Mükərrəmoğlu M.
Azərbaycan kitablarının sorağı Çindən gəlir
Bu yaxınlarda
Çin Xalq Respublikasında keçirilən
XIV Beynəlxalq Kitab Sərgisində Azərbaycan
kitabları da nümayiş olunurdu.
Mədəniyyət və Turizm
Nazirliyinin nəşriyyat
sektorunun müdiri, şair Çingiz Əlioğlu da həmin sərgidə iştirak etmişdir. Onun sərgi ilə bağlı təəssüratlarını oxuculara çatdırırıq.
– Məlumat üçün
bildirim ki, Pekin Beynəlxalq Kitab Sərgisi 1986-cı ildən keçirilir. Adı çəkilən sərgi
bəzi ictimai-siyaaasi hadisələrlə əlaqədar
müəyyən dövrlərdə
keçirilməyib. Bu,
1986-cı ildən başlayaraq indiyə kimi keçirilən
14-cü sərgi idi. Pekin şəhərinin mərkəzində
çox böyük ərazisi olan sərgi zalı dünyanın ən müxtəlif ölkələrinin
– Böyük Britaniya,
Amerika, Kanada, Almaniya, Fransa, İspaniya, İtaliya, İsveçrə, Yaponiya,
Koreya, Səudiyyə Ərəbistanı, Yunanıstan,
Polşa, Hindistan, İran İslam Respublikası, Özbəkistan,
Tacikistan təmsilçilərinin
ixtiyarına verilmişdi.
Ümumilikdə bu ölkələrdən 500 adda
nəşriyyat və
nəşriyyat–poliqrafiya
müəssisələrinin çap nümunələri
nümayiş etdirilirdi.
Sərginin daimi işləyən konfrans zalı var idi.
Zalda bu ölkələrdən gələn
ən məşhur yazıçılarla, bu gün bu və digər
hadisələrin məziyyətlərinə
görə dünya oxucu auditoriyasının diqqətini cəlb etmiş, oxucu marağına səbəb
olmuş kitabların müəllifləri ilə
görüşlər keçirilir,
oxucular onları maraqlandıran ən müxtəlif suallarla müəlliflərə
müraciət edib, cavablar ala bilirdilər.
Eyni zamanda böyük ölkələrin
ekspozisiyalarında ardıcıl
olaraq oxucu konfransları keçirilirdi.
Bu konfranslarda oxucular həmin ölkələrdə
bu gün fəaliyyət göstərən
tanınmış, dünya
kitab çapında öndə gedən nəşr və çap müəssisələrinin
əməkdaşları ilə
görüşür, istehsal
etdikləri çap məhsulları ilə tanış olur, gələcək perspektiv
planları ilə maraqlanırdılar.
Pekin Beynəlxalq Kitab Sərgisi dünyanın, o cümlədən Şərqin
böyük kitab forumudur. Azərbaycan sərgidə ilk dəfə idi ki, iştirak edirdi. Nəhəng bir ölkənin — yəni 1 milyard 300 milyon əhalisi olan Çinin, təsəvvür edin, nə qədər oxucusu var. Biz özümüzlə
xüsusi olaraq Azərbaycanın xəritəsini,
milli geyimli qızların şəkillərini
və bayraqları, kəlağayıları aparmışdıq.
Ən başlıcası
isə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin ekspozisiyası son illər Azərbaycan Respublikasının
müxtəlif nəşriyyatlarında
çap edilmiş
ictimai-siyasi, mədəni
həyatımızın çoxsaylı
sahələrindən bəhs
edən müxtəlif
nəşrlərlə bəzədilmişdi.
Biz ora 188 adda 250-dən çox kitab, müxtəlif dillərdə
saysız-hesabsız reklam xarakterli materiallar da aparmışdıq. Həmin
materiallar Azərbaycanın
turizmi, tarixi abidələri, xalq sənəti nümunələrinin
istehsalı və bölgələrimizin çağdaş
mənzərəsi ilə
bağlı idi. Bunlar nazirliyin önəm verdiyi və kütləvi nəşr etdirdiyi reklam xarakterli materiallardı. Biz onları sərgiyə gələnlərə hədiyyə
edirdik.
Ən yaxşı nəşriyyatlarımızın fəaliyyəti ilə maraqlanan müxtəlif ölkələrin naşirləri
də çox idi. Biz onlara bu gün ölkəmizdə
fəaliyyət göstərən,
öz yaxşı işi ilə fərqlənən dünya
kitab nəşri işinin fövqündə
dayanmağı bacaran
ən yaxşı nəşriyyatlarımızın elektron ünvanlarını
təqdim etdik ki, gələcəkdə
onlarla əlaqə qura bilsinlər.
Çin Xalq Respublikasında keçirilən
XIV kitab yarmarkasında
bizim iştirakımız
əslində Azərbaycan
kitabının son dərəcə nəhəng
bir oxucu arealına təqdim edilməsi idi. Azərbaycan kitabının
dünya kitab hərəkatında qazandığı
mövqe, heç şübhəsiz ki, Mədəniyyət və
Turizm Nazirliyinin kitaba göstərdiyi diqqətin nəticəsi kimi qiymətləndirilir. Son dövrlər Azərbaycan kitabı bir sıra böyük
kitab müsabiqələrində
iştirak edir və ardıcıl olaraq qələbə çalır. Danılmaz faktdır ki, Azərbaycan kitabı bu gün özünün
böyük inkişaf
mərhələsindədir. Sərginin keçirilməsində,
ekspozisiyamızın təşkilində
Çin Xalq Respublikasındakı səfirliyimizin
əməkdaşları bizə
yaxından kömək
etdilər, daim diqqət göstərdilər.
Xalq qəzeti.- 2007.- 22 sentyabr.- S. 6.