İnformasiya-kommunikasiya texnologiyaları və gənclik

 

Azərbaycan qəzeti Bili Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzi ilə birgə "dəyirmi masa" keçirib

 

Müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təsir dairəsi genişlənərək dövlət strukturlarını, vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə cəmiyyəti əhatə edir. Elə buna görə də informasiya texnologiyalarının daha geniş yayıldığı cəmiyyətlər dünyanın ən qabaqcıl cəmiyyətləri sayılır. Belə cəmiyyətlərin əsas üstün cəhətləri İKT-nin kütləvi istifadəsi, qlobal informasiya mühitinin yaradılması və digər bu kimi amillərdir. Artıq dünyanı İKT-nin bəxş etdiyi yeniliklərsiz, o cümlədən internetsiz təsəvvür etmək qeyri-mümkündür.
Təqdiralayiq haldır ki, İKT-nin tətbiqinə Azərbaycanda da böyük diqqət yetirilir. Ölkəmizdə son illərdə İKT sahəsində ciddi addımlar atılıb, Azərbaycan hakimiyyəti bu istiqaməti dövlət siyasətinin əsas rrioritetlərindən biri elan edib. Elə buna görə də hazırda İKT sektoru ölkəmizdə ən dinamik inkişaf edən sahələrdən biridir. Bununla belə, İKT-nin ən mühüm tərikib hissəsi olan və XX əsrin son yeniliyi sayılan internetin insanların həyatına ayaq açması müsbət tərəfləri ilə yanaşı, cəmiyyət üçün müəyyən narahatlıqlar da doğurur. İnternetin birdən-birə, sıçrayışla informasiyalı cəmiyyətimizin mühüm elementinə çevrilməsi sanki bir burulğan yaradıb. Ələlxüsus, söhbət mənəviyyat məsələsindən düşəndə problemlərin nədən ibarət olduğu aydın görünür.
"Azərbaycan" qəzetinin "Bilik" Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzi ilə təşkil etdiyi birgə "dəyirmi masa"nın da məqsədi bəzən internetin gənclərimizin mənəviyyatının korlanmasına səbəb ola biləcək tərəflərini araşdırmaqdır.
"Dəyirmi masa"nın iştirakçıları Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqov, "Bilik" Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzinin sədri, əməkdar incəsənət xadimi, professor Elşad Quliyev, respublikanın baş psixiatrı Gəray Gəraybəyli, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsinin rəis müavini Elsevər Hüseynov, ELS Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova, İnformasiya və Kommunikasiya Texnologiyaları İctimai Birliyinin sədri Firudin Əhmədovdur.


"Dəyirmi masa"nı giriş sözü ilə "Azərbaycan" qəzetinin Baş redaktoru Bəxtiyar Sadıqov açdı:
- Böyük qüvvə olan gənclik cəmiyyətin həm öyrənməyə daha çox meyilli, həm də kənar təsirlərə daha tez uyan hissəsidir. Müasir dövrümüzdə bütün dövlətlərdə və cəmiyyətlərdə gəncliyin qüvvəsindən yararlanmağa çalışırlar. Əlbəttə, məsələyə sırf dövlətə, dövlətçiliyə xidmət prizmasından yanaşsaq, gəncliyin enerjisindən, potensialından istifadənin həqiqətən də bir zərurət olduğunu görərik. Təqdirəlayiq haldır ki, bunu nəzərə alan Azərbaycan iqtidarının gənclərlə bağlı mükəmməl siyasi xətti var. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əsası qoyulan bu siyasət hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərimizə etimad göstərilib dövlət idarəçiliyinə cəlb olunur, ictimai-siyasi sferada onlara söz demək, mövqe qazanmaq imkanı yaradılır. Ölkəmizdə gənclərlə bağlı həyata keçirilən dövlət proqramları, müxtəlif layihələr onların öz enerjisini müsbət istiqamətdə sərf etmələrinə təkan verməklə yanaşı, təhlükəli, yad təsirlərə məruz qalmalarının qarşısını alır. Bu baxımdan, bütünlükdə hər bir cəmiyyətdə gənclərə diqqət yetirilməsi təbiidir.
Gənclərin yeniliyə, öyrənməyə daim meyilli olmaları təbii prosesdir. Yaşlı nəsil bundan qürur duyur, valideynlər öz övladlarının uğurlarından sevinirlər. Amma bu bir reallıqdır ki, bəzən gənclərin həyatına daxil olan yenilik onların mənfi fəsadlarla, həm özləri, həm ailələri, həm də bütövlükdə cəmiyyətimiz üçün narahatlıq doğuran problemlərlə üzləşməsinə səbəb olur. Yenilik bəzən səhvlərsiz ötüşmür. Son illərdə insanların həyatına daxil olan, xüsusən, gəncləri daha çox maraqlandıran internet məhz belə yenilikdir. İnternet insanların və cəmiyyətin həyatına möcüzə kimi daxil olan müasir informasiya-kommunikasiya texnologiyasıdır. Televiziyanın yaranması bizlərə nə qədər qeyri-adi görünürdüsə, internetin meydana çıxması həmin qeyri-adiliyi də üstələyib. Çünki internetdən istifadə etməklə bütün dünyadan xəbər tutur, operativ şəkildə istədiyimiz informasiyaları əldə edir, hətta müxtəlif ölkələrdə yaşayan insanlarla vizual əlaqə saxlaya bilirik.
İndi cəmiyyəti informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm yenilik olan internetsiz təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan dövləti internetin cəmiyyətin və insanların həyatının ayrılmaz hissəsi olduğunu nəzərə alaraq indiyə qədər bu istiqamətdə bir sıra addımlar atıb. 2003-cü ildə ulu öndər Heydər Əliyevin təsdiq etdiyi İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya, Prezident İlham Əliyevin 21 avqust 2004-cü ildə təsdiq etdiyi "2005-2007-ci illərdə ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Dövlət Proqramı", həmçinin 22 oktyabr 2005-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)" Azərbaycan dövlətinin bu məsələyə ciddi diqqət göstərməsindən xəbər verir. Hər üç sənəd Azərbaycan iqtidarının İKT-nin inkişafına diqqətlə yanaşdığını göstərir. Dünya təcrübəsi də təsdiqləyir ki, internetdən geniş istifadə olunması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar bəzi rroblemlərin həlli üçün tutarlı vasitələrdən biri hesab olunur.
Artıq həyatımıza daxil olan və xüsusən, gənclərin həmdəminə çevrilən internet intellektual inkişafa böyük kömək edir. Gənclər internet vasitəsilə maraq dairələrində olan mövzulara baş vurur, hətta bir sıra ailələrin təməli internetdə tanışlıqdan sonra qoyulur. Bunlar internetdən istifadənin müsbət tərəfləridir.
Bununla yanaşı, internet gənclərin həyatında müəyyən mənfi fəsadlar da doğurur. Gənclər mənəviyyatlarına mənfi təsir göstərən, arzuolunmaz təsirlərə gətirib çıxaran internet saytlarına da daxil olurlar. Bu isə hələ özünü təsdiq etməmiş gəncin gələcək həyatının yanlış istiqamətdə formalaşmasına səbəb ola bilər. Hazırda bu, çox narahatlıq doğuran bir məsələdir. İnternetin yaratdığı bu cür problemlərin qarşısı necə alınmalıdır? Gənclərin internetdən yararlanaraq düzgün inkişafına kömək etmək və bu inkişafdan daha çox bəhrələnmək üçün nə kimi təkliflər ola bilər? "Dəyirmi masa"da istərdik ki, bu məsələyə aydınlıq gətirilsin, təkliflər söylənilsin.
Elşad Quliyev:
- 30 sentyabr Beynəlxalq İnternet Günüdür. Eyni zamanda, bu il Azərbaycanda internetin fəaliyyətə başlamasının 15-ci ili tamam olur. Bu iki əlamətdar hadisə tədbirimizə xüsusi əhəmiyyət verir. XX əsrin sonlarından etibarən informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri olmaqla gündəlik həyatımızın tərkib hissəsinə çevrilməyə başladı. Bu gün bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin verdiyi üstünlüklərdən faydalanırlar. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşəriyyətin gələcəyinə gedən yol olduğu heç kimdə şübhə doğurmur. İKT-nin tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi rotensialının, dövlət idarəçiliyində şəffaflığın və demokratiyanın inkişafının əsas göstəricilərindəndir.
Biz çox sevinirik ki, ölkəmiz son illərdə İKT-nin tətbiqi, internetin insanların həyatına daha çox inteqrasiyası məsələsində ciddi uğurlar əldə edib. Hazırda Azərbaycan internetdən istifadə edənlərin sayına görə MDB məkanında aparıcı yerlərdən birini tutur. Təbii ki, bu işdə Azərbaycan hakimiyyətinin həyata keçirdiyi dövlət proqramlarının mühüm əhəmiyyəti var. Bu gün internetlə bağlı bir çox mənbələr də təsdiq edirlər ki, Azərbaycanda internetdən daha çox istifadə edən gənclərdir. Bu mənbələr onu da təsdiq edirlər ki, gənclərimiz internetə daha çox əylənmək məqsədi ilə daxil olurlar. Sorğular göstərir ki, əylənmək məqsədilə internetə daxil olan gənclərimiz ümumən internetlə məşğul olan gənclərin təxminən 80 faizini təşkil edir. Əlbəttə, əylənmək lazımdır və gənclərin həyatını bunsuz təsəvvür etmək qeyri-mümkündür.
Gənclər üçün böyük meydan açılan internetdə "çat" adlanan bir struktur var. Orada yazışırlar, tanış olurlar, bir-birləri ilə söhbətlər edirlər, informasiya mübadiləsi aparırlar. Bunlar məsələnin müsbət tərəfləridir. Texnologiyanın inkişafının bizlərə verdiyi bu imkandan yararlanmaq lazımdır. Amma gəlin etiraf edək ki, bu "çat"ların bir qismi nəticə etibarilə gənclərin mənəviyyatının, etik davranışının, tərbiyəsinin korlanmasına gətirib çıxarır. Belə "çat"lara daxil olan gənclərin əksəriyyəti ümumi və ya ikili yazışmalarda etikadan kənar sözlər işlətmələri adi hala çevrilib. Fikrimcə, xüsusən, bu məsələ ilə bağlı müəyyən qayda-qanun olmalıdır. Maraqlıdır ki, məhz qeyri-səmimi ifadələrin işləndiyi internet saytları, "çat"lar reytinqlərdə liderlik edirlər.
Gənclərin "çat" əyləncəsi müəyyən cinayət tərkibli meyilləri də ortaya çıxır. Bu əsasən Rusiyada qeydiyyat keçmiş internet saytlarına aiddir, hansı ki, onun "çat" strukturundan azərbaycanlı gənclər də kütləvi şəkildə istifadə edirlər. Məsələn, həmin "çat"lara daxil olub bir balaca yazışanda kimlərin narkotiklərlə məşğul olduğunu, kimlərin hansı cinayət tərkibi olan əməllər törətdiyini bilmək olur. Qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda "çat"dan istifadə edənlərin bir qismi seksual azlıqlardır. Bu da həyat barədə anlayışı hələ zəif olan gənclərin hərəkətlərində və həyata baxışlarında fəsadlar yaradır. Digər tərəfdən, məlum olduğu kimi, ölkəmizdə internet klubların fəaliyyətinə nəzarət yoxdur. Heç kim bilmir ki, orada gənclər nə işlə məşğul olurlar. Bu nəzarətsizlik kriminal elementlərin meydana çıxması üçün münbit zəmin deməkdir.
Bəzən internetdən danışanda, onun gənclər arasında mənəviyyatsızlığa yol açdığını deyəndə bizi qadağalara, senzuraya tərəfdar olmaqda qınayırlar. Biz qadağa və senzura tərəfdarı deyilik! Biz Belarusdakı kimi, İnternet klublara gələnlərin yoxlanmasını istəmirik! "Çat" da, əyləncə də olmalıdır. Amma gənclər hiss etməlidirlər ki, ictimaiyyət mənəviyyatsızlığın baş alıb getməsindən narahatdır. Bir çox gənclərin təsəvvüründə həyat məhz bu cür mənfi fəsadalar yaradan internet saytlarından başlayır. Nəticə etibarilə kosmopolit insan kimi formalaşdıqlarından dövlət, xalq onlar üçün önəmli əhəmiyyət kəsb etmir.
Firudin Əhmədov:
- Əsas mövzuya keçməzdən əvvəl, internetin meydana gəlməsi barədə bir neçə kəlmə demək istəyirəm. Bütün digər yüksək texnologiyalar kimi internetin də kökü hərbi tələblərə gedib çıxır. İlk dəfə olaraq ötən əsrin 60-cı illərində ABŞ-da hərbi strukturlarda internetdən istifadə etməyə başlayıblar. Sonralar insanlar internetdən istifadə etməklə rahat, operativ və rəngarəng informasiya almaq imkanı əldə etdilər. İnternetin meydana çıxması ilə köhnə bilik əldəetmə prosesi tamamilə yeni proseslə əvəz olundu. Dövlət müstəqilliyini əldə etdiyimiz vaxtlarda Azərbaycanın ali məktəblərində ana dilimizdə elmi ədəbiyyatın çatışmazlığı problemi vardı. Lakin indi elmi istiqamətdə ixtisaslaşmış internet saytlarda Azərbaycan dilində ədəbiyyat və mühazirələr var. İnternetə daxil olub istənilən mövzuda ədəbiyyatı, mühazirəni tapa bilərik. Amma ana dilində ədəbiyyatın internetə yerləşdirilməsi prosesini yüz, min dəfələrlə sürətləndirmək də olar. Hazırda bu istiqamətdə iş gedir. Bunun əyani təsdiqi kimi cənab Prezidentin imzaladığı proqramları göstərmək olar. İndi xarici ekspertlər digər ölkələrlə bağlı vəziyyəti qiymətləndirəndə o ölkəyə olan informasiya axınının həcmini və sürətini əsas götürürlər. Əgər sürət çoxdursa, demək, burada iş görmək olar.
İnternetin sürətli informasiya əldə etmək kimi müsbət tərəfi ilə yanaşı, müəyyən mənfi cəhətləri də var. Xüsusən, gənc nəslin nümayəndələri arasında müşahidə olunan bu mənfi cəhətlər vaxtında internetdən düzgün istifadə olunmamasından irəli gəlir. Əgər birinci gündən kompüter qarşısında əyləşən uşağa internetdən düzgün istifadə başa salınmasa, o yeniyetmə və gənc çağlarında səhv addımlar atacaq. Əslində, kompüter sistemlərində arzuolunmaz mövzuların qarşısını almaq üçün kifayət qədər texniki imkanlar var. Məsələn, "Windows XP" sistemində valideyn nəzarəti rejimi üçün bölmə yaradılıb. Bunun vasitəsilə praktik olaraq uşağın mənfi fəsadlar doğura biləcək saytlara daxil olmasının, ümumiyyətlə, kompüterin həmin saytı açmasının qarşısını almaq mümkündür. Texniki baxımdan bu cür problemlərin yoluna qoyulması üçün elə vasitələr var ki, bir mütəxəssis kimi mən özüm də onlarla bu yaxınlarda
tanış olmuşam.
İnternetin uşaq və yeniyetmələrin, gənc nəslin təlim-tərbiyəsinə pis təsir etməsinin səbəblərindən biri də ölkədə kompüter biliklərinin səviyyəsinin aşağı olmasıdır. Çünki bizim məktəblərdə bilikvermə prosesinə diqqət göstərilmir, maliyyə sərf olunmur. Cənab Prezidentin təsdiq etdiyi dövlət proqramına əsasən bütün orta məktəblərdə kompüter dəstləri verilir. Amma müəllimlərin kompüter bilikləri çox aşağıdır, şagirdləri öyrədəcək ixtisaslı mütəxəssislər çatışmır. Hətta elə məktəblər var ki, orada informatika dərsləri ancaq şagirdlərin kompüterdə oyun oynamaları ilə keçir. Məndə olan məlumata görə, Quba rayonundakı məktəblərin birində dərsdən sonra uşaqlar hətta müəllimə pul verib bu kompüterlərdə oyun oynayırlar. Kompüterin ancaq oyun vasitəsi olduğunu düşünən şagird onun müsbət tərəflərini təbii ki, heç vaxt anlaya bilməz.
Elsevər Hüseynov:
- Mən internetin daxili işlər sistemindəki rolundan danışmaq istəyirəm. Bütün dövlət strukturlarında olduğu kimi, daxili işlər orqanlarının fəaliyyətində də müasir İKT-dən geniş istifadə olunur.
Bu gün Azərbaycan Respublikası hüquqi dövlət quruculuğu istiqamətində yeni-yeni uğurlara imza atmaqdadır. Hüquqi dövlətin bir atributu da azad vətəndaş cəmiyyətinin yaradılmasıdır. Vətəndaş-polis münasibətlərinin normal, azad vətəndaş cəmiyyətinin tələblərinə uyğun şəkildə qurulmasında internet böyük rol oynayır. 2005-ci ildən etibarən Daxili İşlər Nazirliyinin internet saytı fəaliyyət göstərir. Bu sayt hər gün yeniləşir, daxili işlər sistemində görülən işlər barədə, cinayətkarlıqla mübarizə ilə bağlı insanlara informasiyalar verilir. Bu, ilk növbədə, güc struktru olan daxili işlər orqanlarının fəaliyyətinin şəffaflığa söykəndiyini təsdiq edir. Daxili işlər orqanları ilə bağlı açıqlanması mümkün olan elə bir məlumat yoxdur ki, həmin saytda tapılmasın. Daxili İşlər Nazirliyinin strukturu, DİN-in beynəlxalq əlaqələri, cinayətkarlığa, insan alverinə qarşı mübarizə, axtarışda olanlar, vətəndaşların qəbulu, daxili işlər orqanlarının fəaliyyətini hüquqi cəhətdən tənzimləyən qanunvericilik aktları və digər məsələlərlə bağlı istənilən informasiyanı əldə etmək mümkündür
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov nazirliyin internet saytının fəaliyyətini daim nəzarətdə saxlayır, mütəmadi olaraq bu istiqamətdə tapşırıqlarını verir.
DİN-in saytının fəaliyyətə başlaması ölkəmizdə vətəndaş-polis münasibətlərinin yeni mərhələyə qədəm qoymasına səbəb olub. İndi vətəndaşlar daxili işlər sisteminə aidiyyəti olan məsələlərlə bağlı təklif, ərizə və şikayətlərini poçtla və nazirliyin inzibati binasına gəlməklə deyil, internet saytı vasitəsilə ünvanlaya bilərlər. İndiyədək həmin sayt vasitəsilə DİN-ə 1031 müraciət daxil olub. Vətəndaş-polis münasibətlərində belə bir mərhələnin başlanmasının demokratik dəyərlərin cəmiyyətimizdə öz yerini tapdığı bir vaxtda mühüm əhəmiyyəti var.
İnternetin daxili işlər sistemində oynadığı digər mühüm rol isə cinayətkarlıqla mübarizəyə verdiyi töfhələrdir.
Bu, bir faktdır ki, İKT-nin tətbiqi bütün dünyada, o cümlədən Azərbaycanda da cinayətkarlıqla mübarizənin daha effektiv metodlarının yaranmasına təkan vermişdir. Məlum olduğu kimi, müəyyən cinayətkarlar internetdən istifadəyə geniş yer verirlər. Bu isə polisin cinayətin izinə düşmək imkanını daha da artırır, şübhəli məqamlar nəzarət altına alınır. Beynəlxalq axtarış strukturu olan İnterpolun yaradılması da məhz müasir informasiya-kommunikasiya texnologiyalarının meydana çıxmasının nəticəsidir.
İnsanların həyatına sürətlə inteqrasiya edən internet öz ətrafında daha çox gəncər ordusunu birləşdirmişdir. Çünki müasir İKT-nin gətirdiyi yenilikləri gənclər daha tez qavrayırlar. İnternetin Azərbaycana gəlişi keçid dövrünün başlaması ilə bir vaxta təsadüf edir. Bütün postsovet ölkələrdə olduğu kimi, Azərbaycanda da keçid dövrü sosial-iştisadi böhranla yadda qaldı. İndi isə gənclərin internetdən istifadə məsələsində sanki keçid dövrünün problemləri yaşanır. Təbii ki, mən bura bütün gəncləri aid etməzdim. Öyrənmək heç vaxt gec deyil. Belə gənclərin arasında düzgün maarifləndirmə işləri aparılarsa onlar internetin doğurduğu zərərli vərdişlərdən qurtula bilərlər.
Bəxtiyar Sadıqov:
- Bəli, internetdən həm də cinayətkarlar istifadə edirlər. Zərərli dini cərəyanlar da internetdən gen-bol yararlanır, özlərinin saytlarını yaradır, cəmiyyətə təhlükə doğuracaq əməllərlə məşğul olurlar. Onlar internetdə yaratdıqları forumlarda hətta dövlətimizə qarşı çağırışlar da səsləndirirlər. Bu cür əməllər həm də gənclərin psixikasında zərərli meyillərin baş qaldırmasına, onların səhv yola düşməsinə gətirib çıxarır. Bəs internetdən düzgün istifadə etməməyin psixoloji fəsadları barədə nə demək olar?
Gəray Gəraybəyli:
- İnternetin psixi və psixoloji fəsadlarına gəldikdə qeyd etmək lazımdır ki, problem, ilk növbədə, kompüterdən düzgün istifadə etməməyin nəticəsində yaranır. O ki qaldı internetə, burada tibbi və psixoloji problemlərdən söhbət açanda, ilk növbədə, iki məqamı vurğulamaq lazımdır. Bunun birincisi, internetdən asılılıqdır. Bu, saytdan asılı olaraq insanların, xüsusilə, yeniyetmələrin ona həddən artıq alışmasıdır. Nəticədə, həmin yeniyetmə insanlarla öz arasında olan normal, emosional ünsiyyəti itirir və onda autizm - özünəqapanma yaranır. Son dövrlərdə autizmin yeni növləri yaranıb. Bunların bəzisi endogen xarakter daşıyır. Tam şəkildə termin kimi istifadə olunmasa da, bu gün sosial autizm də meydana çıxıb. Bu, hansısa xəstəliklə bağlı deyil, insanın düşdüyü mühitlə əlaqədar özünə qapanmasıdır. O, normal mühitdən uzaqlaşır, insanlarla ünsiyyətə girə bilmir.
Kompüterdən, internetdən düzgün istifadə olunmaması nəticəsində bir çox nevroz və psixi pozuntular da meydana çıxır. Yuxu pozuntularını da misal gətirmək olar. Xüsusən, nevroloji aspektləri olan uşaqlarda bu, özünü daha çox büruzə verir. Bizə bununla bağlı edilən müraciətləri araşdıranda görürsən ki, yeganə səbəb kompüterdən düzgün istifadə olunmamasıdır. Elə ailələr var ki, orada uşaqların kompüterdən necə istifadə olunmasına qətiyyən nəzarət edilmir. Nəzarətsiz qalan uşaq isə 6-8 saat, hətta səhərə qədər kompüterin qarşısında oturur. Bu da sonda yuxu pozuntularına, aqressiyaya və digər mənfi əlamətlərə gətirib çıxarır.
İnternetdə hansısa mövzuya daha çox maraq göstərilməsi nəticəsində də insan psixikasında problem yarana bilər. Məlum olduğu kimi, hazırda seksual mövzular internetdə daha geniş yayılıb. İnternetdən istifadəsinə nəzarət edilməyən uşaq və ya yeniyetmənin bunu görməsi, maraqlanması bir çox hallarda onun normal inkişafına mane olur. Cinsi həyata hələ daxil olmayanlar bu mövzulu saytlara baxırsa, istər-istəməz maraq göstərir. Normal inkişafın olmaması hətta homoseksuallığa da gətirib çıxarır.
İnternetin insan psixikasında doğurduğu problemlərdən biri də aqressiyadır. Məsələn, uşaq hər hansı filmə baxanda ordan özü üçün nümunə götürür. Hətta bəzən orda insan həyatı üçün təhlükə yaradan halları da normal olaraq qəbul edir. Təəssüf ki, bu gün nümayiş olunan cizgi filmlərində kifayət qədər aqressiya doğuracaq motivlər var. Məsələn, cizgi filmlərinin qəhrəmanlarından biri digər qəhramanın başına ütü vurur. Amma ona heç nə olmur. Azyaşlı uşaq isə onu normal qəbul edir və yeri gələndə tətbiq edir. Onu da deyim ki, belə bir halla biz praktikada rastlaşmışıq. İnternetdən düzgün istifadənin uşaqlara aşılanmamsı onlarda bu cür aqresiyanın baş qaldırmasına gətirib çıxara bilər.
Gələcəkdə xoşagəlməz halların baş verməməsi üçün uşaq və yeniyetməlik çağlarından internetdən düzgün istifadə təbliğ olunmalı, kompüter mədəniyyəti ilə bağlı maarifləndirici tədbirlər həyata keçirilməlidir. Tibb Universitetində kafedralar var ki, hansısa konkret sahələrdəki şəraitin insan orqanizminə təsirini öyrənirlər. O cümlədən, kompüter sahəsinə də aid aydın araşdırmalar aparılıb. Hansı yaş dövrü üçün gündə nə qədər kompüterlə məşğul olmaq və hətta kompüterdən nə qədər məsafədə əyləşməklə bağlı mükəmməl tədqiqatlarımız var. Bunları ilk növbədə, orta məktəblərdəki informatika dərslərində şagirdlərə təlqin etmək lazımdır. Şagird kompüterin müsbət tərəfləri ilə yanaşı, doğurduğu mənfi fəsadları da bilməlidir. Bu, daha effektiv bir mübarizə vasitəsi olardı. Valideynlər bilməlidirlər ki, övladlarının kompüterlə həddindən artıq məşğul olması onlara mənfi təsir göstərir. Bəzən elə hal olur ki, həkimlər uşağa qəti şəkildə kompüterə yaxın getməyi qadağan edirlər.
İradə Yaqubova:
- İnternet bizim imkanlarımızı sürətləndirən bir möcuzədir. Hansısa yazını hazırlayanda məhz internet vasitəsilə müəyyən mənbələrə daxil olur, faktlar əldə edirik. Bizdə internetlə bağlı əsas problem, burada qeyd olunduğu kimi, ondan düzgün istifadə olunmaması ilə bağlıdır. Bu, ilk növbədə, cəmiyyətə böyük zərbə vurur. Saatlarla internetlə məşğul olan şəxs nəinki digər insanlarla ünsiyyətdə olmur, hətta ünsiyyətin nə olduğunu yaddan çıxarır. İnternetin gətirdiyi digər fəsad - hazırda bu problem dünya mütəxəssislərini narahat edir, - danışıq dilinin kasıblamasıdır. Xüsusən, Rusiyada qeydiyyatdan keçmiş internet saytlarına daxil olanda adama elə gəlir ki, ruslar məqsədyönlü şəkildə öz dillərində olan normal sözlərin jarqon ifadələrlə əvəzlənməsini istəyirlər. Elə bil bundan nə isə bir həzz alırlar. Bizim internet istifadəçiləri, xüsusən, gənclər Rusiyanın internet saytlarından kütləvi şəkildə istifadə edirlər. Təəssüflər olsun ki, hazırda Azərbaycanda yaradılan internet səhifələrində də bu proses başlanıb. Bir ölkənin mədəniyyətini məhv etmək üçün isə onun dilini məhv etmək kifayətdir. Azərbaycan dilinə böyük zərbə vura bilən bu təhlükənin qarşısı hökmən alınmalıdır.
Problemlərdən biri də yaşlı nəslin kompüterə marağının həddən artıq az olmasıdır. Yaşlı nəsil sanki kompüterə yaxın düşməkdən qorxur, öyrənmək istəmir. Neçə-neçə mütəxəssislərimiz var ki, onların elmi fəaliyyətləri, araşdırmaları ölkəmizə hava və su kimi lazımdır. Amma bu adamların kompüterdən istifadə etməmələri onların elmi fəaliyyətlərinin məhsuldarlığını aşağı salır. Paralel olaraq evdə internetlə məşğul olan uşağın valideynlərinin kompüterdən bixəbər olması ciddi problemlərə yol açır. Uşaq fikirləşir ki, əgər valideynimin kompüterdən anlayışı yoxdursa, o, həyatda mənə nə öyrədə bilər? Deməli, valideynin sözü övladına çatmır. Beləliklə də, kompüter yaşlı nəsillə gənc nəslin münasibətlərinin pozulmasına gətirib çıxarır. Amma günah gənclərdə yox, kompüterdən, internetdən istifadəni mənimsəyə bilməyən yaşlı nəsildədir. Burada qeyd olundu ki, indi ölkəmizdə İKT sahəsində həyata keçirilən dövlət proqramları çərçivəsində kompüterləşdirmə ilə bağlı mühüm işlər görülür. Təhsilimizin dünya standartlarına uyğun inkişafını təmin etmək məqsədilə orta məktəblər ən son konfiqurasiyalı kompüter dəstləri ilə təmin olunur. Lakin indi başqa problem ortaya çıxıb. Bu, kompüter biliklərinin, internetdən istifadənin öyrədilməsində olan boşluqlardır. Respublikanın bölgələrində bu problem özünü daha qabarıq büruzə verir.
İnternetdən istifadəyə dair köməkçi vəsaitlər də hazırlanmalıdır. Bu işin həyata keçirilməsi dövlət proqramına salınsa daha yaxşı olardı. Bu, çox ciddi məsələdir. Biz uşağı 13-14 yaşına qədər internetdən düzgün istifadəyə yönəltməsək, o, sonralar internetdən başqa məqsədlər üçün istifadə edəcəkdir. Biz bü məsələdə çox gecikirik. Sistemli olaraq bununla bağlı maarifləndirmə işləri aparılmalı, televiziyada roliklər göstərilməlidir. Valideynlər qabaqlayıcı addımlar atmalıdırlar ki, övladının xoşbəxt gələcəyini görsün.
Bizim mərkəz bu yaxınlarda 18-29 yaşlı gənclər arasında internetlə bağlı rəy sorğusu keçirdi. Nəticədə, məlum oldu ki, gənclərimizin böyük bir qismi internetdən maraqlı məlumatlar götürmək, əyləncə, oyun, tanışlıq üçün istifadə edir. Rəyi soruşulanların yalnız 11,4 faiz gənc internetdən elmi məqsədlər üçün istifadə edir. Bax, bu çox ağrılı bir məsələdir!
Bəxtiyar Sadıqov:
- "Dəyirmi masa" da çox səmərəli fikir mübadiləsi apardıq. Həm internetin müsbət tərəflərindən, həm dövlətimizin İKT-nin inkişafına dəstəyindən söz açdıq, internetin gələcəyimiz olan gənc nəslin nümayəndələri üçün yaratdığı problemlərə toxunduq. Çatışmazlıqların aradan qaldırılması üçün çox maraqlı təkliflər verildi. Bu təkliflər öyrənilməli və problemlərin aradan qaldırılması istiqamətində tətbiq edilməlidir.

Azərbaycan.- 2007.-30 sentyabr.- S.5.