Böyük Azərbaycan şairi Hüseyn Cavidin 125 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir

 

Sentyabrın 12-də F.Köçərli adına Respublika uşaq kitabxanasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin anadan olmasının 125 illiyi və qızı Turan Cavidin xatirə gününə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Fizurə Quliyeva dahi şairin həyat və yaradıcılığı haqqında məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan ədəbiyyatında yaradıcılığının özünəməxsusluğu ilə xüsusi yer tutan Hüseyn Cavid yeni nəsil tərəfindən də dərindən öyrənilməli və onların tərbiyəsində görkəmli şairin ədəbi irsindən hərtərəfli istifadə olunmalıdır.
Turan Cavid Qadın Mərkəzinin sədri Sevda Cəfərova görkəmli sənətkarın anadan olmasının 125 illiyi ilə əlaqədar rəhbərlik etdiyi təşkilatın xətti ilə görülən işlər haqqında danışmışdır. Qeyd olunmuşdur ki, cari ilin mayında həmin məqsədlə Türkiyənin İstanbul şəhərində keçirilən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Bundan başqa, şairin yubileyi Təbrizdə, Hüseyn Cavidin orta təhsil aldığı Talibiyyə mədrəsəsində geniş qeyd olunmuşdur. Yubileylə əlaqədar şairin anadan olduğu Naxçıvan şəhərində də məktəblilərin şeir müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.
Tədbirdə Heydər Əliyev Fondunun baş məsləhətçisi, filologiya elmləri namizədi Məhəbbət Mehdiyeva “Hüseyn Cavid ailəsinə və irsinə Heydər Əliyev münasibəti” mövzusunda məruzə ilə çıxış edərək, xalqımızın ümummilli liderinin böyük Azərbaycan şairinə və onun ailəsinə göstərdiyi qayğı və diqqətdən ətraflı danışmışdır.
Cavidşünas alimlər - filologiya elmləri doktorları Kamran Əliyev və Cəlal Qasımov “Böyük sənətkar” və “Cavidi məhbəsə aparan yol” mövzularında məruzələrlə çıxış etmişlər.
Ulu öndər, Azərbaycan ədəbiyyatının və mədəniyyətinin unudulmaz hamisi Heydər Əliyevin təşəbbüsü və səyi ilə Hüseyn Cavidin cənazəsinin Vətənə gətirilməsi tədbirinin icraçılarından biri olmuş Həmid Cəfərov həmin hadisələrlə bağlı xatirələrini danışmışdır. Qeyd olunmuşdur ki, məhz xalqımızın ümummilli liderinin Hüseyn Cavid yaradıcılığına olan məhəbbətinin nəticəsində Naxçıvanda böyük sənətkarın mavzoleyi inşa edilmiş və Cavidlər ailəsinin nakam üzvləri ailəliklə orada əbədiyyətə qovuşmuşlar. Ailənin sonuncu nümayəndəsi Turan xanım Cavid isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə həmin mavzoleydə, ailə üzvlərinin arasında dəfn olunmuşdur.
Ədəbi-bədii gecədə xalq artisti Həsən Ağasoyun və məktəblilərin ifasında şairin yaradıcılığından nümunələr bədii qiraət olunmuşdur. Bülbül adına orta ixtisas məktəbinin tələbələri isə Hüseyn Cavidin şeirlərinə bəstələnmiş mahnıları ifa etmişlər.

 

Xalq qəzeti.-2007.-13 sentyabr.-S.4.