Ailədaxili münasibətlərdə insan hüquqları müzakirə olunmuşdur

 

Sentyabrın 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Mədəniyyət və Turizm Nazirliyi ilə birgə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında məişət zorakılığı ilə bağlı "Ailədaxili münasibətlərdə insan hüquqları" mövzusunda dəyirmi masa keçirmişdir.

Hicran Hüseynova müasir cəmiyyətin qurulmasında ailənin rolunu yüksək qiymətləndirmiş, ölkədə ailə siyasətinin əsas prinsiplərinin uğurla həyata keçirildiyini vurğulamışdır. Bu sahədə mövcud problemlərdən danışan komitə sədri demişdir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2006-cı ildə ölkə üzrə qadınlara qarşı törədilmiş 4823 zorakılıq faktları qeydə alınmışdır. Bunlardan 67-si yetkinlik yaşına çatmayan qadınlara qarşı, 896-sı məişət zəminində törədilmişdir. Həmin zorakılıq aktları nəticəsində 24 qadın ölmüş, 960 qadın xəsarət almışdır. Bundan əlavə, 48 halda özünüöldürmə həddirlə çatdırma faktı qeydə alınmışdır.

H.Hüseynova komitə tərəfindən "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun layihəsi hazırlandığını bildirmişdir.

Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Ədliyyə Nazirliyinin, Dövlət Statistika Komitəsinin və digər qurumların nümayəndələri ölkədə ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə danışmışlar. Ailə çərçivəsində insan hüquqlarının təmin edilməsi istiqamətində bütün dövlət orqanlarının və cəmiyyətin səylərinin birləşdirilməsinin vacibliyi qeyd olunmuşdur.

 

Respublika.- 2007.- 25 sentyabr.- S. 4.