İsmayılov H.


Xoş məram və məqsədlər elçisi

 

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti xalqımıza xas mütərəqqi dəyər və idealların ictimai şüurda möhkəmlənməsinə yönəlmişdir

 

Ümumbəşəri sivilizasiyanın minilliklərlə ölçülən mövcudluq salnaməsi sübuta yetirmişdir ki, hər hansı milləti kölə vəziyyətinə salmaq, keçmişindən, soy-kökündən ayırmaq üçün ona öz tarixini, milli ənənə və dəyərlərini unutdurmaq yetərlidir. Yalnız böyük şəxsiyyətlər yetişdirən xalqlar qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi keyfiyyətlərini, mental xüsusiyyətlərini hər bir ictimai-iqtisadi formasiyada hifz edərək mütərəqqi yolla irəliləyir, milli özünəməxsusluqlarını qoruyub saxlayırlar. Bugünün özündə də dünyanın bir çox nüfuzlu dövlətləri məhz fenomen liderlərinin müəyyənləşdirdiyi yolla irəliləyir, davamlı və sabit inkişafı bu uğur magistralından kənarda təsəvvür etmirlər.
Azərbaycanda bu ağır və məsuliyyətli missiyanı ümummilli liderimiz Heydər Əliyev çiyinlərinə götürərək hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin böyük himayədarı kimi çıxış etmişdir. Ümummilli liderimizin Azərbaycana 40 ilə yaxın rəhbərlik dövrü çağdaş tariximizə iqtisadi və mədəni yüksəliş dövrü kimi daxil olmuş, xalqın milli mənlik şüurunun, özünüdərk hissinin güclənməsinə təkan vermişdir. Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi, ictimai şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin fenomenal lider kimi tarixi missiyası həm də xalqın milli ruhunu və enerjisini, mental dəyərlərini, heysiyyətini zəmanənin hər cür təhdidlərindən, yabançı təsirlərindən qorumaq, milli yüksəlişini təmin etmək olmuşdur. Xalqına, onun tarixinə, folkloruna, adət-ənənələrinə, saf və ülvi dəyərlərinə qəlbən bağlı olan bu böyük şəxsiyyət milli və bəşəri idealların, zəngin mənəvi-estetik irsin böyük hamisi kimi daim ehtiramla yad edilir.
Ulu öndərimiz müstəqil Azərbaycana rəhbərliyi dövründə xalqın milli kimliyinin təcəssümü olan bütün maddi-mənəvi mədəniyyət abidələrinə, adət-ənənəsinə, ritualların, milli irsin qorunmasına və gənc nəslə aşılanmasına xüsusi diqqət yetirmişdir. Böyük strateq Heydər Əliyev çıxışlarında xüsusi vurğulamışdır ki, yeni dünya nizamının, qarşısıalınmaz qloballaşma prosesinin nəticəsi kimi meydana çıxan sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunması məsələsini çağdaş zamanın ən aktual məsələlərindən birinə çevirmişdir. Problemi aktuallaşdıran başlıca amil budur ki, qloballaşma prosesinin və çoxqütblü inteqrasiyanın diqtələri bir çox hallarda milli-mənəvi dəyərlərə, adət-ənənələrə, saf duyğulara qarşı yönəlir. Məhz Heydər Əliyev dühasının Vətəninə, xalqına, milli irs və ənənələrə bağlılığı bu təhdidlər önündə əzəmətli sipərə çevrilmiş, bütövlükdə xalqın milli genefondunu qorumuşdur. Bu dahi şəxsiyyət Azərbaycanın min illərin sınağından çıxmış mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, folkloruna həddən artıq bağlı olmaqla, onların olduğu kimi xalqa qaytarılması üçün əlindən gələni əsirgəməmişdir. Ulu öndər Heydər Əliyev öz düşüncələrində böyük ustalıqla milli və liberal dəyərlərin uğurlu ansamblını yarada bilmişdir. Ulu öndərimiz öz davranışları ilə xalqımıza kənar mədəniyyətlərlə təmas zamanı yabançı həyat tərzlərindən nələri əxz etməyi, nələri götürüb, nələri kənara qoymağı böyük uzaqgörənliklə göstərmişdir. Azərbaycanın qapıları ən ali, bəşəri və universal dəyərlərin üzünə məhz ulu öndərin əlləri ilə açılsa da, bu qapıdan həyatımıza daxil olan yeniliklər minilliklər boyu tariximizlə yol gələn, bizi dünya xalqları içərisində tanıdan milli dəyərləri üstələyə bilməmişdir. Xalqımıza xas mənəvi keyfiyyətlər yad mədəniyyət stereotiplərinin milli ənənələr üzərində hakim mövqeyə sahib olmasına heç zaman imkan verməmişdir. Ulu öndərimiz Heydər Əliyev bu mənada, həm də xalqın inanclarını, milli dəyərlərini bütün siyasi proseslərin fövqündə saxlayaraq qorumağı bacarmış liderdir.
Ümummilli liderimiz Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik
həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. Ulu öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan ali ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu hazırda cəmiyyətdə bir çox insanların ümid yerinə çevrilmişdir. Qurumun başlıca məqsədi ulu öndərimizin zəngin dövlətçilik irsinin öyrənilməsinə və təbliğinə xidmət edən irimiqyaslı proqramları həyata keçirmək, xalqın rifahının yüksəldilməsinə yönəlmiş faydalı təşəbbüsləri dəstəkləmək, elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafını təmin edən layihələrə yardımçı olmaq, milli-mənəvi dəyərlərə sadiq gənclərin yetişdirilməsinə çalışmaq, respublikamızın nüfuzunu artırmaq kimi strateji əhəmiyyətli vəzifələrdən ibarətdir.
Azərbaycanın birinci xanımı nəcib, humanist və insanpərvər missiya ilə insanlar arasında mənəvi uçurum yaradan, saf və ali dəyərləri ucuzlaşdıran neqativ meyillərə qarşı barışmaz mövqe tutur. Bunun nəticəsidir ki, bəzi məmurların laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac tapmayan köməksiz insanlar "ümid qapısı" kimi məhz Heydər Əliyev Fonduna üz tuturlar. Bu mənada, Fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən, analoqu olmayan ictimai qurumdur. Fond imkan daxilində vətəndaşların problemlərinin həllinə səy göstərir və imkanlarını bu yöndə səfərbər edir. "Bu gün biz müasir texnika, yüksək texnologiya və qloballaşma dövründə yaşayırıq. Fikrimcə, zəmanənin ən böyük təzadlarından biri ondan ibarətdir ki, əldə edilən tərəqqi, kommunikasiya imkanları insanların birləşməsinə, daha sıx ünsiyyət qurmasına şərait yaratsa da, gerçək həyatda biganəlik artır, insanların arasında uçurum artır. Bəzən nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu-qonşunu eşitmir, qardaş-qardaşa kömək əlini uzatmaq istəmir. Bu gün bütün dünyanın qarşılaşdığı ən ağrılı rroblemlərdən biri mənəvi idealların ucuzlaşması, onların saxta ideallarla əvəz edilməsidir. Bəzən cəmiyyətdə insan elə vəziyyətə düşür ki, bütün döydüyü qarılar onun üzünə bağlı qalır. O, öz dərdi ilə, öz rroblemi ilə təkbaşına qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək edə bilməz. Bu halda o, üzünü bizim Fonda tutur. Mən demək istəmirəm ki, biz dərhal onun bütün rroblemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun rrobleminin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir" - deyə Fondun prezidenti bildirir.
Fondun xətti ilə 2004-2007-ci illərdə həyata keçirilən proqramlar daha çox maarifçilik mahiyyəti daşıması ilə yaddaqalan olmuş, təhsilin səviyyəsini yüksəltməyə imkan vermişdir. Qurumun ümdə fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllinə kömək və bu məqsədlə nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli faydalanmaqdan ibarət olmuşdur. Bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinin həllinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açır.
Heydər Əliyev Fondu ilk gündən Azərbaycanda təhsil infrastrukturunun yeniləşdirilməsini, yeni məktəblərin inşasını bu sahədə mövcud problemlərin başlıca səbəblərindən biri kimi dəyərləndirmişdir. Fondun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində təkcə 2005-2006-cı illərdə Azərbaycanın müxtəlif regionlarında 200-ə yaxın məktəb binası inşa olunaraq lazımi avadanlıqlarla təchiz edilmişdir. Bu layihə maddi bazanın yaxşılaşdırılmasına, tədris prosesinin səviyyəsinin yüksəldilməsinə imkan verən məktəb binalarının inşasına istiqamətlənmişdir. 62 rayonda 200-dək yeni məktəb binası tikilib istifadəyə verilmiş, ən müasir avadanlıqlarla təchiz edilmişdir. Proqram çərçivəsində tikilən və infrastrukturu yerli tələbata və imkanlara uyğunlaşdırılan bu məktəblər müasir avadanlıq, istilik sistemi, zəngin kitabxanalar, əyani vəsait və kompyuter avadanlığı ilə təchiz olunmuşdur. Beləliklə, ölkənin ən müxtəlif bölgələrində minlərlə şagird 2005-2006-cı tədris ilini müasir tələblərə cavab verən yeni məktəblərdə qarşılamışdır. Fond bu dəyərli missiyanı cari ildə də inamla davam etdirir.
Heydər Əliyev Fondunun istər xeyriyyəcilik, istərsə də ictimai fəaliyyətinin prioritetləri sırasında elm və təhsilin mühüm yer tutması qətiyyən təsadüfi deyildir. Azərbaycanın gələcəyinin təhsilli insanların çiyinləri üzərində qurulacağını böyük uzaqgörənliklə vurğulamış ulu öndərimiz Heydər Əliyevin ideyalarını əldə rəhbər tutaraq onların gerçəkləşdirilməsinə çalışan Fond Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov və digər vətənpərvər ziyalılarımızın yeritdiyi fəal maarifçilik təmayülünü davam etdirmək kimi ağır missiyasını üzərinə götürmüşdür. Bu sahəyə yönələn diqqət və qayğının hansı məqsəddən qaynaqlandığını, xalqın, dövlətin gələcəyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamağa ehtiyac yoxdur. İctimai əsaslarla fəaliyyət göstərən Fondun ümummilli mənafelərə hesablanmış bu tədbirlərin həyata keçirilməsində cəmiyyətdən ciddi mənəvi-maddi dəstək alması görülən işlərin miqyasını, dinamikliyini və səmərəliliyini daha da artırmışdır.
Elmin, təhsilin dinamik inkişafı, milli-mədəni irsin qorunması, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili, bugünün uşaqlarının sabahın layiqli vətəndaşları kimi yetişməsi yolunda məqsədyönlü işlərin görülməsi, ilk növbədə, əsl vətəndaşlıq məsuliyyətindən irəli gəlir. Yalnız səmimi vətənpərvərlik hissi, vətən sevgisindən qaynaqlanan təmənnasız, pak hisslər insanı olduqca çətin, lakin xalqın və dövlətin gələcəyi baxımından müstəsna əhəmiyyətli işləri həyata keçirməyə sövq edə bilər. Azərbaycanın birinci xanımı ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin isə layiqincə davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Məhz onun müəyyənləşdirdiyi prioritetlərin nəticəsi kimi Heydər Əliyev Fondu yarandığı gündən ölkəmizin elmi, ictimai, mədəni və humanitar həyatında öz sözünü deyir. Müasir gerçəkliklər fonunda dünya təhsil sisteminə inteqrasiyanın təmin edilməsi, cəmiyyətdə hamı üçün bərabər təhsil imkanlarının yaradılması, yeni məktəblərin, təhsil ocaqlarının inşası, gənc nəslin kompyuter və informasiya texnologiyalarına dərindən yiyələnməsi məsələləri bu gün də Fondun xüsusi diqqət yetirdiyi məsələlər sırasındadır. Heydər Əliyev Fondunun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin tez bir zamanda aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elmə yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının da buna səfərbər olunmasına yönəlmişdir.
Sivilizasiyalararası dialoq və yaxınlaşma, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya və texnogen proseslərin geniş vüsət alması mütərəqqi proses olduğu qədər də, bəzən milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə real təhlükə qismində çıxış edir. Bəşəri və milli ideallar, zəngin mənəvi dəyərlər kapital münasibətləri fonunda müəyyən aşınmaya məruz qalır, kütləvi mədəniyyət stereotipləri hakim mövqeyə keçir. Belə şəraitdə xalqın milli "mən"inin, mənəvi dəyərlərinin qorunması məsələsi də son dərəcə vacib və aktual problem kimi önə çıxır. Bu baxımdan Azərbaycan mədəniyyətinin YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın timsalında özünə etibarlı hami və xilaskar tapması mühüm məqam kimi qiymətləndirilir. "İndi, kütləvi mədəniyyət stereotiplərinin hakim olduğu bir şəraitdə, milli ənənələrin qorunub saxlanılması, onlara qayğı ilə, düşünülmüş münasibət göstərilməsi son dərəcə vacibdir. YUNESKO-nun çoxsaylı vəzifələrindən biri də insanın mənəvi dünyasını qorumaqdır. Odur ki, planetimizdə məskunlaşmış xalqlardan hər birinin milli "Mən"ini daha parlaq əks etdirən qeyri-maddi irs incilərinin qorunması ən aktual vəzifəyə çevrilir" - deyən Mehriban xanım Əliyeva rəhbərlik etdiyi Fondun fəaliyyətində bu aktual və həssas məqamı dəqiqliklə nəzərə alır. O, haqlı olaraq hesab edir ki, Azərbaycan xalqının mədəniyyətinin yabançı təsirlərdən qorunması üçün, ilk növbədə, milli-mənəvi və əxlaqi dəyərlərin cəmiyyətdə tam bərqərar olmasına, habelə ictimai şüurda daha möhkəm intişar tapmasına çalışmaq lazımdır.
1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunu yaratmış Mehriban xanım Əliyeva hələ o dövrdən məhz bu missiyanı qarşıya qoymuş, yüksək təşəbbüskarlığı, fitri idarəçilik keyfiyyətləri ilə milli mədəniyyətimizin böhrandan qurtulmasına və inkişafına yüksək töhfəsini vermişdir. Qədim ənənələrə xas Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması, eləcə də dünya miqyasında təbliğ olunması məqsədilə 1996-cı ildən "Azərbaycan-İrs" jurnalının nəşrə başlaması da son dərəcə təqdirəlayiq məqam kimi xatırlanmalıdır. Azərbaycan, rus və ingilis dillərində işıq üzü görən jurnalda son 10 ildə milli mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibliyi ilə bağlı çoxsaylı məqalələr işıq üzü görmüşdür. Azərbaycanın mədəniyyəti və incəsənəti ilə bağlı ən aktual problemlərin, böyük məzmun yükünə malik materialların dərc edildiyi "Azərbaycan-İrs" jurnalı ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə də böyük dəstək olmuşdur.
"Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondu bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə milli mədəniyyətimizin üzləşdiyi taleyüklü problemləri, qarşıda duran başlıca məqsəd və vəzifələri düzgün müəyyənləşdirərək onların həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Ötən müddətdə musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi işi fondun diqqət mərkəzində olmuş, müntəzəm olaraq keçirilən xeyriyyə konsertləri milli mədəniyyətimizin zəngin ənənələrinin qorunması məqsədinə xidmət etmişdir. 1996-cı ildən etibarən Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi əsaslı təmir edilmiş, minlərlə yeniyetmə və gəncin, ələlxüsus imkansız ailələrinin övladlarının yüksək musiqi təhsili almasına əlverişli imkan yaradılmışdır.
Heydər Əliyev Fondu xalqın milli varlığını özündə yaşadan hər bir maddi- mənəvi və intellektual irsə böyük həssaslıqla yanaşır, milli mədəniyyətimizin dünya arenasına çıxmasında və təbliğində yaxından iştirak etməyə çalışır. Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2004-cü ilin sentyabrında YUNESKO-nun xoşməramlı səfiri kimi ilk çıxışında Azərbaycanı Üzeyir Nacıbəyov, Qara Qarayev, Səttar Bəhlulzadə, Mstislav Rostroroviç kimi dünya şöhrətli mədəniyyət xadimlərinin vətəni kimi tərənnüm etmiş, bu cür şəxsiyyətlərin yetişməsi üçün şərait yarada bilmiş xalqımızın, həqiqətən də, böyük xalq olduğunu vurğulamışdır: "Öz milli mənliyimizi, mədəniyyətimizi qoruyub saxlamaqla yanaşı, biz dünya mədəniyyəti xəzinəsinə 1300 illiyi ÜUNESKO çərçivəsində qeyd olunmuş "Kitabi-Dədə Qorqud" erosu, şifahi və qeyri-maddi irs inciləri siyahısına daxil edilmiş Azərbaycan muğamı kimi töhfələr verə bilmişik. Bu gün, yüksək texnologiyalar, qloballaşma və informasiya inteqrasiyası dövründə qeyri-maddi irsin qorunub saxlanılması xüsusi əhəmiyyət kəsb edir. Bütün bəşəriyyət qeyri-maddi irsin qorunmasında çox maraqlıdır. Bu məsələdə ÜUNESKO-nun rolu, şübhəsiz ki, çox böyükdür. Muğam da, aşıq yaradıcılığı da, milli musiqi alətlərimizin bənzərsiz melodiyaları da Azərbaycan xalqının bugünə qədər qoruyub saxladığı və gələcək gün naminə qorumağa borclu olduğumuz irsin yalnız bir hissəsidir. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun fəaliyyəti məhz bu məqsədə xidmət edir. Xoşməramlı səfir kimi mənim bütün gələcək fəaliyyətim də bu məqsədə xidmət edəcəkdir".
Heydər Əliyev Fondu ulularımızdan bizlərə yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün məqsədyönlü və konkret fəaliyyət planına malikdir. Fondun prezidenti Mehriban xanım Əliyevanın Bakıda "Qafqaz xalq ənənələri evi"nin yaradılması ilə bağlı YUNESKO qarşısında irəli sürdüyü təşəbbüsü də bu planın tərkib hissəsi kimi nəzərdən keçirilə bilər. Belə bir qurumun təşkili Qafqaz xalqlarına məxsus mədəni irsin qorunması təbliği baxımından da böyük faydalar vəd edir. Bu təşəbbüs, eyni zamanda, həm də böyük siyasi əhəmiyyətə malikdir. "Qafqaz xalq ənənələri evi"nin yaradılması Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən "Yeni Qonşuluq Siyasəti"nin icrasına müəyyən töhfə verməklə bərabər, həm də zaman-zaman Azərbaycanın mədəniyyət incilərini oğurlayıb öz adlarına çıxan ermənilərin bu hərəkətlərinin qarşısını almış olardı.
Fondun son illər həyata keçirdiyi uğurlu layihələrdən biri də "Qarabağ xanəndələri" albomu olmuşdur. Əslində, bütün Azərbaycana məxsus muğamlarımızın toplandığı alboma niyə məhz "Qarabağ xanənd
ələri" adının seçilməsinin arxasında dayanan incə siyasi məqamı sezməmək mümkün deyil. YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ xanəndələri" adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi olduğu bir daha nümayiş etdirilmişdir. Azərbaycanın birinci xanımının rəhbərliyi altında "Qarabağ həqiqətləri" kitabının çapa hazırlanması Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsi və təbliği baxımından son dərəcə böyük əhəmiyyət daşıyır. Azərbaycanda bir neçə muğam məktəbinin olduğunu, Qarabağ muğam məktəbinin də ararıcı muğam məktəblərindən sayıldığını diqqətə çatdıran Mehriban xanım Əliyeva bu məktəbin hazırda böyük təhlükə qarşısında qaldığını, bu yanrın gənc ifaçılarının sayının xeyli azaldığını bildirmişdir. Bu mənada "Qarabağ xanəndələri" layihəsi əslində həm də siyasi əhəmiyyəti olan layihədir: "Balaca muğam ifaçılarını, adətən, Qarabağ bülbülləri adlandırırlar. Bu gün Qarabağın sakinləri olan məcburi köçkünlərin düşərgələrində böyüyən uşaqlar daha muğam oxumurlar, onların arasında belə Qarabağ bülbülləri son dərəcə azdır. Oxumaq üçün onlara Qarabağ dağları, Qarabağ təbiəti, Qarabağ torrağı lazımdır. Azərbaycan mədəniyyətinin Üzeyir Nacıbəyov və Bülbül kimi belə böyük korifeylərinin Şuşada doğulduqlarını demək kifayətdir. Bax, beləcə, sırf musiqi layihəsindən siyasi layihə yarandı".
Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun fəaliyyətinin təqdirəlayiq məqamları kimi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın Azərbaycan muğamlarının öyrənilməsi və təbliği ilə bağlı fəaliyyəti onun mənəvi dəyərlərə bağlılığının əyani təsdiqidir. 2005-ci ilin avqust ayında Bakıda Beynəlxalq Muğam Mərkəzinin təməlinin qoyulması Fondun fəaliyyətində milli mədəniyyət incilərinin təbliği məsələsinin önəmli yer tutduğunu göstərir.
Heydər Əliyev Fondunun həyata keçirdiyi kompleks tədbirlər həm də xalqın milli kimliyini, keçmişini, milli varlığını özündə yaşadan Azərbaycan folklorunun inkişafına, onun nümunələrinin toplanılması və nəşri işinə ciddi təkan verir. Ümumiyyətlə, milli düşüncə sistemi ilə bağlı istənilən məsələnin şərhində tarixilik prinsiplərinin önə çıxması Heydər Əliyevin mənəvi irsini səciyyələndirən əsas xüsusiyyət kimi diqqəti cəlb edir. Bu prinsip Heydər Əliyev Fondunun Azərbaycan folkloruna münasibətində də parlaq şəkildə nəzərə çarpır. Həmin münasibət şifahi xalq yaradıcılığının cəmiyyət həyatındakı rolunun, əhəmiyyətinin aydın şəkildə dərk edilməsi əsasında formalaşmış münasibətdir. Xalqın özünəqayıdışı, özünüdərki prosesinin məhz folklora müraciətlə mümkün olması həqiqəti elmdə çoxdan təsdiqini tapmışdır. Folklor çoxqatlı, çoxişarəli mürəkkəb bir sistemdir. Bu sistem ən müxtəlif növlərə, janrlara, şəkillərə, mətn tiplərinə və variantlara malik olmaqla bərabər, onların strukturunda dəyişməz, sabit modelləri, məzmun və ifadə qəliblərini də qoruyub mühafizə edir. Folklorun işarə sistemlərində, məxsusi şifrələri ilə açılan kodlarında, sabitləşmiş modellərində dünya, insan, insanın mənəvi aləmi, dövlət və dövlətçilik fəlsəfəsi, habelə milli şüurla bağlı anlayışlar öz əksini tapır.
Folklor hər bir xalqın unudulmaz keçmişidir. Müasir qloballaşma dövründə keçmişi, zəngin milli irsi olmayan xalq isə beynəlxalq münasibətlər sisteminə qoşula və mədəniyyətlərarası dialoq prosesində öz sözünü deyə bilməz. Folklorda təkcə tarix yaşamır, bu mənəvi aləmdə xalqın bədii düşüncəsi də, müdrikliyi də, tarixin ən sərt dönəmlərində formalaşmış həyat tərzi də, adət-ənənələri, dövlətçilik təfəkkürü də qorunub mühafizə olunur. Azərbaycan xalqının tarixi keçmişi ilə bağlı ən böyük həqiqətlər bizim nağıllarımızda, dastanlarımızda, laylalarımızda, sayaçı sözlərimizdə, holavarlarımızda və digər çoxlu folklor nümunələrimizdə yaşayır.
Cəmiyyətə hər hansı bir ideyanın aşılanmasında, ictimai rəyin formalaşdırılmasında folklor böyük imkanlara malikdir. Bu funksional imkanların reallaşdırılması öz effektivliyinə görə kommunikasiyanın heç bir başqa vasitəsi ilə müqayisə oluna bilməz. Bu baxımdan Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şifahi xalq sənətimizin qorunmasına, inkişafına göstərdiyi yüksək diqqət və qayğı ulu öndərimiz Heydər Əliyevin mənəvi irsinin varisliyinin layiqincə təmin edilməsidir. Azərbaycan cəmiyyəti bu diqqət və qayğını vaxtilə Heydər Əliyevin xeyir-duası ilə müstəqil elmi struktur kimi həyata vəsiqə almış Folklor İnstitutuna göstərilən həssas münasibətdə də görür, duyur və böyük rəğbət hissi ilə qiymətləndirir. Azərbaycanın birinci xanımının Azərbaycan folklorunun qorunması və bütün dünyada təbliği istiqamətindəki fəaliyyəti Folklor İnstitutunun çoxsaylı kollektivində də böyük rəğbət və məmnunluq hissi doğurur.


"Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir" - deyən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın özünün də söylədiyi kimi, bu gün ən müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac axtaran köməksiz insanların sonuncu ümid qapısına çevrilmiş Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsində insanlara yaxşılıq kimi bir ideya, bir amal dayanır. Bütün bunlar, şübhəsiz, Heydər Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin əməli təzahürü olmaqla yanaşı, həm də Fondun cəmiyyətdə və ölkəmizdən xaricdə getdikcə artan nüfuzunun ifadəsidir.


Azərbaycan.- 2007.- 13 sentyabr.- S. 4.