Azad Şərifin Mədəniyyət ensiklopediyası

 

Xalq yazıçısı Çingiz Abdullayev tanınmış Azərbaycan jurnalisti Azad Şərifovun bu yaxınlarda çapdan çıxmış kitabına yazdığı ön sözdə onu məhz belə adlandırmışdır. Bu fikirlə razılaşmamaq olmaz. Ölkəmizin ötən əsrdəki yaradıcı sülalələrinə həsr edilmiş kitabda toplanmış oçerklər bir daha əyani şəkildə sübut edir ki, ta qədimdən zəngin mədəniyyəti ilə seçilən Azərbaycan XX əsrdə çox coşğun inkişaf mərhələsi keçmişdir.
Maraqlı faktlar və hadisələrlə zəngin olan bu nəşrin müəllifi məşhur müasirlərinin portretlərini oxucuya yetərincə təqdim etməyə müvəffəq olmuşdur. Bir də ona görə ki, müəllif onların çoxu ilə nəinki dəfələrlə görüşmüş, hətta dostluq etmişdir. Elə buna görə də mədəniyyətimizin nəhəng simaları barədə söhbətlər bu qədər səmimi, təsirli alınmışdır. Kitabda toplanmış materialları oxuduqca müəllifin öz qəhrəmanlarına laqeyd olmadığını yəqin edirsən. Təbiətən çox diqqətli, yüksək müşahidə qabiliyyətli bir insan, jurnalist kimi Azad Şərifov xalqımızın mənəvi irs tarixində silinməz izlər qoymuş mədəniyyət xadimlərinin bütöv nəsillərinin nümayəndələrinə xas olan böyüklüyü, əzəməti bugünkü oxucuya çatdırmaq üçün ayrı-ayrı ştrixlərdən, məqamlardan bacarıqla istifadə etmişdir.
Oxucuların diqqətini bu yeni nəşrə cəlb etmək üçün onun hansı sülalələrə həsr olunduğunu da xatırlatmaq yerinə düşərdi.
Hacıbəyovlar: böyük Üzeyir bəy, daha sonra Zülfüqar, onun oğlu Niyazi, Soltan, Zülfüqarın oğlu Çingiz, Soltanın oğlu İsmayıl...
Şeksprin əsərlərinin qəhrəmanları rollarının ən yaxşı ifaçısı sayılan Abbas Mirzə Şərifzadənin ailəsi: Abbas Mirzə özü, Mərziyə Davudova, onların qızı Firəngiz Şərifova...
Maqomayevlər: bəstəkar Müslüm Maqomayev və onun nəvəsi, xüsusi təqdimata ehtiyacı olmayan Müslüm...
Səməd Vurğun və onun oğlanları Yusif və Vaqif...
Azərbaycan “bülbülü” – Bülbül və onun bəstəkar oğlu, öz mahnılarının ifaçısı Polad, nəhayət, Teymur Polad oğlu – atasının fəxri.
XX əsr Qara Qarayev kimi böyük musiqiçinin yaradıcılıq dövrü olmuşdur. Qara Qarayev atası, Bakıda tanınmış uşaq həkimi, professor Əbülfəz Qarayevin sənətini davam etdirməmişdir, amma onun öz oğlu Fərəc atasının yolu ilə getmiş, bəstəkar olmuşdur...
Daha bir sülalə: bənzərsiz Rəşid Behbudov və onun qızı Rəşidə...
Yəqin ki, oxucuların heç də hamısı novator şair Rəsul Rza barədə Azad Şərifin oçerkində göstərilən tərcümeyi-hal detalları ilə tanış deyildir. Lakin onun ömür-gün yoldaşı, gözəl şairə Nigar Rəfibəylini, eləcə də onların oğlu yazıçı Anarı hamı tanıyır. Anarın da yaradıcılığının çiçəklənmə dövrü ötən əsrin ikinci yarısına təsadüf etmişdir.
Fikrət Əmirovu haqlı olaraq Şərqdə simfoniyanın banisi hesab edirlər. Onun oğlu Cəmil də musiqi bəstələmək və tar çalmaq bacarığını atasından öyrənmişdir...
Psixoloji dram ustası İlyas Əfəndiyev və onun oğlanları: Azərbaycanın xalq yazıçısı Elçin və əməkdar incəsənət xadimi, alim Timuçin...
Əsərdə bir sıra başqa ədəbiyyatçıların da adları çəkilir: gözəl romanlar müəllifləri Süleyman Rəhimov və Əli Vəliyev, duzlu-məzəli komediyaları dillər əzbəri olan Sabit Rəhman və onun istedadlı oğlu bəstəkar Emin Sabitoğlu...
A.Şərifovun oçerklərinin qəhrəmanları arasında rəssamlar da var. Müəllif Tahir Salahovun sənətini çox dəqiqliklə müdrik sənət adlandırmışdır. Rəssamın qızları Alagöz və Aydan da atalarının sənətini davam etdirir. Xüsusi bədii istedadı ilə seçilən, təəssüf ki, lap bu yaxınlarda dünyasını dəyişmiş Elbəy Rzaquliyev və onun qızı Aytən də xatırlanır. Ata və oğul – Arif və Orxan Hüseynovlar barədə oçerk oxucuları hökmən maraqlandıracaqdır. Rəssamlıq onlardan ötrü sanki Allah vergisi idi. Bu sənətkarların əsərləri dünyanın müxtəlif ölkələrində təşkil edilən təsviri incəsənət sərgilərində nümayiş etdirilmişdir. Kitabda Sadıqzadələr ailəsinə də xüsusi yer ayrılmışdır: Azərbaycanın xalq rəssamı Oqtay Sadıqzadə və onun həyat yoldaşı Elmira Şahtaxtinskaya, Oqtayın qardaşı Toğrul Sadıqzadə və oğlu Altay özlərini bu sənətə həsr etmişlər.
Yaradıcı sülalələr qalereyasını Şostakoviçin yetişdirməsi Cövdət Hacıyev və onun oğlanları – artıq musiqiçi kimi tanınmış İsmayıl və Mikayıl Hacıyevlər; hamımızın xoşladığımız gözəl lirik mahnıların müəllifi Tofiq Quliyev və onun oğlu, tanınmış kinorejissor Eldar Quliyev; Adıgözəlovlar nəslinin musiqi xadimlərinin bir neçə nəsli – xanəndə Zülfü Adıgözəlov, bəstəkar Vasif Adıgözəlov, dirijor Yalçın Adıgözəlov; Rzayevlər ailəsi: Azərbaycan opera sənətinin əfsanəsi Həqiqət xanım, onun oğlanları – bəstəkarlar Həsən və Azər Rzayevlər; nəhayət kitabın müəllifinə yaxın olan Bədəlbəylilər ailəsi – Əfrasiyab, Şəmsi, Fərhad...
Azad Şərifovun yeni kitabı ilə maraqlananların diqqətini daha bir neçə oçerkə cəlb etmək istərdik: unudulmaz teatr xadimi Mehdi Məmmədova həsr edilmiş “Rejissorluq ona Allah vergisi idi” oçerkində Mehdi Məmmədovun oğlu rəssam Elçinlə bağlı kövrək sətirlər də var. “Hippokrat andına sadiq insan” oçerki isə Azərbaycan Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımova həsr edilmişdir.
Azad Şərifin “XX əsr Azərbaycanın yaradıcı sülalələri” kitabı Azərbaycanda Vətəndaş Cəmiyyəti Yaradılmasına Kömək Assosiasiyasının prezidenti, professor Elxan Süleymanovun təşəbbüsü ilə nəşr olunmuşdur. Bir kitab şəklində Azərbaycan və rus dillərində çap edilmiş bu oçerklər məcmuəsində çoxu müəllifin şəxsi arxivindən götürülmüş maraqlı fotoşəkillər də vardır.
Məcmuənin sonunda öz xatirələrini bu qədər səxavətlə oxucuları ilə bölüşən Azad Şərifin qısa, lakin çox məzmunlu tərcümeyi-halı verilir. Kitabın müqəddiməsində oxuculara müraciət edən müəllif fəxrlə bildirir ki, övladlara növbə çatanda guya təbiətin dincəlməsi barədə postulat Azərbaycanda təsdiqlənmir. Həmyerlimizin oçerklər məcmuəsini oxuyanlar bu fikrin düzgünlüyünü bir daha yəqin edəcəklər. Elə xalqımız da yaxşı deyibdir: “Ot kökü üstündə bitər”.

Xalq qəzeti.-2007.-23 sentyabr.-S.4.