Behbudova A.

 

Kitabxana informasiya dünyasına açılan qapıdır

 

Kitabxana cəmiyyətdə elmin, mədəniyyətin inkişafında, təhsil və tərbiyənin yüksəldilməsində müstəsna əhəmiyyəti olan informasiya müəssisəsidir.

Məlum olduğu kimi, son illərdə ölkəmizdə kommunikasiya texnologiyalarından istifadə sahəsində bir sıra ciddi addımlar atılmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", həmçinin Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən yaxşı nümunələrini təbliğ etmək məqsədi ilə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamlar imzalayaraq yenidən çap edilən kitabların bütün kütləvi və tədris müəssisələrindəki kitabxanalara verilməsini, bu kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasitəsi ilə yayılmasını təmin etmək, latın qrafikasında "Azərbaycan ədəbiyyatının virtual kitabxanası"nın yaradılması haqqında tapşırıqlar vermişdir. Dövlət başçısının elm, təhsil və mədəniyyət müəssisələrinin yaxın gələcəkdə tamamilə kompüterləşdirilməsi ilə bağlı göstərişlərinə uyğun olaraq, respublikamızda müasir tipli mədəniyyət və informasiya mərkəzləri yaradılmışdır. Bunlardan biri Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanasıdır.

Qeyd edim ki, NDU yarandığı gündən (1967) Muxtar Respublikada təhsilin, elmin məbədgahı olmuş bu şərəfli missiya universitetin rektoru, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə bu gün daha əzmlə davam etdirilir. Universitet Azərbaycanımız üçün, eləcə bir sıra əcnəbi ölkələr üçün yüzlərlə yüksək ixtisaslı mütəxəssis, görkəmli ziyalı yetişdirmişdir. Möhtərəm prezidentimiz İlham Əliyevin "Naxçıvan Dövlət Universitetinin 40 illik yubileyinin keçirilməsi haqqında" imzaladığı fərman (31 mart 2007-ci il) universitetin əməkdaşlarını sevindirir, məsuliyyətimizi artırır, bizi daha intensiv məhsuldar fəaliyyətə təhrik edir. NDU-nun inkişafında Naxçıvan Dövlət Universitelinin Elektron Kitabxanasının da əvəzsiz xidmətləri var.

1968-ci il aprel ayının 23-də Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayan universitet kitabxanası 40 ilə yaxın fəaliyyəti dövründə Muxtar Respublikanın ən iri kitabxana-informasiya müəssisələrindən birinə çevrilmişdir.

Universitet kitabxanasının fəaliyyətini yaxşılaşdırmaq üçün 1997-ci ildən bir sıra tədbirlər həyata keçirilmişdir. NDU-nun əsaslı kitabxanasında əldə edilən ən böyük nailiyyətlərindən biri "Heydər Əliyev Universiteti" kitabxanasının yaradılması olmuşdur. Bu kitabxana Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində, Universitet Elmi Şurasının 6 mart 1997-ci il tarixli qərarı ilə təşkil olunmuşdur. Bu yeni tipli dövlətçilik məktəbinin ilk məşğələsi 5 aprel 1997-ci ildə keçirilmişdir. İlk məşğələdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov "Heydər Əliyevin həyatı və fəaliyyəti bir universitetdir" məruzəsi ilə çıxış etmişdir. İndiyə qədər universitetin 100-dən artıq məşğələsi keçirilmişdir. Bu kitabxana ümummilli lider Heydər Əliyev irsinə dajr ədəbiyyatın saxlanmasında və təbliğində də mühüm rol oynayır. Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən audiovizual materiallar, videoteka, qiymətli video-kadrlar, albom və bukletlər, nadir tarixi sənədlər, arxiv materialları qorunub saxlanılır. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən nəşrlərlə geniş oxucu auditoriyasını tanış etmək məqsədi ilə M.Seyidovun "Yaşayır Heydər Ata!", E.Axundovanın "Həqiqət anı", H.Mirələmovun "Heydər Əliyev", M.ƏIizadənin "Milli müdrikliyin Heydər Əliyev zirvəsi", A.Səmədovun "Azərbaycanın qurtuluş tarixi", "Xalqa bağlanan ömür" kimi kitabların təqdimatı keçirilmişdir. Bundan başqa, bu kitabxanada Azərbaycanın görkəmli alim və ictimai xadimlərinin iştirakı ilə elmi-kütləvi tədbirlər də keçirilir.

2000-ci ildə isə Əsaslı Kitabxananın fəaliyyəti universitetdə tibb fakültəsinin pediatriya ixtisası yarandığı üçün genişlənmişdir. NDU-nun tibb fənləri fakültəsinin binasında "Tibb kitabxanası" yaradılmışdır. Kitabxana tibb elminə dair Azərbaycan, türk, rus, ingilis dillərində nəşr olunan əsərlərlə təmin olunmuşdur.

Əsaslı kitabxananın nəzdində yaradılan Elektron Kitabxana 2004-cü ilin əvvəllərində Avropa standartlarına uyğun tikilmiş beşmərtəbəli binaya köçürülmüş və bundan sonra kitabxananın tarixində yeni inkişaf mərhələsi başlanmışdır. Oxuculara xidmət işində mütərəqqi üsullar tətbiq edilmiş, universitet kitabxanasının strukturu təkmilləşmiş, yeni “Avtomatlaşdırılma və mübadilə” şöbəsi yaradılmış, müasir kompüter texnologiyası ilə təchiz edilmiş, elektron kataloqun və elektron kitabxananın yaradılmasının əsası qoyulmuş, oxuculara xidmət işində müasir informasiya texnologiyalarından, o cümlədən, internet şəbəkəsindən istifadə edilməyə başlanmışdır.

2004-cü il may ayının 14-də NDU-nun Elektron Kitabxanasının açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmiş, kitabxananın maddi-texniki bazasının möhkəmləndirilməsinə dair tövsiyələrini vermişdir. Dövlət başçısı müasir tələblərə cavab verən NDU-nun Elektron Kltabxanasının nəinki Azərbaycan oxucularına, həm də Naxçıvan şəhərinə gələn xarici qonaqlara təqdim edilməyə layiq gözəl bir mədəniyyət mərkəzi, həm də Azərbaycanda fəaliyyət göstərən universitetlər arasında yeganə Elektron Kitabxana olduğunu qeyd etdi.

Hazırda kitabxanada hər cür texniki avadanlıqlarla təchiz edilmiş 4 oxu zalı, kompüter və elektron resurslar və konfrans zalı var. Bu zallarda müxtəlif mədəni-kütləvi tədbirlər, görüşlər, ədəbi-bədii gecələr, kitab və rəsm sərgiləri, konfranslar, təqdimatlar keçirmək üçün hər cür şərait yaradılmışdır.

Təkcə 2006-2007-ci illərdə Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamına əsasən 8700 nüsxədən artıq yeni kitab, dünya klassik və müasir ədəbiyyat nümunələri nəşr edilərək kitabxanamıza pulsuz verilib, bu proses indi də davam etdirilir.

NDU-nun Elektron Kitabxanası 14 minə yaxın oxucuya xidmət göstərir. Həmçinin kitabxananın beynəlxalq əlaqələri də gündən-günə genişlənir. Kitabxana Amerika, Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələrinin, Türkiyə, İran və digər ölkələrin universitetləri, kitabxana və informasiya təşkilatları, cəmiyyətləri, nəşriyyatları elm və mədəniyyət xadimləri ilə əlaqə yaradaraq ədəbiyyat və informasiya mübadiləsi aparır.

Mədəni irsimizin qorunmasında böyük xidmətlər göstərən dövlət başçısı Azərbaycanda fəaliyyət göstərən kitabxanaların müasir informasiya texnologiyaları ilə təmin edilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə, kitabxanaçı kadrların hazırlanmasına xüsusi diqqət verir. Məhz bu diqqətin nəticəsidir ki, müxtəlif illərdə kitabxana haqqında çox dəyərli qərar və sərəncamlar verilmişdir. "Azərbaycanda kitabxana fəaliyyətinin yaxşılaşdırılması haqqında" 20 aprel 2007-ci il tarixli qərar da belə sənədlərdəndir. Sözsüz ki, bu qərar sərəncamlar xalqın maddi-mənəvi sərvətlərinin, milli irsinin toplayıcısı, qoruyucusu olan kitabxanaların fəaliyyətində həlledici rol oynayır. Elmə, təhsilə, mədəniyyətə qayğı göstərən Prezidentin kitabxanalara olan bu diqqəti bizim üzərimizə daha böyük məsuliyyət qoyur.

 

İki sahil.- 2007.- 22 sentyabr.- S. 5.