Biblioobraz 2007 festivalında Azərbaycan Kitab Cəmiyyətinin miniatür kitabları nümayiş etdiriləcəkdir

 

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının "Kitab" Cəmiyyəti oktyabrın 9-dan 11-dək Moskvada Rusiya Federasiyasının birinci xanımı Lyudmila Putinanın təşəbbüsü ilə keçiriləcək "Biblioobraz-2007" Beynəlxalq kitab və qiraət festivalında nümayiş etdirilmək üçün nəzərdə tutulmuş "Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri" miniatür kitabını rus dilində nəşr etdirmişdir.
Cəmiyyətin sədri Zərifə Salahova demişdir ki, tədbirdə ölkəmiz Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunacaqdır. Festivala daha bir nəşr - Rusiya Federasiyası Prezidentinin 2006- ilin fevralında ölkəmizə işgüzar səfərinə dair miniatür kitab göndəriləcəkdir. Kitabın çapı başa çatmaq üzrədir.
Birinci kitaba Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2001-ci il yanvarın 9-10-da Azərbaycana rəsmi səfərindən bəhs edən materiallar daxildir. Burada oxuculara yüksək qonağın xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən aeroportda təntənəli şəkildə qarşılanması, Azərbaycan-Rusiya danışıqları, Rusiya Prezidentinin şərəfinə "Gülüstan" sarayında rəsmi qəbul, ona Bakı Slavyan Universitetinin fəxri doktoru diplomunun təqdim edilməsi, Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü barədə rəsmi materiallar təqdim olunmuşdur.
Nəfis şəkildə, 38x53 millimetr ölçüdə "İndiqo" nəşriyyatında çap edilmiş 400 səhifəlik bu miniatür kitabda 25 rəngli fotoşəkil verilmişdir. Supercildli kitabın forzasında Azərbaycan Respublikasının xəritəsi diqqəti cəlb edir.

 

Azərbaycan.- 2007.- 28 sentyabr.- S. 6.