-cü ildə Moskvanın xətti ilə Bağdad xoreoqrafiya məktəbində bir il dərs deyir. Səhnə fəaliyyətinin digər məqamları ilə bağlı söhbətləri xalq artisti, Muğam Teatrında məsləhtçi işləyən professional rəqqasə Roza xanımın özündən eşitmək daha yerinə düşər.
-Roza xanım, sizi fəxri ad almağınız münasibətilə təbrik edirik.
- Sağ olun. Mən ilk növbədə qədirbilən Prezidentimiz İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Bu adı düz 48 il səbirsizliklə gözləmişəm. Blirdim ki, dövlət əsl sənətkarları heç vaxt yaddan çıxarmır. 70 illik yubileyim ərəfəsində Prezident təqaüdünə layiq görüldüm, 2005-ci ildə isə ölkə başçısı məni mənzillə təmin etdi. Mənə və sənətimə göstərilən bu diqqətə görə Prezidentimizə bir daha öz minnətdarlığımı bildirirəm.
- Rəqqasə kimi ilk qastrol səfəriniz hansı ölkəyə olub?
- Moskvanın xətti ilə Berlində keçirilən Ümumdünya Musiqi festivalına göndərildim. Festivaldan sonra onun daxilində beynəlxalq müsabiqə keçirildi və mən bu müsabiqədə qızıl medala layiq görüldüm. Elə o vaxtdan ünvanıma gələn dəvətlərlə dünyanın bir sıra ölkələrində, o cümlədən Çin, Kanada, Efiopiya, Almaniya, İraq, Ərəbistan və digər ölkələrdə milli rəqslərimizi təbliğ və nümayiş etdirmişəm. Efiopiyada “İmperrator” qızıl medalına layiq görülmüşəm. Mən balerina ola bilərdim, lakin hər bir xalqın öz folkloru və milli rəqsləri var ki, bunları öyrənib nümayiş etdirmək daha müqəddəs işdir və mən də bu yolu tutdum. Rəqs sənəti məni tanıtdırdı və sevdirdi.
- Bu sənətin qəlbinizə hakim kəsilməyində kimlərin rolu olub?
-İlk növbədə atamın. Sonra xoreoqrafiya məktəbində mənə dərs deyən balerina Sara Mirəliyevanın, Tatyana Aleksandrovnanın və digərlərinin bu sənətin sirlərini öyrənməkdə mənə böyük təsirləri olub. Mənim müəllimlərim baletdə oldu, rəqsə isə tam hazır gəldim. Ansambla gələn ilk təhsilli qız mən olmuşam. Yəni təcrübəyə möhkəm nəzəri biliklə gəldim və savadım bütün fəaliyyətim boyu mənə böyük uğurlar gətirdi.
- İstedadınız və təhsilinizlə rəqs sənətində yeni məktəb yaratdınız. Bu məktəbə gətirdiyiniz yeniliklər nələrdən ibarət idi?
- Ən böyük yenilik dünya xalqlarının rəqslərini öz ifamda ölkəyə gətirməyim oldu. Hind, ərəb, rumın, İran və digər ölkələrin rəqsləri ilə repertuarımı daha da zənginləşdirdim, uğurlar, aldığım mükafatlar, orden-medallar bir-birini əvəz etdi. Mən bu sənətdə dünyanın ən xoşbəxt qadınlarından biri olmuşam. Hansı xarici ölkəyə gedirdimsə, o ölkənin rəqsini öyrənib sonuncu konsertdə ifa edirdim. Mənə həmin rəqsləri o ölkələrin professional rəqs ustaları öyrədirdilər.
1965-ci ildə Ərəbistanda olarkən İran rəqsi oynadım. Onlar bu rəqsi çox bəyənərək mənə ərəb rəqsi öyrətdilər. Ərəblərin məşhur orkestri ilə mən sonuncu konsertdə bu rəqsi tamaşaçılara təqdim etdim, yüksək səviyyədə qarşılandı. Məni orada saxlamaq istəyirdilər, lakin bədii rəhbərimiz C. Cahangirov mənim qalmayacağımı bilərək razılıq vermədi.
- Siz 1989-cu ildə Azərbaycanda ilk dəfə həvəskar qızlardan ibarət yaratdığınız “Gülüstan” rəqs ansamblı milli rəqslərimizi bir sıra xarici ölkələrdə böyük uğurla nümayiş etdirmişdir. Bu bardə söz açmağınızı istərdik.
-Mən vaxtilə rəqqasə olmaq arzusu ilə yaşayan, lakin ola bilməyərək müxtəlif peşələrdə çalışan qızları elanla bir yerə toplayaraq “Gülüstan” qızlar ansamblını yaratdım. Bu ansambla gözəl paltarlar tikdirdim. Elə yaranan ili “Xarı bülbül” beynəlxalq festivalında uğurla çıxış etdik. Festivalda iştirak edən Florida Ştatının Saratovka şəhər ansamblının bədii rəhbəri Roza Terner bu ansamblın çıxışını bəyənərək bizi Amerikaya dəvət etdi. 1991-ci ildə Florida ştatında milli rəqslərimizi yüksək səviyyədə nümayiş etdirərək mükafatlar qazandıq. Həmin konsertdə ştat televiziyası bir çox ölkələr içərisində yalnız Azərbaycan rəqslərini lentə aldı. Bundan əvvəl isə 1989-cu ildə, yəni Türkiyənin yolları açılan kimi ansamblımız dəvətlə bu qardaş ölkədə oldu. Çıxışlarımız o qədər xoşlarına gəldi ki, növbəti ili bizi yenidən Türkiyəyə dəvət etdilər.
Bilirsiniz, respublikamızda dövlət ansamblları dura-dura peşəkar olmayan bir ansamblın dalbadal xarici ölkələrə dəvətlər alması bədii rəhbər kimi mənim çox böyük müvəffəqiyyətim idi. Bu uğurlara gərgin zəhmətlərimin, son dərəcə səbirli olmağımın və rəqs sənətinə hədsiz vurğunluğumun nəticəsində nail olmuşdum. “Gülüstan” 1994-cü ilə kimi fəaliyyət göstərərək xeyli mükafata layiq görüldü. Xarici ölkələrdə bu ansamblın çıxışları o qədər bəyənildi ki, hətta qızlarıma elçilər də çıxdı. Mən də onları adətimizə uyğun ölkəmizə dəvət etdim. Beləliklə, “Gülüstan”ın qızlarından biri İsveçrəyə, ikisi Türkiyəyə, biri isə Amerikaya ərə getdi. Mən qızlarımın özlərinə və sənətlərinə qarşı çox ciddi olmuşam.
- Siz həm də respublikamızın bir sıra rayonlarının yerli folkloru ilə tanış olmuş, həmin rayonların özfəaliyyət kollektivlərinin ifalarında gözəl rəqslər qurmusunuz.
- Doğrudur, mən respublikanın ayrı-ayrı bölgələrində olaraq onların rəqslərini axtarıb tapmış və quruluş verərək özfəaliyyət kollektivlərinin ifalarında xalqın özünə qaytarmışam. Hər bir rayonda mənim dəst-xəttim var. Çox nadir haldır ki, professional rəhbər özfəaliyyət kollektivləri ilə birgə rəqs qursun. Çünki bu, çətin, səbir və olduqca zəhmət tələb edən bir işdir.
1983-cü ildə Naxçıvanın Şərur rayonunun özfəaliyyət kollektivi ilə Polşada, 1995-ci ildə Masallı ilə İraqda olduq. Hətta bəzi rayonlarda özfəaliyyət kollektivlərini özüm yaratmışdım.
Saatlıda yaratdığım “Günay” özfəaliyyət kollektivini birinci dəfə Bakıda keçirilən “Novruz bayramı” şənliklərinə dəvət etdim. Moskvanın “Vremya» informasiya proqramında demişdilər ki, “Günay” bu bayramın tapıntısıdır. “Günay” bütün rayonlar arasında ən zəhmətkeş kollektiv idi və hətta paltarlarını da özü tikirdi.
- Roza xanım, siz məşhur rəhbərlərlə işləmisiniz. Onlardan nələri götürmüsünüz?
- Mən Dövlət Mahnı və Rəqs ansamblında çalışarkən Filarmoniyanın müxtəlif vaxtlarda direktorları olmuş xalq artistləri Şəmsi Bədəlbəyli, Tofiq Quliyev, Niyazi, Soltan Hacıbəyov, Kərim Kərimov, bədii rəhbərlər incəsənət xadimi Qılman Salahov, xalq artistləri Səid Rüstəmov, Hacı Xanməmmədov, Cahangir Cahangirov, Süleyman Ələsgərov, Vasif Adıgözəlov kimi böyük sənətkarlarla təmasda olmuşam. Onlardan sənətə ciddi və yaradıcı münasibəti, öz üzərimdə daim çalışmağı, rəqslərimizdə millilik ruhunu qoruyub saxlamağı və bu kimi digər nəcib xüsusiyyətləri görüb götürmüşəm.
- Sənətinizlə bağlı yadınızda qalan maraqlı hadisələrdən birini danışardınız.
- 1957-ci ildə Moskvada 16 ölkənin iştirakı ilə Beynəlxalq müsabiqə keçirilirdi. Qucağımda 6 aylıq körpə ilə həmin müsabiqədə iştirak etməli oldum. Çətinliklərimi sadalamaq istəmirəm. Səhnədə rəqsin ortasında birdən yubkamın beli açıldı. Mən ansambla çalmağı davam etdirməyi işarə edərək səhnədən çıxdım, cəld qızların baş sancaqları ilə yubkamın belini bərkidərək yenidən səhnəyə qayıtdım. Hamıya elə gəldi ki, səhnədən çıxmağım da rəqsin quruluşuna daxildir. Həmin müsabiqədə qızıl medala layiq görüldüm.
- Rəqqasə qızlara nələri tövsiyə edərdiniz?
- Milli rəqslərimiz çox zəngindir və gözəl rəqs paltarlarımız var. Bu rəqslərdə qız-gəlinlərimizə xas olan zərif ədalar, yeriş, duruş, baxış, barmaq, bilək hərəkətləri, ülkər baxışlar öz əksini tapıb. Onları bütün gözəlliyi ilə tamaşaçıya çatdırmaq gərəkdir. İndi qızlar oğlan kimi oynayırlar, mən bununla qətiyyən razılaşmıram. “Tərəkəmə”, “Naz eləmə”, “Qızılgül”, “Uzundərə”, “Turacı”, “Birdənəsən”, “Dilbərim” və bu kimi rəqslərimizdə xalqımızın milli-mənəvi dəyərləri yaşanır. Bunları olduğu kimi nəsildən-nəslə çatdırmaq gərəkdir. Rəqqasələrimizə eyni zamanda bədən quruluşlarını, ümumi cazibədarlıqlarını qoruyub saxlamağı tövsiyə edirəm. Çünki rəqs gözəllik sevir.
- Roza xanım, sizə uzun ömür, cansağlığı diləyirik.
Çox sağ olun!,

 

 İki sahil.-2007.- 28 sentyabr.- S.6.