Elmanoğlu S.
İnformasiya texnologiyalarının geniş tətbiqi
Azərbaycanın davamlı inkişafının mühüm
şərtidir
Prezident İlham Əliyevin bu
sahədə həyata keçirdiyi tədbirlər
səmərəli nəticə verir
İnformasiya
texnologiyaları müasir dövrdə hər bir
dövlətin, xalqın ümumi inkişaf
səviyyəsindən, intellektual potensialından xəbər
verən sosial, iqtisadi, və mədəni yüksəlişi
təmin edən mühüm göstəricilərdən
birinə çevrilmişdir. Elmi-texniki tərəqqinin ən
son nailiyyətlərinə əsaslanmaqla müasir informasiya
texnologiyalarının inkişaf etdirilməsi son 10 ildə
Azərbaycanda da dövlətin qarşısında duran
prioritet vəzifələrdən birinə
çevrilmişdir. Yeni dünya düzəninin diktə etdiyi
gerçəklik kimi son illər dövlət
səviyyəsində internet və digər informasiya
kommunikasiyaların inkişafına xüsusi diqqət yetirilir.
1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev
xalqın tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra bu sahənin ardıcıl və sistemli
inkişafına xüsusi diqqət yetirmiş, ötən
müddətdə rabitə və informasiya
texnologiyalarının fəaliyyəti üçün
zəruri hüquqi-normativ baza
formalaşdırılmış, maddi-texniki təminat
müasir tələblərə
uyğunlaşdırılmışdır. Ulu
öndərimizin 2003-cü il 17 fevral tarixdə
imzaladığı "Azərbaycan Respublikasının
inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları
üzrə Milli Strategiya (2003-2012-ci illər)" müasir
informasiya texnologiyalarının Azərbaycanda tətbiqi sahəsində
strateji vəzifələr
müəyyənləşdirmişdir. Respublikada informasiya
texnologiyalarının geniş tətbiqinə isə
1994-cü ildən sonra başlanmışdır. 1994-cü
ilin 20 sentyabrında ümummilli liderimizin qətiyyəti
və siyasi iradəsi əsasında imzalanmış
"Əsrin müqaviləsi" müasir rabitə və
informasiya texnologiyalarının ölkəmizdə
sürətlə tətbiqində böyük canlanma
yaratmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin 2003-cü il 17 fevral
tarixdə imzaladığı "Azərbaycan
Respublikasının inkişafı naminə
informasiya-kommunikasiya texnologiyaları üzrə (2003-2012-ci
illər) Milli Strategiya" 10 il müddətində müasir
informasiya texnologiyalarının Azərbaycanda tətbiqi
sahəsində prioritet vəzifələri
müəyyənləşdirmişdir. İnformasiya
texnologiyaları sahəsində qanunvericilik bazasının
inkişafı üçün bir neçə qanun -
poçt haqqında, informasiya təhlükəsizliyi, elektron
imza və sənəd, telekommunikasiya haqqında qanunlar Milli
Məclis tərəfindən qəbul olunmuşdur.
Qloballaşma dövrünün reallıqları
nəzərə alınaraq çevik və təkmil
idarəetməni təmin edəcək "Elektron
hökumət"in yaradılması da hazırda vacib
məsələlərdən biri kimi nəzərdən
keçirilir.
2003-cü ilin 15 oktyabrında Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı cənab İlham Əliyevin
xüsusi diqqət yetirdiyi sahələrdən biri də
məhz Azərbaycanda rabitə və informasiya
texnologiyalarının sürətli yüksəlişinin
təmin edilməsi, respublikamızın bu sahədə
əlverişli tranzit ölkəyə və regional
mərkəzə çevrilməsidir. Cənab İlham
Əliyev prezident seçildikdən sonra ilk xarici səfərə
BMT-nin mandatı ilə Cenevrədə təşkil edilmiş
İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində
iştirakla başlamışdır. Azərbaycan Prezidenti
həmin sammitdə bəyan etmişdir ki, XXI əsrdə
informasiya və kommunikasiya texnologiyalarının
inkişafı Azərbaycanın sosial-iqtisadi inkişafında
prioritet sahələrdən biri kimi nəzərdən
keçirilir. Bu sahələrin inkişafı Azərbaycanda
sosial-iqtisadi inkişafın, sivil dünya
dəyərlərinin, insan hüquqlarının etibarlı
təminatı və demokratikləşmə prosesinin
sürətləndirilməsi baxımından olduqca
zəruridir.
Azərbaycan Prezidentinin 24 noyabr 2003-cü il tarixli
"Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında"
və 11 fevral 2004-cü il tarixli "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nda bir sıra sahələrlə
yanaşı, rabitə və informasiya texnologiyalarının
inkişafına da xüsusi diqqət
ayrılmışdır. 2004-cü il fevralın 20-də
Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq
fərmanı əsasında Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin yaradılması isə bu sahənin
inkişafında yeni mərhələnin əsasını
qoymuşdur. Nazirliyin qarşısında duran əsas
məqsəd Azərbaycanda XXI əsrin
tələblərinə cavab verən müasir informasiya
infrastrukturunun, habelə iqtisadiyyatımızda əsaslı və
prioritet yer tutan informasiya və kommunikasiya məhsulları
sektorunun yaradılmasıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin informasiya
texnologiyalarının geniş tətbiqi sahəsində
ən böyük addımlarından biri kimi 2004-cü il
avqustun 21-də imzalanmış dövlət proqramını
xüsusi qeyd etmək lazımdır. Dövlət
başçısının "Azərbaycan
Respublikasında ümumtəhsil məktəblərinin
informasiya və kommunikasiya texnologiyaları ilə
təminatı haqqında" fərmanı 2005-2007-ci
illər ərzində təhsilin keyfiyyətinin
yüksəldilməsində, gənclərin inkişafında
və ümumiyyətlə, Azərbaycanın
tərəqqisində müasir texnologiyaların rolunu bir daha
təsdiqləmişdir. Bu proqram ölkədə yeni
informasiya texnologiyalarından istifadə olunmaqla, təhsilin
keyfiyyətinin yüksəldilməsinə xidmət edən,
dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid
təhsil informasiya sistemi yaratmaq və əhalini informasiya
cəmiyyətinə hazırlamaq məqsədi
daşıyır.
Dövlət başçısının 22 oktyabr 2005-ci il
tarixli fərmanı ilə "Azərbaycan Respublikasında
rabitə və informasiya texnologiyalarının inkişafı
üzrə 2005-2008-ci illər üçün Dövlət
Proqramı"nın (Elektron Azərbaycan) imzalanması
isə bu sahədə kompleks tədbirlərin həyata
keçirilməsini nəzərdə tutan, rabitə və
informasiya texnologiyalarının hökumətin
fəaliyyətində geniş tətbiqinə imkan yaradan,
habelə bölgələrdə geniş
yayılmasını təmin edən təkmil fəaliyyət
konsepsiyasıdır. Proqramda nəzərdə tutulmuş
tədbirlər nəticəsində 2008-ci ildə
Azərbaycan informasiya texnologiyalarının inkişafı
sahəsində ümumdünya orta
göstəricilərinə çatacaq, bu sektorun inkişafına
150 milyon ABŞ dolları yönəldiləcəkdir.
Bütün sahələrdə inkişaf edən
Azərbaycanda idarəetmənin müasir texnologiyalar
əsasında qurulması, ilk növbədə, zamanın
tələbindən irəli gəlir.
Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin
2007-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına
həsr olunmuş iclasında respublikamızda kompyuter və
informasiya texnologiyalarının inkişafı zəruriliyini
bir daha önə çəkmişdir. Bu da təsadüfi
olmayıb Azərbaycanın gələcək inkişaf
perspektivləri ilə şərtlənir. Təcrübə
göstərir ki, müasir bilik və texnologiyalar olmadan
cəmiyyətin davamlı inkişafını təmin
etmək mümkün deyildir. Cənab İlham Əliyev bu
zərurəti düzgün qiymətləndirdiyi
üçün məktəblərin
kompyuterləşdirilməsini, gənclərin bu sahəni
dərindən mənimsəməsini vacib amil kimi önə
çəkir. Nazirlər Kabinetinin son iclasında
dövlət başçısı dünyanın bir
çox aparıcı şirkətlərinin Azərbaycanda məhz
bu sahəyə maraq göstərdiyini
vurğulamışdır. "Azərbaycanda
informasiya-kommunikasiya texnologiyaları (İKT)
sürətlə inkişaf edir. Mən çox şadam,
görürəm ki, Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin böyük proqramları var.
Mən bu il dünyanın aparıcı İKT şirkətlərinin
başçıları ilə görüşlər
keçirmişəm. Azərbaycana çox böyük maraq
var, Azərbaycan çox perspektivli yer kimi qəbul olunur. Bir
tərəfdən, bizim ümumi iqtisadi inkişafımız,
ümumi daxili məhsulun yüksək səviyyədə
olması, Azərbaycanda iş görmək istəyən
bütün şirkətləri, əlbəttə,
təəccübləndirir və eyni zamanda, onları
Azərbaycana gəlməyə sövq edir. Digər
tərəfdən, bu sahədə görülən
işlər, qəbul edilmiş proqramlar və bizim praktik
uğurlarımız, əlbəttə, böyük İKT
şirkətlərinin Azərbaycana gəlməsini təmin
edəcəkdir. Bu, müasirlikdir, iqtisadi cəhətdən
əlverişli sektordur. Azərbaycan gələcəkdə bu
sahənin inkişafından milyardlarla dollar pul qazanacaqdır.
Eyni zamanda, bu, müasirlikdir, inkişafdır, savaddır,
bilikdir" - deyə dövlət başçısı
bildirmişdir.
Kompyuter və informasiya texnologiyaları eyni zamanda, hər bir
ölkənin müasirliyindən, çağdaş
dövrün mütərəqqi inkişaf meyillərini
düzgün dəyərləndirməsindən xəbər
verir. Prezident İlham Əliyevin vurğuladığı kimi,
Azərbaycan müasir ölkədir və iqtisadi, siyasi -
bütün başqa sahələrdə müasirlik
prinsipləri əsas olmalıdır: "Doğma tarixinə,
mədəniyyətinə, milli köklərinə bağlı
olan, eyni zamanda, müasir Azərbaycan. İnformasiya-kommunikasiya
texnologiyalarının inkişafı məhz ölkənin
müasirliyini göstərir. Bizim bütün
imkanlarımız var ki, Azərbaycan İKT sahəsində
bölgənin mərkəzinə çevrilsin. Daha
doğrusu, bu, bizim istəyimizdir, niyyətimizdir. Yeni
texnoparkların yaradılması, İKT-nin bütün
əlamətlərinin Azərbaycanda tətbiq olunması
həm bu sahədə böyük sıçrayışa gətirib
çıxaracaq, həm də başqa sektorlara müsbət
təsirini göstərəcəkdir. Necə ki, vaxtilə
uğurlu neft strategiyamız bütün başqa sektorlara
öz təsirini göstərmişdir, mən tam
əminəm ki, İKT-nin inkişafı bütün başqa
sektorlara, xüsusilə, xidmət sektorlarının inkişafına
çox böyük təsir göstərəcəkdir".
Bu gün dünyada hər 1000 nəfərə 100-150 kompyuter
düşsə də, Azərbaycanda bu rəqəm 25-30-dur.
Lakin əminliklə demək olar ki, dövlət proqramı
çərçivəsində həyata keçirilən
kompleks tədbirlər yaxın illərdə bu rəqəmin
sürətlə artmasına səbəb olacaqdır.
Cənab İlham Əliyevin informasiyalı cəmiyyətə
keçid istiqamətində atdığı kompleks
tədbirlər ölkə vətəndaşlarının
kompyuter və digər müasir informasiya texnologiyalardan
səmərəli və məqsədyönlü
istifadəsinə geniş imkanlar açacaqdır.
Azərbaycan.- 2007.- 14 sentyabr.- S. 4.