Azərbaycanın
ucuz və kasıb reklam bazarı
Bazar
iqtisadiyyatının şərtlərindən biri də
məhsullar barədə məlumatların
istehsalçıdan istehlakçıya daha dolğun
ötürülmə mexanizminin formalaşmasıdır. Bu funksiyanı reallaşdıran əsas amil isə reklamdır.
Bəs Azərbaycanın
reklam bazarı bu gün hansı
qayğılarla yaşayır?
Beynəlxalq Reklamçılar
Assosiasiyasının regional
direktoru, Azərbaycan Reklamçılar İttifaqının
prezidenti Hacıəmi
Atakişiyev bildirib ki, Azərbaycan reklam bazarını tənzimləyən "Reklam
haqqında" qanun
10 ildir qəbul edilib. Onun sözlərinə
görə, bu müddətdə qanun özünün təsir gücünü itirib.
"Respublika, bazar sürətlə inkişaf
edir, amma bazarı tənzimləyən
qanun gecikir. Ona görə də, Azərbaycan Reklamçılar İttifaqı
parlamentlə danışıqlar
aparıb ki, yaxın gələcəkdə
bu qanun dəyişilsin. Bu yaxınlarda "Rəqabət
haqqında" qanun qəbul olunacaq. Həmin qanunun içində reklama aidiyyaəti olan bir çox məsələlər var.
Ona görə də "Rəqabət haqqında" qanuna paralel olaraq, "Reklam haqqında" qanun da yeni
şəkildə formalaşmalıdır
ki, onlar bir-birini tamamlasınlar və bazarda bir qanunauyğunluq yaransın. Çünki
"Reklam haqqında"
qanun qocalıb, "Rəqabət haqqında"
qanun isə yeni dəsti-xətlə hazırlanıb.
Onlar arasındakı münasibət pozulsa, yenə də reklam bazarını tənzimləmək mümkün
olmayacaq". H.Atakişiyevin
sözlərinə görə,
yeni qanunda əsas media ilə bağlı məsələyə baxılmalıdır.
Yəni qanunvericilikdə
media reklamına xüsusi bölmə ayrılmalıdır. Qurum
rəhbəri bildirib ki, şəhər mühiti ilə bağlı reklamların tənzimlənməsi üçün
də qanunda bəzi dəyişikliklər
olmalıdır. Çünki
bu gün şəhər reklamları
Bakı və Gəncə icra hakimiyyətlərinin nəzarətindədir.
Amma digər yerlərdə bu məsələ bələdiyyələrin səlahiyyətinə
aiddir. "Ümumiyyətlə,
düzgün olardı
ki, 2000-ci ildə qəbul olunan "Bələdiyyələr haqqında"
qanuna müvafiq olaraq reklam işinə
nəzarət bələdiyyələrə
verilsin. Çünki
bələdiyyələr rəqabət nəticəsində
öz aralarında daha geniş iş aparacaqlar. Onların bazarın inkişaf etdirilməsində
də marağı olacaq. İcra strukturlarının isə
bu marağı yoxdur. Onlar dövlətdən
maaş aldıqlarına
görə, reklamı
inkişafında heç
bir maraqları yoxdur. Bundan başqa, nəqliyyatda reklam məsələsinə
də yenidən baxılmalıdır". H.Atakişiyev
hesab edir ki, ümumiyyətlə, reklam sahəsində İspaniya modeli daha çox qəbul edilir. "Çünki İspaniya modelində 5 cild qanun var. Artıq
Rusiyada bu istiqamətdə işlər
gedir. Bu baxımdan Azərbaycanda da "Reklam Məcəlləsi"nin
qəbul olunması çox vacibdir. Bundan başqa, bu sahəni idarə etmək üçün Reklam Şurası yaradılmalıdır.
Biz Dünya Ticarət Təşkilatının
üzvlüyünə qəbul
olacağıqsa, qanunda
bu şərtin olması çox vacibdir. Bu təşkilata
üzv olmaqla dünya bazarına çıxırıq. Reklamlarımız
da bu bazara
uyğun olmalıdır.
Yeni keyfiyyətli reklam qanunvericiliyi Azərbaycanın gələcək
regional iqtisadi inkişafına çox böyük kömək ola bilər". Mütəxəssisin fikrincə,
bu gün Azərbaycanın reklam bazarındakı mövcud
vəziyyət qənaətbəxş
deyil. Onun sözlərinə görə,
bazarlar inhisarda olduğuna görə, reklam verən də yoxdur. Ekspertin fikrincə, elə bu səbəbdən
də ilk növbədə bazar bu inhisardan təmizlənməlidir.
"Reklam şəffaflıq
yaradır. Əgər
mal keyfiyyətsiz çıxırsa, biz şirkətin nümayəndəliyinə
müraciət edə
bilirik. Bazardakı reklam olunmayan məhsullar həm vergidən, həm də gömrükdən yayınır. Mal reklam olunarsa, onu vergi də,
gömrük də görər və belə malın bazara daxil olması
zəifləyər". Reklamdan
ən çox gəlir götürən
sahələrə gəlincə,
qurum rəhbəri bildirib ki, araşdırmalara
görə, bu gün ən çox televiziyada reklam gəlirləri var. İkinci yerdə küçə,
daha sonra isə nəqliyyat reklamları durur. Dördüncü yerdə
isə qəzet reklamıdır. "Qəzet
reklamı ümumi reklam bazarının heç 3-4 faizini də təşkil etmir. Əgər qəzet reklam verirsə, rəngli çıxmalıdır. Hazırda
isə qəzetlər
maddi vəziyyətləri
ağır olduğundan
rəngli çıxa
bilmirlər. Bütün
dünyada qəzet və jurnallarda reklam daha çox
olur, nəinki nəqliyyatda və ya küçədə. Çünki qəzetin yayımı rahat olduğu üçün
onu hər kəs ala bilir".
H.Atakişiyevin qənaətincə,
reklamdan gələn gəlirlər gizlədilir.
"Məsələn, 2 milyonluq
əhalisi olan Estoniya kimi kiçik
bir ölkənin reklam bazarının dövriyyəsi 100-120 milyon
dollardır. Adətən,
dövlət büdcəsi
formalaşanda reklamdan
əldə olunan gəlir göstərilməlidir.
Azərbaycanda reklamdan
gələn gəlir heç bir yerdə göstərilmir.
Bu gün Azərbaycan reklam bazarında orta hesabla 50-60 milyon dollarlıq reklam büdcəsi ola bilər. Amma dəqiq statistikaya baxsaq, haradasa dövriyyədə 10-12, ya
da 15 milyon dollar göstərilir".
Reklamların yerləşdirilməsi
məsələsinə toxunun
H.Atakişiyev deyib ki, Azərbaycanda reklamverən az olduğundan reklamlar ya prezident gedən
yolda, ya da xarici qonaqların
hərəkət etdiyi
aeroport şossesində
yerləşdirilir. "Dünyanın
heç bir yerində reklamlar bu şəkildə paylanmır. Ümumiyyətlə,
bu reklamlar Bakının, eləcə
də rayonların yaşayış yerlərində
qoyulmalıdır ki, istehlakçı onu görsün və maraqlansın. Reklam mətnlərinə gəlincə,
ittifaq rəhbəri bildirib ki, mətnlərdə
səhvlərə yol
verilir. Onun fikrincə, Reklam Şurası olsa, belə neqativ hallar aradan qaldırılar.
"Bu gün reklam bazarının dil siyasəti yoxdur. Küçə reklamları şəhərin
dilidir. Amma bərbad vəziyyətdədir.
Bizdə bu sahədə problemlər çoxdur. Ona görə də müvafiq struktur yaradılandan sonra müasir metodlar əsasında kadrlar yetişdirilməlidir. Azərbaycanda
reklam sahəsində təsadüfi insanlar çalışır". Yerli
şirkətlər xaricdə
istehsal olunan malların reklamını
ala bilmir. Ancaq hansısa xarici şirkət həmin reklamları bizim bazarda asanlıqla
yerləşdirir. Bu məsələyə münasibət
bildirən H.Atakişiyev
bildirib ki, Türkiyə və ya İrandan gələn işadamları
öz şirkətlərinə
reklam verirlər.
"Əsas basqı televiziya ilə gəlir. Azərbaycanda reklam olunası mal elə orada
reklam olunub girir respublikaya. Belə xarici reklamları yerləşdirən
kanalları bağlasalar,
artıq həmin məhsulların reklamını
Azərbaycana verməyə
başlayacaqlar. Bizim reklam bazarında həm qiymətlər ucuzdur, həm də alıcı azdır. Rusiyada 147 milyon əhali
var. Televiziyada reklamın
bir dəqiqəsi 60
min dollardır. Proqramın reytinqindən asılı olaraq, bu rəqəm bir az aşağı da ola bilər. Bu gün reklam
çapı çox
ucuzdur. Bizdə reklamın bir
kvadratmetri 5-6 dollara çap olunur. Ona görə də xaricdən gətirilən
reklamların qarşısı
alınmalıdır. Roliklərin çəkilişləri də
yerli şirkətlərə
verilməlidir. Həmin reklamları
yenidən çəkməklə
dilini də düzəldə bilərik.
Bununla həm reklamçıların
rolu, həm də reklam bazarı qalxa bilər. Bu gün
ölkəyə xaricdən
hazır reklamlar gəlir və dublyaja verilir. Ona görə də biz çalışmalıyıq ki,
reklamlar dublyaj olunmasın. Reklamverən bazara giribsə, mütləq pul xərcləməlidir".
525-ci qəzet.-2007.-7 sentyabr.-S.6.